• çərşənbə axşamı, 16 aprel, 18:27
  • Baku Bakı 18°C

“Təbəssümünü gizlətmə”

22.11.18 13:30 2077
“Təbəssümünü gizlətmə”
Azərbaycan teatr tarixinin önəmli hadisələrdən biri haqqında qeydlərimi sizinlə bölüşmək istəyirəm. Söhbət vaxtilə 25-26 yaşlarında bir gəncin Moskvada hazırladığı "Təbəssümünü gizlətmə” tamaşası haqqında olacaq.
1969-cu ildə SSRİ-nin ən nüfuzlu teatrlarından biri Moskva Operetta Teatrında görkəmli Azərbaycan bəstəkarı Rauf Hacıyevin "Təbəssümünü gizlətmə” (əvvəlki adı "Qafqazlı qardaşqızı”) adlı musiqili komediyası hazırlanır. Bir məqamı da qeyd edim ki, bundan öncə R.Hacıyevin həmin teatrda iki başqa əsəri - "Romeo mənim qonşumdur” və "Kuba, məhəbbətim mənim” operettaları uğurla tamaşaya qoyulmuşdu. Bu dəfə isə belə razılığa gəlinir ki, yeni tamaşanı teatrın aparıcı aktyorları ilə Azərbaycandan dəvət olunmuş yaradıcı qrup hazırlasın. Söhbət quruluşçu rejissor Fikrət Sultanov, rəssam Adil Quliyev, baletmeyesterlər Rəfiqə Axundova və Maqsud Məmmədov, habelə artıq bu teatrda işləyən drijor Elmar Abusəlimovdən ibarət yaradıcı qrupdan gedir.
Tamaşanı hazırlamaq üçün əvvəlcə tanınmış kinorejissor Tofiq Tağızadə dəvət edilmiş, o da razılıq vermişdi. Elə həmin ərəfədə T.Tağızadənin quruluş verdiyi "Arşın mal alan” filmi yenicə ekranlara çıxmışdı və əsərin müəllifi də T.Tağızadənin musiqili komediya janrında əsər hazırlamaq bacarığının olduğunu nəzərə almışdı. Lakin sonradan T.Tağızadə bu işdən imtina etmişdi. Yəqin nəzərə almışdı ki, kinofilm çəkmək və teatr səhnəsində tamaşa hazırlamaq fərqli işlərdir, özü də Moskva kimi güclü teatr şəhərində, yüksək professional səviyyəli aktyor heyəti ilə... Nə də olsa, teatr canlı sənətdir. Kinoda isə montaj var.
O illərdə R.Hacıyev Azərbaycanın Mədəniyyət naziri idi, hansı rejissoru istəsəydi, bu işə cəlb edə bilərdi. Lakin R.Hacıyev öz seçimini gənc rejissor Fikrət Sultanovdan yana etmişdi. F.Sultanov Moskva şəhərində assistent-stajor işləyirdi. Eyni zamanda, gənc rejissorun Azərbaycan Dövlət Akademik Dram Teatrında iki uğurlu tamaşası olmuşdu - bolqar dramaturqu S.Kostovun "Falçı” və Sabit Rəhmanın "Xoşbəxtlər” pyesləri əsasında hazırlanmış tamaşalar. "Falçı” tamaşasına görə gənc rejissor hətta SSRİ-də keçirilən Bolqar dramaturgiyası festivalında SSRİ Mədəniyyət Nazirliyinin və Ümumittifaq Teatr Xadimləri İttifaqının diplomu ilə təltif edilmişdi.
