• cümə, 19 Aprel, 15:40
  • Baku Bakı 25°C

Təhlükəli addım

06.02.15 06:27 970
Təhlükəli addım
Bir neçə il öncə müsəlmanların peyğəmbər kimi qəbul etdikləri şəxsin karikaturalarını çap etməsi ilə yadda qalan Danimarkanın “Jyllands-Posten” qəzetinin redaktoru Fleminq Rouz Nobel sülh mükafatının nominantlarından biri olub. Belə ki, onun namizədliyi Norveç parlamentinin üzvü Maykl Tetzşner tərəfindən irəli sürülüb.
Xatırladaq ki, “Jyllands-Posten” qəzetinin 2005-ci il 30 sentyabr tarixli sayında Məhəmməd peyğəmbərin 12 karikaturası dərc olunub və bu, islam dünyasında böyük etirazlara səbəb olub. Hətta həmin müddətdə mövzu ilə əlaqədar olaraq bir çox yerdə kütləvi aksiyalar da keçirilmişdi. İndi də həmin şəxsin Nobel sülh mükafatına nominant olması əksər müsəlmanların ürəyincə deyil. Azərbaycanda əksər inanclıların müsəlman olduğunu nəzərə alsaq, bu mövzunun ölkəmizdə də ürəkaçan məsələ kimi qəbul olunmadığı təbiidir. Mövzu haqqında danışan şəxslər də deyirlər ki, böyük bir toplumun inancına həqarət etmiş şəxsə Nobel sülh mükafatının təqdim olunması həmin kütlənin yenidən narazı qalmasına səbəb ola, bu isə daha böyük etiraza, hətta qarşıdurmalara gətirib çıxara bilər. Əksər müsəlmanların fikrincə, belə bir səhv addım atmış şəxsə Nobel sülh mükafatı təqdim olunması yolverilməzdir. Belə hesab olunur ki, Məhəmməd peyğəmbərin karikaturasının müəllifi olan bir şəxsin Nobel sülh mükafatına namizəd kimi təqdim olunması olduqca təhlükəli addımdır. Çünki hazırda dünyada aktual olan mövzulardan biri dini tolerantlıq, inanclara, hislərə, mədəniyyətlərə qarşılıqlı şəkildə sayğı ilə yanaşılması məsələsidir. Əgər bu gün bir dinin nümayəndəsi digərinə qarşı əlində olan imkanlardan istifadə edərək həqarət püskürürsə və bundan fəxarət hissi duyursa, belə hallar dünyanı böyük təhlükələrə sürükləyir. Onsuz da hazırda dini zəmində müəyyən qarşıdurmalar yaşandığının şahidi oluruq. Təkcə dini mövzularda yox, həmçinin xalqların mədəniyyətləri mövzusunda da sivilizasiyalar, toplumlar arasında qarşıdurma halları yaşanır. Belə fikirlər var ki, hazırkı vəziyyətdə bu şəxsə Nobel mükafatı versələr, dünyanı təhlükəli vəziyyətə salarlar və ətrafı kütləvi narazılıqlar bürüyər. Ona görə də vəziyyəti təhlükəli həddə gətirməyə ehtiyac yoxdur. Çünki Şərqlə Qərb arasında ciddi problem, toqquşma yarana biləcəyi ehtimalı böyükdür. Bundan əlavə, mükafat sözügedən şəxsə təqdim edilərsə, “Nobel”in özünün belə, ciddi şəkildə nüfuzdan düşməsi mövzusu gündəmə gələr. Bu mövzuda fikirlərini bölüşənlər qeyd edirlər ki, belə məsələlərin ideya müəllifləri nə cür təhlükəli ssenari yazdıqlarının fərqində deyillər. Hər halda, daha diqqətli davranmalı, bu cür həssas məqamların hara apardığı barədə bir daha ölçülüb-biçilməlidir.
İlahiyyatçı Elşad Miri də qəzetimizə açıqlamasında bu kimi halların doğru olmadığını bildirdi: “Bu gün Nobel sülh mükafatının kimə veriləcəyini deyək ki, Avropanın hər hansı ölkəsi müəyyənləşdirir və belə işlərdə əvvəlcədən çox ciddi piar kampaniyaları qurulur. Təbii ki, “Nobel” elm, siyasət və digər sahələrdə təqdim olunan ən güclü, ən ciddi bir mükafat kimi göstərilir. Bunun belə qəbul edilməsi də başadüşüləndir. Çünki qalib şəxsə böyük məbləğdə pul mükafatı da verilir. Düşünürəm ki, bu gün müsəlmanların ən böyük problemlərindən biri odur ki, Nobel sülh mükafatı kimi bir mükafat təsis etməyiblər. Hesab edirəm ki, başqa bir ad daşıyan sülh mükafatı təsis edib onun mükəmməl piarını aparmaq, beləliklə də, dünyada ən nüfuzlu mükafatın yalnız Nobel olmasının qarşısını almaq olardı. Gərək müsəlman olan və buna imkanı çatan şəxslər bu məsələnin üzərində ciddi dayansınlar. Çünki onların buna imkanı çatır. Təklifim budur ki, Avropanın o cür jurnallarından daha maraqlısını ortaya qoymaq, daha çox təbliğat aparmaq, daha çox tanınmaq və daha çox satılmaqla rəğbət və üstünlük qazanmaq olar. Elə bir maraqlı layihə olmalıdır ki, hətta, avropalıların özləri də o cür dərgilərdə çıxış etməkdə maraqlı olsunlar”.
E.Mirinin fikrincə, müsəlmanların əlində belə işlər üçün xeyli imkanlar var. Sadəcə olaraq, onlar bundan istifadə edə bilmirlər: “Söz azadlığından danışanlar mədəniyyətlərarası dialoq məsələsini də unutmamalıdırlar. Çünki belə məqamlar sivilizasiyalararası toqquşmalara gətirib çıxara bilər. Ona görə də düşünürəm ki, bu cür yanaşmalar heç bir halda doğru deyil. Əksinə, bu, dünyada baş verən müəyyən xaosun, iğtişaşın, dinlərarası qarşıdurmanın genişlənməsinə rəvac verə biləcək addım ola bilər. Bu səbəbdən, hesab edirəm ki, bu kimi hallara qarşı müsəlmanlar da öz alternativlərini ortaya çıxarmalı və bununla öz haqq səslərini çatdırmağı bacarmalıdırlar. Nə qədər ki, onun-bunun əli altında qalacaqlar və işləri başqalarının göstərişi ilə edəcəklər, o qədər də heç bir müsbət nəticə əldə olunmayacaq”.
H.Əsgər
banner

Oxşar Xəbərlər