• cümə axşamı, 28 mart, 21:52
  • Baku Bakı 13°C

Teatrlarımız ilin yekun hesabatlarını verdilər

27.12.18 12:30 1925
Teatrlarımız ilin yekun hesabatlarını verdilər
2018-ci ili yola salmağımıza 4 gün qalıb. "Teatr əlavə”mizin növbəti sayını isə artıq 2019-cu ilə hazırlamış olacağıq. 2018-ci il mədəniyyət ocaqlarında, xüsusən də teatrlarımızda bir çox hadisələrlə yadda qaldı. Qalmaqallar, kadr dəyişiklikləri, yeni repertuar və s. Bu il itkilərimiz də az olmadı.
Biz də ilin son günlərində teatrlarımızın mətbuat xidmətləri ilə əlaqə saxlayaraq, onlardan 2018-ci ili necə yola saldıqlarını və bu ildə hansı layihələrə imza atdıqlarını xəbər aldıq. Onlardan yeni ildəki planlarını da soruşduq. Hərçənd ki, qalmaqal və bir sıra məsələləri qabartmaq istəməyən teatrların sözçüləri il ərzində baş tutan premyeraları, festival və qastrol səfərlərini sadalamaqla kifayətləndilər.
İli 9 tamaşa ilə yola saldıq
2018-ci il Akademik Milli Dram Teatrı üçün uğurlu premyeralar, müvəffəqiyyətli qastrol səfərləri ilə yadda qalıb. Bu barədə danışan Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirdi ki, teatrda yaradıcı əhval il boyu yüksək səviyyədə olub, tamaşalar istər böyük, istərsə də azyaşlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb: "Teatr təkcə yaradıcı məkan deyil, eyni zamanda kassaya üz tutan tamaşaçı deməkdir. Sevinirəm ki, bizim tamaşaçı repertuardakı uğurlu tamaşaları görür, ətrafdakı insanlardan müsbət rəylər eşidir və öz gözləri ilə görmək üçün yollarını kassadan salır. İl ərzində Akademik Milli Dram Teatrında 9 tamaşa hazırlanıb: "Sinif yoldaşları”, "Ah, bu uzun sevda yolu”, "Buratino”, "Manqurt”, "Bir, iki, bizimki”, "Gəl baharım, gəl yazım”, "Qəribə, çox qəribə əhvalat”, "Şah Qacar” və "Ninza tısbağalar”. Rusiya-Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan "Sinif yoldaşları” tamaşası Rusiyanın məşhur yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı əsəri əsasında hazırlanıb. Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Əli Əmirlinin eyniadlı əsəri əsasında qurulan "Ah, bu uzun sevda yolu” tamaşası isə Mikayıl Müşfiqin 110 illiyinə həsr olunub. Akademik Milli Dram Teatrının kollektivi "İuda” tamaşası ilə Qazaxıstanda, "Manqurt” tamaşası ilə Qırğızıstanda və "Cəhənnəm sakinləri” tamaşası ilə Türkiyədə qastrol səfərlərində olub, tamaşalarımız beynəlxalq münasiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək, mükafata layiq görülüb. İl ərzində Balakən, Zaqatala, Qax və Şamaxıya qastrol səfərləri təşkil olunub. Yola saldığımız ildə Xalq artistləri Sofa Bəsirzadənin, Mehdi Məmmədovun, Mikayıl Müşfiqin, Tofiq Kazımovun, Həsənağa Turabovun və başqalarının yubileyləri qeyd olunub”.
Gənc Tamaşaçılar teatrının tamaşaçı problemi yoxdur
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva bizimlə söhbətində bu ilin teatr üçün son dərəcə uğurlu başladığını qeyd etdi: "2018-ci ildə Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi keçirildi. Yubiley təntənəsinə hazırlıq, yeni əsərlərin repertuara daxil edilməsi, ölkə prezidentinin sərəncamı ilə bir sıra əməkdaşlarımızın fəxri adlarla təltif edilməsi və bu kimi hadisələr 2018-ci ili teatrımızın həyatında yaddaqalan ilə çevirdi. Tamaşaçılarımız teatrın repertuarına son dərəcə maraqla yanaşırlar. Bu mövsüm Əməkdar artist Nicat Kazımovun quruluşunda hazırlanan "Bremen musiqiçiləri” və baş rejissor Bəhram Osmanov tərəfindən quruluş verilən "Don Kixot” tamaşası teatrın ən uğurlu işlərindən oldu.
Pərvin xanım son günlərini yaşadığımız 2018-ci ilin əlamətdar hadisəsi kimi yubiley tamaşasını da xüsusi vurğuladı: "Yubiley tədbirimizdə teatrımızın 90 ildə keçdiyi yola panorama baxış sərgiləndi. Vaqif Əsədovun quruluşunda hazırlanan yubiley tədbirində ölkənin, xalqın taleyi ilə sənətin taleyi paralel göstərildi.
Hazırda balaca tamaşaçılarımız üçün Elşad Rəhimzadənin quruluşunda hazırlanan "Qar kraliçası” tamaşamızın son məşqləri gedir. Hər il olduğu kimi bu il də peşəkar komandamızla birgə hazırladığımız macəra tamaşası ilə uşaqların yeni ilini təbrik edəcəyik”.
Teatrın 2019-cu il üçün repertuar planlarını vaxtından əvvəl açıqlamağı məqbul hesab etməyən P.Nurəliyeva yalnız onu bildirdi ki, növbəti ildə E.Şmidtin "Tanrıya 14 məktub” əsərinin Nicat Kazımovun quruluşunda tamaşaya qoyulması planlaşdırılır.
Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva dedi ki, 2018-ci il Opera və Balet Teatrı üçün uğurlu hesab etmək mümkündür: "Mövsüm ərzində 3 yeni tamaşasının premyerası keçirilib. İlk olaraq, Qara Qarayev və Fərəc Qarayevin "Qoyya” baletinin tamaşasını təqdim etdik. Fevral ayında premyerası keçirilən "Qoyya” baleti dahi bəstəkarımız Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuşdu. Daha sonra Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcovun "Cavad xan” baleti təqdim olunub. May ayında premyerasını keçirdiyimiz "Cavad xan” baleti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə səhnəyə qoyulmuşdu. Dekabrın 22-də Cakomo Puççininin "Manon Lesko” operasının premyerası keçirildi. Bu opera isə dahi italyan bəstəkarı Cakomo Puççininin 200 illik yubileyi şərəfinə səhnəyə qoyulmuşdu”.
Şükufə xanım qeyd etdi ki, il ərzində Opera və Balet Teatrının solistləri bir sıra ölkələrdə çox uğurlu çıxışlar ediblər: "Xalq artistləri Samir Cəfərovun, Fidan Hacıyevanın, Azər Zeynalovun, Əməkdar artistlər Afaq Abbasovanın, Gülüstan Əliyevanın, Fərid Əliyevin, Fəridə Məmmədovanın, Əliəhməd İbrahimovun, dirijorlar Əyyub Quliyev, Yalçın Adıgözəlovun, müxtəlif dünya ölkələrindəki uğurlu konsertlərini qeyd etmək olar. Gənc solistlərdən vokalçı Yəhya Mustafayev Avropa ölkələrində konsertlərdə çıxış edib. Bu yaxınlarda balet solistimiz Anar Mikayılov yeni tamaşada baş rolu ifa etmək üçün Avropaya dəvət olunub. Eyni zamanda, Opera və Balet Teatrının səhnəsində də bir sıra ölkələrdən - Rusiyanın Akademik Böyük Teatrı, Mixaylovski Teatrı və başqa teatrlarından, eləcə də Belarus, Ukrayna, Türkiyə, Gürcüstan və İtaliyadan gəlmiş sənət ulduzları çıxış ediblər. İtaliyanın Azərbaycandakı səfirliyi ilə çox maraqlı bir mədəni əməkdaşlıq proqramı həyata keçirilib. İtaliyadan dəvət olunmuş vokalçılar və dirijorlar teatrın tamaşalarında iştirak ediblər. Eyni zamanda, İtaliyadan dəvət olunmuş balet qrupu xüsusi konsertlə teatrda çıxış edib”.
Teatrın sözçüsü qeyd etdi ki, qarşıdan gələn 2019-cu ildə də teatrın planları artıq məlumdur: "Yeni ildə teatrımızın repertuar planı hazırdır. Onlardan Frans Şubertin "Dahi hekayəçi” baletini, Andersonun nağıllarını göstərmək olar. Daha sonra Qelsyat Şayqulovanın "Kleopatra” baleti yenə də səhnəyə qoyulacaq. Sergey Prokofyevin "Monastrda nişanlama” operası bu il yenə də tamaşaya qoyulacaq. Serbiya Opera Teatrı ilə bu yaxınlarda çox gözəl əlaqələrimiz yarandı. Mart ayında ilk serbiyalı nümayəndə vokalçı teatrımızın tamaşasında çıxış edəcək. Daha sonra aprel ayında serbiyalı dirijor "Toska” operasının tamaşasını idarə etmək üçün dəvət olunacaq”.
Qastrol səfərləri, tədbirlə və yeni tamaşalar
Azərbaycan Dövlət Musiqili Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova deyir ki, geridə qoyduğumuz bu ildə tamaşaçıları teatra cəlb etmək üçün müasir dövrün tələblərinə uyğun şəkildə addımlar atmağa çalışıb və buna nail olublar: "Yola saldığımız 108-ci teatr mövsümü Dövlət Musiqili Teatrı üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub. İl boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Musiqili Teatr dünyanın təqribən 20 ölkəsinin teatrlarının qatıldığı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında "Ər və arvad” komediyasını təqdim edib. Təbriz Teatrının rəhbəri, aktyor və rejissor Babək Nəhreyn 2017 və 2018-ci illərin Novruz Bayramı günlərində 2 il ardıcıl konsert proqramı ilə bizim səhnədə çıxış edib, Bakıda keçirilən İran Mədəniyyəti Günləri çərçivəsində Titovak Teatrının aktyorlarının iştirakı ilə "İlahi Komediya. Cəhənnəm” tamaşası nümayiş olunub. Ötən il teatrımız "Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyasını təqdim edərək mükafata layiq görülüb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə təqdim etdiyimiz "Nuri-didə Ceyhun” (Ə.Əmirli) tamaşasında milli səhnəmizdə ilk dəfə Ceyhun Hacıbəyli obrazının canlandırılması, "Qodonun intizarında” (F.Qarayev, S.Bekket) absurd tamaşasının premyerasının nümayişi teatr aləmində böyük əks-səda doğurub”.
Ötən teatr mövsümündə ssenarisi və quruluşu teatrın əməkdaşı Sevda Məmmədovaya məxsus olan "Əsarətdən cəsarətə” adlı tamaşası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan müsabiqədə qalib gəlib, Quba və Qusar rayonunda gənclər qarşısında nümayiş olunub. Teatrın sözçüsü xatırlatdı ki, hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer ayıran Musiqili Teatr bu il də həmin ənənəyə sadiq qalıb: "Musiqili Teatr Yeni il bayramına görə uşaqların tətil günlərində balaca tamaşaçılarımızın görüşünə Azərbaycan xalq nağılı "Cırtdan”ın motivləri əsasında gənc rejissor Ayla Osmanovanın quruluşunda hazırlanmış "Cırtdanın sərgüzəştləri” nağıl-pyesi ilə gəlir. Yeni ili dekabrın 28-dən yanvarın 6-dək davam edən şənlik-tamaşamızla qarşılayacağıq”.
Fəridə Aslanova Teatrın gələn ilki planlarından da söz açıb. Bildirib ki, növbəti ildə premyeraları nəzərdə tutulan "Balaca şahzadə” (A.S. Ekzüperi), "Çarəsiz sərnişinlər” (S.Stratiyev), "Buratino” (A.Tolstoy, A.Rıbnikov) tamaşalarının ciddi məşqləri gedir.
Bu il 4 yeni tamaşanı təhvil verdik
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova isə deyir ki, teatrlarının yaradıcılıq həyatı bu il də qaynar olub: "Ötən mövsümdə 4 yeni tamaşa təhvil verdik. Ərəb xalq nağılları əsasında hazırlanmış "Əlibaba və qırx quldur”, Ceyms Barrinin dünyaca məşhur "Piter Pen”i, "Şəngülüm, Məngülüm” kimi işlərimizi xüsusi vurğulamaq istərdim. İlin yekununu da biz yeni tamaşa ilə edəcəyik, belə ki, yeni il münasibəti ilə balacalara onların çoxsaylı müraciətləri əsasında hazırlanan "Maşa və Ayının qış nağılı”nı təqdim edəcəyik. Başa vurmaq üzrə olduğumuz il festivallarda uğurlu iştirakla da əlamətdar oldu. Teatr təmsilçilərimiz 5-14 oktyabr tarixlərində Moskva şəhərində keçirilən S.V.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında uğurla iştirak edib. 22-30 aprel tarixlərində İran İslam Respublikasının Məşhəd şəhərində baş tutan I "Cigi-Cigi” Beynəlxalq Performans və Sənət Festivalında da təmsil olunduq. 22-24 sentyabr tarixlərində Rusiya Federasiyasının Həştərxan Vilayətində keçirilən "Xəzərin sahili” adlı VI Beynəlxalq Teatr Festivalında da milli kukla sənətimizi təmsil etdik”.
Həmidə Rüstəmova bildirdi ki, yeni ilə xüsusi hazırlaşıblar: "Növbəti ilə maraqlı tamaşalar hazırlayırıq. Bu tamaşaların indidən məşqləri gedir. 2019-cu ildə hazırlanacaq tamaşaların planları tərtib olunub. Yeni təqvim ilində 4 yeni tamaşa hazırlanacaq. Yanvarın sonunda premyeramız baş tutacaq”.
3 yeni tamaşa və fəxri ad
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı üçün də bu il səmərəli keçib. Teatrın mətbuat xidmətinin rəhbəri Leyla Həşimova ötən il üç tamaşanın premyerasının keçirildiyini vurğulayıb: "Ə.B.Haqverdiyevin eyniadlı pyesi əsasında rejissor Elşən Zeynallının quruluş verdiyi "Kimdir müqəssir?” tamaşasının premyerası Dövlət Gənc Tamaşaçılar Teatrının binasında baş tutub. Daha sonra tamaşa müxtəlif məkanlarda seyeçilərə təqdim olunub. 2018-ci ilin ikinci yeni tamaşası Arzu Soltanın "Hərə olduğu kimi gözəldir” pyesi əsasında rejissor İlhamə Əhmədovanın quruluş verdiyi "Əyriqulaq dovşan” olub. Cəmiyyətdə hər kəsin bərabər münasibətə layiq olması, fərqlilərin inteqrasiyasının önəmi kimi aktual mövzuya həsr olunan səhnə əsəri bu il balacalar tərəfindən ən çox izlənilən tamaşa olub. Rövşən Ağayevin "Bir gecənin nağılı” pyesi əsasında İntiqam Soltanın quruluş verdiyi "Sevgi şimşəyi” tamaşası ilin üçüncü premyerası kimi tarixə düşüb”.
Leyla xanım bu il iştirak etdikləri festivalları da xatırladı: "13-25 noyabr tarixlərində "Sevgi şimşəyi” tamaşası Türkiyənin Bilecik şəhərində keçirilmiş 13-cü Beynəlxalq Teatr Festivalında tamaşaçılara təqdim edilib, sonra isə Bakıda Teatr Xadimləri İttifaqının tamaşa zalında yerli tamaşaçılara göstərilib.
2018-ci il ərzində Bakı Uşaq Teatrının kollektivi repertuarda olan müxtəlif uşaq və böyük tamaşaları ilə paytaxtda və regionlarda dəfələrlə tamaşaçılarla görüşüblər. Teatrın sözçüsü ilə söhbətimizdə məlum oldu ki, teatrın yaradıcısı və rəhbəri İntiqam Soltan məhz 2018-ci ildə ölkə başçısının sərəncamı ilə fəxri ada - Respublikanın əməkdar artisti adına layiq görülüb.
Bundan başqa, teatrın bədii rəhbəri və direktoru Respublikanın əməkdar artisti İntiqam Soltan Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihə gerçəkləşdirib və ""Görünməz dərs” metodundan istifadə etməklə uşaqlar üçün teatr təlimləri keçirib.
Sonda Leyla Həşimova 2019-cu ilə ən aktual məsələləri işıqlandıran, müasir mədəni proseslərlə ayaqlaşan yeni-yeni uşaq və böyük tamaşaları hazırlamaq əzmi ilə daxil olduqlarını vurğuladı.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər