• çərşənbə axşamı, 19 mart, 09:40
  • Baku Bakı 8°C

TEATRŞÜNAS HARADA İŞLƏYƏ BİLƏR?

14.02.19 11:45 3997
TEATRŞÜNAS HARADA İŞLƏYƏ BİLƏR?
2008-ci il idi. Tələbə adını qazanmışdıq, ancaq hara daxil olduğumuzun fərqinə varmırdıq. Bircə onu bilirdik ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq” ixtisasında təhsil alacağıq. Universitetə daxil olana qədər anam bir neçə dəfə məni Abdulla Şaiq adına Dövlət Kukla Teatrına və Akademik Milli Dram Teatrına aparmışdı. Teatr haqqında düşüncəm Ələkbər əminin (Ələkbər Hüseynov) əlinə Kukla götürüb, bizi güldürməsi, əyləndirməsi qədər dar çərçivədə idi. Teatr mənim üçün qapalı bir qutu idi.
"Nə, Teatrşünaslıq?”
Qrupumuzda 3 qız,12 oğlan vardı. Qızlarımız aparıcı olmaq eşqi ilə bu ixtisasa qəbul olmuşdular. Dəqiq xatırlayıram, ilk dərs günü kurs rəhbərimiz teatrşünas, professor Məryəm Əlizadə bizə "Qrupda kim teatrşünas olmaq və bu sənəti axıra qədər davam etdirmək istəyir?” deyə sual vermişdi. O gün Məryəm Əlizadənin baxışlarındakı o kədər, təəssüf hissi hələ də gözlərimin önündən getmir. Çünki qrupda içi mən qarışıq heç birimizin əli yuxarı qalxmamışdı. Elə bu anda Məryəm xanım ikinci sualını verdi: "Axı, sizin burda nə işiniz var?”. Təhsil aldığım ilk 2 il bu sual beynimin içini gəmirdi. "Mənim burda nə işim var?”. İxtisasımın adını eşidən qohum-əqrəbalarımızın ilk sualı bu olurdu: "Qurtarıb, nə işləyəcəksən”?, "Aktrisa olacaqsan?”. Müəllimlərimdən öyrəndiyim məlumatları onlara olduğu kimi çatdırmağa çalışırdım. "Bilirsiniz, əslində, bu çox maraqlı və bir o qədər dərin sənətdir. Teatrşünaslıq teatrda yaşanan prosesləri təhlil edən elmdir”. O zaman ikinci bir sual gəlirdi "Yaxşı, bəs, oxuyub qutardıqdan sonra nə olacaqsan?”. O vaxt teatrşünaslıqdan anlayışı olmayan qohumların sözünü qəribçiliyə salırdım.
Bəxtəxuda oxuyuruq
Qrupdakı oğlanlarımız "kişidir, əlinin sənədi olsun” deyə bu ixtisasda təhsil alırdı. Onlar "bəxtəxuda oxuyuruq” deyə elə tələbə vaxtlarından başqa sənət axtarışına çıxmışdılar. Qızlarımız da ki, məlum məsələ. Məryəm xanımın sualını özümə təkrar-təkrar verərək, get-gəl, iki ilimi keçirdim.
Bir dəfə Məryəm Əlizadə "sizin teatr haqqında fikrinizin formalaşması üçün teatr mühiti ilə sıx əlaqə olmağınız vacibdir” - deyib bizi axşam YUĞ Teatrının qarşısında gözləyəcəyini dedi. Həmin gün axşam bizi Vaqif İbrahimoğlunun rəhbərlik etdiyi "YUĞ” Teatrına apardı. YUĞ-un o kiçik səhnəsində "Mən, MəhəmmədFüzuli..." tamaşasına baxdıq. Məryəm xanım tamaşanı bizə daha da dərindən açmaq üçün tamaşada Füzulinin"ekzistensionalməsələləri yaradıcımaterial kimi” önə çəkildiyini dedi. O gündən sonra ekzistensionalsözünü araşdırmağa başladıq. Çünki bu terminlər, tamaşada yaşananlar bizdə tam yad idi. Açıq deyim ki, tələbələrimizin yarısının elə ilk gündən teatra olan sevgisi ölmüşdü. O gündən sonra bir də ayaqları heç bir teatra tərəf yol almadı. Yerdə bir neçə tələbə qalmışdıq. Ancaq mənə nə Məryəm xanımın danışdığı o psixosof teatr, nə də tamaşadan sonra olunan müzakirələr maraqlı gəlirdi. Çünki o tamaşada Füzulinin daxili aləminə səyahət etmişdim. Mənim o gün teatr haqqında fikirlərim dəyişmişdi. Çünki mən o gün Füzulinin özünü görmüşdüm.
