Teatrlara daxil ola bilməyən yüngül gülüş
İl olub 2019. Ötən illərə nəzərə salsaq,
incəsənətin iki böyük qolu - teatr və kino sahəsində bir çox nailiyyətlərin
əldə edildiyinin şahidi olarıq. Bir ölkənin tanınması üçün məhz bu iki sənət sahəsinin
müstəsna rolu var. Kino sənətində son illər yaranan yeni nəfəs, komediya
filmlərinin çəkilməsi, kinoteatrlarda xarici filmlərlə rəqabət aparması gözəl
tendensiyadır. Ancaq bu kinoların keyfiyyəti, insanlara ötürdüyü mesajlar necə,
yerindədirmi? Ticarət mərkəzlərində yerləşən kinoteatrlarımızın yanından keçmək
mümkün deyil. İnsanlar "Bozbaş”ların, "Fəlakət”lərin filmləri üçün hətta
növbəyə düzülürlər. Könül istər ki, bu növbəni teatrlarımızda da görək.
Bəzən düşünürük ki, müasir dövrdür,
insanlar daha çox elektron versiyalara, texnologiyaların yaratdığı imkanlardan
istifadə edib, yeni şeylərə baxmaq istəyir. Teatr da canlıdır axı, hər şeyin
kompyuterləşdiyi bir zamanda əlimizdə canlı qalan yeganə sənət növlərindən
biridir. Yaxşı olmazdımı, 10-15 manat kinoteatrlara pul verib bilet alanlar 7
manat verib teatrlara bilet alaydılar. Mirzə Fətəli Axundzadənin insanları necə
ayıltdığını, Cəlil Məmmədquluzadənin dilimizi, milli-mənəvi dəyərləri qorumağın
vacibliyini necə vurğuladığını görəydilər. Bəzən deyirlər ki, indi göbələk kimi
yaranan komediyalar, yeni filmlər teatrın effektini, təsir gücünü öldürüb. Mənsə
bu fikirlərlə razılaşmayanlardanam. Teatrın tamaşaçısı az da olsa var. Müəyyən
bir kütlə var ki, onun nümayəndələri mənəvi istirahəti teatrlarda görür, məhz
burda zövq alırlar.
Teatr və kino tamaşaçıları arasında
yaranan bu fərqi aradan qaldırmağın yollarını axtarmağa çalışdıq. Görəsən kinoteatrlarda
müşahidə olunan bu anşlaqları teatra yönləndirmək olarmı? Olarsa bunun hansı yolları var? Teatrları
necə kommersiyalaşdıra bilərik? Onlar bu yüngül komediya filmləri ilə necə
rəqabət aparırlar və apara bilirlərmi? Bu kimi suallarımıza cavab tapmağa
çalışdıq.
Akademik
Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov mövzu ilə bağlı öz fikirlərini bizimlə bölüşməkdən imtina etmədi. O, teatrın
canlı sənət növü olmasından, keçdiyi uzun, şərəfli yolun çətinliklərindən,
zaman-zaman üzləşdiyi problemlərdən necə xilas olub bu zamana qədər gəlib
çatmasından danışdı: "Teatr tamaşaçısının zövqü başqadır. Teatr hər zamanelitsənət olub. Qeyd etdiyiniz həmin
filmlərə gedən tamaşaçılara nəzər salsanız, görərsiniz ki, müəyyən bir təbəqə
var ki, onlar deyib-gülmək, əylənmək üçün məhz həmin filmlərə baxmağa
üstünlük verirlər. Ancaq teatra bu məqsədlə gedə bilməzlər. Teatr komediyası, faciəsi,
dram əsəri ilə öz ağırlığını qoruyub saxlayan böyük bir yaradıcı ocaqdır. Sizə
bir misal çəkim. Bir müddət ölkəyə Çin məhsulları gələndə, insanlar gedib Çin malı
alırdı. Müəyyən müddət sonra həmin
məhsulların keyfiyyətsiz olduğunu gördülər və Çin məhsullarından imtina etdilər,
başqa məhsullara üstünlük verməyə başladılar. Bu misalı həmin o komediya
filmlərinə də şamil edə bilərik. Yəqin ki,
bir müddətdən sonra bizdə daha keyfiyyətli filmlər çəkiləcək və biz onlara meyllənəcəyik.
