• cümə axşamı, 18 aprel, 16:01
  • Baku Bakı 22°C

Təbii artım tempi azalıb

30.11.18 19:27 1063
Təbii artım tempi azalıb
Azərbaycanda əhalinin təbii artımı davam etsə də, son 27 il ərzində təbii artım əmsalı 2 dəfədən çox azalıb. Trend-in məlumatına görə, son 27 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb. 1990-cı ildə Azərbaycanda əhalinin təbii artımı 140 170 nəfər olduğu halda, 2017-ci ildə bu say 86 932-ə enib. Son 27 ildə ölkədə əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı 1990-cu ildəki 19,8 göstəricisindən 8,9-a (2017-ci il) enib. Artım əmsalının formalaşmasında kişilərin payı qadınlara nisbətən yüksəkdir. 2017-ci ildə kişilər üzrə təbii artım əmsalı 9,5 (1990-cı ildə 20,7), qadınlar üzrə 8,3 (1990-cı ildə 19) olub.
Azərbaycanda şəhər yerləri ilə müqayisədə kənd yerlərində əhalinin təbii artım göstəricisi daha yüksəkdir. 2017-ci ildə kənd yerləri üzrə əhalinin təbii artım göstərici 10,6, şəhər yerlərində 7,4 olub. 27 il əvvəl - 1990-cı ildə isə şəhər yerlərində bu göstərici 16,9, kənd yerlərində 23,3 olub.
Qeyd edək ki, BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə əhalinin sayı 10,7 milyon nəfərə çatacaq. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək.
Bu azalmanın səbəblərini və qarşısını almaq üçün hansı addımların atıla biləcəyini öyrənməyə çalışdıq.
İqtisadçı Vüqar Bayramov qeyd edir ki, təbii artımın qorunub saxlanmasının iqtisadi tərəfləri də var və onları nəzərə alaraq ciddi stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac var: "Təbii artım məşğulluğun təmin edilməsi baxımından çox önəmlidir. Elə ölkələr var ki, xüsusən də gənc ölkələrdə məşğulluğun genişlənməsinə ehtiyac var. Onlar üçün təbii artımın dəstəklənməsi olduqca vacibdir. Biz təbii artımın dövlət tərəfindən stimullaşdırılmasının tərəfdarıyıq və güman edirik ki, bu istiqamətdə bir sıra addımlar atılacaq. Ölkəmizdə təbii artımın tənzimlənməsi və stimullaşdırılması məqsədi ilə Azərbaycan hökumətinə öz təkliflərimizi təqdim etmişik. Xüsusilə də uşaq pullarının artırılması məsələsi diqqət mərkəzində olmalıdır. Onu da qeyd edim ki, bu məsələ ilə bağlı parlamentdə də bəzi müzakirələr aparılır. Təbii artımın stimullaşdırılması yeni doğulan uşaqların sayının çoxalmasına səbəb olacaq. Digər tərəfdən, inkişaf etmiş ölkələrdə olduğu kimi yeni doğulan uşaqlara görə aylıq ödənişlərin həyata keçirilməsi məqsədəuyğun olardı. Həmçinin aylıq ödənişlərin zamanla uşağın yaşına görə dəyişməsi də bu istiqamətdə atılan stimullaşdırıcı addım ola bilər. Təbii artımın qorunub saxlanmasının iqtisadi tərəfləri də var. Həmin tərəfləri nəzərə aldıqda ciddi stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac yaranır. Təbii artımın genişlənməsi gələcəkdə işçi qüvvəsinə olan tələbin ödənməsinə kömək edəcəkdir. O baxımdan düşünürəm ki, dövlətin bu istiqamətdə olan tədbirləri gücləndirməsi ilə müsbət nəticələr əldə edə bilərik. Amma yenə vurğulayım ki, ciddi azalma yoxdur. Sadəcə, faizlərdə müəyyən dərəcə düşmə müşahidə edilib”.
Sosioloq, "Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralı bildirir ki, son dövrlər müzakirə edilən selektiv abortlar, ailələrin cırtdanlaşması, dünyaya uşaq gətirməyin ikinci plana atılması məsələsi təbii artımın azalmasında böyük rol oynayır: "Əslində, bu, gözlənilən idi. Düzdür, göstəricilər elə də faciəvi deyil, amma statistika göstərir ki, gələcəklə bağlı narahat olmağa ehtiyac var. Məncə, bu istiqamətdə müəyyən addımlar atılarsa, azalmanın qarşısını almaq olar. Müşahidələrimizə əsasən deyə bilərik ki, hazırda cırtdan ailə modelləri çoxalıb. Cırtdan ailə modeli birdən artıq uşağın olmamağı deməkdir. Digər bir səbəb isə selektiv abortlardır. Belə ki, bəzi ailələr ancaq oğlan övladı istəyir və bu istəyi reallaşana qədər qız uşaqlarını abort edirlər. Bu da istər, istəməz təbii artımın qarşısını alır. Başqa bir səbəb isə indiki dövrdə bəzi gənclərimizin evləndikdən sonra dərhal uşaq sahibi olmaq istəməməyidir. Yəni statistika var ki, evlənmə olub, amma uşaq dünyaya gəlməyib, həmin evlilikdən artım olmayıb. Təbii ki, bunun da müəyyən səbəbləri var. Kimisi karyera qurmaq istəyir, kiməsə də sosial vəziyyəti imkan vermir deyə övlad sahibi olmaq haqqında düşünmür. Qısacası, bunlar da dolayı yolla olsa da təbii artımı azaldan səbəblərdir. Bunun qarşısını almaq üçün hərtərəfli maarifləndirmə işi görmək və stimullaşdırıcı təbdirlər həyata keçirmək lazımdır. Çoxuşaqlı ailələrin artırılması üçün dövlət səviyyəsində işlər görülməlidir. Təqaüdlər, sosial müavinətlərin verilməsi bu və ya digər maddi yardımların göstərilməsi ilə təbii artımdakı azalmanın qarşısını almaq olar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər