• cümə, 26 Aprel, 21:05
  • Baku Bakı 22°C

Tədqiqatla məşğul ol, təhsildə də uğur qazan

16.02.18 19:41 1378
Tədqiqatla məşğul ol, təhsildə də uğur qazan
Şagirdlərin elmi yaradıcılığına həsr olunmuş "Sabahın alimləri” VII Respublika Müsabiqəsiqaliblərinin mükafatlandırılması mərasimi gənclərin elmi araşdırmaya, texnoloji biliklərə, müasir dünyanın trendlərinə maraq göstərdiklərini bir daha təsdiq etdi. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən müsabiqənin 7 il ərzində coğrafiyası genişlənərək, 22 rayonu əhatə edib. Bu illər ərzində müsabiqədə ümumilikdə 1187 nəfər iştirak edib ki, onlardan 549 nəfəri qızlar, 638 nəfəri isə oğlanlar olub. Şagirdlərin sonrakı nailiyyətləri Təhsil Nazirliyi tərəfindən təhlil edilib. Bu nəticəyə gəlinib ki, tədqiqatla məşğul olan şagirdlər təhsildə də böyük uğurlar qazanır, yüksək balla ölkəmizin təhsil müəssisələrinə və ya xarici ölkələrin tanınmış universitetlərinə qəbul olunaraq təhsillərini uğurla davam etdirirlər. "Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Bu il 79 şagird tərəfindən hazırlanan 46 layihə münsiflər heyəti tərəfindən seçilib. I yerə 12 şagird (7 layihə), II yerə 28 şagird (15 layihə), III yerə 39 şagird (24 layihə) layiq görülüb. Əvvəlki illərdən fərqli olaraq, bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb olunub.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müsabiqədə yüzlərlə azərbaycanlı gəncin elmi yaradıcılıq məhsullarını nümayiş etdirdiklərini qeyd edərək, onların, gələcəyin alimləri olmağa iddialı olduqlarını vurğuladı: "İnanıram ki, nə vaxtsa bu məkanda toplaşan gənclərin də adlarını hansısa ixtiranın, kəşfin müəllifi kimi hallandıra biləcəyik».
Təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov müsabiqəyə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu qeyd etdi: "Müsabiqəyə artan maraq, iştirakçıların, layihələrin sayının çoxalması, coğrafiyanın genişlənməsi, yarışmaya ictimai dəstək «Sabahın alimləri»nin mötəbər müsabiqəyə çevrildiyini sübut edir: "Bu müsabiqə uşaqların elmə marağın artırmaq üçün geniş imkanlar yaradır. Biz bu fürsətdən istifadə etməliyik».
C.Bayramov yarışmanı əldə edilən nəzəri biliklərin tətbiqi və sınağı kimi dəyərləndirdi: "Şagirdlər bu müsabiqə ilə mühüm səriştələr əldə edirlər. Rəqabətli şəraitdə, intellektual mühitdə özlərinə inam ortaya qoyurlar. Həmçinin müsabiqə onların komandada işləmək, ünsiyyət bacarıqlarının və kreativlik bacarıqlarının formalaşmasına kömək edir”. Nazir müavini Azərbaycan gəncliyinin təmsilçilərinin elmi biliklərin inkişafında, ətraf mühitin təmizliyinin, insanların sağlamlığının, dünyanı idarə edən texnologiyaların yaradılmasında iştirak edəcəklərinə inamını ifadə etdi: "İnanıram ki, bu gənclər öz biliklərini daha da təkmilləşdirməklə, yüksək nailiyyətlər qazanacaqlar”. C.Bayramov müsabiqədə qalib gələn və qaliblər sırasında olmayan gənclərə müraciətlə «Bu yarışma dəyərli təcrübədir» deyərək, onları daha da həvəsli olmağa səslədi: "Heç bir uğurun yolu hamar olmur. Uğur qazanmaq üçün gecə-gündüz çalışmaq, yorulmadan öyrənmək lazımdır. Ona görə qaliblər arxayınlaşmasınlar. Gələcək uğurların sayını artırmaq üçün daim çalışmaq, axtarışlar etmək vacibdir”.
C.Bayramov ölkəmizi Amerika Birləşmiş Ştatlarında təmsil edəcək gənclərə səsləndi: «Dövləti təmsil etməkdən yüksək qürur ola bilməz».
Tədbirdə 8 nominasiya üzrə seçilən qaliblər təltif olundu.
Bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlandı. Qeyd edildi ki, fizika, astronomiya bölməsi üzrə Əliağa Abdullayev, Adnan Bunyatov, biologiya üzrə Fidan İbrahimova, ekologiya və ətraf mühitin idarə olunması üzrə Məhəmməd Hacıyev, kompüter elmləri üzrə Ceyla Hüseynzadə, Cavid Hüseynzadə ən yaxşı layihə müəllifləri olaraq seçiliblər.
Qaliblərə diplom, medal və pul mükafatı təqdim olundu.

Təranə Məhərrəmova






banner

Oxşar Xəbərlər