Tamaşa üzərində iş 1969-cu ilin yazında başlamış və həmin ilin iyulunda başa çatmışdı. Tamaşada teatrın aparıcı aktyorları T.Volodina, S.Varquzova, Y.Savelyev, A.Kotova, K.Kuzmina, A.Paneviç, V.Bateyko, E.Orlevetskiy, L.Boborıkina, Rusiyanın tanınmış estrada müğənnisi L.Leşşenko və başqaları çıxış edirdilər. Hər rolun iki, üç, hətta, sonradan altı ifaçısı var idi. "Təbəssümünü gizlətmə” 10 ildən artıq repertuarda qalmış, qastrol səfərlərində də nümayiş etdirilmişdir. Tamaşa o qədər uğur qazanmış və bəyənilmişdir ki, təkcə birinci mövsümdə 100 dəfə göstərilmişdir. Rejissor vətənə qayıtdıqdan uzun illər sonra da tamaşa repertuardan düşməmişdir. 1975-ci ildə isə SSRİ-nin aparıcı televiziya kanalı olan Mərkəzi Televiziya səhnə əsərini tam şəkildə çəkərək, bütün ölkəyə göstərmişdir. Tamaşa haqqında Ümumittifaq və Azərbaycan mətbuatında çox sayda resenziyalar dərc edilmişdir.
Əsərin müəllifi bəstəkar R.Hacıyev tamaşanın məşq prosesinə qatılmış və prosesi yaxından izləmişdir. Hətta bir gün rejissor 9-10 yaşlarında olan qızı Nana ilə proqona gələrək birlikdə tamaşaya baxmışdı. F.Sultanov həmin günləri belə xatırlayır: "Tamaşanın birbaşa (proqon) məşqlərinin birində teatrın işçiləri ilə birlikdə müəllif R.Hacıyev 9-10 yaşlı kiçik qızı Nana ilə tamaşanı seyr edirdi. Teatr mütəxəssisləri proqon zamanı öz münasibətlərini, emosiyalarını, təbii ki, qabarıq nümayiş etdirmirdilər. Onlardan fərqli olaraq, Nana bütün tamaşa boyu heç bir kompleks keçirmədən reaksiyalarını, hisslərini qabarıq şəkildə göstərir, ucadan gülür, şən əhval yaşayırdı.
Proqon bitəndən sonra R.Hacıyev tamaşa haqqında öz münasibətini bu sözlərlə bildirdi: - "Uşağın reaksiyaları tamaşanın uğurunun göstəricisidir!”
R.Hacıyevin sözlərinin və əsas da, uşağın reaksiyalarının həqiqət olduğu sonralar, tamaşanın nümayişləri zamanı tam şəkildə öz sübutunu tapdı.
Rejissor yeni tamaşa hazırlayarkən həmişə ustadının fikirlərinə önəm verir. Xüsusən də, bu, gənc bir rejissordursa. Fikrət müəllim də o vaxt "Təbəssümünü gizlətmə” tamaşasını hazırlayarkən ustadı Tofiq Kazımovun fikirlərinə ehtiyac duyur, R.Hacıyevdən Tofiq müəllimin məşqlərə baxması üçün icazə alır: "Tamaşa üzərində işin tamamlanma zamanı idi... Mənim öz müəllimim, ustadım T.Kazımova inamım, hörmətim, son dərəcə yüksək idi. Ona görə də tamaşanı qurarkən mən hər an düşünürdüm: görəsən, Tofiq müəllim mənim bu işimi, bu rejissor yanaşmamı, səhnə həllini bəyənərdimi?
Ona görə də mən R.Hacıyevə müraciət edərək ustadımın gördüyüm işə baxıb qiymətləndirməsini arzuladığımı bildirdim. R.Hacıyev mənim bu arzuma müsbət yanaşdı və bir neçə gündən sonra müəllimim Moskvaya gəldi, gördüyüm işi tam şəkildə izlədi. Məşqdən sonra Tofiq müəllim öz fikirlərini və qeydlərini bildirdi ki, bu da məni daha inamlı addımlar atmağa və tezliklə tamaşanı uğurla tamamlamağa sövq etdi...
