• cümə axşamı, 25 aprel, 18:47
  • Baku Bakı 21°C

Təbii fəlakətlərin vurduğu zərərdən sığortalanmamağın fəsadları

17.01.19 18:32 1285
Təbii fəlakətlərin vurduğu zərərdən sığortalanmamağın fəsadları
Azərbaycan Respublikasının coğrafi mövqeyi, səth quruluşunun müxtəlifliyi, 825 kilometrlik məsafədə şərq tərəfdən Xəzər dənizi ilə əhatələnməsi, müxtəlif xarakterli iqlim göstəriciləri, baş verən qlobal iqlim dəyişiklikləri, ilbəil sürətlə artan antropogen amillər və s. ilə əlaqədar, dünya okeanları sahillərində yaşanan bir neçə növ təbii fəlakətlərdən başqa, yerdə qalan bütün təbii fəlakətlərə ölkəmizdə rast gəlinir.Son 10-15 il ərzində Azərbaycanda baş verən sellər, daşqınlar, sürüşmələr, zəlzələlər və s. hər il böyük dağıntılarla yanaşı, bir neçə nəfərin ölməsi ilə nəticələnmişdir. Bu qədər zərərlərin müqabilində, Azərbaycanda təbii fəlakətlərlə mübarizə işi, insanlar arasında təbliğat işi, başqa sözlə, insanların təbii fəlakətlərə "hazırlanma” işləri heç də tələb olunan səviyyədə deyil. Dünyanın inkişaf etmiş ölkələrində isə əhali arasında aparılan təbliğat işi elə uşaq bağçalarından, məktəblərdən, liseylərdən, ali məktəblərdən başlanılır və bunun nəticəsində təbii fəlakətlərin baş verdiyi ölkələrin əhalisi özlərini bu fəlakətlərdən necə qorumaları barədə geniş bilik və vərdişlərə yiyələnirlər. Avstraliyada, Yaponiyada, ABŞ-da, Almaniyada və s. ölkələrdə yerli televiziya, radio verilişlərində demək olar ki, təbii fəlakətlərin olub-olmamağından asılı olmayaraq, hər gün təbliğat xarakterli verilişlər təşkil olunur. Həmin ölkələrdə çoxsaylı "reabilitasiya” sağlamlıq mərkəzləri fəaliyyət göstərir və ilboyu təbii fəlakətlərdən zərər çəkənlərə tibbi və mənəvi yardım göstərir. Digər tərəfdən təbii fəlakətlər respublika iqtisadiyyatına hər il orta hesabla 30-50 milyon ABŞ dolları miqdarında ziyan vurur, ayrı-ayrı ekstremal illərdə isə bu zərərlər milyard dollarlarla hesablanır. Hesablamalara əsasən, Azərbaycan ərazisində təbii proseslərdən dəyən orta çoxillik zərər təxminən 250-300 milyon dollardır ki, bu da ölkənin illik ümumi daxili məhsulunun 0,4-0,5 faizini təşkil edir. Bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib. Şöbə müdiri bildirib ki, yalnız 2000-2014-cü illərdə təbii fəlakətlər nəticəsində Azərbaycan iqtisadiyyatına orta hesabla 2,5-3 milyard manat ziyan dəyib: "Respublika ərazisində təbii fəlakət nəticəsində dəyən zərərin həcmi ilk növbədə onun bölgə və yaşayış məntəqələri üzrə əhatəliliyindən, daha sonra isə texnogen proseslərin intensivliyindən, təkrarlanmasından asılıdır. Ən çox zərər yaradan isə geoloji (zəlzələ, sürüşmə, uçqun) və hidrometeoroloji (sel, daşqın, subasma, doluvurma) proseslərdir".
Alimin sözlərinə görə, respublikada fəaliyyət göstərən sığorta şirkətlərinin nə nizamnaməsi, nə yığım fondu, nə də ümumi kapitalı iri həcmli təbii fəlakətlər zamanı əhaliyə sığorta yardımı göstərilməsinə imkan verir. Bununla belə, təbii fəlakətlər zamanı əhaliyə və təsərrüfat sahələrinə böyük həcmdə zərər dəydikdə, dövlət ikinci sığortaçı kimi çıxış edir. N.Paşayev hesab edir ki, təbii fəlakətlərdən sığorta olunmanın səmərəli ərazi təşkili üçün sığorta növləri inkişaf etdirilməli, çoxnövlü sığorta şirkətlərinin yaradılmasına maliyyə köməyi göstərilməli və digər tədbirlər həyata keçirilməlidir. Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirdi ki, son illər dünya miqyasında gedən iqlim dəyişmələrinin mənfi təsirləri Azərbaycanda da ciddi hiss olunur: "Qlobal istiləşmə, təbii fəlakətlər ilk növbədə kənd təsərrüfatı istehsalına əngəllər yaradır. Aqrar istehsal xaraktercə pərakəndə ərazilərdə formalaşıb, bu fəaliyyət birbaşa torpaq üzərində qurulub. Ölkəmizdə əkinə yararlı torpaqların 47%-də erroziya, şoranlaşma və digər mənfi təsirlərə məruz qalıb. Azərbaycan dünyada məhdud torpaq ehtiyatı olan ölkələr sırasındadır, üstəgəl, müharibə faktoru az təsir göstərmir. Sadalamadığım onlarla səbəblər var ki, bu sahənin iqtisadi rentabelliyinə mənfi təsir göstərir. İnsanlar qazanc dalınca şəhərlərə üz tuturlar nəticədə regionlardakı əmək resursları dağılır. İlk növbədə ölkədə kənd təsərrüfatında hər il təkrarlanan risklərin təhlili və icmallaşdırılması strategiyası hazırlanmalı, nəticə olaraq konkret iqtisadi mexanizmlər ortaya qoyulmalıdır. Bunlardan biri aqrar sığorta sistemidir ki, inkişaf etmək istəyən bütün ölkələrin aqrar sektorunda geniş tətbiq edilir.
Bu, mübahisəli fikir deyil ki, kənd təsərrüfatımızda sığorta sisteminin işləməməyi regionlarda istehsalçıların iqtisadi aktivliyinə ciddi zərbə vurur, fermerlər arasında psixoloji inamsızlıq sindromunu getdikcə dərinləşdirir. Kənd yerlərində yaşayan əhalinin əli iş-gücdən soyuyur, urbanizasiya prosesi güclənir, nəticədə idxala daha çox pul xərcləyirik. Azərbaycan kosmos dövlətinə çevrilmək iddiasında olsa da, potensial olaraq ənənəvi aqrar ölkədir. Əhalinin əmək vərdişləri bütünlüklə kənd təsərrüfatına əsaslanır, ölkədə məşğul əhalinin 36 faizi aqrar sahənin payına düşür. 863 min ailə təsərrüfatı çörəyini torpaqdan çıxarır. Bunun qarşılığında, ÜDM-in cəmi 5,6 faizi aqrar sektorda formalaşır ki, bu, çox kiçik göstəricidir”.


