• cümə, 19 Aprel, 14:16
  • Baku Bakı 25°C

Təhlükəsizlik orqanlarımız 95 illiyini qeyd edir

28.03.14 08:14 1538
Təhlükəsizlik orqanlarımız 95 illiyini qeyd edir
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi — kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan təhlükəsizlik orqanlarının tarixi
28 mart 1919 – Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovetləşmədən sonra təşkilatın üzvləri repressiyalara məruz qalib, M.Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələnib, N.Şeyxzamanlı Türkiyəyə mühacirət edib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının ("NKVD") tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
Azərbaycan təhlükəsizlik orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü.
Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı. Azərbaycan Demokratik Respublikasının təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar ordu öz üzərinə götürmüş və bölmə (Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi) halında bu işin öhdəsindən bacarıqla gələ bilmişdi. Hazırki Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının varisi hesab olunduğundan, Milli Təhlükəsizlik Nazirliyi də ilk milli xüsusi xidmət orqanının varisi olmaqla əsasını bu bölmədən götürmüşdür.
Lakin bolşeviklərin pozuculuq fəaliyyəti nəticəsində respublikada vəziyyətin mürəkkəbləşməsi və müxtəlif parlament cərəyanları və partiyalar arasında siyasi mübarizənin gərginləşməsi nəticəsində 6 mart 1920-ci ildə Əksinqilabla Mübarizə Təşkilatı buraxıldı. 1920-ci il 28 aprel müdaxiləsi ilə Azərbaycanda milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirmək səyləri yarımçıq qaldı. XX əsrdə Azərbaycanın ilk xüsusi xidmət orqanlarının təşəkkülündə Əksinqilabla Mübarizə Təşkilatının rəhbərləri olmuş Məmmədbağır Şeyxzamanlı və Nağı Şeyxzamanlının əvəzsiz xidmətləri xüsusi qeyd edilməlidir.
İmperiya siyasətini həyata keçirən və Azərbaycanda bolşevik rejiminin gücləndirilməsinə xidmət etməklə bu işdə inzibati alət rolunu oynayan Azərbaycan Fövqəladə Komissiyası, bir qədər sonra isə Azərbaycan Dövlət Siyasi İdarəsi və Xalq Daxili İşlər Komissarlığı 1920-1940-cı illərdə xalqımızın minlərlə nümayəndəsini fiziki və mənəvi terrora məruz qoydu. 1920-ci ilin mayından 1921-ci ilin əvvəllərinədək 40 mindən çox soydaşımız Fövqəladə Komissiya tərəfindən məhv edilmiş, 1934-1938-ci illərdə 27 min 854 nəfər Xalq Daxili İşlər Komissarlığı tərəfindən güllələnmə hökmünə məhkum olunmuşdur. Ümumiyyətlə, 20-50-ci illərdə repressiyaya məruz qalaraq, məhv olunanların sayı 400 mini keçmiş, yarım milyondan çox insan isə ölkədən sürgün edilmişdir. Ruslaşdırma siyasətinə qarşı çıxan Əyyub Xanbudaqov, Novruz Rizayev və başqaları repressiyalara qarşı öz etirazlarını açıq şəkildə bəyan etdiklərinə görə məhz o illərdə məhv edilmişlər. İstiqlaliyyət uğrunda mübarizə aparan Azərbaycanın bir çox say-seçmə övladları – Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Mirzə Bala Məmmədzadə, Rüstəm bəy Şəfibəyov, Əbdülvahab Yurdsevər, Nağı Şeyxzamanlı, Mahmud Səfikürdski və başqaları mühacirətdə yaşamaq məcburiyyəti qarşısında qalmışlar.
50-ci illərin sonlarından etibarən respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görüldü. Bu proses bilavasitə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1964-ci ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başladı. Heydər Əliyev respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu təsisatlardan əsirgəməmişdir.
Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. Qısa müddət ərzində digər millətlərin nümayəndələri nazirliyi və respublikanı tərk etdilər, orqanın ancaq milli kadrlardan komplektləşdirilməsi dövrü başlandı. Lakin dəyişən yalnız təhlükəsizlik orqanının adı və şəxsi heyəti deyildi – ilk növbədə nazirliyin qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti idi. Əgər Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı sovet dövlətinin mövcudluğunun və strateji maraqlarının təmin olunmasına yönəlmişdisə – Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Dövlət müstəqilliyinin bərpa olunmasından sonra xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi kəşfiyyat, təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar olunması və neytrallaşdırılması baxımından mühüm nailiyyətlər əldə olunmuşdur. Nazirliyin qarşısında həmçinin dövlət sirri təşkil edən məlumatların qorunması – korrupsiya, terrorizm, narkotik vasitələrin, psixotrop və radioaktiv maddələrin, odlu silah və döyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsi ilə, mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizə kimi son dərəcə məsul vəzifələr durur.
Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Milli Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları, icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları, habelə Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilə və sazişlər təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik, bitərəflik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.
Nazirliyin vəzifələri
("Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi"-ndən çıxarış)
Nazirlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada öz səlahiyyətləri daxilində aşağıdakı vəzifələri yerinə yetirir:
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi məqsədi ilə əlverişli şəraitin yaradılması üçün tədbirlər görür;
Milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini təşkil edir və həyata keçirir, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparır;
Xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına qarşı yönəlmiş niyyətləri, planları və əməlləri barədə məlumatları əldə edir, təhlil edir, milli təhlükəsizliyə real və potensial təhdidləri proqnozlaşdırır;
Xarici xüsusi xidmət orqanlarının və təşkilatların, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat, digər pozuculuq və cinayətkar fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə tədbirlər görür;
Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər formaları ilə mübarizə aparır;
Azərbaycan Respublikası Prezidentini və onun tapşırığı ilə müvafiq dövlət orqanlarını milli təhlükəsizliyə olan təhdidlər barədə məlumatlandırır, habelə siyasi, iqtisadi, hərbi, elmi-texniki, ekoloji və milli təhlükəsizliyin təminatı ilə bağlı digər sahələr üzrə zəruri kəşfiyyat məlumatları ilə təmin edir;
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və onun tərkibindəki qurumların, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidməti və onun tərkibindəki qurumların və qanunvericiliyə uyğun yaradılmış digər hərbi qurumların (bu əsasnamənin məqsədləri üçün bundan sonra - Silahlı Qüvvələr və başqa silahlı birləşmələr) əks-kəşfiyyat təminatını həyata keçirir;
Hərbi-sənaye kompleksinin, energetika, nəqliyyat, rabitə və iqtisadiyyatın digər strateji əhəmiyyətli sahələrinin, həmçinin milli təhlükəsizlik baxımından əhəmiyyət kəsb edən elmi-texniki araşdırmaların və onların nəticələrinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər görür;
Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və digər nümayəndəlikləri əməkdaşlarının və onların ailə üzvlərinin xarici ölkələrdə olma müddətində, dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılmış Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə ezamiyyət müddətində təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri hallarda tədbirlər görür;
Azərbaycan Respublikasının dövlət orqanlarında, Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə, idarə, müəssisə və təşkilatlarda, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və digər nümayəndəliklərində dövlət sirrinin mühafizəsinin, məxfilik rejiminin, xüsusi rabitə növlərinin və şifrləmə işinin təhlükəsizliyinin təminatında iştirak edir;
Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə silahların, hərbi sursatın saxlanma və daşınması qaydalarının pozulması, döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş əməllərin, dövlət əmlakının, o cümlədən silah, sursat, hərbi texnika, partlayıcı, zəhərləyici və radioaktiv maddələrin ələ keçirilməsi, talanması, məhv edilməsi hallarının aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirir;
Hərbi obyektlərin mühafizəsi rejiminin, dövlət sirri təşkil edən məlumatların qorunmasına dair tələblərin pozulması və belə pozuntulara səbəb olan hallar, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi sahəsində baş verə biləcək və aşkarlanmış pozuntular, Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə ağır nəticəli fövqəladə hadisələrin baş verməsinə səbəb ola biləcək hallar barədə Silahlı Qüvvələri və başqa silahlı birləşmələri məlumatlarla təmin edir;
Xarici xüsusi xidmət orqanlarının texniki kəşfiyyatına qarşı əks tədbirlər həyata keçirir, texniki kəşfiyyat aparır;
Milli təhlükəsizlik baxımından əhəmiyyət kəsb edən informasiya texnologiyalarının və proqram təminatlarının mühafizəsi sahəsində kompleks tədbirlər görür;
Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rabitə ilə təmin olunmasında iştirak edir;
Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparır, əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata alır;
Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair məhkəmə qərarlarını, istintaq orqanlarının qərarlarını və ya cinayət işləri üzrə yazılı tapşırıqlarını, habelə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını yerinə yetirir;
Öz əməkdaşlarının, onların yaxın qohumlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərin, habelə cinayət prosesində iştirak etmiş şəxslərin, onların yaxın qohumlarının təhlükəsizliyini təmin edir;
Qaçaqmalçılığa, qeyri-leqal yolla informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və arxeoloji sərvət olan əşyaların qanunsuz dövriyyəsinə qarşı digər dövlət orqanları ilə əlaqədə mübarizə aparır;
Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin texniki-təşkilati təminatı sahəsində dövlət orqanları və rabitə müəssisələri ilə qarşılıqlı fəaliyyəti həyata keçirir;
Əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətlərinə aid informasiyalar əldə edildiyi təqdirdə zəruri hallarda təxirəsalınmaz tədbirlər keçirməklə həmin orqanları dərhal məlumatlandırır və onlara lazımi kömək göstərir;
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin digər subyektləri ilə qarşılıqlı fəaliyyəti həyata keçirir;
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqədə Azərbaycan Respublikası dövlət sərhədinin əməliyyat təminatı üzrə tədbirləri həyata keçirir;
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əlaqədə Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin diplomatik və digər nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür;
Nazirliyin orqanları üçün ixtisaslı kadrlar hazırlayır, hərbi qulluqçuların və işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılmasını və mənəvi-psixoloji hazırlığını təmin edir;
Nazirliyin səfərbərlik hazırlığını təşkil və təmin edir;
Daxil olan müraciətlərin qeydiyyatı və baxılması, vətəndaşların qəbulu işini təşkil edir;
Maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil edir, onların istifadəsinə nəzarət edir, struktur bölmələrin fəaliyyətini yoxlayır və təftişini həyata keçirir;
Nazirlikdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda onların ailə üzvlərinin pensiya təminatını həyata keçirir;
Nazirliyin hərbi qulluqçularının, işçilərinin, pensiyaçılarının, həmçinin onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər tədbirləri həyata keçirir.
Milli təhlükəsizlik nazirlərimiz
1. İlhüseyn Hüseynov - sentyabr 1991 - may 1992
2. Fəxrəddin Təhməzov - may 1992 - iyun 1993
3. Nəriman İmranov - iyun 1993 - oktyabr 1994
4. Namiq Abbasov - oktyabr 1994 - iyul 2004
5. Eldar Mahmudov - iyul 2004 - indiyə kimi.
banner

Oxşar Xəbərlər