• cümə, 19 Aprel, 04:03
  • Baku Bakı 18°C

Təcavüzkar dövlətin sülhsevər imicini yaratmaq cəhdi

08.10.18 19:02 558
Təcavüzkar dövlətin sülhsevər imicini yaratmaq cəhdi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi səbəbindən indiyə qədər yubanır. Belə ki, Ermənistan hakimiyyəti beynəlxalq hüququn prinsiplərinə, ölkələrin ərazi bütövlüyü məsələsinə etinasız yanaşır, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini yerinə yetirmir, danışıqlar prosesini süni şəkildə uzadır. Düşmən ölkədə 2018-ci ilin aprelində inqilab yolu ilə hakimiyyətə gələn, hazırda Ermənistanın baş naziri olan Nikol Paşinyan da sələflərindən geri qalmır. Siyasətə küçədən gələn bu erməni ziddiyyətli bəyanatlar verməklə, Ermənistanın işğalçı siyasət yürütdüyünü bir daha bütün dünyaya nümayiş etdirir. Onun arvadı Anna Hakopyan isə bir çardaq altında yaşadığı Paşinyana züy tutmaqla işğalçılara xas xislətini ortaya qoyur. Misal üçün, A.Hakopyanın öz oğlunu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi xidmətə yola salmasının ardınca sülh çağırışları etməsi, obrazlı desək, timsahın göz yaşlarını xatırladır. Çünki Paşinyan-Hakopyan cütlüyü bir tərəfdən öz oğullarını işğal altındakı Dağlıq Qarabağda səngərə yola salır, azərbaycanlı əsgərlərə, dinc əhalimizə qarşı silah işlətdirir, digər tərəfdən də sülhün bərqərar olmasından danışırlar.

Belə faktlar işğalçı Ermənistanın indiki hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində maraqlı olmadığını göstərir. Erməni baş nazirin arvadı A.Hakopyan bu günlərdə daha bir addımı ilə gündəmə gəlib. O, "Qadınlar sülh naminə” təşəbbüsü ilə çıxış edərək, bu çərçivədə Rusiyadan olan bir qrup qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərini təşkil edib. A.Hakopyan işğal olunmuş Azərbaycan torpaqlarından azərbaycanlı qadınlara çağırış edib. İlk növbədə qeyd edək ki, onun və rusiyalı həmcinslərinin Azərbaycan ərazilərinə səfəri qeyri-qanunidir, ölkələrin ərazi bütövlüyü, suverenliyi prinsipinə hörmətsizlikdir. Digər tərəfdən, əgər A.Hakopyan həqiqətən də sülh tərəfdarıdırsa, erməni əsgərlərinin ölməsi istəmirsə, o zaman əri N.Paşinyandan tələb etməlidir ki, Ermənistan silahlı qüvvələri işğal altında saxladıqları ərazilərdən qeyd-şərtsiz geri çəkilsinlər. Lakin A.Hakopyan qeyri-adekvat davranır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti də A.Hakopyanın Rusiyadan olan bir qrup qadın ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri barədə açıqlama yayıb. Bildirilib ki, A.Hakopyan humanitar missiyası üçün hədəfləri düzgün seçməyib, gənc insanların ölümünün qarşısını almaq üçün o, ilk növbədə Ermənistan cəmiyyətindən başlamalı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmalı və erməni qadınlarını və analarını övladlarını Azərbaycanın işğal olunmuş torpaqlarına göndərməkdən çəkindirməlidir: "Hakopyanın bu addımı hazırkı vəziyyətdə, xüsusilə də seçkilər öncəsi Ermənistanın daxili auditoriyasına hesablanıb. Lakin nəzərə almaq lazımdır ki, bu kimi təşəbbüslər, xüsusilə də bu çərçivədə "humanitar missiya" adı altında Rusiya Federasiyasından bir qrup qadının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşviq etmək, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmir, münaqişənin həllinə xidmət etmir və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Düşənbədə aparılmış söhbətin ruhuna cavab vermir. Bu məsələ Azərbaycanın Moskvadakı səfirliyi tərəfindən Rusiya Xarici İşlər Nazirliyi qarşısında qaldırılacaq".

