“Təbiət həkimi”nin gətirəcəyi xeyir
Azərbaycanda süni şəraitdə
yetişdirilən zəlilərin ilk dəfə olaraq, ölkə daxilində və ölkədən kənarda
satılması üçün danışıqlara başlanılıb. Bunu Trend-ə Azərbaycan Milli Elmlər
Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib. E.Yusifovun
sözlərinə görə, yerli şirkətlərdən biri Zoologiya İnstitutunun yetişdirdiyi
zəlilərlə maraqlanmağa başlayıb. Şirkətlə bağlanılacaq xidməti müqavilə
əsasında zəlilərin Zoologiya İnstitutu tərəfindən yetişdirilməsi, onun daha
sonra həmin şirkətə satılması, şirkətin isə onu bazara çıxarması nəzərdə
tutulur. Zəlilərin, institutun Ağsu Təcrübə Dayaq Məntəqəsindəki süni göllərdə
çoxaldılmaqla satış üçün hazırlanması planlaşdırılır.
E.Yusifov qeyd edib ki,
Azərbaycanda ilk dəfə olaraq, Zoologiya İnstitutu tərəfindən zəlilər süni
şəraitdə çoxaldılıb. Artıq 2000-ə qədər zəli çoxaldılaraq institutun Mingəçevir
Təcrübə Dayaq Məntəqəsinə təhvil verilir.
Zəlilərin çox yüksək artım
qabiliyyətinin olduğunu söyləyən institut direktoru əlavə edib ki, 1 zəli bir
il ərzində 1-2 barama verir, hər baramadansa 12-13 bala çıxır: "Min zəli bir
ilin sonunda təxminən 15 min, ikinci ilin sonunda 350 min, üçüncü ilin sonunda
isə 5 milyon zəli olur. Azərbaycanın daxilində zəlilərin qiyməti 50 qəpikdən 2
manata qədər dəyişir. Xaricdə isə bir zəli təxminən 8 avroya satılır”.
Zəlilərin getdikcə
tükəndiyini nəzərə çatdıran E.Yusifovun sözlərinə görə, süni şəraitdə
çoxaldılması, onların təbiətdən ovlanmasına olan ehtiyacı aradan qaldırır.
Zəlilərin süni şəraitdə çoxaldılması təcrübəsinin genişlənməsi ölkəmizin gəlir
mənbəyini də artırar: "Çünki xarici ölkələr Azərbaycan zəlilərini çox
həvəslə alırlar. Hazırda respublikada satılan və xaricə ixrac edilən zəlilərin
hamısı təbiətdən toplanılır. İş adamları zəliləri daha çox Rusiya, Türkiyə və
Avropa ölkələrinə satırlar. Zəliləri süni surətdə çoxaltdıqda, onu istənilən
qədər satmaq olar. Amma onun vəhşi təbiətdən ovlanaraq satılması düzgün
deyil".
İnsanlar qədim vaxtlardan başlayaraq zəlinin köməyi ilə müxtəlif xəstəlikləri
müalicə edirlər. Hətta, bu günümüzdə də bu müalicə üsulundan uğurla və geniş
şəkildə istifadə olunur. Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan
zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu "təbiət həkimləri” bəzən insanların
elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz
təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına
çevrilib.
Məlumat üçün qeyd edək ki, zəli
1984-cü ildən «Qırmızı kitab»a daxil edilib. Ona təbii şəraitdə yalnız
Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və
Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü
var ki, bunun ancaq üçü (şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə
edilir. Bütün dünyada zəlinin ən yaxşı növlərindən biri - şərq zəlisi
Azərbaycandadır. Zəlinin insan və başqa canlılar üçün təhlükəli növləri də
vardır.
Zəli ilə müalicə
hirudoterapiya adlanır. Zəlinin
köməyi ilə ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemində olan
müxtəlif xəstəlikləri müalicə etmək mümkündür. Hirudoterapiya ilə məşğul olan
Unar Abbasov bildirir ki, zəli
ilə müalicə üsulu laxtalanma problemi olanlarda, revmotoloji və nevroloji
xəstəliklərin müalicəsində daha yaxşı effekti verir: "Zəli bir çox
xəstəliklərin müalicəsində istifadə edilir. Zəli insult və infarkt
xəstəliklərinin ən yaxşı profilaktik üsullarından biri sayılır.Varikoz
xəstəliyi, bir sıra ginekoloji xəstəliklər zamanı zəli ilə müalicə çox yaxşı
nəticələr verir. Hipertoniya xəstəliyinin müalicəsində də bu müalicə üsulundan
uğurla istifadə olunur. Həmçinin bir çox dəri xəstəliklərinin müalicəsində zəli
ən təsirli tibbi vasitədir. Zəli ilə müalicə bəzi xəstəliklər zamanı hətta
ənənəvi təbabətdən yaxşı nəticələr verir. Bədəndə toksinlərin yığılması ilə
bağlı yaranan xəstəliklərin müalicəsində istənilən effekti almaq mümkündür.
Amma bəzi genetik, onkoloji xəstəliklərdə istənilən nəticə bir az gec əldə
olunur. Hətta elə xəstəliklər var ki, müalicə üsulunun nəticəsi olmur. Ona görə
də, bu məqamda xəstəliyin diaqnozuna xüsusi önəm vermək lazımdır. Bu müalicə
üsulundan istifadə, qoyulan diaqnozdan asılıdır. Düzgün diaqnoz nəticəsində
zəli ilə müalicə üsulu çox yaxşı effekt verir.”
Həmsöhbətimiz deyir ki, zəli ilə müalicəni yalnız bu sahəni bilən,
təcrübəli adam etməlidir: "İlk növbədə hirudoterapiya yalnız həkim tərəfindən
təyin olunmalıdır. Çünki bəzi xəstəliklər zamanı zəli ilə müalicənin əks
təsirləri ola bilər. Burada söhbət bəzi hemofiliya, ağır anemiyalar, həmçinin
allergik və onkoloji xəstəliklərindən gedir. Hipotoniyadan (qan təzyiqin daim
normadan aşağı olması) əziyyət çəkən insanlar üçün da bu müalicə üsulu uyğun
gəlmir. Hirudoterapiya
seansını lazım olan səviyyədə yalnız bu işdə təcrübəsi olan həkim keçirə bilər.Heç
bir halda "ara həkimləri”nə müraciət etmək düzgün deyil. Yalnız təcrübəli həkim
insan bədənində olan xüsusi nöqtələri tanıyır ki, zəlinin məhz bu nöqtələrdə
yerləşməsi müalicəvi effekt verə bilər. Müxtəlif xəstəliklər zamanı bu nöqtələr
də müxtəlif olur”.
Zəlilərin
süni şəkildə çoxaldılmasının faydasından danışan U.Abbasov qeyd etdi ki, bu
addım ilk olaraq infeksion xəstəliklərin yayılmasının qarşısını alacaq: "Normal
olaraq, zəlilər təbiətdən götürülərək istifadə olunur. Bu isə onların sayının
azalmasına təsir edir. Amma süni şəkildə çoxaltma faydalı olacaq. Belə ki, bu
ilk olaraq hepatit kimi infeksion xəstəliklərin yayılmasının qarşısını almaq
baxımından əhəmiyyətlidir. Say az olanda, bir zəli bir neçə dəfə istifadə
olunur. Düşünün, bir adamın qanındakı zərərli maddələri soran zəlini, bir
müddət sonra başqasının bədəninə qoyurlar. Burada təbii ki, xəstəliklərin
müalicəsindən daha çox infeksiyaların yayılması halı baş verə bilər. Ona görə,
düşünürəm ki, süni çoxaltma üsulundan mütləq şəkildə istifadə olunmalıdır.
Çoxaltma zamanı isə daha sağlam və qansoruculuq qabiliyyəti yüksək olan
zəliləri çoxaltmaq lazımdır. Zəlilərin süni yolla çoxaldılması üsulundan
beynəlxalq təcrübədə də istifadə edilir. Məncə, ölkəmizdə də bundan istifadəni
əhəmiyyətli addım kimi qiymətləndirmək olar”.
Maraqlıdır,
bəs zəlilinin süni yolla çoxaldılıb satılması, xüsusilə ixracı iqtisadi
baxımdan bizə nə qazandıracaq? İqtisadiyyat Nazirliyi İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov qeyd etdi ki, qiyməti 50 qəpikdən 2 manata qədər olan zəlinin xaricdə 8
avroya satılması neftdən, qızıldan heç də zəif gəlir mənbəyi demək deyildir: "Ölkəmizdə
elə sahələr və ilk baxışda elə ağlagəlməz gəlir mənbələri vardır ki, bunlara
diqqət ayırmaqla külli məbləğdə xarici valyuta əldə edə bilərik. Ümumiyyətlə,
bizlər sahibkarlıq fəaliyyətinə çox bəsit çərçivədə yanaşırıq. Azərbaycanımızın
zəngin flora və faunası olduğu sirr deyil. Sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq istəyənlər bu və ya digər elmi-tədqiqat və AMEA-nın ayrı-ayrı
istiqamətlər üzrə ixtisaslaşmış institutları ilə məsləhətləşmələr aparmaqla,
əlaqə yaratmaqla birgə iş qura bilərlər. Bu yolla da böyük qazanc götürərlər.
Məsələn, ilan zəhəri, zəli biznesi çox böyük qazanc gətirə bilən sahələrdir.
Bizdə qiyməti 50 qəpikdən 2 manata qədər olan zəlinin xaricdə 8 avroya
satılması neftdən, qızıldan heç də zəif gəlir mənbəyi demək deyildir. Bu və ya
digər yerli şirkətin Zoologiya İnstitutunun yetişdirdiyi zəlilərlə maraqlanması
əslində, gecikmiş bir hadisədir. Bəli, təbiətimizdə hazır hər şey var. Lakin
söhbət, onun istismar edilməsi yolu ilə gəlir əldə olunmasında getməməlidir.
Bunun üçün yetişdirmə, süni yolla artırma kimi vasitələrdən istifadə
olunmalıdır. Müvafiq qurumlarla biznes dairələrinin bu istiqamətdə birgə
fəaliyyəti məşğulluğun da inkişafına mühüm təkan verə bilər”.
Günel
Azadə