• cümə axşamı, 18 aprel, 21:51
  • Baku Bakı 21°C

Teatrlara necə maliyyə cəlb etmək olar?

31.10.16 11:35 2885
Teatrlara necə maliyyə cəlb etmək olar?
İncəsənətin bütün sahələri kimi teatr da maliyyədən asılı sənət sahəsidir. Teatrda isə ən çox maliyyə vəsaiti tələb edən sahə səhnəqrafiyadır. Nəzərə alsaq ki, müasir səhnəqrafiya müxtəlif növ texniki avadanlıqlarla və yeni texnologiyalarla qurulur, o zaman teatrın maddi durumunun maliyyədən nə dərəcədə asılı olduğunu daha aydın görmək olar. Tamaşaları daha gözoxşayan, rəngarən etmək üçün isə bu tip texnologiyalardan istifadə artıq qaçılmaz bir reallıqdır.
Bu gün dünya teatrlarında maliyyə çətinliklərini həll etmək və teatra pul cəlb etməyin bir çox yolları vardır. Bunun üçün müxtəlif reklam həllərindən istifadə olunur. Əlbəttə ki, teatrın əsas vəzifəsi tamaşa nümayiş etdirməkdir. Yaxşı, keyfiyyətli tamaşa isə özü-özlüyündə ən gözəl reklam vasitəsidir. Nəzərə alsaq ki, Avropa və ABŞ-da kapitalizm artıq uzun illərdir cəmiyyətin həyatına öz təsirini göstərir, bu coğrafiyada teatrların maddi vəziyyətini təmin etmək nisbətən asandır. Onu da qeyd etmək lazımdır ki, bunun üçün əhalinin də maddi və mənəvi səviyyəsinin yüksək olması olduqca vacibdir. Maddi tərəfdən kifayət qədər təmin olunmuş, lakin teatra marağı olmayan bir cəmiyyətin maddi imkanının nə teatra, nə də ümumiyyətlə incəsənətə heç bir xeyri dəyməz.
Dünya teatrlarının öz büdcələrinə maliyyə cəlb etmələrinin bir neçə sınanmış yolu vardır. Beynəlxalq şəbəkədə apardığımız araşdırma göstərir ki, heç bir böyük teatr sponsozsuz fəaliyyət göstərmir. Dünyaca məşhur "La Skala” teatrından tutmuş, Moskvanın "Bolşoy Teatrı”nadək ən məşhur və ən "varlı” teatrlar da sponsor və iyanəçilərlə fəaliyyət göstərirlər. Bunu teatrların internet səhifələrindəki xüsusi bölmədə də görmək olar. Dünyanın ağır sənaye, maşınqayırma və avtomobil istehsalçılarının ən nüfuzlu şirkətləri teatrlara sponsorluq edirlər. Bu sponsorluq həm bir tərəfli, həm də qarşılıqdı ola bilər. Yəni, kifayət qədər tamaşaçısı olan teatrlar da öz növbəsində şirkətləri reklam edə bilirlər. Öz çap məhsullarında, afişa və posterlərində bu şirkətlərin loqotipini yerləşdirirlər. Onu da qeyd edək ki, bir çox ölkələrdə sponsorluq fəaliyyəti ilə məşğul olan şirkətlər müəyyən vergi güzəştləri ilə təmin olunurlar. Hər halda şirkətlər üçün bu da bir həvəsləndirici stimuldir.
Sponsorlardan fərqli olaraq, iyanəçilər və mesenatlar daha "arzuolunan” şəxslərdir. Məsələ burasındadır ki, mesenatlar teatra iyanə etdikləri məbləğin qarşılığında heç bir xidmət gözləmirlər. Yəni, adənət belə şəxslər "kölgədə qalmağı” üstün tuturlar. Demək olar ki, bütün Qərb teatrlarının internet saytlarında "DONATE” yəni "İyanə” səhifəsi var. Bu səhifə vasitəsi ilə istənilən şəxs istənilən məbləğdə iyanə edə bilər.
2012-ci ildə Gürcüstanın baş naziri seçilmiş "Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili özünün mesenat fəailiyyəti ilə məşhurdur. Xatırladım ki, İvanişvili siyasi fəaliyyətinə başlamazdan əvvəl Rusiyada böyük bizneslə məşğul olub. İvanişvilinin təsis etdiyi fond Gürcüstanda müxtəlif teatrlara, rejissorlara və ümumiyyətlə yaradıcı insanlara böyük məbləğdə iyanələr edirdi. Mətbuatda verilən məlumatlara əsaslansaq, məlum olur ki, təkcə 2011-ci ildə Tiflisdəki Kote Marjanişvili adına dram teatrına 594360 lari maliyyə yardımı edilib. Həm də bu yardım teatrın əməkdaşlarına, aldıqları əmək haqqına əlavə olaraq verilib.
Bir çox teatrlarda "teatrın dostları” adlı bir qurum yaradılır. Bu quruma adətən ölkənin ictimai-siyasi həyatında seçilən insanlar, müxtəlif əhəmiyyətli vəzifələri tutmuş şəxslər üzv olur. "Teatrın dostları” teatrlarda premyeralara dəvət olunur, tədbirlərdə çıxış edirlər. Bu insanlar bir növ teatrın hamiləri olur və müəyyən dərəcədə teatra maddi kömək edirlər. Moskvanın dünyaca məşhur "Bolşoy Teatr”ının dostları və himayədarları qurumu 2001-ci ildə yaranıb. Bura şəhər meri, mədəniyyət naziri, Rusiya Dumasının bir neçə üzvü daxildir.
İtaliya teatrlarında maraqlı bir təcrübə mövcuddur. Teatrın zallarında bir neçə yer hər hansı bir şəxs və yaxud məmur tərəfindən simvolik olaraq alınır. Yəni həmin şəxs teatrdakı oturacaqlardan bir neçəsinin biletini bir illik və ya bir neçə aylıq alır. İstədiyi zaman özü və istədiyi şəxslərlə istədiyi tamaşaya gəlib həmin yerdən istifadə edə bilər, bütün digər vaxtlarda teatr həmin yerlər üçün yenə də tamaşaçılara bilet satır. Bununla da həmin şəxs teatra kömək etmiş olur. Hesab edirəm ki, bu "layihə”ni Bakıda da müvəffəqiyyətlə həyata keçirtmək olar.
Milan şəhərinin Pikkolo teatrı dünya teatrları sırasında özünəməxsus və parlaq yer tutur. Bu teatr 70 il əvvəl yaranıb və ən yaxşı Avropa teatrlarından biri hesab olunur. Teatr Milan şəhərinin icra hakimiyyəti, Milan Sənaye Fondu və Mədəniyyət nazirliyi tərəfindən maliyyələşir. Kifayət qədər maddi qazanca sahib olan bu teatr İtaliya prezidentinin himayəsindədir. Yəni teatr maddi tərəfdən təmin olunmasına baxmayaraq ölkənin prezidenti də teatra öz yardımını əsirgəmir.
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ölkəmiz çox ağır zamanlar yaşadı. Sovetlər İttifaqının dağılması ilə sanki teatr və kino sahələri də dağılmağa başladı. Teatrların maddi təminatı get-gedə pisləşir və istifadəyə yararsızlaşırdı. Lakin son illər ərzində Azərbaycanda teatr binaları əsaslı şəkildə təmir edilir, ən müasir avadanlıqlarla təmin olunurlar. Təmir olunmuş teatr binalarında yeni texnoloji vasitələr quraşdırılır. Əlbəttə, bunlar hamısı çox müsbət haldır. Amma yuxarıda çəkdiyimiz misallardan da görünür ki, hər şeyi dövlət büdcəsindən tələb etmək düzgün olmazdı. Dövlətin teatra göstərdiyi diqqət və qayğı ilə yanaşı ayrı-ayrı şəxslərin, mesenat və himayədarların da teatra diqqət ayırması gözəl təşəbbüs olardı. Teatrlara sponsorluq edən, ianələr edən şirkətlər də müəyyən vergilərdən azad oluna bilərlər. Bunlar teatra dost olmaq istəyənlərin sayını çoxaldar və onlarda stimul yaradardı.
Uzun illərdir bazar iqtisadiyyatı ilə yaşayan və kifayət qədər maddi təminatı olan ölkələrdə də, hətta ən zəngin teatrların saytlarında belə "İanə” bölməsi mövcuddur. Bu təcrübəni ölkəmizdə də reallaşdırmaq mümkündür. Bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycan tarixində kifayət qədər mesenat və incəsənət hamisi olan şəxslər olmuşdur və bu gün də vardır. Teatra maliyyə cəlb etmənin müxtəlif yolları vardır. Bu yolların bir neçəsi haqqında yazdıq. Hesab edirəm ki, bu vasitələrdən Azərbaycan teatrlarında da uğurla istifadə etmək olar. Amma istənilən halda bütün teatrların əsas vəzifəsi keyfiyyətli "məhsul” istehsal etməkdir. Keyfiyyətli tamaşa nümayiş etdirməklə teatr himayədarların, sponsorların və mesenatların diqqətini cəlb edə bilər və belə olan halda sponsorlar özü teatrın afişasında onun loqotipinin nümayiş olunmasına maraqlı olarlar. Teatr özü özünü "brend” səviyyəsinə gətirməlidir.
Elşad Əliyev
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər