• cümə, 29 Mart, 01:47
  • Baku Bakı 7°C

Təbiət möcüzələrinin muzeyi Masallı - Fotolar

07.02.18 15:59 4222
Təbiət möcüzələrinin muzeyi Masallı - Fotolar
Masallı rayonunu yeraltı və yerüstü sərvətlərlə zəngin diyar adlandırılar. Füsunkar təbiəti, mavi Xəzərin, yamyaşıl meşələrin və əzəmətli dağların yaratdığı harmoniyaya insanlarının qonaqpərvərliyi, mehribanlığı və əməksevərliyi qarışır. "Cümhuriyyət ili” çərçivəsində "Kaspi”nin "Region” layihəsi ilə bağlı səfər etdiyimiz cənub regionunun bu füsunkar guşəsinin iqtisadi-sosial və mədəni həyatı ilə yaxından tanış olmağa çalışdıq.

2017-ci il sosial-iqtisadi inkişaf göstəricilərinə görə, rayon üçün uğurlu il hesab edilir. Yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilib. Cənab Prezidentin Masallı rayonuna səfəri zamanı rayon ictimaiyyəti tərəfindən Viləş çayının 7 km-lik hissəsində park-bulvar kompleksinin salınması məsələsi qaldırılıb və bu təklif ölkə başçısı tərəfindən bəyənilib. Park-bulvar kompleksində müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Regionda ilk dəfə olaraq "ASAN Həyat” kompleksi Masallıda istifadəyə verilib.Rayonda üç idman kompleksi tikilib.
"Ölkə başçısının sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter alıb” deyən Masallı rayon İcra Hakimiyyəti Başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı bildirdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilib və əsas makroiqtisadi göstəricilər üzrə müsbət dinamika əldə olunub. Yeni qəbul olunmuş III Dövlət Proqramı bu inkişafın daha sürətlə aparılmasına və əhatə dairəsinin genişlənməsinə təkan verəcək: "Rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi, o cümlədən sənaye, kənd təsərrüfatı məhsullarının, əhaliyə göstərilən pullu xidmətlərin həcmi artıb. Hazırda Masallı şəhərində 10 ha sahəni əhatə edən Sənaye Məhəlləsi yaradılır. Tikiliyə təxminən 20-25 milyon manatlıq investisiya qoyulub. Maksimum 1000 nəfəri işlə təmin edəcək sənaye məhəlləsi rayon iqtisadiyyatının sürətli inkişafına, təkmilləşməsinə yeni töhfə olacaq. Hazırda Sənaye Məhəlləsində tikinti işləri yekunlaşma mərhələsindədir”.

Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb. Eyni zamanda, şəhər ərazisində kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar son tamamlama işləri aparılır. Rayonun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı ölkə başçısının müvafiq qurumlara verdiyi tapşırıqlara əsasən, Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılıb və "Viləşçay” dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılıb. Hazırda Şərəfə-Həsənli-Təklə istiqamətində 20 km-ə yaxın magistral xətt çəkilib.
Təhsildən tibbədək
Müvafiq Dövlət Proqramları çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. "Son illər rayonda 51 məktəb tikilib və yenilənib. Hazırda üç modul tipli məktəb qurulub ki, biri keçən il istifadəyə verilib. İki modul məktəbin tikintisi isə davam edir”. Bununla belə rayonda 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac var. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçası üçün yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi yeddi faiz təşkil edir. Bu problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib: "Masallıda 16 uşaq bağçası fəaliyyət göstərirdi ki, onlar da qəzalı vəziyyətdə idi. Artıq 10-a yaxın uşaq bağçasını yeniləmişik. Keçən il dörd uşaq bağçası tikilərək istifadəyə verilib”.

Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdən olduğundan rayonda fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdən hesab edilir.
Rayonda fəaliyyət göstərən tibb müəssisələrinin maddi texniki bazasının acınacaqlı vəziyyətdə olması nəzərə alınaraq, son altı ildə bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirilib. Hazırda rayonda 62 səhiyyə obyekti - həkim və tibb məntəqələri, mərkəzi rayon xəstəxanası və s. fəaliyyət göstərir. "Müstəqillik dövründən əvvəl bu obyektlərin heç biri tələblərə cavab vermirdi. Bəzisi qəzalı vəziyyətdə idi, bəzisi ucqarlarda və ya evlərdə yerləşirdi. Son illərdə kəndlərdə həkim məntəqələri tikilərək istifadəyə verilib. O cümlədən, Mərkəzi Rayon Xəstəxanası, Vərəm Dispanseri yenidən qurularaq, ən müasir texniki avadanlıqlara təchiz edilib. Göz Xəstəlikləri İnstitutunun Masallı filialı açılıb”.
Yol problemi həll olunub
"İnsanları ən çox narahat edən yollar idi. Masallının küçələri vaxtilə planlaşdırılmamış qurulub. Keçən əsrin 90-cı illərində Masallının təxminən 15 küçəsi var idi. Şəhəri 5 yerə parçalamışdılar və ayrıca bələdiyyələr yaratmışdılar. Həmin bələdiyyələr ləğv olundu. Şəhərin ərazisi təxminən 5 dəfə artdı. Bu gün küçələrin sayı 115-ə çatdırılıb və əksər küçələrdə təmir işləri aparılıb. Artıq 100 km-ə yaxın kəndarası yolların asfaltlaşdırılması işləri tamamlanıb. Bu il də artıq 25 km yolun çəkilməsinə başlanılıb. Bu yolun çəkilişi başa çatandan sonra 8 kilometrlik bir yolumuz var ki, onu da tamamlasaq, yol problemi həll olunur. Son üç ildə 300 kilometr kənddaxili yollar çınqıllanıb və daşlanıb”.

Rayonda son illər sosial infrastruktur şəbəkəsinin inkişaf tempi yüksəlməkdə və miqyası genişlənməkdədir. Masallı Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 10/04 kvt-lıq xətlərdə təmir bərpa işləri aparılıb, əhalini daha dayanıqlı enerji ilə təmin etmək və itkilərin qarşısını almaq məqsədilə Masallı rayonunda elektrik xətt təsərrüfatının yenidən qurulması və abonentlərin "Smart” tipli sayğaclarla təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Masallı şəhəri ərazisində "Azərişıq” ASC tərəfindən Masallı Enerji Təchizatı və Satışı İdarəsi üçün yeni inzibati binanın tikintisi başa çatdırılıb. Bununla belə bu sahədə problemlər də mövcuddur: "İşıq xətləri ilə bağlı müəyyən problemlər var. Onların əksəriyyəti 60-cı illərdə - sovet dövründə çəkilən xətlərdir. Küləkli, yağışlı və qarlı havalarda problemlər yaranır. Problemlə bağlı hökumətə proqram təqdim etmişik. Həmin proqram əsasında artıq Masallıda transformatorların quraşdırılması başa çatdırılıb. 2020-ci ilə elektrik təsərrüfatı işləri tam yekunlaşdırılacaq”.

Masallı rayonunun təbii qazla təmin olunması 95 faiz təşkil edir ki, bu da regionda ən yüksək göstəricidir. Sovet vaxtı rayonun təxminən 25-30 faizi təbii qazla təmin olunub: "103 yaşayış məntəqəsindən 94-ü qazla təmin olunub. 9 ucqar dağ kəndinin qazla təmin olunması ilə bağlı proqram hazırlanaraq hökumətə təqdim olunub. 2018-2020-ci illərdə bu kəndlərə də qazın çəkilişi başa çatdırılacaq”.
İstisuyun qədri bilinəcək
Masallının inkişaf istiqamətinin əsa qolu turizmdir. Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Bununla bağlı əlaqədar təşkilatlara müraciətlər ünvanlanıb və ilkin razılıq əldə olunub. Bu layihənin icrası nəinki Masallıda, bütün regionda turizmin inkişafına böyük təkan verəcək. "Rayonda turizmin inkişafı rayon iqtisadiyyatının əsas sahələrindən birini təşkil edir. Bu səbəbdən bütün regionu əhatə edən və bir mərkəzdən idarə olunan Turizm İstirahət Şəhərciyinin İstisu zonasında salınması ilə bağlı irəli sürülən təklif reallaşmaq ərəfəsindədir. İlk növbədə Masallıya turizmlə bağlı sərmayə cəlb etmək lazımdır ki, həmin sanatoriya tikilsin”. İl ərzində Masallıya 25 min turist gəlir. 30-a yaxın turizm obyekti var. Ancaq turizm mövsümü yalnız yay aylarını əhatə edir: "Bu, müddətdə hansısa gəlir əldə etmək mümkün deyil. Qış və müalicəvi turizmi əhatə edəcək sanatoriya tikilsə, zonada ilboyu turizmi inkişaf etdirmək olar. Ancaq bu gün müalicəvi əhəmiyyətə malik istisu istifadəsiz halda axıb gedir. Biz 800-1000 nəfərlik sanatoriya tikilməsi üçün 10 hektar sahə ayırmışıq. İstisu borular vasitəsilə həmin əraziyə gətiriləcək və insanlar onun möcüzəvi faydasından ilboyu yararlanacaqlar. Turistin gəlməsi üçün isə ilk növbədə infrastruktur formalaşmalıdır. Bakı-Astara istiqamətindəki yol da turistin gəlişinə mane olur. Artıq çəkilişi 5-6 aya başa çatacaq magistral yol təhvil veriləndən sonra Bakıdan Masallıya 2 saata çatmaq mümkün olacaq. Bu, regionda turizmin inkişafına böyük kömək olacaq”.
Bazar olarsa...
224 min əhalisi olan Masallı kənd təsərrüfatı rayonudur. Əhalinin 85 faizi kəndlərdə yaşayır. Uzun illər kənd təsərrüfatına diqqət ayrılmadığından torpaqlar istifadəyə yararsız vəziyyətdə qalıb: "Rayonda 25 min hektar torpaq sahəsi var ki, onun 10 min hektarı əkilməyib. Qalan 15 min hektar torpaq sahəsində də taxıl əkilirdi. Taxıl da rentabelli sahə deyil. Bu, ancaq əkinə çəkilən xərci ödəyir. Biz kənd təsərrüfatının inkişafı və ixtisaslaşma aparılması ilə bağlı məsələ qaldırmışdıq. Masallı sovet dövründə çayçılıq, sitrusçuluq və tərəvəzçilik üzrə ixtisaslaşmışdı. Bu istiqamətdə maarifləndirmə işləri apardıq və sonunda taxılçılıq bu sahələrin hesabına təxminən 30 faiz azalıb”. Bunun üçün həmin torpaqları dövriyyəyə qaytarmaq lazımdır”. Rayonda aqrar sahənin inkişaf etdirilməsi məqsədilə 2018-2023-cü illər üçün Aqrar sahənin inkişafına dair proqram hazırlanıb. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində əkinə yararlı torpaq sahələrinin 23700 hektarı əkin dövriyyəsinə cəlb oluna bilər ki, bu da 40000 dən artıq yeni iş yerinin yaranmasına səbəb olacaqdır.

Mövcud problemlərdən biri də bazarın mövcudluğudur: "Əgər bazar formalaşarsa və prosesi özü idarə edərsə, onda çətinlik olmayacaq. Kənd təsərrüfatı məhsullarının satılması bu gün qarşıda duran ən vacib məsələdir. Bu, İH səlahiyyətinə daxil olan məsələ deyil – bazarı biz yaratmırıq. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları xarici ölkələrə, xüsusən Rusiyaya ixrac olunmalıdır. Əgər məhsul yaxşı satılarsa, insanların heç nəyə ehtiyacı qalmaz. Bu, onlar üçün həmçinin stimul olar. Bazar yaradılmalıdır və kəndli inanmalıdır ki, Dövlət Tədarük Mərkəzi yetişdirdiyi malı ondan alacaq. Bazar tənzimlənsə və oradan gəlir əldə olunsa, növbəti il hamının torpağı əkməyə marağı artacaq”.


Vaxtilə Masallıda 2500 hektar çay sahəsi olub və 5 çay fabriki fəaliyyət göstərib. Bu sahələrdən yığılan min tonlarla yaşıl çay yarpağı rayondakı fabriklərdə istehsal olunub: "Biz hazırda çayın təxminən 90-95 faizini xaricdən alırıq. Ancaq təkcə Masallıda bu çay sahələri qorunsaydı, Azərbaycanın 30-35 faizi çayla təmin olunardı, cənub zonasını isə 100 faiz ödəyəcəkdi. Ancaq 90-cı illərdə həmin çay fabrikləri çay sahələri ilə birlikdə məhv edildi. 2500 hektardan cəmi 4 hektar çay sahəsi qaldı. İndi həmin çay sahələrini qurmaq üçün 300 milyon manat vəsait lazımdır. Bu torpaqlarda yalnız torpağın tərkibinə görə çay və sitrus əkmək mümkündür. Ancaq həmin torpaqlardakı çay plantasiyalarını dağıdıb yerində taxıl əkiblər. Sonra məlum olub ki, bu, çəkilən xərcin heç 50 faizini qarşılamır. Bu baxımdan, 25 ildir ki, həmin torpaqlar şumlanmır, kol-kos basıb”. Artıq həmin torpaqların bərpası ilə bağlı ölkə başçısı tapşırıq verib. «Azərsun” Holdinq rayona dəvət olunub və artıq 100 hektar çay sahəsi salınıb. Bu sahələrdə 100 nəfərdən çox insan işlə təmin olunub. "Azərsun” sahələri daha da genişləndirmək istəyir. Ancaq insanlar əllərində olan torpağı nə satmaq, nə də icarəyə vermək istəyirlər. Bu da ayrıca problem yaradır”.

Kənd təsərrüfatının sığortalanmaması da kəndliyə ziyan vuran məsələdir. Belə ki, kənd təsərrüfatı riskli sahə olduğundan sığortalanmır və ya çox baha qiymətə sığortalanır. Kənd təsərrüfatının sığortalanması ilə bağlı da hökumətə təkliflər verilib.
Viləşçay dəryaçası 3 dəfə böyüyəcək
Digər problem suvarma sistemlərinin dağılması ilə bağlıdır. Masallıda torpaqların suvarılması ancaq Viləşçay su anbarı vasitəsilə həyata keçirilir. Bu anbarın su tutumu isə 42-44 milyon kubmetrdir. Bu da bu gün 7500, 8000 ha torpağın suvarılmasına bəs edir. "Masallı və Cəlilabad şəhərinə çəkilən su xətti Viləşçay anbarından götürülür. Sudan əziyyət çəkən Muğan kəndlərinə çəkilən su xətləri də Viləşçaydan qidalanacaq. Təxminən 10-15 min kubmetr su buna sərf olunacaq. Qalan 20-25 min ton isə yalnız 4-5 min hektar sahəni suvarmağa bəs edir. Əgər torpaqları suvara bilməyəcəyiksə və yaxud əkilən məhsulu texnika vasitəsilə yığmaq mümkün olmayacaqsa, əkməyə dəyməz”. Vaxtilə Masallıda böyük sututarlar olub ki, onların bir çoxu bələdiyyələrin balansındadır. Onlar təmir olunub istifadəyə verilsə, hesablamalara görə, o anbarlara 8 milyon kubmetr su yığmaq mümkündür. Bu da əlavə 2000 hektara yaxın torpaq sahəsini suvarmaq imkanı yaradacaq. Problemin daimi həlli isə ikinci Viləşçay su anbarının tikilməsidir. Sovet dövründə də bu layihə gündəmdə olub, ancaq yarımçıq dayandırılıb: "Bu təklifi hazırlayıb Masallıda səfərdə olarkən cənab Prezidentə təqdim etdik və layihə bəyənildi. Prezidentin tapşırığı ilə layihə hazırlanıb. Keçən ildən layihələndirməyə başlanılıb və Viləşçay su anbarının sahəsi 3 dəfə genişləndirilərək 132 milyon kubmetrə çatdırılacaq. Drenaj su kəmərləri, kanallar çəkiləcək və bütün ərazi demək olar ki, su ilə təmin olunacaq. Bu layihənin icrasına bu il başlanılsa, yaxın 5 il ərzində başa çatacaq”.

2018-ci ildə Masallı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, kəndlərə içməli su xəttinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda "Logistik Mərkəz” və "Yaşıl market” layihələrinin sürətlə reallaşdırılması diqqət mərkəzində olacaq. Masallı ilə bağlı ilk təəssürat yazımızda rayonda görülən və görüləcək işlər, həllini gözləyən problemlər barədə qısa məlumat verdik. Növbəti yazılarımızda isə "təbiət möcüzələrinin muzeyi” adlandırılan Masallının keçdiyi inkişaf yolu barədə ətraflı söhbət açacağıq.
Təranə Məhərrəmova
Rufik İsmayılov
Masallı


banner

Oxşar Xəbərlər