• cümə, 19 Aprel, 23:58
  • Baku Bakı 24°C

Təbiətin özünün yaratdığı jurnal

08.04.19 11:30 1864
Təbiətin özünün yaratdığı jurnal
XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı üçün zəngin və mürəkkəb dövrlərdən biridir. Tarixi şəraitin mürəkkəbliyi və çətinliyi Azərbaycan ziyalılarının milli mədəniyyəti inkişaf etdirmək əzmini daha da qüvvətləndirirdi. Dövrün ən maraqlı mətbu orqanı isə«Molla Nəsrəddin»jurnalı idi. Həftədə bir dəfə Azərbaycan dilində çıxan bu jurnal bütün müsəlman dünyasında və Yaxın Şərqdə rəngli və şəkilli yeganə satirik nəşr idi. Hər nömrəsi 8 səhifədən ibarət olan jurnalda ictimai bəlaların tənqidinə və ifşasına, rəngli karikaturalara geniş yer verilirdi. Jurnalı ərsəyə gətirənlər cəmiyyətdəki kəsirləri açıb göstərməklə, xalqın ictimai-siyasi şüurunu inkişaf etdirmək, onu dünyanın ən qabaqcıl və mədəni xalqları cərgəsinə qatmaq istəyirdilər.
«Molla Nəsrəddin» jurnalı 25 il ərzində müəyyən fasilələrlə Tiflisdə, Təbrizdə və Bakıda nəşr olunub. Onun Tiflis dövrü 1906-1918-ci illəri, Təbriz dövrü 1921-ci ili, Bakı dövrü isə 1922-1931-ci illəri əhatə edib. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə "Qeyrət” mətbəəsində çıxıb. Onun təsisçisi, Mirzə Cəlil adı ilə tanınan istedadlı yazıçı və gözəl publisist Cəlil Məmmədquluzadə, bu hadisənin əhəmiyyətini qiymətləndirərək yazırdı ki, «Molla Nəsrəddin» jurnalını təbiətin özü yaratdı. C.Məmmədquluzadə jurnalın ilk nömrəsinin işıq üzü görməsi münasibəti ilə Rusiyanın bir çox yerlərindən təbrik məktubları, teleqramlar aldı. Redaktor bu təbriklərə aprelin 12-də "Na povorote” qəzeti, aprelin 14-də isə "Kaspi” qəzeti vasitəsi ilə təşəkkürlərini bildirdi.
Jurnalın birinci nömrəsi 1.000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə "Molla Nəsrəddin” populyarlaşdı. "İrşad” qəzetinin 16 aprel 1906-cı il sayında Əhməd bəy Ağaoğlu bu barədə yazırdı: "Baxın "Molla Nəsrəddin"ə. Bu cəridə nə gözəl cəridədir. Nə qədər ağıl, zəka, məharət və zövq göstərir. Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi tayfalar belə cəridələri ilə fəxr edirlər”.
Jurnalın birinci nömrəsinin üz qabığında verilən şəkildə möhkəm yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqalı Molla Nəsrəddin yatanların yanında durub onları oyatmaq istəyir. Bu karikaturanı Tiflisdə yaşayan alman rəssamı Oskar Şmerling çəkmişdi. İkinci səhifəsi "Sizi deyib gəlmişəm” məqaləsi ilə açılır. Sonrakı səhifələrində satirik xəbərlər, teleqramlar, atalar sözləri, "Dəllək" hekayəsi, "Lisan bəlası” felyetonu və dörd karikatura çap olunub. "Sizi deyib gəlmişəm” məqaləsi bu sözlərlə başlayır:”Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: "Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”.
O dövrün feodal-patriarxal mühitinə meydan oxuyan bu sözlər, xalqın oyanışını istəməyən qüvvələri narahat etməyə başladı. Jurnalda zahirən ciddi təsir bağışlayan teleqramlar, atalar sözləri, hesab məsələləri də kinayəli ruhda - gah satirik, gah yumoristik tərzdə təqdim edilirdi. Buna görə də, jurnal elə birinci nömrəsindən hücumlara məruz qaldı, bəzən bu səbəbdən, bəzən də maddi səbəblərə görə dəfələrlə öz fəaliyyətini dayandırmalı oldu.
Müsəlman Şərqinin mətbuat tarixində Azərbaycan dilində ilk satirik jurnalın əhəmiyyəti ölçüyəgəlməzdir. Zaman keçir, ancaq "Molla Nəsrəddin” jurnalı əhəmiyyətini və aktuallığını bütün dövrlər üçün qoruyub saxlayır.
"Müzakirə”mizdə iştirak edən ədəbiyyatçılar Mirzə Cəlil dühasının və "Molla Nəsrəddin”in aktuallığının ölçüyəgəlməz olduğunu bildirirlər.
Aktuallığını qoruyan jurnal

Ədəbiyyatşünas alim Bədirxan Əhmədovun fikrincə, XX yüzilliyin ən böyük ədəbi hadisələrindən biri "Molla Nəsrəddin” jurnalının dərc edilməsidir: "Jurnalın yaranması ədəbi, ictimai fikirdə bir fırtına effekti yaratdı və satirik publisistika ənənəsini qoydu. Bu jurnal və ədəbi mühit həm də M.Ə.Sabir fenomenini üzə çıxardı. "Molla Nəsrəddin” jurnalının təkcə tarix üçün deyil, bu gün üçün də əhəmiyyəti böyükdür. Bu gün Azərbaycan mətbuatında ən çox çatışmayan cəhət tənqidin olmamasıdır. Zaman-zaman indiki dövrdə tənqidin yoxa çıxması barədə şikayətlər eşidirik. Əslində "Molla Nəsrəddin” jurnalı elə buna görə də aktuallığını qoruyub saxlayır. Elə bir çağdaş problem yoxdur ki, "Molla Nəsrəddin”də bu və ya digər dərəcədə ifadə olunmasın”. Alimin fikrincə, bir neçə səbəbdən jurnalın əhəmiyyəti var: həyatdakı və cəmiyyətdəki nöqsanları görmək, üzə çıxarmaq və satira neştəri ilə tənqid etmək; xalqa, topluma özünə kənardan baxmanı təmin etmək; satirik bədii düşüncənin hüdudlarını genişləndirmək; dövrün mahiyyətini və xarakterini açmaq; yeni Şeyx Nəsrullahları, siyasi dəllalları üzə çıxarmaq; erməni faşizminin iç üzünü açmaq; zülmət qaranlıqlara işıq tutmaq; sənət əllaməçilərinə, "Şeir bülbülləri”nə yerini göstərmək; Qarabağ məsələsində beynəlxalq güclərin ikili standartlarını ifşa etmək; bir sözlə, həyatın bütün sahələrində, ictimai fikirdəki, düşüncədəki boşluqları doldurmaq və s. baxımından əhəmiyyətlidir. Ancaq bunlarla yanaşı, həm də gərək Cəlil Məmməquluzadə -Molla Nəsrəddin və onun vicdanlı qələm yoldaşları olsun”.
Mirzə Cəlilin qüdrəti

Yazıçı publisist Nəriman Əbdülrəhmanlı hesab edir ki, elə milli dəyərlər var ki, onlara hörmətlə yanaşmaq, mövcud olduğu zamanın prizmasından baxmaq, dəyişən dünyanın tələblərini həmin dəyərlərə şamil eləməmək lazımdır: "Məndən ötrü bir çox klassiklərimiz, ədəbi abidələrimiz, o cümlədən də Mirzə Cəlil və "Molla Nəsrəddin” jurnalı belə dəyərlərdəndir. Ötən əsrin əvvəllərində nəşr olunmuş "Molla Nəsrəddin” zəmanəsinin güzgüsü idi, hər şeyi olduğu kimi, amma kəskin tərzdə əks etdirirdi. Bu gün jurnaldakı yazıları oxuyanda konkret məqamların vaxtı ötdüyünü hiss etsən də, bütövlükdə, tənqid hədəflərinin indi də, təbii ki, dəyişmiş, modernləşmiş şəkildə qaldığını görürük. Deməli, Mirzə Cəlilin qüdrəti də elə bundadır”.
Sadəlikdə dahiliyin nümunəsi

Tənqidçi Əsəd Cahangir hesab edir ki, «Molla Nəsrəddin» jurnalı Azərbaycan tarixində özəl mövqeyə, təkrarsız rola malik olub. Həmçinin ictimai-siyasi məsələləri əks etdirmə, həm də öz ətrafına istedadlı şair və yazıçıları, qələm adamlarını yığıb yeni bir ədəbi məktəb, yeni bir axın və cərəyan yaratmaq baxımından əhəmiyyətli olub: "Bu jurnal yarandığı vaxtdan etibarən beynəlxalq xarakter daşıyıb. Məsələn, jurnalın Türkiyədə, İranda ofisləri olub. Bu gün də «Molla Nəsrəddin» məcmuəsinin önəmi qalmaqdadır. Bu məcmuə hər bir jurnalist və qələm adamına ictimai həyatdan mədəni və siyasi həyata ayıq nəzərlə baxmağın və obyektiv dəyər verməyin ən gözəl örnəyi sayıla bilər. Mirzə Cəlilin məşhur bir sözü var: «Qələmin vəzifəsi həqiqəti yazmaqdır, bu gərək ola hər qələm sahibinin amalı». Mənə elə gəlir ki, bu sözlər bugünkü qələm adamlarının hər birinin kredosuna, amalına çevrilə bilər”. Tənqidçi hesab edir ki, jurnalistlərimiz «Molla Nəsrəddin» məcmuəsindən cəsarəti, obyektivliyi, ictimai-siyasi, əxlaqi, mənəvi və mədəni hadisələrə dərhal və operativ reaksiya verməyi örnək götürə bilərlər. Bundan əlavə, öz yazı üslubu etibarilə məcmuə bir örnək ola bilər: "Çünki orada ən mürəkkəb məsələlər haqqında ən sadə və hamının başa düşəcəyi bir dillə yazılar gedirdi. Ümumiyyətlə, «Molla Nəsrəddin» məcmuəsi xalq qəhrəmanı Molla Nəsrəddin kimi sadəlikdə dahiliyin nümunəsi idi. Bu nöqteyi-nəzərdən də məcmuə bu gün də aktualdır”. Bu gün çağdaş mediamızda "Molla Nəsrəddin” tipli jurnalların olmamasına gəlincə, tənqidçi hesab edir ki, sovet hakimiyyəti dövründə bizim «Kirpi» jurnalımız olub: "Əslində o jurnal "Molla Nəsrəddin” ənənəsini müəyyən mənada davam etdirirdi. Sovet hakimiyyəti devriləndən sonra da uzun müddət çap olundu. O cümlədən, satirik qəzetlər də dərc olunurdu. Görünür ki, bu gün Mirzə Cəlil, Sabir olmaq, «Molla Nəsrəddin» dərc etmək o qədər də asan məsələ deyil. Çünki bu gün bizdə senzura yoxdur, söz azadlığı var, demokratik, açıq cəmiyyətdə yaşayırıq. Sadəcə olaraq, görünür, həm də bu missiyanı öz üzərinə götürən qələm adamlarına ehtiyac var».

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər