• şənbə, 20 Aprel, 02:57
  • Baku Bakı 15°C

Tədris ilinin uzadılmasına hazırlıq gedir

08.04.14 15:56 1593
Tədris ilinin uzadılmasına hazırlıq gedir
“Gün ərzində Təhsil Nazirliyin media monitorinqlərinə daxil olan müraciətlərdə müxtəlif təhsil şöbələri ilə bağlı yazılara, jurnalist araşdırmalarına, eyni zamanda sorğulara rast gəlinir”. Bu fikirlər Təhsil Nazirliyinin KİV-də təhsillə bağlı dərc edilən yazılar və yeni layihələrə həsr olunan mətbuat konfransında səslənib.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, son 6 ay ərzində nazirliyə müxtəlif ali təhsil müəssisələrindən daxil olan müraciətlərin böyük əksəriyyəti vaxtında ixtisas seçimini düzgün etmədiklərinə görə digər ixtisaslara köçürülmək istəyən tələblərlə bağlı olub: “Bütün bunlar nəzərə alınaraq aprel ayından başlayaraq ali məktəblər, orta ixtisas təhsili müəssisələri və peşə məktəblərində “İxtisas seçimi uğurlu karyeranın başlanğıcıdır” adlı kampaniya başlanıb. Bu kampaniya çərçivəsində hər bir təhsil müəssisəsi öz baza məktəbini formalaşdıracaq və bu proses orada həyata keçiriləcək. Bu məktəblərdə ali məktəblərə hazırlaşan abituriyentlərlə iş aparılacaq, ixtisasların hədəfi, gələcək uğurları ilə bağlı onlara ətraflı məlumat veriləcək”.
C.Valehov qeyd edib ki, nazirlik ali təhsil müəssisələrinin rəhbərliklərinə vahid formada göndəriş göndərib və həmin müəssisələr kampaniyaya start verəcəklər. “Bu, bilavasitə abituriyentlərin uğurlu ixtisas seçiminə kömək məqsədi daşıyır».
C.Valehov ölkədə tədris ilinin uzadılması ilə bağlı məsələyə də aydınlıq gətirib. O deyib ki, ölkədə tədris ilinin uzadılması məsələsi yeni deyil”. Belə ki, ötən ilin dekabr ayında Təhsil Nazirliyinin ümumi orta təhsil sistemində prioritetlər elan olunarkən növbəti dərs ilindən başlayaraq tədris müddətinin uzadılması məsələsi qeyd olunub. “Azərbaycanda istirahət və bayram günləri, eləcə də tətil günlərini çıxdıqda 5 günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində il ərzində 164, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə il ərzində 197 gün dərs keçirilir: “Deməli, uyğun olaraq şagirdlər ildə 201 və ya 168 gün istirahət edirlər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə tədris həftəsinin orta göstəricisi 38 həftə, Azərbaycanda isə 32 həftədir. Mayın sonundan sentyabrın 15-dək Azərbaycanın ümumi orta təhsil müəssisələrinin şagirdlərdə sanki tətil boşluğu yaşanır. Təxminən 105 günlük tətil ərzində şagirdlər vaxtlarını o qədər də səmərəli keçirə bilmirlər. Biz də istəyirik ki, məktəblilərimiz təhsil ilindən o qədər uzaq qalmasınlar”. Nazirlik rəsmisinin sözlərinə görə, tədris həftələrinin çox olması şagirdlərin tədrisdən uzaq düşməməsi və tez uyğunlaşmasına şərait yaradacaq: “Digər məqam tədris proqramlarının kifayət qədər yüklü olması ilə bağlıdır. Nazirliyə də bununla bağlı çoxlu müraciətlər daxil olur. Buna görə də tədris ilinin uzadılması tədris proqramlarının yüngülləşdirilməsinə gətirib çıxaracaq”. C.Valehov qeyd edib ki, yaxın günlərdə Təhsil Nazirliyində QHT üzvləri və müəllimlərin iştirakı ilə keçiriləcək Dəyirmi Masada Azərbaycanda tədris ilinin uzadılması ilə bağlı məsələyə daha dəqiq aydınlıq gətiriləcək.
C.Valehov bəzi təhsil şöbələrində baş verən korrupsiya faktları ilə bağlı dərc olunan yazılar barədə də danışıb: “Dövlət büdcəsindən təhsil bölməsi üzrə ayrılan vəsait rayonların yerli icra hakimiyyətlərinin sərəncamındadır. Təhsil Nazirliyinin yerli icra hakimiyyəti orqanlarına ayrılan büdcə ilə bağlı sərəncam vermək və ya nəzarət etmək funksiyası yoxdur”.
Nazirlik rəsmisi son günlər Ukraynada baş verən hadisələrdən sonra orada təhsil alan tələbələrin aqibətinə də aydınlıq gətirib: “Ukraynada dövlət proqramı çərçivəsində heç bir gənc təhsil almır”.
Təhsil Nazirliyinin təhsil resursları şöbəsinin müdir müavini Əsgər Quliyev Dərsliklərin Qiymətləndirmə Şurasının fəaliyyəti ilə bağlı açıqlama verərək bildirib ki, Təhsil Nazirliyinin qərarı ilə Azərbaycanda Dərsliklərin Qiymətləndirmə Şurası (DQŞ) haqqında əsasnamə yenilənib. Belə ki, şuranın tərkibi alternativ qaydada seçilib və 17 nəfərdən ibarət olan yeni tərkib sabahdan etibarən fəaliyyətə başlayacaq: “Təhsilin məzmununda yeniliklərin aparılmasında əsas rol oynayan dərsliklərdir. Təhsil Nazirliyi bu ildən etibarən hər il iki sinfin dərsliyinin çapını sifariş verməyi qərara alıb”. Belə ki, bu il ilk olaraq VII və VIII sinif dərslikləri hazırlanacaq. VII sinif dərslikləri müzakirələrdən sonra, dərslərin başlanmasına xeyli müddət qalmış məktəblərə veriləcək. Bununla da müəllimlər dərsliklərlə daha tez tanış olacaqlar. VIII sinfin dərslikləri isə bu il məktəblərə verilməyəcək və həmin dərsliklər çox məhdud sayda çap olunaraq, müəyyən pilot məktəblərdə sınaqdan keçiriləcək. Bununla da sınaq zamanı qarşıya çıxan nöqsan və problemlər vaxtında aradan qaldırılacaq”. Ə.Quliyev qeyd edib ki, ötən ilin dekabrında dərsliklərin çapı ilə bağlı elan olunan tender mart ayında başa çatıb. Belə ki, tenderin nəticəsinə əsasən, 22 LOT üzrə 35 adda dərslik hazırlanıb və sabahdan şura həmin dərsliklərin qiymətləndirilməsinə başlayacaq. Nazirlik rəsmisinin sözlərinə görə, təhsil sahəsində aparılan islahatlarda əsas hədəf dərsliklərin əvvəlki illərlə müqayisədə keyfiyyətinin təkmilləşdirilməsidir.
Tədbirdə, həmçinin nazirliyin AFFA ilə birlikdə ali və özəl təhsil müəssisələri arasında “Təhsil kuboku” uğrunda futbol yarışlarına start verdiyi, həmçinin 100 ildən artıq yaşı olan məktəblərin təqdimatı ilə bağlı kampaniyanın başlanması ilə bağlı məlumat diqqətə çatdırılıb.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər