• cümə axşamı, 28 mart, 12:46
  • Baku Bakı 16°C

“Təbabətin filosofu və bəstəkarı” - Gənclərə örnək

20.06.16 13:03 2714
“Təbabətin filosofu və bəstəkarı” - Gənclərə örnək
"Sovet dövründən əvvəl hörmətli adamlara müxtəlif cür xitab edirdilər, "bəy”, "mirzə” və ya "əfəndi” çağırırdılar. Məsələn, Əlimərdan bəy, Əbdürrəhim bəy, Üzeyir bəy, yaxud Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Cavid əfəndi, Şaiq əfəndi və s. Sovet dövründə bu adlar get-gedə unuduldu, aradan qaldırıldı. Mənim xatirimdə yalnız iki adam qalıb ki, onlara "bəy”" deyirdilər: Mustafa bəy Topçubaşov, bir də Üzeyir bəy Hacıbəyli”. Bunu yazıçı Anar çıxışlarının birində deyib.
Topçubaşovun musiqiyə olan sonsuz marağı onu Üzeyir bəy Hacıbəyli ilə yaxın dost etmişdi. Üzeyir bəy onu "təbabətin filosofu və bəstəkarı” adlandırırdı.
Qəhrəmanımız cərrah, ictimai və dövlət xadimi, Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri, Azərbaycan SSR Elmlər Akademiyasının (EA) akademiki, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR EA vitse-prezidenti, Azərbaycan SSR Ali Sovetinin sədri, Azərbaycan SSR Ali Sovetinin 1-10-cu çağırış deputatı Mustafa bəy Topçubaşovdur.

Qan-qada ilə keçən tələbəlik

Mustafa Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanın Göykümbət kəndində, İrəvanın əsilli-köklü nəsillərindən birinin ailəsində anadan olub. Dünyaya gəldiyi Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım dörd övladı ilə birlikdə İrəvandakı mülkdə yaşayıblar. Onların dörd oğlanları olub - Rza, Mustafa, Mehdi və Məhəmməd. Dördü də uşaqlıqdan bacarıqlı, oxumağa meyilli olub. Rza hüquqşünas, Mehdi iqtisadçı, Məhəmməd energetik olub.
Ailənin ikinci oğlu olan Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə təhsil alıb. 1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə gimnaziyanı bitirib. Dünyanın qarmaqarışıq vaxtında valideynlərinin onu uzağa buraxmağa ürəkləri gəlməsə də, Mustafa onları razı sala bilib və oxumaq ardınca Kiyevə gedib. Orada universitetin tibb fakültəsinə qəbul olub. Tələbəliyi siyasi mübarizələrin kəskinləşdiyi illərə təsadüf edib. Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. Rusiyanın digər şəhərləri kimi, o zaman Kiyevdə də qalmaq təhlükəli imiş. Amma başqa tələbələrdən fərqli olaraq, Mustafa bəy orada qalaraq təhsilini davam etdirib.
Dəhşətli günlər bir-birini əvəz edib. Əməliyyatların birində silah anbarı partladılıb, şəhəri yanğın bürüyüb. Siyasi mübarizələr unudulub. Hamının başı Kiyevi alovlardan xilas etməyə qarışıb. Elə ki yanğının qarşısı alınıb, yenə şəhər mübarizələr meydanına çevrilib. Hər tərəfdə üsyançılar dağıntılar törədib, çörək mağazalarını ələ keçiriblər. Bir parça qara çörək tapmaq müşkülə dönüb. Nə aclıq, nə ölüm qorxusu onu yolundan döndərə bilib. Nəhayət, dövlət imtahanlarını verərək diplom alıb. Vətənə geri dönmək üçün qan-qadanın baş alıb getdiyi böyük məmləkətin neçə-neçə şəhərlərindən keçib. Yollarda isə səfalət, xəstəlik içərisində çırpınan, can verən insanları görüb, hətta iki dəfə həbsxana həyatı da yaşayıb. Amma sağ-salamat vətənə qayıdıb. Onu böyük həyəcanla gözləyən doğmaları ilə görüşüb.

Universitetin klinikasında keçən cavanlıq

1919-cu ildə Bakıya gəlib. Burada da siyasi vəziyyət mürəkkəb imiş. Böyük ümidlə özünə iş axtarıb. Kiyev Universtetinin məzunu özünə iş axtara-axtara xeyli problemlə qarşılaşıb. 15-20 həkimin olduğu şəhərdə ona iş tapılmayıb. Ac, pulsuz qaldığı günlərdə keçmiş tələbə yoldaşlarından birinə rast gəlib. Varlı bir adamın oğlu olan tanışı atasının mehmanxanasında ona yer verib.
O, heç vaxt məqsədindən dönməzdi. Yeni açılmış Azərbaycan Dövlət Universitetində işləməyə gəlmiş professor Oşmanla görüşüb. Onun göndərişi ilə universitetin cərrahiyyə kafedrasında ordinator kimi işə qəbul edilib. Tezliklə universitetin tibb fakültəsinin klinikası açılıb. Klinikanın dördüncü mərtəbəsində yaşamaq üçün ona balaca otaq da verilib. Bir müddət sonra Respublika Səhiyyə Komissarlığı tərəfindən Naxçıvana ezam olunub. Bacarıqlı həkim kimi orada tez tanınıb.
Bir neçə ay sonra Naxçıvan Xalq Səhiyyə Komissarlığından aldığı tələbnamə ilə Bakıya dönüb. Bir müddət sonra ailə qurub. Həyat yoldaşı Reyhan xanımla tanışlıqlarının səbəbkarı keçmiş tələbə yoldaşı Yusif bəy olub. Yusif bəy bir dəfə bibisigilə qonaq gedəndə onu da aparıb. Mustaya bəy orda gördüyü Reyhan xanıma aşiq olub. Bir müddət sonra evləniblər. Universitetin klinikasındakı kiçik bir otaqda yaşayıblar. Qeyd edək ki, Reyhan Topçubaşova Azərbaycanın ilk qadın rəssamı və Azərbaycan SSR-in əməkdar incəsənət xadimi olub.
Reyhan xanım xatirələrində yazır ki, Mustaya bəy üçün həkimlik sadəcə sənət deyil. İnsanların köməyinə çatmaq, onları sağlamlıqlarına qovuşdurmaq onun üçün səadətdir.

"Sən ki Topçubaşovsan, hər şeyi özün bilirsən”

Nəinki Bakıdan, başqa şəhərlərdən, rayonlardan da yanına xəstələr gəlirdi. Bir dəfə Mustafa bəy rayonların birindən qəbuluna gələn xəstə qadından soruşub: "Haranız ağrıyır? Şikayətiniz nədəndir?”. Xəstə həyəcanla cavab verib: "Sən ki Topçubaşovsan, hər şeyi özün bilirsən. Daha məndən niyə soruşursan?”. Topçubaşov yenə həmin sualı verəndə qadının eyni cavabı ilə qarşılaşıb. Bir sözlə, xəstələr ona çox inanırdılar.
Onun iş yaxtı səhər saat 7-də başlayırdı. Axşamlar evə saat 7-dən tez getmirdi. Gecələr də gah xəstəxanada növbələrdə olur, gah təcili cərrahiyyə əməliyyatlarına çağırılırdı.

Dünyada ilk - orijinal keyitmə üsulu

Mustafa Topçubaşov hələ Kiyev Universitetinin tibb fakültəsində oxuyanda, həndəsə və riyaziyyatla dərindən maraqlanıb. Tibb elminə daha dərindən yiyələnmək üçün 1926-cı ildə Almaniyaya yollanıb. Uzun müddət Almaniyada qalıb. O, həndəsi hesabla insan bədəninin onurğa sütununun bərpa edilməsini öyrənib. Onun müalicəsi cərrah əməliyyatı zamanı heç bir əsəb toxumasına, heç bir damara ziyan dəyməməklə həyata keçirilirdi.
Qəhrəmanımız minlərlə insan üzərində uğurlu əməliyyat aparıb. Bu uğurlarına görə, görkəmli cərrah 1953-cü ildə Stalin mükafatına layiq görülüb. Topçubaşov yeni kəşflər haqqında fikirləşirdi. Onu ən çox düşündürən insanlar üzərində narkozsuz əməliyyat aparmaq təcrübəsinə yiyələnmək idi.
Müharibə illərində və ondan qabaq da çoxlu insan narkozla aparılan əməliyyatdan sağ çıxmırdı. Topçubaşov ümumiyyətlə, narkozun tamamilə sıradan çıxması üçün çalışırdı. O, həmçinin onurğa sütununda əməliyyatın narkozsuz aparılması üçün yollar axtarırdı. Uzunmüddətli elmi axtarışlar, səylə aparılan tədqiqatlar nəticəsiz qalmır. 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu - inyeksion efir-yağ narkozunu kəşf edir. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. Bu üsul narkoz zamanı meydana gələn bir sıra mənfi halların, məsələn, dərin narkoz yuxusunun, qanda narkotik maddələrin toplanmasının aradan qaldırmasına görə geniş tətbiq olunmağa başlanır. Topçubaşov anelgeziya üsulunu musiqi ilə birlikdə həyata keçirib. Əməliyyatın bu qeyri-adi üsulu çox sayda xəstələrin həyata qayıtmasına imkan yaradıb.

