Teatrlarımız tətildən qayıdır
Hər il yeni mövsüm başlayanda teatrlarımıza nəzər salır, bu mövsümdən
olan gözləntilərimizi, istəklərimizi dilə gətirməkdən çəkinmirik. Yeni mövsüm
yeni ümid, yeni arzu doğurur. Bu mövsüm də teatrlarımız ötən mövsümdən yarımçıq
qalmış tamaşaları, qastrol səfərləri, premyeraları, yubiley tədbirlərini
planlaşdırır və yeni mövsüm üçün illik proqram hazırlayırlar. Artıq avqust
ayının son həftəsini yaşayırıq, yeni mövsümün astanasındayıq. Bunu nəzərə alıb paytaxt
teatrları arasında sorğu keçirib, yeni mövsümə necə hazırlaşdıqlarını soruşduq.
Aydın oldu ki, bu mövsüm bir çox teatrlarımızın yubileyi qeyd olunacaq. Bəziləri
bunu dövlət səviyyəsində, bəziləri isə fərdi şəkildə keçirəcəklər.
21
sentyabr - "Qarabağnamə”
İlk olaraq Akademik Milli Dram
Teatrından başladıq. Ana teatrımız hər mövsüm olduğu kimi mövsümü açmaq
üçün eyni tamaşaya müraciət edib. Uzun müddətdir ki, mövsümü "Qarabağnamə”
tamaşası ilə açan teatr bu il də "kişinin sözü bir olar” prinsipinə sadiq qalacaq.
Belə ki, teatrın yaradıcı heyəti sentyabrın 21-də "Qarabağnamə” tamaşası ilə
mövsümü açıq elan edəcək. Xalq yazıçısı
İlyas Əfəndiyevin "Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın
rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Yeni mövsümün yeniliklərinə
gəlincə, bu mövsüm teatrın səhnəsində Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı”
pyesi əsasında hazırlanan, yeni quruluşda səhnə həlli tapan klassik bir tamaşa
izləyə biləcəksiniz. Bundan başqa, teatrda ölkə başçısının imzaladığı Akademik
Milli Dram Teatrının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncama
əsasən, təntənəli yubiley tədbiri təşkil olunacaq. Yubiley tədbirinin oktyabrın
sonları keçirilməsi gözlənilir.
19
sentyabr - "Koroğlu”
Uzun müddətdir ki, mövsümü Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi
festivalı ilə açan Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrı da bu mövsüm də ənənəsinə sadiq qalacaq.
Belə ki, teatr sentyabrın 19-da Üzeyir Hacıbəylinin "Koroğlu” üçpərdəli operası
ilə mövsümü açıq elan edəcək. Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı
çərçivəsində təqdim olunacaq səhnə əsərində Koroğlu obrazını Əməkdar artist
Ramil Qasımov canlandıracaq. Ötən mövsüm teatrda hazırlanan Fikrət Əmirovun
"Nəsimi” baleti bu mövsüm də repertuara daxil edilib. Teatrdan aldığımız
məlumata görə, tamaşa sentyabrın 22-də Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi
Festivalı çərçivəsində təqdim olunacaq."Nəsimi” baleti böyük şairin 650 illiyi münasibətilə yeni quruluşda
ilk dəfə bu ilin mayında nümayiş olunmuşdu.
20
sentyabr - "O olmasın, bu olsun”
Azərbaycan Dövlət Akademik
Musiqili Teatrı üçün bu mövsüm yubiley ili hesab edilir. Belə ki, sentyabrın
20-də teatr 110-cu mövsümünə başlayacaq. Həmin gün teatrda Üzeyir Hacıbəylinin
ölməz əsəri "O olmasın, bu olsun” ikihissəli musiqili komediyası nümayiş
olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.Musiqili Teatrda yeni mövsümdə Stanislav Stratiyevin "Avtobus” pyesi
əsasında "Çarəsiz sərnişinlər” tamaşasının premyerası keçiriləcək. Hazırda tamaşaya
Mehriban Ələkbərzadə quruluş verir. Bundan başqa, teatrın yaradıcı heyəti Xalq
artisti Səid Rüstəmova, librettosu görkəmli yazıçı Məmməd Səid Ordubadiyə
məxsus olan "Beş manatlıq gəlin” komediyasının üzərində məşqləri davam etdirir.
Tamaşa əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda hazırlanır. Yeni
mövsümdə teatr yerli və xarici əsərlərə də müraciət edəcək. Məsələn, bu il
Samir Qulamovun quruluşunda "Paris Noterdam kilsəsi” tamaşası repertuara daxil
ediləcək.Bundan başqa, teatrın yaradıcı heyətinin oktyabrda Albaniyaya qastrol
səfəri gözlənilir. Səfər çərçivəsində Samuel Bekkertin "Qodonu intizarında”
tamaşasını nümayiş etdirəcəklər.
14
sentyabr- "Milyonçu"
Azərbaycan Dövlət Akademik
Rus Dram Teatrı yeni mövsümdə Aleksandr Şarovskinin quruluşunda hazırlanan
"Milyonçu” tamaşasını nümayiş etdirəcək. Əsərin nümayişi sentyabrın 14-nə
nəzərdə tutulub. Tamaşada xalq artisti Natalya Şarovskaya, əməkdar artistlər
Salman Bayramov və Fuad Osmanov, həmçinin aktyorlar Oleq Əmirbəyov, Marina
Litvinenko, Zaur Terequlov və başqaları rol alacaqlar.
14 sentyabr -"Kişilər və qadınlar”
Azərbaycan Dövlət Pantomima
Teatrının yaradıcı kollektivi mövsüm açılışı üçün repertuara yeni daxil
etdikləri "Kişilər və qadınlar”-ı təqdim edəcək. A.P.Çexovun eyniadlı hekayəsi
əsasında hazırlanan səhnə əsəri sentyabrın 14-də tamaşaçıların ixtiyarına
veriləcək. Leyla Atayevanın quruluşunda hazırlanan tamaşada rəsmlərin quruluşu
Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə
məxsusdur.Səhnə əsərində rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan
Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və
Beyrək Rüstəmov canlandıracaq.Qeyd edək ki, A.P.Çexovun "İt gəzdirən xanım” hekayəsi əsasında 1960-cı ildə
"Lenfilm” kinostudiyasında eyniadlı film də ekranlaşdırılıb. Ötən il 25
illik yubileyini qeyd edən teatrın yaradıcı heyəti bu mövsümdə digər yeni
tamaşalar da hazırlamaq niyyətindədir.
15
sentyabr- "Cırtdan”
Abdulla Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrı mövsümü "Cırtdan” tamaşası ilə açacaq. Onlar mövsümün
açılışını sentyabrın 15-də edəcəklər. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə
Rüstəmovanın sözlərinə görə, yeni mövsümdə Dədə Qorqud boylarından ibarət
"Adını doğruldan oğlan” tamaşası səhnələşdiriləcək. Teatrın baş rejissoru
Qurban Məsimovun quruluşunda rus nağılları əsasında "Qızıl xoruzun nağılı”
tamaşasının da hazırlanması nəzərdə tutulur.
28 sentyabr-
"Lənət”
Bu mövsüm yubileyini qeyd edən teatrlardan biri də Azərbaycan Dövlət Yuğ Teatrıdır. Yeni
teatr mövsümündə teatrın 30 illiyi qeyd olunacaq. Onlar mövsümü sentyabrın 28-də
U.Şekspirin "III Riçard" əsəri əsasında hazırlanan "Lənət”
tamaşası ilə açıq elan edəcəklər. Həmin gün tamaşanın premyerası keçiriləcək. Tamaşaya
bolqar rejissoru Xristo Stoyçev quruluş verib. Teatrın ədəbi hissə müdiri Elçin
Cəfərov deyir ki, 30 illik yubileylə əlaqədar teatrda bir çox tədbirlər
keçiriləcək. Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq yubiley tədbiri
ilin sonlarına planlaşdırılır. Bununla yanaşı, teatrın qurucusu Vaqif
İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbirlərinin
keçirilməsi də nəzərdə tutulur. Sənət ocağı yaxın aylarda xarici səfərlərini
davam etdirəcək, tamaşaçılar üçün yeni səhnə əsərləri hazırlayacaq.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin
formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi
çərçivəsində hazırlanıb.