Tamaşanı izləyənlər arasında müxtəlif səbəblərdən Moskvaya gəlmiş Azərbaycanlı ziyalılar da olub. Bir dəfə bu ziyalılar arasında görkəmli bəstəkar Qara Qarayev tamaşadan sonra gənc rejissorla tanış olub, söhbət etmək istəyib. O gözəl anları rejissor belə xatırlayır: "Bir dəfə tamaşa bitdikdən sonra səhnə arxasına gəlib bildirdilər ki, Q.Qarayev məni görmək istəyir. Teatrın foyesində görkəmli sənətkarımızın məni gözlədiyini gördüm. Biz görüşdük, o məni uğurlu tamaşa münasibəti ilə təbrik etdi, xoş münasibətini bildirdi. Korifey sənətkarımızın xoş sözləri, səmimi təbriki məni cəsarətləndirdi və mən ona fikrimi və arzumu bildirdim: "Qara müəllim, biz sizi böyük bəstəkarımız kimi sevirik və yüksək qiymətləndiririk. Sizin bəstələriniz arasında balet, opera, simfoniya, instrumental musiqi, teatr və kino musiqiləri var. Lakin bu siyahıda operetta, musiqili komediya yoxdur. Arzu edərdik ki, siz bu janra da öz diqqətinizi yönəldəsiniz və milli musiqimizi bu sahədə də zənginləşdirəsiniz. Qara müəllim gülümsədi və dedi ki, bu barədə düşünər. Biz mehribanlıqla ayrıldıq. Bu görüşümüzdən bir neçə il sonra görkəmli bəstəkarımız Q.Qarayev Fransız dramaturqu E.Rostanın "Sirano de Berjerak” pyesi əsasında maraqlı muzikl yazmış və bu əsəri bizim görüşdüyümüz Moskva Operetta Teatrına təqdim etmişdi. Əsəri teatrın bədii rəhbəri Q.Ansimov səhnəyə qoymuşdu.
Tamaşanın hər nümayişindən sonra gənc azərbaycanlı rejissorun adını eşidən tanınmış şəxslər onunla tanış olur, təbriklərini çatdırırdılar. Belə görüşlərdən biri də Yekaterina Alekseyevna ilə olmuşdu: "Yenə növbəti tamaşalardan biri bitəndən sonra məni səhnə arxasında canfəşanlıqla tapıb söylədilər ki, Yekaterina Alekseyevna mənimlə görüşmək istəyir. Teatrın foyesinə gəldikdə gördüm, SSRİ Mədəniyyə Naziri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvi Yekaterina Alekseyevna Furtseva onu müşayət edən insanların əhatəsində dayanıb və məni gözləyir. Biz görüşdük, xanım nazir məni uğurlu tamaşa ilə bağlı təbrik etdi, öz müsbət təəssüratlarını bildirdi, kollektivə yeni yaradıcılıq uğurları arzuladı.
Lakin çox təəssüflər olsun ki, bütün maraqlı görüşlərlə bağlı bircə dənə də olsun xatirə fotoşəkli çəkilməyib, olanlar sadəcə rejissorun yaddaşımda xoş, şirin xatirə kimi qalmaqdadır.
Beləliklə, yarım əsr bundan əvvəl teatr tariximizdə əlamətdar hadisə-Azərbaycanlı rejissorun və yaradıcı heyətin Moskva kimi tanınmış teatral şəhərdə ilk və çox uğurlu yaradıcılıq işi baş tutmuşdur.
Bu gün həmin rejissor Fikrət Sultanov pedaqoq kimi neçə-neçə gənc nəsillər yetişdirərək sənətin sirlərini onlara öyrədir və hər zaman səhnə sənətinin böyük reformatoru K.Stanislavskinin bir fikrini təkrar edərək ona sadiq qalır - ÖZÜNÜ SƏNƏTDƏ DEYİL, SƏNƏTİ ÖZÜNDƏ SEVMƏK LAZIMDIR...
Nigar Pirimova
Teatrşünas
banner

Oxşar Xəbərlər