Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?
Daha bir mövsümün sonuna
gəldik. Bu mövsüm də ənənəvi olaraq teatrdan yazan qələm əhli arasında sorğu
keçirdik. İncəsənət sahəsinin ən çətin qolu olan və müasir dövrdə teatrı
öz ayaqları üzərində tutmağa çalışan sözün əsil mənasında
"teatr fədailəri”-teatrlarımızın mətbuat katiblərinin iş strukturunu qiymətləndirməyə
çalışdıq. Belə ki qələm əhli mövsüm ərzində
onlarla daha fəal çalışan, sualları zamanında cavablandıran, teatrda
gedən prosesləri mediaya çatdıran mətbuat katiblərinin adlarını qeyd
etdilər.
Teatro.az
saytının həmtəsisçisi, baş redaktoru Vidadi Qafarov bizimlə
söhbətində yeni yaradılan teatr kontingentini bir araya toplamağa çalışan Teatro.az
saytının iş prinsipi yeni olsa da mətbuat katibləri ilə sıx əlaqə
saxladıqlarını bildirdi: "Saytımız yeni yarananda mətbuat katibləri ilə əlaqə
saxlayıb, onlardan saytımızın mail ünvanına press-relizləri və premyeralarla
bağlı məlumatlandırmalarını xahiş etmişdik. Mövsüm ərzində bizimlə daha çox
Bakı Uşaq Teatrının mətbuat katibi Leyla Həşimova, Akademik Musiqili Teatrın
mətbuat katibi Fəridə Rüstəmova, Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı," Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova mütəmadi şəkildə çalışdı. Bu mövsüm onları mövsümün ən fəal mətbuat xidməti adlandıra bilərəm”.
"Ədalət”
qəzetinin köşə yazarı Etibar Cəbrayıloğlu mövsüm sonunda mətbuat
xidmətinin rəhbərlərini belə dəyərləndirdi: "Daha bir teatr mövsümünün sonuna
gəldik. Deməli, teatrların mətbuat xidmətində çalışan dostlarımızın işinə
qiymət vermək zamanıdır. Fikrimcə, mətbuat xidmətinin rəhbəri həm də çalışdığı
teatrın sözün əsl mənasında təəssübkeşi olmalıdır. Bu baxımdan Dövlət Kukla Teatrının
mətbuat xidmətinin rəhbəri Həmidə xanımın fəaliyyətini müsbət dəyərləndirirəm.
Akademik Musiqili Teatrın da media ilə əlaqələri doğru qurulub. Narazı qaldığım
məsələləri çox açıb ağartmaq istəməzdim. Sadəcə onu deyim ki, Akademik Rus Dram
Teatrı kimi çox peşəkar bir kollektivin işinin daha yaxşı təbliğ olunmasını
istərdim. Yeni mövsümdə görüşənədək”.
Mədəniyyət
qəzetinin yazarı Gülcahan Mirməmməd mövsümün
ən fəal mətbuat katibini seçərkən bölgülərdən istifadə etdi: "Builki mövsüm
sonu üçün mətbuat katiblərini 3 kateqoriyaya ayırmaq olar. İlk olaraq onlardan
soruşmasan da, sənə gərək olanları mütləq tapıb deyənlər. İkincisi də soruşsan,
daha çox özlərinə gərək olan kimi cavab verənlər. Üçüncüsü isə soruşsan da, cavab verməyənlər. Birinciyə Opera
və Balet Teatrı, Musiqili Teatr, Kukla Teatrı, Bakı Uşaq Teatrı, Beynəlxalq
Muğam Mərkəzi, ikinciyə Akademik Milli Dram Teatrı, Rus Dram Teatrı, Teatr
Xadimləri İttifaqı, Filarmoniya, hərdən də Gənc Tamaşaçılar Teatrı, üçüncüyə
isə hərdən Gənc Tamaşaçılar Teatrı, bir
də Bəstəkarlar İttifaqı aiddir. Digər yaradıcılıq ittifaqları və ya yaradıcılıq
birlikləri ilə işgüzar münasibətim olmayıb deyə, xarakterizə edə bilmədim.
