• şənbə, 20 Aprel, 02:34
  • Baku Bakı 15°C

Teatrın yolu mənə yaxındır - Debüt

14.04.18 12:00 1586
Teatrın yolu mənə yaxındır - Debüt
"Debüt” rubrikamızın müsahibi Bakı Uşaq Teatrının aktyoru Qurban Əhmədovdur. 1995-ci il yanvarın 2-də Qusarda dünyaya gələn aktyor 9 il Qusarda Qədirqala əsas kənd məktəbində təhsil alıb. Sonra şəhid Sərvər Əbdülkərimov adına Balaqusar kənd məktəbində təhsilini başa vurub. 2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu” ixtisasına daxil olub. Məktəb illərindən gələcəyə dair böyük hədəfləri olan Qurban addım-addım istəklərinə doğru gedib.
- Aktyor olmaq sizin uşaqlıq arzunuz olub?
- Hələ şagird olarkən qarşıma məqsəd qoydum ki, gələcəkdə incəsənət sahəsi üzrə çalışacam. Nəslimizdə incəsənət sahəsi üzrə çalışan tək mən deyiləm. Belə ki, əmilərim, bibilərim rəssamdırlar, onlar Rusiyada fəaliyyət göstərirlər. 2009-2011-ci illərdə Qusar Dövlət Ləzgi Dram Teatrında iştirak etmişəm. Kənd yerində aktyor kimi çalışmaq bir az çətindir. O zaman yaşım çox az idi, həyatı daha rəngarəng və filmlərdəki kimi görürdüm. Gələcəyə doğru böyük planlarım və arzularım var idi.

- Kənd yerində aktyor olmağın çətinlikləri nələrdir?
- Heç də böyük üstünlükləri yoxdur.
- Yəni aktyorluğun kişi sənəti olmadığını deyirdilər?
- Elə deyil, insanların münasibəti mənim xoşuma gəlmirdi. Misal üçün, münasibətin olmayan bir insanın məhz aktyor olduğun üçün səninlə münasibət qurduğunu görmək heç də yaxşı bir şey deyil. Səni çoxdandır itirib-axtarmayan insanlar hansısa tamaşada səni görürdülərsə, ondan sonra münasibət qurmağa çalışırdılar.
- Bəs bölgə tamaşaçılarımızın teatra münasibəti necədir?
- Teatr canlı sənət növüdür. Bu sənət növünün bölgəsi, paytaxtı olmur. Hətta paytaxtın bir neçə teatrında olmayan şərait Ləzgi Teatrında var. Ləzgi Teatrında əsasən yay tamaşaları repertuara daxil olurdu. Yayda teatrın zalında oturmağa yer olmurdu. Ötən həftə Bakı Uşaq Teatrının kollektivi ilə həmin teatra qastrol səfərimiz oldu, həmin gün bizim oynadığımız tamaşada zal ağzına kimi dolu idi. İnsanlar bizi ayaq üstündə izləyirdi. Təbii ki, bu çox sevindirici haldır.


- Yəqin ki, doğma teatrdan çıxıb paytaxt teatrına gəlmək və sonra öz məmləkətinə qonaq kimi qayıtmaq maraqlı hisslər doğurur.
- Əlbəttə, həmin teatrın səhnəsi, kollektivi mənim üçün əzizdir. Orada gözəl zaman keçirmişəm, təcrübə qazanmışam. Yenidən çalışdığın teatra getmək və tamaşa oynamaq həqiqətən də xoş oldu.
- Sizin yaradıcılığınıza nəzər yetirdikdə, paytaxtın özündə də bir sıra teatrlarda çalışdığınızın şahidi oluruq.
- Elədir. Mən boş oturmağı sevmirəm. Tələbəlik illərimdə 6 ay Badamdar qəsəbəsinin Mədəniyyət evinin Xalq Teatrında çalışmışam. Daha sonra Opera və Balet Teatrının nəzdində fəaliyyət göstərən Nəsibə Zeynalova adına "Cənnət” teatrında iki ilə yaxın çalışdım. Akademik Milli Dram Teatrının nəzdindən "Axın” studiyasında işlədim. Burada tanınmış sənətkarlarımız Pərviz Məmmədrzayev, Məmməd Səfa, Vidadi Həsənov kimi ustadlarımız bizə dərs deyirdi. Hətta orada bizə söylənilmişdi ki, studiyanın istedadlı, çalışqan gənclərini teatrda epizodik rollarda çıxış etməyə dəvət edəcəklər. Həmin ərəfələrdə əməliyyat olunduğum üçün studiyadakı fəaliyyətimi dayandırdım. Daha sonra özəl teatr olan "Kölgə” teatrında bir ildən çox çalışdım. Orada Sərdar Gözəlovun quruluşunda "Əsgər papağı” tamaşasında çıxış etdim. Rejissor həmin tamaşanı Şuşa Dövlət Teatrında da hazırladı. Rəşad obrazını orda da canlandırdım. İndi də həmin tamaşanı müqavilə ilə Şuşa Teatrında oynayıram. Son olaraq isə Musiqili Teatrda praktikada oldum. Ancaq gördüm ki, səsim orada çalışmağıma imkan vermir. Texnikam var idi. Belə ki, fortepianoda, gitarada az da olsa ifa edə bilirəm. Musiqi duyumum var, amma həmin teatrda bir aktyor kimi özümü görmədim. Bu sahədə məndən daha istedadlı hansısa gəncin yerini tutmamaq üçün teatrı tərk etdim.


- Bəs necə oldu ki, Bakı Uşaq Teatrına gəldiniz?
- Bakı Uşaq Teatrına dostumun sayəsində gəldim. Belə ki, hərbi xidmətdən qayıdandan sonra həmin teatrda çalışan ailə dostumuz Ədalət mənə bu teatrda işləməyi məsləhət gördü. Mən də rəhbərliklə danışıb, sentyabrdan teatrda işləməyə başladım. Bakı Uşaq Teatrının kollektivi mənim üçün çox doğmadır və bu kollektivin üzvləri ilə çox tez bir zamanda bir ailə olmağı bacardıq. Teatra gəldiyim ilk həftədən məşqlərə çıxdım və tamaşalarda oynadım. Çox qalmaqalsız, sakit, mehriban bir kollektivimiz var. Biz burada bir ailəyik. Qastrol səfərlərinə, bölgələrə gedirik, təhsil ocaqlarında tamaşalar oynayırıq.
- Bilirsiniz ki, Bakı Uşaq Teatrının binası yoxdur və tamaşa göstərmək üçün səhnəsi bir o qədər də əlverişli deyil. Yəqin ki, teatra gələndə bunları nəzərdən keçirmisiniz.
- Teatrın yolu mənə yaxındır (gülürük). Yol cəhətdən problemim yoxdur. O ki qaldı qonorar məsələsinə, elə teatr var ki, əməkdaşları bizdən də az maaş alır. Buna da şükür. Bizim teatrın şəraitsizliyindən söhbət açırsınız. Ancaq elə teatrlar görmüşəm ki, qışda qızdırıcını yanlarına qoyub kiçik bir otaqda tamaşa hazırlayıblar.


- Özünüzü gələcəkdə necə bir aktyor kimi görürsünüz?
- Əslində, tələbə olarkən çox böyük iddialarım var idi. O zamanlar bir dəqiqə də olsa boş vaxtım yox idi. Nə istədiyimi bilirdim. Təsəvvür edin ki, yanvardan maya qədər 16 tamaşa oynamışdım. Tələbə yoldaşlarımın kurs, diplom işlərində oynayırdım. Heç bir təklifi geri çevirə bilmirdim. Bu da mənə əlavə təcrübə qazandırırdı. İndi artıq başqa şərtlər mövcuddur. O ki qaldı gələcək hədəflərimə, bacardığım qədər təcrübəmi artırmağa çalışacam. Sonrasını gələcək göstərər. Teatr elə bir aləmdir ki, burada təcrübə mütləqdir. Çox savadlı ola bilərsən, ancaq səhnə praktikan yoxdursa, sən bu səhnədə heç nə göstərə bilməzsən. Sabahın nələr gətirəcəyini bilmək olmaz.

- Hansı obrazlarınız sizin yaddaşınızda maraqlı xatirələrlə qalıb?

- Badamdar qəsəbəsinin Xalq Teatrında "Naməlum qadının məktubu” tamaşasında oynadığım obraz mənim həm birinci, həm də çox sevdiyim rolum olub. "Kölgə” Teatrında Rəşad obrazında oynadığım "Əsgər papağı” mənim ən yaxşı tamaşamdı. Bu tamaşanın çox böyük tərbiyəvi əhəmiyyəti vardı. "Kölgə” Teatrında "Maymaq” tamaşasındakı Syoma obrazım isə fərqli, qüsurlu olanların kənarda qalmağından bəhs edirdi. Bakı Uşaq Teatrından isə birinci tamaşam "Dovşanın evi”ndə iti, daha sonra "Fidan və qoğal” tamaşasında baba, "Pəltək cücə” tamaşasında dəcəl cücə, "Günahsız günahkarlar”da İnam obrazlarımı uğurlu hesab edirəm. Obrazlarımın hamısı mənim üçün əzizdir.
Xəyalə Rəis




banner

Oxşar Xəbərlər