İndi kimlərsə kinoya gedirsə, həmin kinolarla teatrı müqayisə etmək düzgün baxış
tərzi deyil. Axı Çin malı ölkəyə gələndə, brend mağazaları məhsullarını dəyişib
Çin malı satmadılar. Təbii ki, satışları bir az aşağı düşdü, ancaq öz sanbalını
qoruyub saxladılar. Teatr da onun kimi”.
H.Məmmədov teatrımızın bu proseslə
üzləşdiyini və ondan alnıaçıq şəkildə çıxdığını qeyd etdi: "Hazırda ölkəmizdə beynəlxalq
teatr konfransları, beynəlxalq teatr festivalları keçirilir, eyni zamanda Azərbaycan
teatrları beynəlxalq festival və konfranslarda iştirak edir. Avropa və dünya
teatrlarına inteqrasiyası edirik. O ki qaldı tamaşaçı istəyinə, biz bunu nəzərə almağa çalışırıq. Film elədir ki, onu çəkməzdən
əvvəl prodüser hazırlaşır, satış bazarını nəzərə alır. Teatrda dövr, müasir
zamanla bağlı məsələlər qoyulanda, tamaşaçı buna daha çox gəlir. Təbii ki, teatrda
bütün bunları nəzərə alınır. Tamaşa var ki, dövrlə səsləşir, ayaqlaşır və
kifayət qədər tamaşaçı gəlir. Ancaq elə tamaşalar da var ki, ona az tamaşaçı
gəlir. Bu, təbii haldır. Teatrı təmiz bazar üslubuna keçirmək də düzgün deyil.
Bu gün tamaşaçı hər nəyi istəyirsə, teatr onu
səhnələşdirmək məcburiyyətində deyil. Təbii ki, hər bir teatrın
kassalarına hesablanmış tamaşalar da olur. Tamaşa var ki, festival üçün nəzərdə
tutulub, tamaşa da var ki, yalnız daxili bazar üçün hazırlanıb. Bu baxımdan
müxtəlif səpkili tamaşalar hazırlanır. Filmlər də onun kimi. Haqqında
danışdığımız həmin komediya filmləri festivallara gedə bilməz. O filmlər
festivallara gedir ki, onun keyfiyyəti, ssenarisi daha sanballıdır, xarici
filmlərlə rəqabət apara bilər”.
Bakı Uşaq
Teatrının direktoru İntiqam Soltan bizimlə
söhbətində bildirdi ki, kinoteatrlarımızda həmin filmlərin anşlaq yaratması o
demək deyil ki, insanların komediya filmlərinə meyli çoxalıb: "Heç kəs
düşünməsin ki, əgər kinoteatrlarda həmin filmlər anşlaqla keçirsə, bu bizim
çəkilən kinoların keyfiyyətindən xəbər verir. Sadəcə olaraq, kinoprodüserlərimiz
daha təcrübəli olublar. Onlar bizim insanların zəif damarını tutmağı
bacarıblar. Kinoteatrlarda yeni çəkilən filmlərə olan bu anşlaqların hamısı
aldadıcıdır. Bu filmləri Azərbaycandan kənara çıxarıb sata bilərikmi? Məsələ
burasındadır və bu, acınacaqlı bir reallıqdır. Teatrlarımızın da vəziyyəti
təxminən ona bənzərdir. İstənilən halda teatra dövlət qayğısı lazımdır. Əks
təqdirdə, o cibgir kommersantlar cılız materiallarla ekrana çıxacaq və xalqı öz
arxasınca aparacaq”.
İ.Soltan deyir ki, yetişməkdə olan gənclərin
cəmiyyətə hazırlanması üçün ilk növbədə valideynlərin məlumatlandırılması
vacibdir. Məhz bu yolla teatral tamaşaçı yetişdirmək mümkün olacaq: "10-15 il
bundan əvvəl keyfiyyətsiz filmlərin çəkilməsi ilə insanların zövqü ilə
oynanılmağa başlanıldı. Bu gün yetişən həmin o zövqsüz tamaşaçılar filmlərə
axın edir. İnsanlar öz mənəviyyatının aclığını hiss edirlər. Bunu nə iləsə
doldurmalıdırlar axı. Onların gülməyə ehtiyacı var. Çox yaxın zamanlarda
komediyalar teatrlara da yol açacaq. O gün uzaqda deyil. Həmin o şit
zarafatlarla dolu olan filmlərin teatr formasına baxacağımız günlər yaxın
gələcəkdədir”.
Teatrın direktoru bildirdi ki, Bakı Uşaq Teatrı
tamaşaçı baxımından korluq çəkmir: "Biz heç zaman tamaşaçılara zorla bilet
satmamışıq. Teatrımızın Yeni ildə göstərdiyi tamaşa ilə əlaqədar nə qədər
zənglər qəbul etdim. Zəng edib deyirdilər ki, Azərbaycanda belə tamaşaların
hazırlanmasından xəbərsiz idik”.
Sənətşünas, Musiqili
Teatrda xarici əlaqələr üzrə koordinator Rəcəb Məmmədovdeyir ki, tamaşaçının marağı bu dəqiqə yüngül komediyalaradır: "Sənət adamları
seçim qarşısında qalıblar - ya ciddi sənətlə məşğul olmalıdırlar, ya da
tamaşaçının zövqünü oxşayan sənətlə. Bu seçim vacibdir. Ortaq bir nöqtə tapmaq lazımdır
ki, sənət bayağılığa yuvarlanmasın, eyni zamanda da insanlara yaxın olsun. Klassik,
dramatik ədəbiyyatda o qədər gözəl əsərlər var ki, onları müasir, gözəl şəkildə
səhnələşdirmək mümkündür. Mənim aləmimdə o bayağı mövzulara müraciət etmək
tamaşaçını təhqir etmək deməkdir. Tamaşaçı təbii ki, onlara baxıb əylənir.
Məsələ burasındadır ki, əyləndikdən sonra onların yaddaşında heç nə qalmır. Tamaşaçını
yetişdirmək lazımdır. Əgər bu günün tamaşaçıları uşaq, kukla teatrlarına getməyibsə,
onları birdən-birə böyük teatrlara gətirmək çətindir. Belə olan halda, həmin
tamaşaçılar tamaşanı yarımçıq tərk edəcəklər. Bu estetikanı onlara uşaqlıqdan
aşılamaq lazımdır. Tək teatra deyil, incəsənətin bütün növlərinə cəlb etmək
zəruridir. Hesab edirəm ki, teatrı aşağı siniflərdə uşaqlara tədris etmək lazımdır.
Dərslik kimi olarsa, bu öz nəticəsini göstərəcək”.
R.Məmmədov öz təəssüratlarını bölüşərkən yunan
teatr ənənələrindən bəhs etdi: "Təxminən bir neçə il əvvəl Yunan Milli Dram
Teatrı ilə layihəmiz vardı. Onlarla tez-tez ünsiyyətdə olurduq. Bizim onlarla
əməkdaşlıq etdiyimiz bu ərəfələrdə Yunanıstan böyük maliyyə böhranı keçirirdi. Onların teatr cameəsinin bir nümayəndəsi ilə
söhbət əsnasında soruşdum ki, yəqin ki, bu böhran teatrlara da təsir edər.
Bildirdi ki, əksinə, son 10 ildə teatrlara böyük tamaşaçı axını var. Dedi ki,
insanlar problemi olanda, cavabı tapmaq üçün teatrlara üz tuturlar. Belə bir
sübut var. İnsanlar onları maraqlandıran, maraq dairəsində olan filmlərə,
tamaşalara baxmaq istəyirlər. Rejissorlar da elə mövzular da tapıb ortalığa çıxarmalıdırlar
ki, cəmiyyətdəki problemlərlə üst-üstə düşsün. Bu gün bizim cəmiyyətdə azmı
problem var? Deyirsiniz ki, teatrlarda klassik əsələr səhnələşdirilir. Ancaq
klassik əsərlərin içində o qədər problemlər var ki. Mikayıl Mikayılov Akademik
Milli Dram Teatrının səhnəsində "Müfəttiş” əsərini səhnələşdirmişdi. Onun
səhnələşdirdiyi bu tamaşa çox gözəl alınmışdı. Qoqol sağ olanda, heç orada
qoyulan problemlər bu qədər aktual deyildi, orada qeyd olunan məsələlər indi
daha çox aktualdır. Belə əsərlərlə və quruluşla tamaşaçıları teatra cəlb etmək
mümkündür”.
Xəyalə Rəis