"Atam evə gələndə, birinci qulluqçuların vəziyəti ilə maraqlanırdı”


1941-ci ildə müharibə başlayanda Mustafa Topçubaşovun işi daha da artır. Qızı Zemfira Topçubaşovanın yazdığına görə, onu bəzən günlərlə görmür, harada olduğundan belə, xəbər tuta bilmirdilər: "Evdə olanda da bütün günü məşğul idi. Evə gəlib yemək yeyəndən sonra iş masasının arxasına keçirdi. Ya da təcili xəstələrə baxmağa çağırılırdı. Atamın işləri çox olduğundan tərbiyəmizlə, təhsilimizlə, əsasən, anamız məşğul olurdu. O bizi tez-tez muzeyə, teatra aparırdı. Evimizdə xüsusi xidmətçilər, sürücülər qulluq göstərirdi. Atam evə gələndə, birinci onların vəziyyəti ilə maraqlanırdı. Süfrə arxasına keçməmiş onların yemək yeyib-yemədiklərini xəbər alırdı”.
Zemfira xanımın sözlərinə görə, məişət söhbətləri, qayğıları Mustafa bəyi düşündürməzdi: "Anam süfrə arxasında həmişə gileylənirdi ki, sənin üçün bu qədər əziyyət çəkilir, bir dəfə də olsun, yeməyin yaxşı, ya pis olduğunu söyləmirsən, belə çıxır ki, sənin üçün çəkilən zəhməti qiymətləndirmirsən. Atam ona etiraz edirdi: "Mənə görə narahat olmayın. Sizə nə asandırsa, onu hazırlayın”.

Niyə Nobel mükafatı ala bilmir?

M.Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. Həmin illərdə Mustafa bəy bir-birinin ardınca ağır cərrahiyyə əməliyyatları aparıb və yüzlərlə, minlərlə yaralı döyüşçünü ölümün pəncəsindən xilas edərək yenidən həyata qaytarıb.
Müharibə bitəndən sonra - 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında alim-cərrahın hazırladığı efir-yağ qarışığının "Analgezin” adı altında istehsal edilməsinə icazə verilir. Beləliklə, "Analgezin” satışa buraxılır.
"Analgezin”in yaradıcısı kimi qəhrəmanımızın adı Nobel Komitəsində tanınırdı. Lakin özü bu haqda 25 il sonra eşidir. 1972-ci ildə onun adına Stokholmdan xüsusi məktub gəlir. Nobel Komitəsi alimə müraciət edərək özü haqqındakı bütün məlumatları komitəyə çatdırsın. Topçubaşov da özü haqqında sənədləri toplayaraq komitəyə göndərir. O, bu mükafatı köməkçisi olan cərrah Qəhrəman Qəhrəmanovla birgə almalı idi. Lakin erməni siyasəti öz işini görür. Buna görə də Nobel mükafatını Topçubaşova vermirlər. O zaman SSRİ Səhiyyə Nazirliyində çoxlu erməni çalışırmış.

"Bəzən əlindəki açarı, yaxud gözündəki eynəyi axtarırdı”

Qızının yazdığına görə, Mustafa bəy daim dalğın görünür, sanki həmişə harasa tələsirdi: "Fikri klinikada xəstələrinin yanında qalırdı, ya da hansısa elmi məsələlərlə məşğul olduğu vaxtlar yaddaşsız insan təsiri bağışlayırdı. Bəzən əlindəki açarı, yaxud gözündəki eynəyi axtarırdı. Ancaq peşəkar yaddaşı heç zaman onu çətin vəziyyətdə qoymurdu. Bəzən yaxın adamlarının adlarını belə unutduğu halda, 15-20 il qabaq müalicə elədiyi xəstəni yaxşı xatırlayırdı. Dostları çox idi. Üzeyir Hacıbəyov, Bülbül, Müslüm Maqomayev, Süleyman Rüstəm, Səməd Vurğun atama böyük hörmət bəsləyirdilər. Dostları, qohumlarımız da bilirdilər ki, Mustafa bəy iş başındadırsa, yaxud iş masasının arxasına keçibsə, heç nə onun fikrini yayındıra bilməz. Azdanışan idi. Telefonla çox danışmağı isə heç xoşlamazdı. Masasına toxunulanda, səliqəsi pozulanda, nəyi isə axtarıb tapmayanda səbirsiz olurdu. Əslində sakit təbiətli insan idi”.
Reyhan Topçubaşova həyat yoldaşı haqqında "Xatirələr”ində belə yazırdı: «…ətrafında hər zaman onlarca insan dolaşar, amma o, içinə qapanan biri kimi düşüncə və planlarını daim özündə saxlayar. Öyünülməyə nifrət edər. Vətənə və millətə sevgi və xidmət haqqında danışmaz, bununla birlikdə bütün həyatı sevgidən ibarətdir”.
Qəhrəmanımız həyatının son gününə qədər - 1981-ci ilin 22 noyabrınadək həyatını insanlara sevgi ilə yaşayıb…
Lalə MUSAQIZI
P.S. Yazı İnternet materialları əsasında hazırlanıb.

banner

Oxşar Xəbərlər