• cümə, 19 Aprel, 11:32
  • Baku Bakı 13°C

Teatrlarımız tətildən qayıdır

24.08.19 10:00 5144
Teatrlarımız tətildən qayıdır
Hər il yeni mövsüm başlayanda teatrlarımıza nəzər salır, bu mövsümdən olan gözləntilərimizi, istəklərimizi dilə gətirməkdən çəkinmirik. Yeni mövsüm yeni ümid, yeni arzu doğurur. Bu mövsüm də teatrlarımız ötən mövsümdən yarımçıq qalmış tamaşaları, qastrol səfərləri, premyeraları, yubiley tədbirlərini planlaşdırır və yeni mövsüm üçün illik proqram hazırlayırlar. Artıq avqust ayının son həftəsini yaşayırıq, yeni mövsümün astanasındayıq. Bunu nəzərə alıb paytaxt teatrları arasında sorğu keçirib, yeni mövsümə necə hazırlaşdıqlarını soruşduq. Aydın oldu ki, bu mövsüm bir çox teatrlarımızın yubileyi qeyd olunacaq. Bəziləri bunu dövlət səviyyəsində, bəziləri isə fərdi şəkildə keçirəcəklər.
21 sentyabr - "Qarabağnamə”
İlk olaraq Akademik Milli Dram Teatrından başladıq. Ana teatrımız hər mövsüm olduğu kimi mövsümü açmaq üçün eyni tamaşaya müraciət edib. Uzun müddətdir ki, mövsümü "Qarabağnamə” tamaşası ilə açan teatr bu il də "kişinin sözü bir olar” prinsipinə sadiq qalacaq. Belə ki, teatrın yaradıcı heyəti sentyabrın 21-də "Qarabağnamə” tamaşası ilə mövsümü açıq elan edəcək. Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Yeni mövsümün yeniliklərinə gəlincə, bu mövsüm teatrın səhnəsində Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı” pyesi əsasında hazırlanan, yeni quruluşda səhnə həlli tapan klassik bir tamaşa izləyə biləcəksiniz. Bundan başqa, teatrda ölkə başçısının imzaladığı Akademik Milli Dram Teatrının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncama əsasən, təntənəli yubiley tədbiri təşkil olunacaq. Yubiley tədbirinin oktyabrın sonları keçirilməsi gözlənilir.
19 sentyabr - "Koroğlu”
Uzun müddətdir ki, mövsümü Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı ilə açan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da bu mövsüm də ənənəsinə sadiq qalacaq. Belə ki, teatr sentyabrın 19-da Üzeyir Hacıbəylinin "Koroğlu” üçpərdəli operası ilə mövsümü açıq elan edəcək. Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq. Ötən mövsüm teatrda hazırlanan Fikrət Əmirovun "Nəsimi” baleti bu mövsüm də repertuara daxil edilib. Teatrdan aldığımız məlumata görə, tamaşa sentyabrın 22-də Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq."Nəsimi” baleti böyük şairin 650 illiyi münasibətilə yeni quruluşda ilk dəfə bu ilin mayında nümayiş olunmuşdu.
20 sentyabr - "O olmasın, bu olsun”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üçün bu mövsüm yubiley ili hesab edilir. Belə ki, sentyabrın 20-də teatr 110-cu mövsümünə başlayacaq. Həmin gün teatrda Üzeyir Hacıbəylinin ölməz əsəri "O olmasın, bu olsun” ikihissəli musiqili komediyası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.Musiqili Teatrda yeni mövsümdə Stanislav Stratiyevin "Avtobus” pyesi əsasında "Çarəsiz sərnişinlər” tamaşasının premyerası keçiriləcək. Hazırda tamaşaya Mehriban Ələkbərzadə quruluş verir. Bundan başqa, teatrın yaradıcı heyəti Xalq artisti Səid Rüstəmova, librettosu görkəmli yazıçı Məmməd Səid Ordubadiyə məxsus olan "Beş manatlıq gəlin” komediyasının üzərində məşqləri davam etdirir. Tamaşa əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda hazırlanır. Yeni mövsümdə teatr yerli və xarici əsərlərə də müraciət edəcək. Məsələn, bu il Samir Qulamovun quruluşunda "Paris Noterdam kilsəsi” tamaşası repertuara daxil ediləcək.Bundan başqa, teatrın yaradıcı heyətinin oktyabrda Albaniyaya qastrol səfəri gözlənilir. Səfər çərçivəsində Samuel Bekkertin "Qodonu intizarında” tamaşasını nümayiş etdirəcəklər.
14 sentyabr- "Milyonçu"
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı yeni mövsümdə Aleksandr Şarovskinin quruluşunda hazırlanan "Milyonçu” tamaşasını nümayiş etdirəcək. Əsərin nümayişi sentyabrın 14-nə nəzərdə tutulub. Tamaşada xalq artisti Natalya Şarovskaya, əməkdar artistlər Salman Bayramov və Fuad Osmanov, həmçinin aktyorlar Oleq Əmirbəyov, Marina Litvinenko, Zaur Terequlov və başqaları rol alacaqlar.
14 sentyabr -"Kişilər və qadınlar”
Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi mövsüm açılışı üçün repertuara yeni daxil etdikləri "Kişilər və qadınlar”-ı təqdim edəcək. A.P.Çexovun eyniadlı hekayəsi əsasında hazırlanan səhnə əsəri sentyabrın 14-də tamaşaçıların ixtiyarına veriləcək. Leyla Atayevanın quruluşunda hazırlanan tamaşada rəsmlərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur.Səhnə əsərində rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.Qeyd edək ki, A.P.Çexovun "İt gəzdirən xanım” hekayəsi əsasında 1960-cı ildə "Lenfilm” kinostudiyasında eyniadlı film də ekranlaşdırılıb. Ötən il 25 illik yubileyini qeyd edən teatrın yaradıcı heyəti bu mövsümdə digər yeni tamaşalar da hazırlamaq niyyətindədir.
15 sentyabr- "Cırtdan”
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümü "Cırtdan” tamaşası ilə açacaq. Onlar mövsümün açılışını sentyabrın 15-də edəcəklər. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmovanın sözlərinə görə, yeni mövsümdə Dədə Qorqud boylarından ibarət "Adını doğruldan oğlan” tamaşası səhnələşdiriləcək. Teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda rus nağılları əsasında "Qızıl xoruzun nağılı” tamaşasının da hazırlanması nəzərdə tutulur.
28 sentyabr- "Lənət”
Bu mövsüm yubileyini qeyd edən teatrlardan biri də Azərbaycan Dövlət Yuğ Teatrıdır. Yeni teatr mövsümündə teatrın 30 illiyi qeyd olunacaq. Onlar mövsümü sentyabrın 28-də U.Şekspirin "III Riçard" əsəri əsasında hazırlanan "Lənət” tamaşası ilə açıq elan edəcəklər. Həmin gün tamaşanın premyerası keçiriləcək. Tamaşaya bolqar rejissoru Xristo Stoyçev quruluş verib. Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov deyir ki, 30 illik yubileylə əlaqədar teatrda bir çox tədbirlər keçiriləcək. Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq yubiley tədbiri ilin sonlarına planlaşdırılır. Bununla yanaşı, teatrın qurucusu Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulur. Sənət ocağı yaxın aylarda xarici səfərlərini davam etdirəcək, tamaşaçılar üçün yeni səhnə əsərləri hazırlayacaq.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.
banner

Oxşar Xəbərlər