Təbii ki, birinciləri çox sevirəm, ikincilərlə yola gedirəm, üçüncülərə qarşı
işlə bağlı yaxşı münasibətim yoxdu”.
Azərtacın
informasiya agentliyinin bölmə müdiri Ceyhun Alışlı bu mövsüm
ölkə teatrları yaxşı fəaliyyət göstərdiklərini bildirdi: "Demək olar ki, bütün
sənət ocaqları işlərinin öhdəsindən gələ bilib. Teatrlar və digər mədəniyyət
ocaqlarının mətbuatla əlaqəli şəxslərinin iş prinsipinə gəldikdə, o da yüksək
qiymətləndirilməlidir. Çünki teatrların mətbuat xidmətlərinin rəhbərləri son
vaxtlar çalışdıqları qurumların təbliğatına səy göstərmək və teatrın
fəaliyyətini daha geniş tamaşaçı auditoriyasına çatdırmaq üçün mətbuatla sıx
işləyiblər. Əlbəttə ki, işin bu səviyyədə qurulması təqdirəlayiqdir. Hər bir
sənət ocağına gələcək fəaliyyətdə uğurlar arzulayıram”.
Yazıçı,
"525-ci qəzet”in müxbiri Şahanə Müşfiq isə bu mövsüm ərzində
teatrlarla sıx əlaqədə qurmağa çalışdıqlarını bildirdi: "Teatrların mətbuat
xidmətlərinin əməyini də gözardı etmək olmaz. Ümumiyyətlə deyə bilərəm ki, son
illərdə teatrlarımızda canlanma müşahidə olunur. Xüsusən mediayla əlaqədə. Bu
il bilavasitə işlədiyim və ümumən müşahidələrimə əsasən deyə bilərəm ki, ən
aktiv olanlar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətinin
rəhbəri Fəridə Rüstəmova, A.Şaiq adına Kukla Teatrının mətbuat xidmətinin
rəhbəri Həmidə Nazimqızıdır. Bu siyahıya Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallını da əlavə edə bilərik.
Cavid artıq bir neçə ildir ki, bu vəzifəni yüksək şəkildə icra edir və teatrla
mətbuatın qarşılıqlı əlaqələrinin formalaşmasında mühüm rola sahibdir. Bu il
Gənc Tamaşaçılar Teatrına yeni mətbuat xidmətinin rəhbəri təyin olundu: Pərvin
Nurəliyeva. Pərvin xanımın gəlişiylə teatrın həyatında canlanma müşahidə
olundu. Həm özü ayrı-ayrı tamaşalardan yazılar yazır, müsahibələr hazırlayır,
həm də biz media nümayəndələrini məlumatlandırır, teatrlara cəlb edir. Teatrın
sosial mediada aktivliyinə də bilavasitə nəzarət edir. Onun əməyini də yüksək qiymətləndirirəm.
Media ilə əlaqədə bu il düşünürəm ki, Opera və Balet Teatrı və Pantomima Teatrı
zəiflik nümayiş etdirdilər. Hər iki teatrda çox yüksək işlər görülür. Həmin
işlərin fonunda mətbuatla əlaqələri düşünürəm ki, zəifdir. Bölgə teatrlarından
isə Qazax Dövlət Dram Teatrının işini yüksək qiymətləndirirəm. Bütün teatr
işçilərinə xoş istirahətlər, yeni mövsümdə isə yeni-yeni uğurlar arzu edirəm!”.
"Yeni Müsavat” qəzetinin mədəniyyət yazarı Xalidə Gəray qeyd etdi
ki, mövsüm ərzində teatrlarımızda əsasən
sosial şəbəkələrdə aktivlik nümayiş etdirərək mətbuatla iş prinsipində bir qədər zəiflik müşahidə
olundu: "Bu mövsüm də teatrlarda yeni tamaşalar səhnəyə qoyuldu. Təbii ki, baş
verən hər bir yeniliyi əksərən mətbuatdan öyrənir, bəzi informasiyaları sosial
şəbəkələrdən alırdıq. Bu baxımdan teatrların mətbuat xidmətlərinin fəaliyyəti
danılmazdır. Adəti üzrə bu dəfə də davamlı olaraq Akademik Musiqili Teatrın
mətbuat xidməti çox aktiv çalışdı. Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə
Rüstəmova həm mətbuat orqanları ilə sıx çalışdı, həm də sosial şəbəkələrdə
kifayət qədər aktivlik nümayiş etdirərək, informasiyaları diqqətə çatdırdı. Bu
mənada Fəridə xanımın həm də teatrın işini çox yüksək qiymətləndirirəm.
Həmçinin Abdulla Şaiq adın Kukla Teatrı da bu mövsümdə çox fəal çalışdı. Teatr
mütəmadi olaraq xüsusi günlərdə konsert proqramları ilə çıxış etdi, xeyriyyə
tədbirləri keçirdi, tamaşaları ilə həm böyükləri, həm də uşaqları sevindirdi.
Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova hər zaman olduğu kimi
jurnalistlərlə səmimi, fəal əməkdaşlığına davam etdi, həm teatr, həm də teatrın
nəzdində fəaliyyət göstərən "Oyuq” teatrının gördüyü işlər barədə bütün
informasiyaları ictimaiyyətə çatdırmağa çalışdı. Beləliklə, hər zaman mətbuatla
yaxından əməkdaşlıq edən teatrlar öz missiyasını qorudu, eləcə də əksinə,
medianın radarlarından uzaq düşən teatrlar öz ampluasında davam etdilər.
Məsələn, Opera və Balet Teatrında vaxtaşırı hansı tamaşalar qoyulduğu, teatrın
həyatında hansı yeniliklər olduğunu nə mətbuatdan, nə də sosial şəbəkələrdə duya
bilmədik. Ümumiyyətlə bu teatrın mətbuat ilə əməkdaşlığı çox aşağı
səviyyədədir, bəzən isə heç olmur. Teatr yalnız ara-sıra qalmaqalları ilə
mətbuatda gündəmə gəlir. Pantomima Teatrı da bu mövsümdə xeyli aktivlik nümayiş
etdirdi, möhtəşəm yubiley tədbiri keçirdi və sairə. Eləcə də Akademik Milli
Dram Teatrı da bu mövsümdə mətbuat ilə zəif işlədi desək, yəqin ki,
yanılmarıq”.
Report.az
saytının müxbiri Ruhanə Mirzəyeva deyir ki, teatrların mətbuat katibləri
arasında sualları ən tez cavablandıran Abdulla Şaiq adına Dövlət Kukla Teatrının
mətbuat katibi Həmidə Rüstəmova, Milli Dram Teatrının mətbuat katibi Cavid
Zeynallı və Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova olub: "Göndərilən
press-relizlərə gəldikdə isə birinci yerdə Milli Dram Teatrının mətbuat katibi
Cavid Zeynallıdır. Digər mətbuat katiblərinin göndərdikləri xəbəri oxuyarkən
isə çox düzəlişlər etmək məcburiyyətində qalırıq. Məsələn ya nağılvari bir xəbər göndərirlər, ya
da teatrın direktorunun az qala uşaqlıqdan aldığı bütün titulları mənasızca
sıralayırlar. Əvvəl Gənc Tamaşaçılar Teatrının mətbuat katibləri ilə hər şey
qaydasında idi. Yeni təyin olunan mətbuat katibi isə elə düşünür ki, Gənc Tamaşaçılar
Teatrı "pentaqondur” və biz onu dağıtmağa çalışırıq. Mətbuat katibinin vəzifəsi
sualları operativ cavablandırmaqdır. Pərvin xanım isə ona verilən suallara
"möhürlənmiş sorğu göndərin” deyə gülünc cavablar verir. Şuşa Teatrının yeni
binası təhvil verildi, ancaq onlardan da bir səs yoxdur. Mətbuat katibləri
demişkən, Rəssamlar və Memarlar İttifaqı kimi qurumlarda biabırçı vəziyyətdir.
Zəng edirsən bir sualı katibəyə 5 saat izah edə bilmirsən, o isə öz növbəsində
çatdırarıq deyib sizi loru dilində desək "yola verir”. Çünki bu qurumların
mətbuat katibləri yoxdur. Ancaq fövqəladə vəziyyət yarananda yada düşür ki,
belə qurumlar var”.
Atv
səhər verilişinin müxbiri, mədəniyyət yazarı Əli Novruzəliyev bildirdi ki,
"Atv səhər” verilişi olaraq daim teatrlarımızı diqqətdə saxlamağa çalışıb: "Bu
mövsüm də teatrlarımızdan maraqlı süjetlər hazırladıq. Bəli, artıq mövsümün
sonuna yaxınlaşırıq. Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat
katibinin işini yüksək qiymətləndirirəm. Təcili də lazım olsa bizə yarım saat
içərisində şərait yaradıblar ki, müsahibə alaq. Bu teatrdan əlavə Akademik
Milli Dram Teatrı, Kukla Teatrı, Gənc Tamaşaçılar teatrının da adını çəkə
bilərəm.
İrəvan Teatrı haqda
dəfələrlə süjet hazırlamaq istəsək də alınmayıb. Səbəbi bizə də qaranlıq qalıb.
Həm də bu teatrın yenilikləri haqda heç bir saytlarda məlumat görməmişik. Bu da
yəqin ondan irəli gəlir ki, İnşallah inanırıq ki, yeni mövsümdən bütün teatrlar
ilə qarşılıqlı əməkdaşlığımız olacaq. Bu da yəqin ondan irəli gəlir ki, teatrın
mətbuatla əlaqələri zəifdir”.
Bəli, beləliklə teatrlarımızın mütəmadi olaraq
çalışdıqları teatrlar və onların mətbuat katibləri ilə həmsöhbətimizin sonda
bir çoxları isə adlarının qeyd olunmasını istəmədilər, ümumi olaraq fikirlərini
bildirərək sorğuda iştirak etməkdən imtina etdilər. Onlardan bəziləri mövsüm
ərzində Akademik Rus Dram Teatrının mətbuat katibi olmadığını, bunun üçün əlaqə
yaradarkən çətinlik çəkdiklərini, digər bir qismi isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının yeni direktorundan bu günə qədər bir kəlmə də olsa açıqlama ala
bilməməyindən gileyləndilər. Mətbuat katibi olmayan teatrlardan isə Azərbaycan
Dövlət Pantomima Teatrının media ilə yaxşı işlədiyini və teatrın direktorunun
mütəmadi olaraq media nümayəndələrini məlumatlandırdığını və istənilən an ona
ünvanlanan sualları anında cavab verdiklərini söylədilər. Beləliklə, sorğumuzun
sonunda mövsüm ərzində media ilə sıx əlaqə saxlayan və ən çox çalışan mətbuat
katibi Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə
Rüstəmova, Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid
Zeynallı, Akademik Musiqili Komediya Teatrının mətbuat xidməti Fəridə Rüstəmova,
Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev, Bakı Uşaq
Teatrının mətbuat katibi Leyla Həşimova oldu. Ötən mövsüm sorğuda ön sıralarda yer alan Opera və Balet
Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın bu mövsüm adını
sadalayan çox az media nümayəndələri oldu.
Qeyd edək ki, media
nümayəndələrinin seçdiyi və iş prinsipindən razı olduqları media
nümayəndələrinin sıralanması üçün yazının müəllifi heç bir məsuliyyət daşımır.
Əziz mətbuat katibləri, sizlərin adlarınızı məhz il ərzində çalışdığınız qələm
əhli seçib. Yeni mövsümdə görüşmək ümidi ilə.
Xəyalə Rəis