• cümə, 19 Aprel, 10:57
  • Baku Bakı 13°C

Teatrlarımızdan yeni mövsümdə yeniliklər gözləyirik

03.09.19 09:15 1964
Teatrlarımızdan yeni mövsümdə yeniliklər gözləyirik
Artıq yeni mövsüm başladı. Bu mövsüm teatrlarımızda hansı yeniliklərin olacağı ilə bağlı araşdırma elədik. Öyrəndik ki, teatrlarımız cari mövsümə yeni repertuar planı hazırlayır. Amma tamaşalar yeni olsa da, eyni əsərlər və fərqli teatrların siyahısı ilə qarşı-qarşıya qaldıq. "Yenə klassik əsər və müasir baxış” – deyib, məsələyə başqa tərəfdən yanaşmağa çalışdıq.Ekspertlərimizə "teatrlarımızdan bu mövsüm nələr gözləyirsiniz” sualı ilə müraciət etdik. Fərqli cavablar almağı gözlədiyimiz halda, onlardan maraqlı istəklər eşitdik.
Sənətşünaslıq üzrə elmlər doktoru, professor, teatrşünas Məryəm Əlizadətamaşaçını öyrənməyin, onun arzu və istəklərini teatr səhnələrində realizə etməyin əsas qayə olduğunu vurğuladı: "Bu mövsüm teatrlarımızdan gözləntilərim böyükdür. Elə ana teatrımızı götürsək, orada xalq artisti Azərpaşa Nemətov kimi tanınmış sənətkarımız çalışır. O öz sənətini mükəmməl bilən bir rejissor, yaradıcı komandasının potensialına bələd olan bədii rəhbərdir. Bundan başqa, bizim Gənc Tamaşaçılar Teatrı, Akademik Musiqili Teatrı, Opera və Balet Teatrı, Kukla Teatrı və digər teatrlarımızın rəhbərləri işinin peşəkarı olan sənətkarlarımızdır. Yeni mövsümdə onlara zamanın nəbzini daha möhkəm tutmağı arzulayıram. Zaman keçir, həyatda hər şey dəyişir və belə zamanda müasirhəyatı yeni texnologiyalarsız təsəvvür etmək çox çətindir. Texnologiyalar dəyişdikcə, insanların istək və estetik tələbləri də dəyişir. Bu tələbatı, ehtiyacı insanlara yalnız teatr verməlidir. Düzdür, bu gün teatrlarımız bir qədər standartdan çıxaraq axtarış edir və yeniliklərə meyllidirlər. Bu çox gözəl haldır. Ancaq mən istərdim ki, teatrlarımız ruh yüksəkliyi ilə inkişafa doğru getsin”.
M.Əlizadə qeyd etdi ki, bölgə teatrları da öz inkişaf dövrünü yaşayır və bu mövsüm də onlardan gözləntiləri böyükdür: "Yeni teatr mövsümü başlayır. Bu mövsüm bölgə teatrlarına baş çəkəcəyəm. Çünki bölgə teatrlarında maraqlı yaradıcı proses baş verir”.
Xalq artisti Nurəddin Mehdixanlı yeni mövsümdə teatrlarımızın səhnəsində yaxşı tamaşalar, maraqlı obrazlar, qastrol səfərləri görmək istədiyini vurğuladı. O, əsas məsələnin özümüzü tanımaq və tanıtmaq olduğunu deyir: "Əsas odur ki, tamaşalarımız dünyada nümayiş olunsun, öz qazanımızda qaynamayaq, dünya teatr cameəsi bizi tanısın. Arzu edirəm ki, bu dəfə irihəcmli, ciddi materiallarla mövsümü başa vuraq. Ana teatrın səhnəsinə fərqli rejissorların dəvətini görmək istərdim. Çünki yeni yaradıcılıq istiqamətləri bizə hər zaman maraqlı olub. Çox istərdim ki, teatrlarımızda ömrünü, həyatını bu sənətə həsr etmiş yaşlı sənətkarlarımızı incitməsinlər, onların hiss və duyğularına toxunmasınlar. Hər mövsümün əvvəli və sonrası onları yaşları ilə bağlı müqavilə rejiminə keçirməsinlər. Və "siz getməlisiniz” kimi sözlərlə onların qəlbinə dəyməsinlər. Bu insanlar ömürlərini, həyatlarını teatra bağlayıblar, məhz teatrda yaşa dolub, burada qocalıblar. Əgər o aktyorların sağlamlığı, yaddaşı və təfəkkürü yerindədirsə, heç bir şey onlara mane ola bilməz. Bu gün Azərbaycan dövləti sənət adamlarına, teatrlara böyük diqqət və qayğı göstərir. Bu o insanlara olan dəyərin göstəricisidir. Onların yaşamaq imkanlarını, yaradıcılıq fəaliyyətlərini genişləndirmək deməkdir. Çox istərdim ki, hər kəs prezidentimizdən nümunə götürsün və sənətə, sənətkara bu şəkildə yanaşsın. Azərbaycan teatrı 150 yaşa doğru yol alır. Dünya mədəniyyətinin unikal parçasıdır. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, "Azərbaycanın teatrı onun milli sərvətidir”. Gəlin, bu sərvəti qoruyaq”.
Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov deyir ki, çalışdığı Bakı Bələdiyyə Teatrında yeni mövsüm üçün Nəsiminin 650 illiyi ilə əlaqədar tamaşa hazırlayır: "Mənə elə gəlir ki, bu, dahi şairin yubileyinə həm də tamaşaçılar üçün böyük hədiyyə olacaq. Nəsiminin həyatından bəhs edən film çəkilməsinə baxmayaraq, çalışmışam tamaşada elə səhnələr qurum ki, bu, filmi təkrarlamasın”.
M.Fərzəlibəyov Azərbaycan teatrının milli ənənələrlə inkişaf etdiyini və bu mövsümdə o inkişaf xətti ilə paralel olaraq yeniliklər etmək iqtidarında olduğunu bildirdi: "Hər il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti aktyor və rejissorlar yetişdirir. Çox istərdim ki, teatrlara gələn gənc rejissorlarımız xarici rejissorların kurslarına getsin, onlardan yeni nələrsə öyrənsin. Teatrda hər şey dramaturgiyadan başlayırsa, sonra onun həlli rejissora həvalə olunur. Rejissorluq böyük sənətdir, bu sənətə yiyələnmək üçünsə böyük təcrübə və təhsil lazımdır”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının müəllimi, "Yuğ” Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov deyir ki, tək bu mövsümdə yox, bütün mövsümlərdə teatrlarımızdan əsas gözləntisi peşəkarlıqdır: "O səbəbdən ki, Azərbaycan teatrı 146 ildir peşəkar teatr adlanır və bizim də onlardan peşəkar səviyyə gözləməyə tam haqqımız çatır. Daha bir təmənnam ondan ibarətdir ki, nəhayət, hər bir teatrımız öz simasını arasın, tapsın və qoruyub saxlaya bilsin. Mən müxtəlif teatrlarımızın səhnəsində müxtəlif estetikalar, fərqli sənət konsepsiyaları görmək istərdim. İstərdim ki, hər bir teatrın özünün bədii konsepsiyası, fərdi sənət yolu, özünəməxsus repertuarı olsun. Repertuar demişkən, teatrların afişalarında yeni adlara rast gəlməyi də çox arzulayıram. Axı dünya, o cümlədən Azərbaycan dramaturgiyası teatrlarımızın repertuarına "daimi qeydiyyata düşmüş” 10-15 pyesdən ibarət deyil. Çox arzu edirəm ki, teatrlarımız "məbəd-məbəd” oyununun stixiyasından uzaqlaşaraq, olimpdən çox yox, bir-iki addım aşağı düşsün, insanları, onların hisslərini, arzularını, istəklərini öyrənsin və cəmiyyətə toxunan tamaşalar hazırlasın. Arzu edirəm ki, teatr xadimlərimiz dünya teatrlarındakı yaradıcılıq prosesləri ilə maraqlansınlar, öyrənsinlər, yenilənsinlər. Məsələn, M.A.P. festivalı çərçivəsində nümayiş olunan tamaşalarda Azərbaycan teatr ictimaiyyətinin əksəriyyətini görməyi istərdim”.
E.Cəfərov qeyd edir ki, hamımıza işləməyə, özümüzü realizə etməyə və öyrənməyə şərait yaradan sağlam teatr mühiti, teatr prosesinə isə boz rəngin əlli çalarından qurtulub, rəngarəng dünyaya yelkən açmağı arzulayır: "Optimist nəslin nümayəndəsi kimi, elə hesab edirəm ki, hər yeni mövsümün başlanması bayramdır. İnanıram ki, hər şey yaxşı olacaq, hər halda əvvəlkindən daha yaxşı olacaq. Bayramınız mübarək və uğurlu oyunlar”.
Bəli, hər mövsümdə eyni istək, eyni arzuları eşidirik. Ancaq fərqli nəticəni görə bilirikmi?.. Ümid edək ki, bu mövsümdə teatrlarımızdan yeni nəfəs, yeni ideyalar, dünyada baş verən yeniliklərə adekvat reaksiya görəcəyik.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.
banner

Oxşar Xəbərlər