Təhlükəsiz, tıxacsız, ekoloji baxımdan da sərfəli
"Bakıda ictimai nəqliyyatda
tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi ilə bağlı
müzakirələr gedir”. Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin
(BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, bu növ
nəqliyyat vasitələrinin olması paytaxt yollarında sıxlığı azalda bilər:
"Bu gün şəhərimizdə metro və müntəzəm marşrut xətt avtobuslardan başqa,
ictimai nəqliyyat növləri yoxdur. Son vaxtlar dəmir yolu xətlərinin bərpası
istiqamətində mühüm addımlar atılmaqdadır. Lakin əlavə ictimai nəqliyyat
növlərinin yaradılması müasir dövrümüzün əsas çağırışlarındandır. Çünki indiki
halda sərnişin axınının ancaq avtobus və metro hesabına qarşılanması ciddi
çətinliklər yaradır. Bu gün avtobuslarda səfər sayı gündəlik iki milyon iki yüz
min nəfərdir. Bu, çox ciddi rəqəmdir. Buna görə də, dövlət, avtobus şəbəkəsinin
müasirləşməsi, göstərilən xidmətin səviyyəsinin artırılmasına çalışır. Bu gün
əsasən, avtobus parkının müasirləşdirilməsi istiqamətində işlər aparılır. Amma
tramvay və elektriklə çalışan avtobuslarla bağlı da müzakirələr gedir. Bu
nəqliyyat növlərinin olması bir çox cəhətdən vacibdir. Ən əsası da, sıxlıqların
azaldılması baxımından".
Maraqlıdır,
günümüzdə tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi nə
qədər realdır? Bu məsələ ilə bağlı infrastrukturun qurulması üçün Bakının
yollarında münasib şərait varmı? Ümumiyyətlə, təklifin reallaşması üçün hansı
işlər görülməlidir?
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovqeyd etdi ki, dünyanın əksər ölkələrində müxtəlif
sərnişindaşıma vasitələrindən istifadə edilir: "2018-ci ilin dekabr ayında yol
hərəkəti qaydalarına dair dövlət proqramı qəbul edilmişdi. Bu, 2019-2022 illəri
əhatə edən bir sənəddir və burada tramvayların istismara verilməsi ilə bağlı
müddəa var. Qeyd edilir ki, sərnişinlərin daşınmasını təkmilləşdirmək üçün
müxtəlif növ nəqliyyat vasitələrindən istifadəyə dair tapşırıq verilir. Burada
digər nəqliyyat vasitəsi kimi tramvaylar və elektrik avtobusları nəzərdə
tutulur. Bizim şəhər infrastrukturu nəzərdən keçirilməli, məsələnin iqtisadi
səmərəliliyi müəyyən edilməli, tramvayların tətbiqinin mümkünlüyü təhlil edilib
öyrənilməli, təkliflər paketi halında hazırlanıb aidiyyəti qurumlara təqdim
edilməlidir. Bu proses 2022-ci ilə qədərə baş tutmalıdır. Bütövlükdə isə
dünyanın bir çox ölkəsində sərnişin daşımalarda müxtəlif növ nəqliyyat
vasitələrindən istifadə edilir. Dəmir yolu qatarları, metro, avtobuslar,
tramvaylar, trolleybuslar - bunlar hamısı bir-birinə inteqrasiya olunan
nəqliyyat vasitələridir. Hansı ki, dünyanın bütün ölkələrində sərnişindaşımada
bu nəqliyyat vasitələrindən istifadə edilir. Hətta, bizə qonşu olan bəzi
ölkələrdə tramvay və elektrik avtobuslarından hazırda istifadə olunur.
Azərbaycanda, xüsusilə Bakı şəhərində yol infrastrukturumuz təhlil edildikdən
sonra tramvayların tətbiq edilməsinin nə dərəcədə mümkün olub-olmadığı müəyyənləşəcək.
Tramvay xətləri çoxzolaqlı yollarda çəkilməlidir. Həmin yollara misal olaraq
isə həmişə Hüseyn Cavid, Qara Qarayev prospektini, Həsən Əliyev prospektinin
müəyyən bir hissəsini, indiki Təbriz küçəsini misal göstərirdik. Amma indi
vəziyyət dəyişib. Nəqliyyatın sıx olduğu bir şəraitdə tramvay yolları istənilən
yerdə çəkilə bilməz. Ona görə də, çoxzolaqlı yollarda tramvay yolu
salınmalıdır. Qeyd edim ki, Bakının bəzi rayonlarında tramvay yolunun çəkilməsi
üçün şərait var. Amma tramvayın normal şəkildə işləməsi üçün vahid tramvay
xətti şəbəkəsi olsun. Tramvay yolları qırıq-qırıq yox, bir biri ilə əlaqəli
şəkildə olmalıdır”.
Ekspert
deyir ki, tramvay bəzi keyfiyyətlərinə görə, digər sərnişindaşıma
vasitələrindən üstündür: "İlk olaraq ekoloji cəhətdən zərərsiz olması,
tramvayın digər nəqliyyat vasitələrindən seçilməsinə səbəb olur. Digər tərəfdən,
təhlükəsiz nəqliyyat vasitəsidir. Yəni tramvayların iştirakı ilə qəzalar olmur.
Bundan başqa, tramvaylar onlar üçün ayrılmış zolaqla hərəkət etdiklərindən
tıxacda qalmırlar. Yəni vaxtının böyük bir hissəsini tıxacda keçirən şəxs üçün
tramvay ən optimal variantdır. Düzdür, bəziləri düşünür ki, tramvayın sürəti
digərlərindən fərqli olaraq aşağıdır. Amma buna baxmayaraq tramvayın gətirdiyi
dividentlər daha üstündür. Digər bir məsələ isə nəqliyyat vasitəsinin
qiymətidir. Dünyada da belə bir təcrübə var ki, tramvaylar digər sərnişindaşıma
vasitələrindən fərqli olaraq, bir qədər ucuz olur. Amma bizdə necə olacaq, onu
bilmirəm. Çünki bizdə vahid gediş haqqı tətbiq edilir. Belə ki, metroda və
avtobusda da gediş haqqı 30 qəpikdir. Ona görə, düşünürəm ki, tramvayların
istifadəyə verilməsi gündəmə gələrsə, gediş haqqı məsələsi də müzakirə mövzusu
olacaq”.
Günel
Azadə