Ekspert aqrar sığorta bazarında vəziyyətin acınacaqlı olduğunu qeyd etdi: "Bu sahəni tənzimləyən qanun mövcuddur, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə strateji yol xəritəsində əksini tapır ki, kənd təsərrüfatı sahəsində maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. İlk növbədə aqrar sığorta fondu formalaşdırılaraq bazara təqdim olunmalıdır, ikincisi, bu sahəyə investisiya qoyuluşlarının təşviqi təmin olunmalıdır. Lakin sığorta sisteminin işləməməyi, kənd təsərrüfatında mənfəətin aşağı olması, investisiya cəlbediciliyini heçə endirir. Üstəgəl, əkinçilərimizin sığorta sisteminə inamı yoxdur. O inam yaradılmalı, artmalıdır. Müasir iqtisadi münasibətlərdə sığorta mədəniyyətdir, onsuz bazar iştirakçıları inamlı addım atmayacaqlar. Rəqəmlər də bunu deyir. Belə ki, ölkənin sığorta bazarında fəaliyyət göstərən 18 şirkətdən cəmi dördü sığorta məhsullarının satışı ilə məşğuldur. 2018-ci ilin yanvar göstəricilərinə görə, ümumi sığorta yığımları arasında bitkiçilik cəmi 0,01 faiz təşkil edib. Hər il büdcədən kənd təsərrüfatı məhsullarının sığortasına 1 milyon manat vəsait ayrılır, lakin bu vəsait istifadə olunmamış geri qaytarılır. Yalnız ötən il 15 min manat həcmində vəsait təbii fəlakətə görə istehsalçılara ödənilib.
Dünyanın hər yerində dövlət aqrar sahəyə yönəlik dəstək tədbirləri həyata keçirir, lakin heç bir ölkə təbii fəlakətlərdən sığortalana bilmir. Bu sistem dövlətin iradəsindən kənarda, özəl münasibətlər zəminində formalaşmalıdır. Sığorta sistemi pərakəndə xarakter daşıyan aqrar istehsalı stabilləşdirən iqtisadi alətdir”.
İqtisadçı ekspert Pərviz Heydərov vurğuladı ki, bu kimi iri miqyaslı hadisələrlə bağlı sığorta şirkətlərinin lazımı funksiyanı yerinə yetirmədikləri haqqında danışarkən, ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycanda sığorta sistemi hələ o səviyyədə inkişaf etməyib: "Nəinki fəlakətlərlə bağlı, hətta, adi kiçik sığorta işləri ilə bağlı fəaliyyət belə, istənilən səviyyədə deyil. Yükün birbaşa olaraq dövlətin üzərinə düşməsi bu sahənin inkişafının gözlənilən səviyyədə olmadığını göstərir. Nə vaxta qədər ki, bizdə də sığorta sistemi, sığorta şirkətlərinin fəaliyyəti inkişaf etmiş ölkələrdəki kimi olmayacaq, düşünmürəm ki, yaxın perspektivdə qeyd edilən təbii fəlakətlərlə bağlı sığorta işlərinin həyata keçirilməsi mümkün olsun”.
Ekspertdən bu sahəni inkişaf etdirmək üçün hansı addımların atılmasının vacib olduğunu soruşduq: "Sığorta işinin təşkili və inkişaf etdirilməsi təkcə kənardan hər hansı tədbirlərin həyata keçirilməsi ilə düzələn deyil. Bu inkişafı bazarın özü tələb etməlidir. Yəni bunun üçün müvafiq əsaslar olmalıdır. Bu mövzuda dövlətin üzərinə düşən vəzifəyə gəlincə, deyə bilərəm ki, lazımı işlər görülür. Sadəcə olaraq, bazar iqtisadiyyatı özü də bu inkişafa hazır olmalı və təkan verməlidir”.

Günel Azadə
banner

Oxşar Xəbərlər