AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Təbii fəlakət: respublika əhəmiyyətli magistral bağlandı

Təbii fəlakət: respublika əhəmiyyətli magistral bağlandı

Təfsilat
30 May 2013, 09:55 1195
Ağsu rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə dağlardan gələn sel suları Ağsu şəhərinin Koroğlu, Məhəmməd Əsədov, Dədə Qorqud, Cabir Kərimov, Firdovsi küçələrində asfalt örtüyünü dağıdıb. Sel hasarları uçurub, 50-dən artıq evin zirzəmisinə, həyətyanı sahələrə 30-50 santimetr hündürlüyündə su dolub, əraziləri qalın lil qatı örtüb. Rayonun dağlıq ərazisində yerləşən Kalva, Dilman, Xatman, Suraxanı kəndlərində sel suları və güclü külək elektrik dirəklərini aşırıb, ötən gecədən kəndlərə elektrik verilişi dayanıb.

Güclü sel Pirhəsənli və Muradlı kəndlərində suvarma kanallarının daşaraq kəndlərə ziyan vurmasına səbəb olub. Kanalların üzərindəki kiçik körpüləri su aparıb, ətrafdakı evlərin zirzəmilərinə, tövlələrə su dolub. Girdiman, Aqdar və Ağsu çaylarında suyun səviyyəsi xeyli qalxıb. Güclü sel Aqdar çayı üzərindəki yardımçı avtomobil körpüsünü dağıdıb, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb.

Məlumata görə, Bakı-Şamaxı-Yevlax magistral yolunun yenidən qurulması ilə əlaqədar Aqdar çayı üzərində bir neçə vaxtdır ki, yeni körpü inşa edilir. Bu məqsədlə ərazidən avtomobillərin hərəkəti üçün inşa edilən 50 metr uzunluğunda yardımçı körpünü sel apardığı üçün yol tamamilə bağlanıb.

Dağlardan gələn sel suları Göyçayın Qaraməryəm, Aşağı Qaraməryəm, Qarayazı kəndlərində bir neçə evi basıb, arxlar üzərindəki kiçik körpüləri dağıdıb.

Təbii fəlakətlə əlaqədar hər iki rayonun fövqəladə hallar komissiyasının nümayəndələri hazırda ərazilərə baxış keçirir, dəyən ziyanı hesablayırlar.