Teatrlarımız ilin yekun hesabatlarını verdilər
2018-ci
ili yola salmağımıza 4 gün qalıb. "Teatr əlavə”mizin növbəti sayını isə artıq
2019-cu ilə hazırlamış olacağıq. 2018-ci il mədəniyyət ocaqlarında, xüsusən də
teatrlarımızda bir çox hadisələrlə yadda qaldı. Qalmaqallar, kadr
dəyişiklikləri, yeni repertuar və s. Bu il itkilərimiz də az olmadı.
Biz də ilin son günlərində teatrlarımızın
mətbuat xidmətləri ilə əlaqə saxlayaraq, onlardan 2018-ci ili necə yola
saldıqlarını və bu ildə hansı layihələrə imza atdıqlarını xəbər aldıq. Onlardan
yeni ildəki planlarını da soruşduq. Hərçənd ki, qalmaqal və bir sıra məsələləri
qabartmaq istəməyən teatrların sözçüləri il ərzində baş tutan premyeraları,
festival və qastrol səfərlərini sadalamaqla kifayətləndilər.
İli 9 tamaşa ilə yola
saldıq
2018-ci
il Akademik Milli Dram Teatrı üçün uğurlu premyeralar, müvəffəqiyyətli
qastrol səfərləri ilə yadda qalıb. Bu barədə danışan Teatrın mətbuat xidmətinin
rəhbəri Cavid Zeynallı bildirdi ki, teatrda yaradıcı əhval il boyu yüksək
səviyyədə olub, tamaşalar istər böyük, istərsə də azyaşlı tamaşaçılar
tərəfindən böyük maraqla qarşılanıb: "Teatr təkcə yaradıcı məkan deyil, eyni
zamanda kassaya üz tutan tamaşaçı deməkdir. Sevinirəm ki, bizim tamaşaçı
repertuardakı uğurlu tamaşaları görür, ətrafdakı insanlardan müsbət rəylər
eşidir və öz gözləri ilə görmək üçün yollarını kassadan salır. İl ərzində
Akademik Milli Dram Teatrında 9 tamaşa hazırlanıb: "Sinif yoldaşları”, "Ah, bu
uzun sevda yolu”, "Buratino”, "Manqurt”, "Bir, iki, bizimki”, "Gəl baharım, gəl
yazım”, "Qəribə, çox qəribə əhvalat”, "Şah Qacar” və "Ninza tısbağalar”.
Rusiya-Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan "Sinif yoldaşları”
tamaşası Rusiyanın məşhur yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı əsəri
əsasında hazırlanıb. Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı
Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa
Nemətovdur. Əli Əmirlinin eyniadlı əsəri əsasında qurulan "Ah, bu uzun sevda
yolu” tamaşası isə Mikayıl Müşfiqin 110 illiyinə həsr olunub. Akademik Milli
Dram Teatrının kollektivi "İuda” tamaşası ilə Qazaxıstanda, "Manqurt” tamaşası
ilə Qırğızıstanda və "Cəhənnəm sakinləri” tamaşası ilə Türkiyədə qastrol səfərlərində
olub, tamaşalarımız beynəlxalq münasiflər heyəti tərəfindən yüksək
qiymətləndirilərək, mükafata layiq görülüb. İl ərzində Balakən, Zaqatala, Qax
və Şamaxıya qastrol səfərləri təşkil olunub. Yola saldığımız ildə Xalq artistləri
Sofa Bəsirzadənin, Mehdi Məmmədovun, Mikayıl Müşfiqin, Tofiq Kazımovun,
Həsənağa Turabovun və başqalarının yubileyləri qeyd olunub”.
Gənc Tamaşaçılar teatrının
tamaşaçı problemi yoxdur
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat
xidmətinin rəhbəri Pərvin Nurəliyeva bizimlə söhbətində bu ilin teatr üçün son
dərəcə uğurlu başladığını qeyd etdi: "2018-ci ildə Gənc Tamaşaçılar Teatrının
90 illik yubileyi keçirildi. Yubiley təntənəsinə hazırlıq, yeni əsərlərin repertuara
daxil edilməsi, ölkə prezidentinin sərəncamı ilə bir sıra əməkdaşlarımızın
fəxri adlarla təltif edilməsi və bu kimi hadisələr 2018-ci ili teatrımızın
həyatında yaddaqalan ilə çevirdi. Tamaşaçılarımız teatrın repertuarına son
dərəcə maraqla yanaşırlar. Bu mövsüm Əməkdar artist Nicat Kazımovun quruluşunda
hazırlanan "Bremen musiqiçiləri” və baş rejissor Bəhram Osmanov tərəfindən
quruluş verilən "Don Kixot” tamaşası teatrın ən uğurlu işlərindən oldu.
Pərvin xanım son günlərini
yaşadığımız 2018-ci ilin əlamətdar hadisəsi kimi yubiley tamaşasını da xüsusi
vurğuladı: "Yubiley tədbirimizdə teatrımızın 90 ildə keçdiyi yola panorama
baxış sərgiləndi. Vaqif Əsədovun quruluşunda hazırlanan yubiley tədbirində ölkənin,
xalqın taleyi ilə sənətin taleyi paralel göstərildi.
Hazırda balaca
tamaşaçılarımız üçün Elşad Rəhimzadənin quruluşunda hazırlanan "Qar kraliçası”
tamaşamızın son məşqləri gedir. Hər il olduğu kimi bu il də peşəkar
komandamızla birgə hazırladığımız macəra tamaşası ilə uşaqların yeni ilini
təbrik edəcəyik”.
Teatrın 2019-cu il üçün
repertuar planlarını vaxtından əvvəl açıqlamağı məqbul hesab etməyən P.Nurəliyeva
yalnız onu bildirdi ki, növbəti ildə E.Şmidtin
"Tanrıya 14 məktub” əsərinin Nicat Kazımovun quruluşunda tamaşaya qoyulması
planlaşdırılır.
Opera
və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva dedi ki,
2018-ci il Opera və Balet Teatrı üçün uğurlu hesab etmək mümkündür: "Mövsüm ərzində
3 yeni tamaşasının premyerası keçirilib. İlk olaraq, Qara Qarayev və Fərəc
Qarayevin "Qoyya” baletinin tamaşasını təqdim etdik. Fevral ayında premyerası
keçirilən "Qoyya” baleti dahi bəstəkarımız Qara Qarayevin 100 illik yubileyinə
həsr olunmuşdu. Daha sonra Əməkdar İncəsənət Xadimi,
bəstəkar Sərdar Fərəcovun "Cavad xan” baleti təqdim olunub. May ayında
premyerasını keçirdiyimiz "Cavad xan” baleti Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi münasibəti ilə səhnəyə qoyulmuşdu. Dekabrın 22-də Cakomo
Puççininin "Manon Lesko” operasının premyerası keçirildi. Bu opera isə
dahi italyan bəstəkarı Cakomo Puççininin 200 illik yubileyi şərəfinə səhnəyə
qoyulmuşdu”.
Şükufə xanım qeyd etdi ki,
il ərzində Opera və Balet Teatrının solistləri bir sıra ölkələrdə çox uğurlu
çıxışlar ediblər: "Xalq artistləri Samir Cəfərovun, Fidan Hacıyevanın, Azər
Zeynalovun, Əməkdar artistlər Afaq Abbasovanın, Gülüstan Əliyevanın, Fərid
Əliyevin, Fəridə Məmmədovanın, Əliəhməd İbrahimovun, dirijorlar Əyyub Quliyev,
Yalçın Adıgözəlovun, müxtəlif dünya ölkələrindəki uğurlu konsertlərini qeyd
etmək olar. Gənc solistlərdən vokalçı Yəhya Mustafayev Avropa ölkələrində
konsertlərdə çıxış edib. Bu yaxınlarda balet solistimiz Anar Mikayılov yeni
tamaşada baş rolu ifa etmək üçün Avropaya dəvət olunub. Eyni zamanda, Opera və
Balet Teatrının səhnəsində də bir sıra ölkələrdən - Rusiyanın Akademik Böyük
Teatrı, Mixaylovski Teatrı və başqa teatrlarından, eləcə də Belarus, Ukrayna,
Türkiyə, Gürcüstan və İtaliyadan gəlmiş sənət ulduzları çıxış ediblər.
İtaliyanın Azərbaycandakı səfirliyi ilə çox maraqlı bir mədəni əməkdaşlıq
proqramı həyata keçirilib. İtaliyadan dəvət olunmuş vokalçılar və dirijorlar
teatrın tamaşalarında iştirak ediblər. Eyni zamanda, İtaliyadan dəvət olunmuş
balet qrupu xüsusi konsertlə teatrda çıxış edib”.
Teatrın sözçüsü qeyd etdi
ki, qarşıdan gələn 2019-cu ildə də teatrın planları artıq məlumdur: "Yeni ildə
teatrımızın repertuar planı hazırdır. Onlardan Frans Şubertin "Dahi hekayəçi”
baletini, Andersonun nağıllarını göstərmək olar. Daha sonra Qelsyat
Şayqulovanın "Kleopatra” baleti
yenə də səhnəyə qoyulacaq. Sergey Prokofyevin "Monastrda nişanlama” operası bu
il yenə də tamaşaya qoyulacaq. Serbiya Opera Teatrı ilə bu yaxınlarda çox gözəl
əlaqələrimiz yarandı. Mart ayında ilk serbiyalı nümayəndə vokalçı teatrımızın
tamaşasında çıxış edəcək. Daha sonra aprel ayında serbiyalı dirijor "Toska”
operasının tamaşasını idarə etmək üçün dəvət olunacaq”.
Qastrol səfərləri, tədbirlə
və yeni tamaşalar
Azərbaycan
Dövlət Musiqili Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova deyir
ki, geridə qoyduğumuz bu ildə tamaşaçıları
teatra cəlb etmək üçün müasir dövrün tələblərinə uyğun şəkildə addımlar atmağa
çalışıb və buna nail olublar: "Yola saldığımız 108-ci teatr mövsümü Dövlət
Musiqili Teatrı üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub. İl boyu
Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər
keçirilib. Bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq
müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı
təşkilatların mükafatlarını qazanıblar. Musiqili Teatr dünyanın təqribən 20
ölkəsinin teatrlarının qatıldığı İran İslam Respublikasında keçirilən 35-ci
Fəcr Beynəlxalq Teatr Festivalında "Ər və arvad” komediyasını təqdim edib. Təbriz
Teatrının rəhbəri, aktyor və rejissor Babək Nəhreyn 2017 və 2018-ci illərin
Novruz Bayramı günlərində 2 il ardıcıl konsert proqramı ilə bizim səhnədə çıxış
edib, Bakıda keçirilən İran Mədəniyyəti Günləri çərçivəsində Titovak Teatrının
aktyorlarının iştirakı ilə "İlahi Komediya. Cəhənnəm” tamaşası nümayiş olunub. Ötən
il teatrımız "Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı
çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı
İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyasını
təqdim edərək mükafata layiq görülüb. Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100-cü ildönümü şərəfinə təqdim etdiyimiz "Nuri-didə Ceyhun”
(Ə.Əmirli) tamaşasında milli səhnəmizdə ilk dəfə Ceyhun Hacıbəyli obrazının
canlandırılması, "Qodonun intizarında” (F.Qarayev, S.Bekket) absurd tamaşasının
premyerasının nümayişi teatr aləmində böyük əks-səda doğurub”.
Ötən teatr mövsümündə
ssenarisi və quruluşu teatrın əməkdaşı Sevda Məmmədovaya məxsus olan "Əsarətdən
cəsarətə” adlı tamaşası Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və
"Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin
təşkilatçılığı ilə təşkil olunan müsabiqədə qalib gəlib, Quba və Qusar
rayonunda gənclər qarşısında nümayiş olunub. Teatrın sözçüsü xatırlatdı ki, hər
zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer ayıran Musiqili Teatr bu il
də həmin ənənəyə sadiq qalıb: "Musiqili Teatr Yeni il bayramına görə uşaqların
tətil günlərində balaca tamaşaçılarımızın görüşünə Azərbaycan xalq nağılı "Cırtdan”ın
motivləri əsasında gənc rejissor Ayla Osmanovanın quruluşunda hazırlanmış "Cırtdanın
sərgüzəştləri” nağıl-pyesi ilə gəlir. Yeni ili dekabrın 28-dən yanvarın 6-dək davam
edən şənlik-tamaşamızla qarşılayacağıq”.
Fəridə Aslanova Teatrın
gələn ilki planlarından da söz açıb. Bildirib ki, növbəti ildə premyeraları
nəzərdə tutulan "Balaca şahzadə” (A.S.
Ekzüperi), "Çarəsiz sərnişinlər” (S.Stratiyev), "Buratino” (A.Tolstoy,
A.Rıbnikov) tamaşalarının ciddi məşqləri gedir.
Bu il 4 yeni tamaşanı
təhvil verdik
Abdulla
Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə
Rüstəmova isə deyir ki, teatrlarının yaradıcılıq həyatı bu il də qaynar olub: "Ötən
mövsümdə 4 yeni tamaşa təhvil verdik. Ərəb xalq nağılları əsasında hazırlanmış "Əlibaba
və qırx quldur”, Ceyms Barrinin dünyaca məşhur "Piter Pen”i, "Şəngülüm,
Məngülüm” kimi işlərimizi xüsusi vurğulamaq istərdim. İlin yekununu da biz yeni
tamaşa ilə edəcəyik, belə ki, yeni il münasibəti ilə balacalara onların
çoxsaylı müraciətləri əsasında hazırlanan "Maşa və Ayının qış nağılı”nı təqdim
edəcəyik. Başa vurmaq üzrə olduğumuz il festivallarda uğurlu iştirakla da əlamətdar
oldu. Teatr təmsilçilərimiz 5-14 oktyabr tarixlərində Moskva şəhərində keçirilən
S.V.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında uğurla iştirak edib.
22-30 aprel tarixlərində İran İslam Respublikasının Məşhəd şəhərində baş tutan
I "Cigi-Cigi” Beynəlxalq Performans və Sənət Festivalında da təmsil olunduq.
22-24 sentyabr tarixlərində Rusiya Federasiyasının Həştərxan Vilayətində
keçirilən "Xəzərin sahili” adlı VI Beynəlxalq Teatr Festivalında da milli kukla
sənətimizi təmsil etdik”.
Həmidə Rüstəmova bildirdi
ki, yeni ilə xüsusi hazırlaşıblar: "Növbəti ilə maraqlı tamaşalar hazırlayırıq.
Bu tamaşaların indidən məşqləri gedir. 2019-cu ildə hazırlanacaq tamaşaların planları
tərtib olunub. Yeni təqvim ilində 4 yeni tamaşa hazırlanacaq. Yanvarın sonunda
premyeramız baş tutacaq”.
3 yeni tamaşa və fəxri ad
Bakı
Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı üçün də bu il səmərəli
keçib. Teatrın mətbuat xidmətinin rəhbəri Leyla Həşimova ötən il üç tamaşanın
premyerasının keçirildiyini vurğulayıb: "Ə.B.Haqverdiyevin eyniadlı pyesi
əsasında rejissor Elşən Zeynallının quruluş verdiyi "Kimdir müqəssir?”
tamaşasının premyerası Dövlət Gənc Tamaşaçılar Teatrının binasında baş tutub.
Daha sonra tamaşa müxtəlif məkanlarda seyeçilərə təqdim olunub. 2018-ci ilin
ikinci yeni tamaşası Arzu Soltanın "Hərə olduğu kimi gözəldir” pyesi əsasında
rejissor İlhamə Əhmədovanın quruluş verdiyi "Əyriqulaq dovşan” olub. Cəmiyyətdə
hər kəsin bərabər münasibətə layiq olması, fərqlilərin inteqrasiyasının önəmi
kimi aktual mövzuya həsr olunan səhnə əsəri bu il balacalar tərəfindən ən çox
izlənilən tamaşa olub. Rövşən Ağayevin "Bir gecənin nağılı” pyesi əsasında
İntiqam Soltanın quruluş verdiyi "Sevgi şimşəyi” tamaşası ilin üçüncü
premyerası kimi tarixə düşüb”.
Leyla xanım bu il iştirak etdikləri
festivalları da xatırladı: "13-25 noyabr tarixlərində "Sevgi şimşəyi” tamaşası
Türkiyənin Bilecik şəhərində keçirilmiş 13-cü Beynəlxalq Teatr Festivalında
tamaşaçılara təqdim edilib, sonra isə Bakıda Teatr Xadimləri İttifaqının tamaşa
zalında yerli tamaşaçılara göstərilib.
2018-ci il ərzində Bakı
Uşaq Teatrının kollektivi repertuarda olan müxtəlif uşaq və böyük tamaşaları
ilə paytaxtda və regionlarda dəfələrlə tamaşaçılarla görüşüblər. Teatrın
sözçüsü ilə söhbətimizdə məlum oldu ki,
teatrın yaradıcısı və rəhbəri İntiqam Soltan məhz 2018-ci ildə ölkə
başçısının sərəncamı ilə fəxri ada -
Respublikanın əməkdar artisti adına layiq görülüb.
Bundan başqa, teatrın bədii
rəhbəri və direktoru Respublikanın əməkdar artisti İntiqam Soltan Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant
müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihə gerçəkləşdirib və ""Görünməz
dərs” metodundan istifadə etməklə uşaqlar üçün teatr təlimləri keçirib.
Sonda Leyla Həşimova
2019-cu ilə ən aktual məsələləri işıqlandıran, müasir mədəni proseslərlə
ayaqlaşan yeni-yeni uşaq və böyük tamaşaları hazırlamaq əzmi ilə daxil
olduqlarını vurğuladı.
Xəyalə
Rəis