XİN-in açıqlamasında bir daha bəyan edilib ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər. Azərbaycan qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə, XİN-dən bildirilib ki, hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul olunacaq.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mövzu ilə bağlı qeyd edib ki, Azərbaycan XİN-in mövqeyini dəstəkləyir və bölüşür. Onun sözlərinə görə, Ermənistan tərəfindən ölkəmizin işğal edilmiş ərazilərinə xarici vətəndaşların qanunsuz səfərləri təşkil edilir. Millət vəkili deyib ki, bu, Azərbaycan qanunlarının ciddi şəkildə pozulmasıdır: "Azərbaycanın icazəsi, razılığı olmadan işğal edilmiş Dağlıq Qarabağ ərazisinə edilən bütün səfərlər separatçı rejimi və işğalı təbliğ edir. Ona görə də Xarici İşlər Nazirliyi bu məsələyə tamamilə doğru olan mənfi münasibətini nümayiş etdirib. Mən də bu mövqeyi dəstəkləyir və bölüşürəm”.

Siyasi şərhçi Aydın Quliyev isə hesab edir ki, Ermənistanın baş naziri N.Paşinyanın həyat yoldaşı A.Hakopyan təcavüzkar dövlətin sülhsevər imicini yaratmaq ssenarisi oynayır. Onun sözlərinə görə, Ermənistanın "məxməri inqilab”dan sonrakı siyasi elitasının fəaliyyətində populizm mütləq üstünlük təşkil etməyə başlayıb: "Sarkisyanın dövründə nadir hallarda rast gəlinən bu siyasi davranış forması Paşinyanın dövründə sistem halını almaqdadır. Paşinyan hakimiyyətin bir hissəsini ictimai təzyiq dalğası altında ələ keçirdi, sonra konkret işlər görməyin mümkünsüzlüyünü anlayanda populist siyasət kursunu daha da gücləndirdi. Ən sonda oğlunu işğal edilmiş Azərbaycan torpaqlarında yaradılmış qanunsuz rejimin hərbi xidmətinə göndərdi və bunu erməni cəmiyyətinə ən müasir vətənpərvərlik nümunəsi kimi təqdim etməyə çalışdı. Paşinyan bu taktika ilə nələrsə əldə edə bilsə də, erməni xalqının hələlik nəsə əldə edə bildiyini söyləmək mümkünsüzdür. Hakopyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gələrək məqsədi və ünvanı bəlli olmayan sülh çağırışı etməsi də yeni erməni siyasi elitasının genişlənməkdə olan populist siyasətinin davamıdır. Azərbaycan anaları öz tarixi ərazilərini itirmiş bir xalqın nümayəndələri olduğu halda Hakopyanın onlara sülh çağırışı etməsinin məntiqini anlamaq mümkün deyil. Ümumiyyətlə, burada məntiq yoxdur. Hakopyanın Azərbaycan analarına etdiyi müraciət əslində "övladlarınızı vətənin müdafiəsindən geri çəkin” kimi absurd bir məzmuna malikdir”.

Siyasi şərhçi deyib ki, A.Hakopyan Rusiyadan da şəxsi tanışlıq çərçivəsində cəlb etdiyi bir qrup qadını "sülh missiyası” adı ilə Dağlıq Qarabağa gətirsə də, bu missiyanın mahiyyəti sülh pərdəsinə bürünmüş təcavüzün yeni formasıdır: "Rusiyadan bircə nəfər belə dövlət nümayəndəsinin bu aksiyaya qoşulmaması onun mahiyyətinin çox yaxşı başa düşüldüyünü göstərir. Hakopyan həqiqətən sülh istəsəydi, onun baş nazir postu tutan həyat yoldaşı oğlunu işğal olunmuş Azərbaycan ərazisinə hərbi xidmətə göndərəndə buna mane olardı. Hakopyanın məqdəsi sülhsevərlik olsaydı, bu çağırışı Azərbaycan qadınlarına yox, erməni analarına edərdi, həm də Azərbaycanın işğal olunmuş torpaqlarına gəlməzdi və hay-küylü "Ana Terezalığını” Ermənistan-Azərbaycan sərhədlərində dayanaraq edərdi. Nəhayət, Hakopyan bilməmiş deyil ki, erməni analarına daha konkret sülh çağırışını ilk dəfə 2017-ci ilin əvvəlində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva edib. Hakopyan məntiqsiz yeni çağırış etmək əvəzində Mehriban Əliyevanın erməni analarına "oğullarınızı Azərbaycan torpaqlarına hərbi xidmətə göndərməkdən çəkinin” məzmunlu çağırışına uyğun hərəkət etsəydi, azacıq sülhpərvər görünə bilərdi”.

Alpər TURAN
banner

Oxşar Xəbərlər