Zamanla açılan səhifə
Siz zamanla insanın birinə və hər hansı bir sənətə yaranan sevgisinə inanırsınızmı? Mən inanıram, çünki "Teatrşünaslıq” ixtisası mənim üçün maraqlı, fərqli bir dünyaya açılan qapı idi. Bu dünyadan həyat pəmbə rəngdədir. Kurs işləri, təqdimatlar gün ötdükcə daha maraqlı gəlməyə başladı və teatrda məni özünə çəkən başqa bir qüvvənin olduğuna inandım. Kulis arxası, tamaşadan öncə və sonra aktyorların yaşadığı həyəcan, qrim otağı, səhnə arxasında yaşanan proseslər bir nağıl idi. Gün keçdikdə "Mənim burda nə işim var?” sualını özümə daha az verməyə başladım. Onun yerini "nə yaxşı ki” tutmuşdu. 4-cü kursda oxuyanda isə artıq məni başqa bir sual maraqlandırırdı. Bu il bizim ixtisası 15 nəfər bitirəcək. Bir neçə aydan sonra bu ixtisasla harada işləyəcəm? Ümumiyyətlə "Teatrşünas” haralarda işləyə bilər? Hər il 15-20 nəfərə teatrşünas diplomu verən Universitetə maraqlıdırmı ki, məzunları harada çalışacaq? Ümumiyyətlə, bu sənət üçün hər hansı müəssisədə və qurumda iş yeri varmı? Əgər Universitet hər il bu qədər tələbəyə diplom verirsə, yəqin ki, onların harada necə işləyəcəyini də düşünür. Yoxsa "al diplomunu, get başına çarə qıl” deyəcəkləri ağlımın ucundan da keçməzdi. Mən demirəm ki, tələbə yoldaşlarım teatrın bilicisi idilər. Onların bir qismi bu 4 il ərzində teatrı sevməyə, onu olduğu kimi qəbul etməyə başlamışdılar. Hətta aralarında magistr təhsili alanlar da oldu. Ancaq bu teatr deyilən mədəniyyət ocağında onlara bir iş tapılmadı ki, tapılmadı. Teatrların direktorları deyir ki, burada ancaq aktyor, rejissor üçün ştat var.
Bilmək ağır söhbətdir
Teatrlarda teatrşünasın işləyə biləcəyi vur-tut iki ştat var. Biri ədəbi hissə müdiri, digəri isə mətbuat katibi. O ştatlar da tədricən jurnalistlərin, filoloqların, yazarların nəzarətinə keçir. Xub, çox pakizə. Soruşacaqsınız ki, bəs, niyə? Niyəsini bilmirəm, bilsəm də, demərəm, ancaq bircə onu deyə bilərəm ki, elə bilirsiz teatra şünas lazımdır? Axı, teatrlara rəhbərlik edən kəslər hər şeyi hamıdan yaxşı bilənlərdir. Teatrşünasa nə hacət? Axı, bilən adam hər şeyə ləbbeyk deməyəcək. Bilən adam ağı qara, qaranı ağ görə və göstərə bilməyəcək. Əşi, bilmək ağır söhbətdir, qədim hind vedalarında deyildiyi kimi, bilmək böyük başağrısıdır.
"Teatrşünaslıq” diplomunu əlinə alıb qapı-qapı media qurumlarının qapısını döyən dostlarım da az olmadı. Onlara bir cavab verildi: "Bura ciddi media qurumudur, "Teatrşünas” diplomu ilə jurnalist işləmək istəyirsiniz?”. Təəssüf ki, o gənclərə özlərini realizə etmələri üçün nə bir imkan, nə də meydan verilmədi. Tələbə yoldaşlarımızla görüşəndə bir müzakirə mövzumuz olurdu – "Teatrşünas harda işləməlidir?”. Mətbuat orqanlarında, mediada işləmək üçünsə onlardan jurnalistika diplomu və ən azı 2 il iş təcrübəsi tələb edirlər. Məhz bu səbəbdəndir ki, qrupumuzdakı 15 nəfərdən yalnız bir nəfər (bəndəniz) teatrşünas olaraq yoluma davam etdi.
Sizə haqq olur...
İndi bizdən əvvəl və bizdən sonra bu ixtisası bitirən tələbələri küçədə, yolda, getdiyim müxtərif idarələrdə işçi kimi görürəm. Onların heç biri bu ixtisası davam etdirmədi. Nəzərlərindəki "Ailəmi necə dolandırardım? Harda işləyərdim?”- deyə sual dolu baxışları mənə yaxşı tanışdır. Belə vaxtlarda diplom aldığım gün özümə verdiyim sual yadıma düşür: "İndi oxudum, qutardım, nə olacağam?”.
Bu gün teatr direktorlarının müsahibələrini oxuyanda onların teatrşünaslardan gileyli olduğunu görürəm. Bilixtiyar məndə sual yaranır, siz nə vaxt teatrşünaslara qucaq açdınız, nə vaxt onlara meydan verdiniz ki, indi giley-güzar edirsiz. İndi şou müxbirlərinin əlindən yaxa qurtara bilmirsiniz? Açığı, elə sizə haqq olur.
Məhz bu kimi səbəblərdən teatr haqqında yazıların əksəriyyətini şou, qalmaqal müxbirləri hazırlayır. Ona görə də bizim teatrlarımız haqqında yazılan yazılar şou xarakterlidir, teatr şou yazanların yadına ancaq qalmaqallar olanda düşür. Teatr premyeralara tamaşa haqqında yazmağa barmaqla sayılası mədəniyyət yazarından başqa müxbir dəvət edə bilmir. Çünki bilir ki, başqa müxbiri çağırsa, gəlib aktrisanın tumanından yazacaq. "18+ tamaşa göstərildi” başlıqlı yazılar verəcək. Həmin o yazarlar tamaşaya baxandan sonra press-relizi qəzetə, yaxud sayta köçürməklə kifayətlənəcək. Əlbəttə ki, bu da sizi qane etmir. Məhz bu səbəbdəndir ki, teatr camesinin nümayəndələri "teatrşünas yazıları” görmək istəyirik deyib durublar. Əzizlərim, teatrşünas yazıları görmək üçün, o teatrşünasın yetişə biləcəyi sağlam mühit və qazanclı iş lazımdır.
Bir dəfə teatrşünas Elçin Cəfərovun "Siz kimin dostusunuz?” yazısında belə bir fikirlə qarşılamışdım: "Mediada son dönəmlər teatra həsr olunmuş verilişlərə və yazılan bir para yazılara nəzər salanda şəxsən məndə belə bir sual yaranır: Axı, bunlar nə istəyir? Qalmaqal, bir neçə proqramlıq "qızardılmış informasiya”, ağıllı görünmək, ya nə?.. Ən maraqlısı da odur ki, əttökən yanaşmaları ilə teatrı ittiham edən "jurnalist”lərin teatr sənətindən, ümumiyyətlə, xəbərləri yoxdur. Bir çoxları axırıncı dəfə haçan, hansı teatrın hansı tamaşasına baxdıqlarını belə xatırlamayan bu "teatr təəssübkeşləri” nə haqla və hansı intellektual səviyyə ilə teatr mövzusunda məhkəmə (bəlkə də həngamə kəlməsi daha çox yerinə düşərdi) qurmaq iddiasına düşüblər?! Axı, teatr sənətinin və teatr sənətçilərinin gözdən salınmasına yönəlmiş bu sayaq kampaniyalar mediaya və ya ictimaiyyətə nə verəcək? Və, ümumiyyətlə, mediada və ictimaiyyətdə yaranan bu münasibətin əsası nədədir?”.
Elçin Cəfərov, əsas odur ki, bu gün teatrdan yazan jurnalist həmkarlarımın bu sənət haqqında o qədər də anlayışı yoxdur. Onlar redaktorların "teatrları vurun”, yaxud daha konkret, "filankəs bəhmənkəszadəni sürüyün” komandası ilə bu şərəfli peşədən yumşaq desək, çox yumşaqcasına istifadə edirlər. Əslində, bu məsələdə onları da qınamıram. O komandanı verən Komandirləri də qınamıram. Ümumiyyətlə, heç kəsi qınamıram və söhbətin bu qınaqsız yerində yazımı yekunlaşdırıb, gedirəm Zəlimxan Yaqubun "Sizi qınamıram” şeirini oxumağa.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər