• cümə, 29 Mart, 14:44
  • Baku Bakı 14°C

"Təhlükəsiz sabah!" adlı layihə həyata keçirilir

08.02.17 14:55 1022
"Təhlükəsiz sabah!" adlı layihə həyata keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Təhlükəsiz sabah!" adlı layihə həyata keçirilir. Layihə rəhbəri Rəsul Hacıyev bildirib ki, layihə çərçivəsində iştirakçılar, gənc peşəkar təlimçi-mühəndislərin dəstəyilə "Əməyin mühafizəsi nədir?”, "Təhlükəli şəraitdə necə davranmalı?”, "Qəza baş verdikdə həm özünüzü, həm də həmkarlarınızı necə xilas etməli?”, "Qəza anında daha az xəsarət almaq, sağ qalmaq yolları hansılardır?” sualları ətrafında müzakirələr aparılır, müxtəlif yanaşmalarla tanış olurlar. O, həmçinin qeyd edib ki, təlimlər ərzində təqdimatların keçirilməsi üçün təlimçilər tərəfindən hər bir qrupa mövcud problemlər sırasından müəyyən bir mövzu təqdim olunaraq, yarışma keçirilir. Yarışma vasitəsilə iştirakçı qruplar verilmiş problemi və onun mümkün həlli yolunu yaradıcı şəkildə əks etdirirlər. Layihənin sonunda təlimlərdə davamlı olaraq iştirak etmiş iştirakçılar sertifikla təltif olunacaqlar. İştirakçılar layihə müddətində həmçinin qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mubadiləsinin aparılması və liderlik qabiliyyətlərini inkişaf etdirmə şansını da əldə edəcəklər.

Layihə rəhbəri R.Hacıyevin verdiyi məlumata əsasən, layihənin başlıca məqsədi ölkəmizin istehsalat və xidmət sahələrində fəaliyyət göstərən gənc mütəxəssislərə, eləcə də gələcəyin mütəxəssisinə çevriləcək tələbələrə sağlamlıq, əməyin mühafizəsi və ətraf mühit barədə biliklər aşılamaq və təhlükəsiz iş mühiti yaratmaqla gələcəkdə baş verə biləcək hadisələrdən sığortalanmaqda az da olsa köməklik etməkdir.
Bildiyimiz kimi, hər il ölkəmizin istehsalat və tikinti sahələrində baş verən bədbəxt hadisələr nəticəsində neçə-neçə əmək qabiliyyətli vətəndaşımız müxtəlif növ bədən xəsarətləri alır və ən pis halda həyatlarını itirirlər. Bu isə öz növbəsində neçə-neçə ailənin başçısız qalmasına, ailə gəlirinin azalmasına və ya tamamilə kəsilməsinə, beləliklə də o ailələrdə böyüyən uşaqların yaşadıqları mühitdə və təhsil aldıqları tədris ocaqlarında həm maddi, həm də mənəvi baxımdan zərbə almasına səbəb olur. Sübut olunmuşdur ki, şirkət tərəfindən əməyin mühafizəsi üzrə qənaət olunan hər 1 dollar həmin şirkətin sonradan 13 dollar xərcə düşməsinə səbəb olur.
"Təhlükəsiz sabah!” layihəsi çərçivəsində keçirilən təlimlərə cəlb olunmuş dinləyicilər istehsalatda və hətta məişətdə qarşılaşa biləcəkləri müxtəlif qəza hallarına necə reaksiya verməli olduqları barədə həm nəzəri, həm də praktiki bilik və bacarıqlara yiyələnirlər.
Layihə çərçivəsində dinləyicilərə aşağıdakı mövzular üzrə nəzəri və praktiki təlimlər təşkil olunur:
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə ümumi məlumatlar;
- Dəniz şəraitində təhlükəsiz iş mühiti;
- Yanğınla mübarizə;
- İlk yardım;
- Ətraf mühitin mühafizəsi.
banner

Oxşar Xəbərlər