• cümə, 29 Mart, 19:01
  • Baku Bakı 14°C

“Təcrübəli dövlət adamları hər hansı mühüm addımı bir neçə hədəfi nəzərə alaraq atırlar”

07.02.18 11:00 2130
“Təcrübəli dövlət adamları hər hansı mühüm addımı bir neçə hədəfi nəzərə alaraq atırlar”
Dövlət başçısı İlham Əliyev fevralın 5-də növbədənkənar Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmin sərəncamla Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək həvalə olunub. Sərəncam imzalandığı gündən Azərbaycan cəmiyyətində, o cümlədən media müstəvisində, sosial şəbəkələrdə geniş müzakirə olunur. Ekspertlər, dövlət rəsmiləri növbədənkənar seçkilərin keçirilməsinin səbəbləri barədə fikir və mülahizələrini, rəsmi mövqeyi səsləndirməkdədirlər. Mövzu ilə bağlı "Kaspi”nin suallarını Milli Məclisin deputatı, siyasi şərhçi Sahib Alıyev cavablandırır.
- Sahib müəllim, dövlət başçısının aprel ayının 11-ə növbədənkənar prezident seçkisi təyin etməsi Sizcə, hansı zərurətdən yaranıb?
- Bu barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, cənab Əli Həsənovun açıqlaması var. Cənab Həsənovun da qeyd etdiyi kimi, növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncamda nəzərdə tutulmuş məsələlər Azərbaycan Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur. Bununla yanaşı, Prezidentinin köməkçisi dünya təcrübəsinə əsaslanaraq, Azərbaycanda seçkilərin ilin müxtəlif fəsillərində keçirilməsinin daha məqsədəuyğun olduğunu bildirib. Doğrudan da, bizdə seçkilərin keçirilməsi ardıcıllığı və zamanı ilə bağlı müəyyən düzəlişlər edilməli idi. Bu yöndə də ilk addım 2016-cı ilin sentyabrında keçirilən referendumla atıldı. Referendumda Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək prezidentlik müddəti 5 ildən 7 ilə uzadıldı ki, bununla da 5 ildə 3 müxtəlif seçki keçirmək kimi bir hal aradan qaldırıldı. Əlbəttə, o zaman keçirilən referendum təkcə bu məqsədə xidmət etmirdi. Ümumiyyətlə, böyük dövlətlər kimi təcrübəli dövlət adamları da hər hansı mühüm addımı bir neçə hədəfə birdən çatılmasını nəzərə alaraq atırlar. Biz cənab İlham Əliyevin atdığı bir sıra addımlarda da bunu görmüşük. İndi də bu qəbildən olan bir addımın atıldığı heç şübhəsizdir. Digər tərəfdən, cənab Əli Həsənovun qeyd etdiyi kimi bu il ölkəmizdə bir sıra mühüm, eyni zamanda beynəlxalq səviyyəli tədbirlərin keçiriləcəyi gözlənilir. Bundan başqa 2025-ci ildə həm Prezident, həm də parlament seçkilərinin eyni vaxtda, hətta eyni ayda keçirilməsi kimi bir reallıqla üzləşmək ehtimalımız vardı. Bunun müəyyən çətinliklər yaradacağı isə hər kəsə aydındır. Belə olan halda, istər-istəməz ya Prezident, ya da parlament seçkisinin vaxtını dəyişmək lazım gələcəkdi. 2016-cı il referendumunda dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılmasının ona növbədənkənar Prezident seçkisini elan etmək hüququ tanıdığını nəzərə alan cənab İlham Əliyev məhz birinci varianta üstünlük verib və belə bir addımı məhz indi atıb. Bu, Prezident İlham Əliyevin müstəsna səlahiyyət hüququdur və o, öz hüququndan lazımi məqamda istifadə edib. Hesab edirəm ki, atılan bu addım bütün Azərbaycan üçün xeyirli və uğurlu olacaq.
- Belə bir qərarın verilməsində geosiyasi amillər, yaxud milli təhlükəsizlik və ya bəzilərinin iddia etdiyi kimi guya rəqiblərin zərərsizləşdirilməsi kimi səbəblər də rol oynaya bilərmi?
- Heç kimə sirr deyil ki, dünyadakı bəlli güclər seçki dönəmində müxtəlif ölkələrin daxili işlərinə qarışmağa cəhdlər göstərir, müəyyən məqsədlərə çatmaq, hansısa güzəştlər əldə etmək üçün bu proseslərdən faydalanmağa çalışırlar. Azərbaycana yanaşmada da bunu görmüşük. Ola bilsin ki, dövlət başçısının imzaladığı sərəncamda bu reallıq da nəzərə alınıb. Rəqibləri zərərsizləşdirmək versiyasına gəlincə, içi həbsdəki bəlli şəxslər qarışıq, ölkədəki çoxsaylı müxalifətçi dərnək başçılarını və digər bosları "rəqib” gözündə görmürəm. Hazırda elə bir reallıq var ki, nə onlar, nə də bu ölkədə prezidentlik arzusundakıların heç biri cənab İlham Əliyev üçün rəqib deyillər və ola da bilməzlər. Bunun obyektiv səbəbləri var. Adi bir misal çəkim. Hamı bilir ki, açıq dənizə çıxışı olmayan Azərbaycanın nəinki regionda, bütövlükdə materikdə nəqliyyat qovşağına çevrilir. Coğrafiyaya, coğrafiyadan da çox geosiyasi reallıqlara rəğmən bu, reallaşdırılır. Söhbət o layihədən gedir ki, qərbdəkilər Azərbaycan bu haqda təşəbbüslə çıxış etdiyi zaman onu dəstəkləmədilər. Təkcə ona görə yox ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması bölgəmizdəki bəzi böyük qonşularımız kimi onların da havadarlıq və himayədarlıq etdikləri Ermənistanı tam təcrid vəziyyətində saxlayacaqdı. Həm də və daha çox ona görə ki, bundan sonra ölkəmizin müstəqil siyasət yeritmək potensialı bir az da artırdı. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi bunu nə onlar, nə də digər böyük dövlətlər asanlıqla həzm etmirlər. Ona görə də bəzi hallarda Bakı-Tbilisi-Qarsın çəkilməsi regionun iki böyük dövləti olan Rusiya və İranın əleyhinə yönəlmiş bir addım kimi qiymətləndirilirdi. Hətta bundan irəli gələrək, layihənin başlanğıcında görüləcək işlər hər iki dövlətdəki bəlli çevrələrdə möhkəm qıcıq doğururdu. Lakin Azərbaycan Prezidenti düşünülmüş, dəqiq hesablanmış addımlarla hər iki potensial əleyhdarı ölkəmizin tərəfdarına çevirdi. Beləliklə Rusiya və İran Azərbaycanın regionun nəqliyyat qovşağı olmasını dəstəklədilər. Əgər cənab İlham Əliyevin yerinə Prezident postuna açıq və ya gizli iddialılar arasından hər hansı biri olsaydı, onun dövrümüzün ən böyük geosiyasi və geoiqtisadi önəm daşıyan bu addımını ata biləcəkdilərmi? Şübhəsiz ki, xeyr! Bunun üçün gərək İlham Əliyev kimi böyük dünyagörüşün, təcrübən, iradən, səbrin və genində genini daşıdığın ulu öndər Heydər Əliyev kimi Böyük Müəllimin olmuş olsun. Bu səbəbdən bir daha qeyd etmək istərdim ki, İlham Əliyev kimi liderin hər hansı müxalifətçi dərnək rəhbərindən çəkinərək növbədənkənar seçki keçirdiyini demək üçün ya həddən artıq qərəzli, ya da ağılsız olmalısan.
- Hazırda ölkədəki seçki mühitini necə dəyərləndirirsiniz?
- Azərbaycandakı seçki mühiti payızda necə olacaqdısa, indi də o cürdür. Ona görə də hesab etmirəm ki, növbədənkənar prezident seçkisinin keçirilməsində bu mühitin də hansısa təsiri və ya rolu olsun. Azərbaycan reallıqları, daxili vəziyyət indi necədirsə, 6 ay bundan sonra da eyni olacaq, sabitlik, əmin-amanlıq qorunub saxlanacaq. Buna əminəm. İndiyə qədər yaşadıqlarımız, xüsusən də ən mürəkkəb hallarda çevik və uzaqgörən qərarların verilməsi, dövlət idarəçiliyi onu deməyə əsas verir ki, tək 6 ay yox, 6 il sonra da ölkədəki sabitlik qorunub saxlanılacaq.
- Artıq Yeni Azərbaycan Partiyası (YAP) öz namizədini müəyyən edib, qurultay çağırıb. Bununla bərabər, Həmkarlar İttifaqı Konfederasiyası da İlham Əliyevin namizədliyini irəli sürüb. Lakin əks düşərgədə, yəni müxalifətdə namizədin irəli sürülməsi ilə bağlı səs-soraq yoxdur. Belə demək olarmı ki, İ.Əliyev seçkiyə rəqibsiz gedir?
- Müxalifət düşərgəsində səs-sorağın olması, hansısa namizədin müəyyənləşməsi nəyi dəyişəcək ki? Prezident İlham Əliyevin indiyə qədər həyata keçirdiyi daxili və xarici siyasət, onun rəhbərliyi ilə görülən bütün işlər göz önündə, ortadadır. Yeni Azərbaycan Partiyası ilə paralel olaraq Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən də cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi bir daha onu təsdiq edir ki, o, sadəcə bir partiyanın seçimi, namizədi deyil. Dünyadakı prosesləri görən, mahiyyətini dərk edən, ürəyində Vətən, millət, xalq, dövlətçilik sevgisi olan, Azərbaycanı daha güclü, ərazi bütövlüyü təmin olunmuş görmək istəyən hər bir vətəndaşın namizədi və seçimi İlham Əliyevdir.
- Cari ilin mart ayında Rusiyada prezident seçkiləri keçiriləcək. Aprel ayında Ermənistanda parlament seçkilərinin keçiriləcəyi və ölkənin prezident üsul-idarəsi ilə vidalaşacağı gözlənilir. Artıq bəlli olduğu kimi, aprelin 11-də də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Adətən seçki keçirilən ərəfədə Dağlıq Qarabağ problemi ilə əlaqədar aparılan danışıqların səngidiyini də dəfələrlə müşahidə etmişik. Bütün bunları nəzərə alsaq, ilin ikinci yarısından başlayaraq münaqişənin həlli istiqamətində canlanmanı, yəni danışıqlarının intensivləşməsini gözləmək olarmı?
- Seçkilərin nə zaman keçirilməsindən asılı olmayaraq, Dağlıq Qarabağ probleminin həllində ən əhəmiyyətli addım məhz cənab İlham Əliyevin rəhbərliyi altında atılacaq. Bu istiqamətdə mühüm qərar bilavasitə indiki, elə həm də gələcək dövlət başçımızın adi ilə bağlı olacaq. Onun bu məsələdə milli maraqlara söykənən qətiyyətli və dəyişməz mövqeyi var. Bu marağın reallaşdırılması yolunda Prezident İlham Əliyevin gördüyü işlərdən biri də 2016-cı ilin aprelindəki döyüşlər idi. Düşünmürəm ki, Azərbaycanda növbədənkənar seçkilərin təyin olunması Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı dəyişikliklərin gözləntisi ilə əlaqədardır. Lakin seçkinin apreldə keçirilməsi Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların ləngidilməsinin qarşısını da ala bilər.
- Növbədənkənar prezident seçkisinin keçirilməsinə beynəlxalq reaksiya necə ola bilər?
- Bizim üçün ilk növbədə ölkə vətəndaşlarının reaksiyası, onların mövqeyi önəmlidir. Azərbaycanda növbədənkənar prezident seçkisinin təyin olunması, cənab İlham Əliyevin bu seçkilərdə iştirak etməsi ilə heç bir qanun pozuntusuna yol verilmir. Konstitusiyanın pozulmasına yönələcək hər hansı addım atılmır. Beynəlxalq təşkilatlar bu reallığı bilməmiş deyillər. Reallıqdan çıxış etsələr lap yaxşı, etməsələr bu, yenə də öz problemləridir, onsuz da onların bir çoxunun müsbət imicləri yoxdur, nə bizdə nə də bir çox digər ölkələrdə.
- Növbədənkənar prezident seçkisinin keçiriləcəyi barədə qərar qəbul edildikdən dərhal sonra AXCP və REAL hərəkatı seçkini boykot etdiklərini bildirdilər. Sizcə, müxalifətin bu qərarı nədən qaynaqlanır?
- Bu, müxalifətin ənənəvi, öyrəncəkli halıdır. Adlarını qeyd etdiyiniz təşkilatlar bir az bundan öncə sosial şəbəkədə "seçki” keçirir, saxta profillərlə bir-birləri üzərində səs üstünlüyü qazanırdılar. Sonra da bir-birini saxtakarlıqda ittiham etdilər ki, hər iki tərəf da haqlı idi. İndi baxın görün əgər bunlara real seçki keçirmək şansı verilsəydi hansı biabırçılıqlardan çıxardılar. Onların "Facebook”da keçirdikləri "seçki” və əldə etdikləri nəticə bir daha göstərdi ki, həmin o təşkilat rəhbərləri real seçkilərə qatılsalar biabırçı şəkildə məğlub olacaqlar. Bu biabırçılıqla üzləşməmək üçün indi qabaqdangəlmişlik edir, ənənəvi "boykot” taktikasını seçirlər. Ola da bilsin ki, həm də bəlli çevrələrin sifarişlərini yerinə yetirirlər. Ümumiyyətlə, bir qədər əvvəlki sualda vurğuladığım kimi, müxalifət liderlərindən heç biri elə ən çoxu da bu boykotçular prezident seçkilərində cənab İlham Əliyevə rəqib ola bilməzlər. O ki, qaldı müxalifət "lider”lərinin gətirdikləri bəzi əsassız arqumentlərə ki, guya növbədənkənar seçki onları hazırlıqsız yaxalayıb, bu da gülüncdür. Adamdan soruşarlar ki, axı sən necə siyasi təşkilatsan ki, bu cür proseslərə hazırlıqlı deyilsən.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər