Təbiətcə zarafatcıl olan rejissorun düşüncə axtarışı
Hər zaman
onu görərkən bu sual fikrimdə formalaşır: Görəsən nə üçün çox zaman komediya
janrında olan pyeslər üzərində işləməyə üstünlük verir? Hər dəfə də eyni cavabı
alıram. "Təbiətcə zarafatcıl adam olduğum üçün”. Bu, bir həqiqətdir. Demək olar ki, onunla hər gün görüşürəm. Hər gün də
üzündə çox maraqlı bir sevinc duyuram. O, hər zaman zarafatları sevir. Duzlu,
məzəli söhbətləri ilə teatrda hər kəsin diqqətini özünə cəlb edə bilir. Ancaq
bununla belə, onun yaradıcılığına nəzər salarkən psixoloji pyesləri də daha
dərindən duyduğunun şahidi olursan. Qərb dramaturgiyasına, Azərbaycan klassik
dramaturgiyasına müraciətləri müasirləri tərəfindən maraqla izlənilir. O, sənətkardır, sözün əsl mənasında sənət fədaisidir.
Böyük bir sənət məktəbi keçən və həm də
özünün sənət məktəbini yarada bilən istedadlı bir rejissordur, Xalq artisti Vaqif Şərifov.
Vaqif Abdulla
oğlu Şərifov 1960-cı ildənteatrdaəmək fəaliyyətinə başlayıb. 1967-ci ildə
Azərbaycan Dövlət İncəsənət
İnstitutununrejissorluq
fakültəsini bitirib. 1967-1974-cü illərdəGəncə Dövlət Dram Teatrındarejissor, 1974-1977-ci illərdəSumqayıt
Dövlət Dram Teatrındabaş
rejissor, 1977-1981-ci illərdəAğdam Dövlət Dram Teatrındabaş rejissor, 1981-1984-cü illərdə
Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-1998-ci illərdə həmin
teatrda direktor və bədii rəhbər vəzifəsində çalışıb. Müxtəlif illərdə Azərbaycan teatrlarında 120-dən artıq
tamaşalara səhnə həyatı bəxş edib. O, Azərbaycan Teatr Xadimləri İttifaqının
üzvüdür. "Qanun dəllalı” tamaşasının quruluşuna görə, Azərbaycan Teatr
Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş” mükafatını alıb. 2013-cü ildə"Tərəqqi” medalıilə təltif edilib, 1992-ci ildə Əməkdar
incəsənət xadimi, 2014-cü ildə isə Xalq artisti fəxri adlarına
layiq görülüb.
Teatra nə
vaxt maraq və həvəsinin yarandığını
xatırlamır. Kim bilir, bəlkə də, bu həvəs onda orta məktəb illərindən başlayıb.
Orta məktəb illərini üçüncü sinfə qədər Ağstafada oxuyan Vaqif, qalan məktəb
həyatını isə Gəncədə keçirib. Burada da o zamanlar "Alimlər evi” deyilən
məkanda bir çox dərnəklər fəaliyyət göstərib. Dövrünün sayılıb-seçilən
ziyalıları, pedaqoqları bu məkanda gənclərin yetişməsi, püxtələşməsi üçün əllərindən
gələni əsirgəməyiblər. O illərdə Vaqif də dram dərnəyinə üzv yazılıb. "Alimlər
evi”ndə fəaliyyət göstərən dram dərnəyinə xalq artisti Məhəmməd Burcəliyev
rəhbərlik edib. Yəqin ki, elə bu sənətə gəlməyinin də ilk qığılcımları məhz bu
dərnəkdən qaynaqlanıb. Sonralar isə Gəncə Dövlət Dram teatrının baş rejissoru
və direktoru Hüseyn Sultanovun dəvəti ilə 1960-cı ildən başlayaraq taleyini
Gəncə teatrına bağlayan Vaqifə, ilk vaxtlar kütləvi səhnələrdə çıxışlar etmək
tapşırılırdı. Bir müddət sonra istedad və bacarığını görən rejissorlardan biri
- Xalq artisti Məhəmməd Burcəliyev 14 aprel 1962-ci il tarixində quruluş
verdiyi 5 pərdəli, 9 şəkildən ibarət olan Yusif Əzimzadənin "Anacan” pyesində (tamaşanın
rəssamı Rza Məmmədov, bəstəkarı Şamil Yusifov) ona Dovşan Rəhim rolunu həvalə
edir. Məhz bu ilk sınaq Vaqifin həyatında uğurlu olur. Gəncə teatrında iki il
ərzində püxtələşən Vaqif 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq
fakültəsinə göndərilir. 1967-ci ildə təhsilini bitirib doğma Gəncə teatrına
qayıdır. Tələbəlik illərini bu gün də söhbətlərində şövqlə xatırlayır: "Bilirsiniz,
doğrusu, mən ilk vaxtlarda aktyor olmaq istəyirdim. Çünki özümü səhnəsiz
təsəvvür etmirdim. Vaxt bitdi, vədə yetişdi. Sənədlərimi İncəsənət İnstitutuna
hazırlayan zaman, yenə də xalq artisti Məhəmməd Burcəliyev köməyimə çatdı. O,
hər zaman mənim uğurlarıma görə sevinib və hər an mənə qol-qanad verirdi.
Biləndə ki, mən İncəsənət İnstitutunun aktyorluq fakültəsinə getmək istəyirəm,
yenə də dəyərli məsləhəti ilə köməyimə çatdı. Dedi ki, sən gözəl aktyor kimi
artıq, demək olar ki, püxtələşibsən. Gəl, sənədlərini rejissorluq fakültəsinə
ver. Onda səhnəni daha yaxşı duyacaqsan. Mən o zaman yenə də böyük sözünə qulaq
asdım və belə də etdim”.
O, artıq 58 ildir teatrda
işləyir. Bu 58 ildə uzun-uzadı bir sənət yolunda böyük bir axtarışlarla
səfərdədir. Onun düşüncələrində sənət axtarışları böyük bir sonsuzluğa gedir, tamamlanması
isə mümkün deyil. Sənətdə özünü tapmaq söhbətinə gəldikdə isə deyir ki, bu, çətin
məsələdir: "Əgər sənət yolundasansa, axtarışdasansa özünü tapa bilməzsən.
Axtarırsan, maneələrə, çətinliklərə rast gəlirsən, daş-kəsəkli yollar keçirsən,
yaxşı işin də olur, bərbad işin də. Baxmayaraq ki, dövlət teatrlarında 120-dən
artıq tamaşaya quruluşlar vermişəm. Bu o demək deyil ki, hamısı yüksək səviyyədə
qurulan tamaşalar olub. Əlbəttə, yenə də bu tamaşaların hər birində axtarışda
olmuşam. Hələ də mən özümü tapmamışam. Deyə bilmərəm ki, özümü tapmışam və
yüksək zirvəyə qalxmışam. Mənə belə gəlir ki, bu sözü heç kəs belə deyə bilməz.
Bu baxımdan axtarışdayam və ömrümün sonunadək də yəqin ki, axtarışda olacağam”.
Teatrın səhnəsində qızğın
məşqlər gedir. Saatın əqrəbləri 11-i göstərən zaman teatrın daxili foyesindəki
radio qovşağında rejissor köməkçisinin səsi eşidilir: "Diqqət! Məşq başlanır!”
Rejissor Vaqif Şərifov yenə
də axtarışdadır. Çünki bu dəfə müraciət etdiyi əsərin səhnə taleyi onu daha çox
düşündürür. O, Altay Məmmədovun qələmə aldığı "Dəli Domrul” qəhrəmanlıq
komediyasını doğma teatrının səhnəsində hazırlamalı idi. Məşq başlayır. Aktyor
heyəti öz yerini tutur.
Qeyd etmək istəyirəm ki,
Altay Məmmədovun "Dəli Domrul” pyesinin mövzusu uzaq tarixi keçmişimizin
qiymətli yazılı abidəsi olan "Dədə Qorqud” dastanından alınıb. Dastanın Dəli
Domrul boyundan istifadə edərək orijinal səhnə əsəri yaradan Altay Məmmədov,
eyniadlı pyesdə ciddi mətləblərə toxunub. Pyesin ideya-bədii istiqaməti çox
böyük fəlsəfi fikirlər axınında müəyyənləşir. Dramaturq dastanın dili və ifadə
üslubunu özündə saxlamaqla, komediyanın mərkəzində xeyirlə şər qüvvənin,
həyatla ölümün mübarizəsini konkret cizgilərlə göstərə bilib.
Məhz Altay Məmmədovun "Dəli
Domrul” pyesinin yaradıcı heyəti, xüsusilə rejissor Vaqif Şərifov cərəyan edən
hadisələrin mahiyyətini müasir dövrümüzlə bilavasitə səsləşən xətlərini
qabartmaqla, xeyrin şər üzərində qələbəsini, xalqımızın mübarizə əzminin nə
qədər böyük olduğunu bir daha göstərməyə çalışıb. Bu tamaşa uzun illər teatrın
repertuarında əsas yerlərdən birini tutmaqla, böyük tamaşaçı rəğbəti qazanmağa
müvəffəq olub. Sözsüz ki, burada yaradıcı kollektivin böyük zəhmətini qeyd
etməmək mümkün deyil. Ancaq bununla yanaşı, tamaşanın uğurlu səhnə taleyi məhz
quruluşçu rejissor Vaqif Şərifovun adı ilə bağlıdır.
"Dəli Domrul”un gərgin
məşqlərini xatırlayarkən, rejissor ani olaraq fikrə daldı və çöhrəsində
təbəssüm dolu narahat bir baxışla dedi: "Bir həqiqəti də etiraf edim ki, rejissorluq
adamdan əhatəli dünyagörüşü, bilik və seçdiyi sənətə məhəbbət tələb edir. Tamaşaya
hazırladığım bu əsərdə də yalnız teatr divarları arasında yox, gəzintidə də,
evdə də hər zaman onunla bir yerdə olub, ondan heç zaman ayrılmadım. Hətta məşq
zamanı tapa bilmədiyim detallar, həll edə bilmədiyim mizanlar da işdən sonra fikrimdə
həmişə məni məşğul edib, rahat buraxmayıb. Hər zaman səhnə həllini verməyə
çalışdığım "Dəli Domrul”u düşündüyüm tərzdə aktyorlara elə çatdırmağa
çalışırdım ki, səhnədə də deyilənlərə şübhə ilə yanaşmasınlar. Məhz tamaşanın
uğurlu səhnə taleyi üçün bunlar mənə hava-su kimi lazım idi. Bax tamaşadan
sonra azca da olsa sevinirəmsə, bu, mənim bəsimdir. Demək, zəhmətim hədər
getməyib”.
Gəncə Dövlət Dram Teatrı
hər zaman repertuar siyasətini qoruyub saxlayıb. Müraciət etdikləri hər bir
yeni əsər tamaşaçıların böyük rəğbətini qazanmaqla, uzunömürlü olub. Elə bu gün
də bu prinsip əsas götürülür. Rejissor Vaqif Şərifovun bu tendensiyanı əsas
götürməsi yenə də teatrda neçə-neçə gənc aktyor heyətinin buraya cəlb
olunmasında öz müsbət nəticəsini verməkdədir. Belə olmasaydı, onsuz da kadr
çatışmazlığından əziyyət çəkən teatrlarımızın bir çoxu kimi, Gəncə Dövlət Dram
teatrı da bu problemlə üz-üzə qala bilər, Şekspirin təbirincə desək, "olum və ya
ölüm” məngənəsində sıxılardı. Ancaq bu gün teatrın özünün yetişdirdiyi gənc
aktyor nəsli var və bu gənclər, sözün əsl mənasında, sənətin çətinliklərinə
alışaraq, böyük məktəb keçərək püxtələşirlər.
Gənc aktyor heyətinə
baxdıqda, rejissor öz hisslərini cilovlaya bilmir və gözləri yaşarır: "Mən də
teatra bax, beləcə, gənc olanda böyük həvəslə gəldim. O zaman bizim
xeyirxahlarımız var idi. Sənətin çətin, əzablı yollarında bizimlə birgə
addımlayanlar vardı. Ancaq indi... İndi belə təsadüflər çox az olur. Sevinirəm
ki, bu gün mənə, qocaman sənətkarlarımızdan miras qalan bu işi heç olmasa
qoruyub saxlaya bilirəm. Bu gün müasir teatr gənclərin olmalı və onların
üzərində repertuar siyasəti qurulmalıdır. Əks halda sənətimizi qoruyub saxlaya
bilmərik”.
Lirik, psixoloji pyeslərdən
söhbət düşdükdə, Vaqif Şərifovun yaradıcılıq üslubuna daha çox yaxın olan
amillər göz qabağına gəlir. Belə ki, rejissor özünün də dediyi kimi, bir çox
janrlarda işləməyə üstünlük versə də, lirik-psixoloji pyeslərə də müraciət
etməyi sevir və daha dərindən duyur, görür. Gəncə Dövlət Dram Teatrının
səhnəsində uğurlu səhnə taleyi yaşayan Nüşabə Əsəd Məmmədlinin "Unutmaq
istəyirəm” lirik-psixoloji pyesi də Vaqif Şərifov duyumunun bəhrəsidir.
Rejissorun quruluş verdiyi səhnələrdə hər zaman məhəbbət macəraları ilə dolu
olan insan taleyi, dövrün, zamanın axarında puç olan arzuların reallaşması,
gələcəyə böyük ümidlərlə baxan nikbin bir məhəbbət alovu və ən nəhayət, insan
taleyi, onun arzuları dayanır.
Personajlar elə bir zaman
kəsiyində səhnə həlli tapmış olurlar ki, cərəyan edən hadisələr bir an belə
səni rahat buraxmır, əksinə, həyatın insan psixologiyasına gətirdiyi anları ilə
qarşı-qarşıya qoyur. Tamaşada rejissor traktofkası, rəssam işi və musiqi bir
ahənglik və tamlıq təşkil edərək, günümüzün aktual problemlərinə çevrilən
məişət qayğılarını daha da qabarıq şəkildə təqdim edir, həlli yollarının
araşdırılmasında sanki bir yol göstərir.
Xalq artisti Vaqif
Şərifovun Gəncə Dövlət Dram Teatrının səhnəsində son quruluş verdiyi pyeslərdən
biri də Elçinin "Qatil” psixoloji dramıdır. Pyesdə cərəyan edən hadisələr
günümüzün reallıqlarını özündə əks etdirməklə yanaşı, insan taleyindən, həyat
məngənəsində sıxılan acı talelərin gətirdiyi bədbəxtliklərdən və sonda həyatın
özünün, insanı amansızcasına qatilə çevrilməsindən bəhs edir. Hadisələr
rejissor tərəfindən o qədər böyük maraq və dəqiq detallar vasitəsilə işlənib
ki, gedişat, səhnədə bir an belə insanı rahat buraxmır, mizanlar hər an dəyişir
və ani olaraq səni xəyallarda yaşadır. Bu xəyallar çox zaman insanı vadar edir
ki, düşünsün. Öz həyatında baş verənlər haqqında düşünürsən və bu düşüncələr
elə sənin özünü də bir növ tamaşanın maraqlı bir iştirakçısına çevirə bilir.
Pyesdə orta məktəbdə dərs deyən kimya müəlliməsi xəyallarının gerçəkləşməsini
mavi səmada olan ulduzlar arasında axtarır və baş verənlərin məhz onların
vasitəsilə tapılmasını taleyinin bir hissəsi, qisməti bilir. O, ailə həyatı
qurmayıb və hər zaman da tələbələrinin yazı dəftərini yoxlaya-yoxlaya onların
xəyalları ilə danışır və bununla da özündə mənəvi bir dinclik, rahatlıq tapır.
Ancaq çox zaman da təhlükədən qorxur. Elə bu qorxu hissləri də onu sonda qatilə
çevirir. Pyesdə müəllif tərəfindən günümüzün ən aktual problemlərindən olan
pula hərislik, rüşvətxorluq, yalanlar üzərində qurulan həyat macəraları Vaqif
Şərifovun rejissor üslub və baxışlarında maraqlı detallarla tamaşaçıya
çatdırılır.
Rejissor Vaqif Şərifov bu gün də axtarışdadır, beyni
düşünür, qəlbi yeni-yeni yaradıcılıq nigarançılığındadır. Bu dəfə də həmişəki
kimi, daha da məsuliyyətlə yeni bir pyes üzərində çalışır. Əlbəttə ki, hər bir
yaranan yeni səhnə əsəri onun yuxusuz gecələrinin, narahatçılığının ən
başlıcası isə qəlbinin, ürəyinin alovu ilə yanan sənət eşqinin yadigarıdır.
Özünün də dediyi kimi, səhnəyə hər gün yeni bir məsuliyyətlə gəlir və düşünərək
düşündürür. Onun hər gəlişi bir varlıqdır. Bitməz, tükənməz bir varlıq. Bu
varlıq daim bir qüvvəyə sahibdir ki, o qüvvəni sənət müəllimlərindən alıb və bu
gün də qoruyub saxlamaqla gələcək nəsillərə ötürmək istəyir.
Anar Bürcəliyev
teatrşünas