• cümə, 19 Aprel, 21:30
  • Baku Bakı 24°C

Təcrübə və Karyera Şöbəsi tələbə və məzunlarımıza iş tapmaqda kömək edir

18.04.16 15:25 1389
Təcrübə və Karyera Şöbəsi tələbə və məzunlarımıza iş tapmaqda kömək edir
Ölkə prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarı ölkəmiz üçün insan resurslarının inkişafının əhəmiyyətliliyini üzə çıxarıb. Təbii ki, hərtərəfli inkişafı şərtləndirən intellektual, savadlı, mədəni insan resurslarının ortaya çıxması mükəmməl və ardıcıl təhsillə bağlıdır. Mükəmməl təhsil və tədris prosesi insanı yetişdirir, kamilləşdirir, müəyyən sahənin mütəxəssisinə çevirir. Mükəmməl təhsilin yetişdirdiyi insan kapitalı ölkə üçün çox dəyərlidir. Lakin bəzən elə hallar olur ki, bu kapital dəyərləndirilmir, ali məktəblərin mütəxəssis kimi yetişdirdiyi yüksək ixtisaslı kadrlar məzun olduqdan sonra işsizlik problemiylə qarşılaşır.
Heç kimə sirr deyil ki, hər il ali məktəbi bitirən 25-30 min gəncin hamısı iş tapmır, gələcəyini qurmaq üçün çox qapıları döyür, amma bu axtarışlar həmişə uğurlu olmur. Bu çətinliklər Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları üçün də keçərlidir. Təqdirəlayiq haldır ki, həmişə öz tələbə və məzunlarının qayğısına qalan Universitetimiz bu problemin də çözümü istiqamətində apardığı işlər sayəsində ciddi uğurlara imza atıb. AzMİU-nun rəhbərliyi məzunlarının ölkə daxilində əmək bazarında işə düzəlmələrinə kompleks şəkildə kömək etmək üçün 2015-ci ilin yanvarında “Təcrübə və Karyera” şöbəsinin yaradılmasına qərar verib.
Təcrübə və karyera şöbəsinin yaradılmasında əsas məqsəd yüksək ixtisaslı peşəkar mütəxəssislərin hazırlanması, hazırlıq prosesi ilə tədris və istehsalat təcrübələri arasında əlaqənin yaradılması və Universitetdə təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsidir. Əməkdaşlarımız monitorinqlər nəticəsində əmək və əməkhaqqı bazarını öyrənir, mütəxəssis ehtiyacı olan dövlət və özəl şirkətləri müəyyən edib onların təklif etdiyi vakansiyaları məlumat bazasına daxil edirlər. Eyni zamanda əmək və məşğulluq orqanları ilə vakansiyalar haqqında məlumatların mübadiləsi aparılır, maliyyə, sənaye, xidmət və sosial sahələrdə işləyən təşkilatlarla kadrların hazırlanması və təcrübənin keçirilməsinə dair müqavilələrin bağlanması və s. işlər həyata keçirilir. Beynəlxalq standartlara cavab verməyə çalışan şöbəmiz öz fəaliyyətində dünyanın qabaqcıl ölkələrinin təcrübələrindən istifadə edərək təhsil prosesinə biznes və dövlət strukturlarını cəlb edir. Aparıcı şirkət və təşkilatlarla işgüzar əlaqələr yaradırıq, tələbələrin işədüzəltmə mexanizminə yardımçı oluruq, dövlət və özəl sektorda olan şirkətlərlə əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurmağa çalışırıq.
Əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasında fakültə və kafedraların istehsalatla işgüzar əlaqələrin genişləndirilməsi, tələbələrin dərslərdən kənar vaxtlarda müxtəlif şirkətlərdə, real layihələrdə könüllü və ya ödənişli təcrübəçi kimi işləməsi əsas rol oynayır. Bakalavr və magistrlərin istehsalat təcrübələrini təşkili və keçirilməsi onların zəruri praktiki vərdişlərinin və bacarıqlarının əldə edilməsində, nəzəri biliklərin təcrübədə möhkəmləndirilməsində, tələbələrimizin əmək fəaliyyətinə hazırlanmasında, müəssisələrin kooporativ dəyərləriylə tanış olmasında mühüm rol oynayır. Bu baxımdan bakalavr və magistrlərin təcrübələrinin səmərəli və müasir tələblərə cavab verən səviyyədə keçirilməsi üçün hər il onları müvafiq təcrübələrə göndəririk. Öncədən təcrübə keçiriləcək müəssisəylə müddətsiz və müddətli müqavilələr bağlayırıq. Bu müqavilələr əsasında tələbələrimiz həmin obyektlərdə istehsalat təcrübəsinə gedir, gələcək karyeralarını qurmaq yolunda ilk addımlarını atırlar.
Ötən illərdə məzun olmuş tələbələrimizlə daim maraqlanırıq, telefon əlaqələri qururuq, işsiz məzunlarımızın işlə təmin olunması istiqamətində müvafiq təşkilatlarla danışıqlara gedirik. Məzunlarımız haqqında məlumatlardan ibarət elektron baza yaradılıb, 2011-13-cü illərdə universiteti bitirmiş məzunlarımızın işlə təminatı haqqında bütün məlumatlar orda yerləşdirilib. Məlumatlarda tələbənin bitirdiyi fakültə, hazırda işlədiyi yer və əlaqə telefonları yerləşdirilib. Apardığımız sorğular nəticəsində məlum olub ki, 2011-ci ildə 988 məzundan 546-sı, 2012-ci ildə 1002 məzundan 720-si, 2013-cü ildə 1025 məzundan 748-i işlə təmin olunub. Hazırda işləməyən məzunlarımızın ixtisasına uyğun vakansiyalar olduqda onların işlə təmin olunmasına çalışırıq, bu barədə onlara məlumat veririk, bir sözlə, məzunumuzun işə düzəlməsi üçün əlimizdən gələni edirik. Vakanslyalar barədə məlumatları da Universitetin saytında yerləşdiririk. Bu gün fəxr edirik ki, AzMİU-nu bitirən gənclərimiz müxtəlif dövlət və özəl şirkətlərdə işləyir, onların arasında AzFEN, Akkord, AEKON, Azkommunlayihə, Mətanə A, Monolit MMC, Holcim, AzVirt MMC, Visa MMC, Encotec kimi böyük şirkətlər, habelə dövlət qurumları, nazirliklər, layihə institutları, elmi-tədqiqat institutları və s. var.
Dövlət və özəl sektorda olan qurumlarla qurduğumuz əlaqələr əsasında mütəmadi olaraq bu müəssisələrin ixtisaslaşmış mühəndis və idarə heyətiylə tələbələr arasında görüşlər keçiririk, bu da tələbələrin məzun olduqdan sonra iş həyatlarına müsbət təsir edir. Bu əməkdaşlığın nəticəsdir ki, Paşa İnşaat, Holcim, Akkord, ARDNŞ, Azərsu, ARDNŞ-nin Neft-Qaz Tikinti tresti, Amec Foster Wheeler və s. şirkətlər 2015-ci il ərzində 70 tələbəni müsahibə və ixtisaslarına uyğun imtahanlar nəticəsində ödənişli yay təcrübəsinə qəbul edib. Bu tələbələrin bir qismi təcrübələri bitdikdən sonra həmin müəssisələrdə yarımştat işlə təmin olunub. Məzun olduqdan sonra onları həmin müəssisələrdə tam ştata keçirəcəklər.
Universitetimiz öz tələbə və məzunlarının işlə təmin olunmasında, əmək bazarında bilik və bacarıqlarına uyğun iş tapmalarında maraqlıdır. AzMİU inşaat və memarlıq təhsili sahəsində Azərbaycanın tək və ən qədim ənənələri olan təhsil ocaqlarından biridir. Məhz bu baxımdan onun məzunlarına həmişə tələbat var. Ölkəmizin aparıcı kompaniyaları, işəgötürənlər yüksək hazırlıqlı kadr axtararkən məhz bizim ali məktəbə üz tuturlar.
AzMİU-nun Təcrübə və Karyera Şöbəsinin müdiri, texnika elmləri namizədi Nadir Kərimov
banner

Oxşar Xəbərlər