• cümə, 29 Mart, 18:25
  • Baku Bakı 14°C

Teatrın dili və ya dilin teatr formulu...

06.03.15 07:04 2113
Teatrın dili və ya dilin teatr formulu...
Qəti şəkildə söyləmək olar ki, teatr təkcə mədəniyyət funksiyasını daşımır. Teatrın təhsilə aid olan hissəsi bu gün daha aktualdır... daha işləkdir... daha canlıdır... Zatən teatra gəlmək istəməyən, qarşısından keçərkən muzey kimi yanaşılan teatra mədəniyyət faktı kimi baxmaqdansa təhsil faktı kimi pedaqoji yanaşma daha məntiqlidir. Bizim teatrlar ünsiyyət baxımından da hələ o ali səviyyəyə nə qalxıblar, nə də buna doğru can atırlar.
Teatrın dil formulu özündə yeni ünsiyyət formasını, heç zaman dəyişilməyən bədiiliyi və hər zaman ehtiyacda bulunan informasiyanı cəmləşdirir. Təhsil və şəxsiyyətin inkişafı yaşam boyunca davam edən geniş bir müddəti əhatə edir. Günümüzdə dəyişən dəyərlər və ehtiyaclar ilə birlikdə bunlara bağlı olaraq təhsil və tədris programında da fərqli metodlar meydana çıxmışdır. Bunlardan biri olan dil-nitq mədəniyyəti son illər ən çox diqqət ayrılan və ən çox işlənən mövzuya çevrilmişdir.
Zehni və sosial inkişafın əsas elementlərindən biri dildir. Ünsiyyət qurmaq, duyğularını ifadə etmək, xarici aləmlə bütünləşmək baxımından dil olduqca vacib rol oynayır. Dil problemi dünyada və ölkəmizdə getdikcə siyasi ünsürə çevrilmiş bir problemdir. İnkişaf etmiş ölkələrdə ana dilinin inkişafına həssaslıqla yanaşılır. Dil öyrənmək və öyrətməkdə əsas olan uyğun tədris modelinin müəyyən edilməsidir. Nitq mədəniyyətinin inkişafında müxtəlif metod və texnikalardan istifadə olunur. Bunlardan biri də teatr vasitəsilə tədris üsuludur. Biz bu yazımızda teatrın nitqin inkişafında oynadığı rolu araşdırmağa çalışacağıq.
Dil tədrisi iki mövqedən dəyərləndirilə biləcək bir mövzudur: fərdin ana dilini öyrənməsi və öyrətməsi, fərdin xarici dil öyrənməsi və öyrətməsi. Dil öyrənmək bir millətin tanınması, onun mədəniyyətinə nüfuz etmək anlamına gəlir.
Tədris mühitinin zənginliyi nitq mədəniyyətinin inkişafına təsir edəcək bir qüvvədir. Belə zəngin mühiti isə biz teatr vasitəsilə əldə edirik. Teatrın nitq mədəniyyətinin inkişafına təsiri çoxyönlü olub bu şəkildə tədqiq oluna bilər:
1.Eşitmək
Dinləmə - məlumat əldə etmək vasitələrindən biridir. Hər bir sağlam fərd öyrəndiklərinin əksəriyyətini eşidərək öyrənir. Eşitmə-sağlam ünsiyyət qurulmasında önəmli funksiya daşıyır. Televizor, internet və s. istifadə olunaraq dinləmək-eşitmək bacarığı inkişaf etdirilə bilər.
Hər hansı bir teatr tamaşası seyircidə gözə və qulağa xitab etməsi baxımından çox önəmli mövqeyə sahibdir. Teatr dil öyrənməkdə eşitmək bacarığının inkişaf etdirilməsi üçün bir açar funksiyasını daşıyır.
2.Danışmaq
Danışmaq - nəql etmək vasitəsidir. İnsanlar gördüklərini, eşitdiklərini, hiss etdiklərini anlatmağa ehtiyac duyurlar. Bunun isə ən asan yolu danışmaqdır. Danışmaq eyni zamanda informasiya mübadiləsinin də bir yoludur. Danışarkən istifadə olunan ünsiyyət dili çox önəmlidir. Fizioloji və sosial elementlərin, ətraf mühitin, yaşın, təcrübənin nitq üzərində əhəmiyyətli dərəcədə təsiri vardır. Nitqin inkişafı düşüncə gücünün inkişafına, söz bazasının zəngin olmasına və s. bağlıdır.
Teatr tamaşası danışmaq-nitq qabiliyyətinin inkişafında vacib ünsürdür. Xarakterik və ya tipoloji olan dil fərdlərin dil istifadə bacarığlarına görə dəyişir.
Səhnədə istifadə olunan dil vasitəsilə biz obrazın daxili aləmini, onun hansı zümrəyə məxsus olmasını, təhsilini, sosial-iqtisadi və kultoroloji mövqeyi ilə bağlı məlumat əldə edirik.
Ana dilinin inkişafında və xarici dil öyrənməkdə teatr insanların nitq qabiliyyətinə iki şəkildə təsir edir: dil öyrənməyə çalışan şəxs səhnədə gördüyü obrazların danışığını mənimsəyir, və öz nitqini buna uyğun sistemləndirir və ya özləri birbaşa teatral fəaliyyətlə məşğul olaraq nitq mədəniyyətlərini inkişaf etdirirlər. Xüsusən də kütlə qarşısında danışmağa və ya xarici dildə axıcı danışa bilməyənlər üçün bu ələdüşməz bir fürsətdir.
3.Oxuma
Oxuma - oxuyucu ilə yazıçı arasında uyğun mühitdə baş tutan fikir mübadiləsidir. Oxuma istər təhsil-tədris çərçivəsində, istərsə də fərdin şəxsi həyatında müraciət etdiyi ən önəmli informasiya əldə etmək vasitəsidir. Əsas olaraq oxuma gözlərin və ya səs orqanlarının yazılı və ya vizual mətni anlamasından ibarət olan zehni fəaliyyətdir.
Oxuma informasiya əldə etmək vasitəsi olmaqla yanaşı həm də nitq qabiliyyətinin inkişaf etdirilməsinin bir başqa yoludur. Fərd oxuduqca və oxuduqlarını zehnində çeşidlədikcə həm söz ehtiyatı artır, həm də dilə hakimiyyəti artır. Teatral mətnlərin - dram əsərlərinin nitq mədəniyyətinin inkişafında ən önəmli faydası oxucuya estetik ünsürləri qazandırmasıdır.
Teatr həyatın bir parçasıdır. Həyata dair bütün gözəlliklər, həyatın içində yer alan mövzular teatrda var və teatr vasitəsilə bütün bunlar insanın gözü önündə təkrar canlanır, şüurlu olaraq qavranılır. Teatr mətnləri - dram əsərləri həyata dair bütün ünsürlərin yer ala biləcəyi, lakin mövzu olaraq fərqliləşən ədəbi mətnlərdir. Oxucu oxuduğunu düzgün şəkildə dəyərləndirə bilməli və düzgün olaraq mənalandıra bilməlidir. Bu səbəblə səhnə əsərlərini oxuyarkən oxucu özünə bu sualları ünvanlamalıdır:
Oxumadan öncə
- Bu əsərin qazandıra biləcəyi dil qabiliyyəti hansılardır?
- Əsərdə hansı kulturoloji və dil ünsürləri yer almaqdadır?
Oxuyarkən
- Anlamı bilinməyən söz və söz qrupları hansılardır?
- Əsərin süjet xətti-hadisələrin gedişatı doğru anlaşıldımı?
Oxuduqdan sonra
- Əsərin ana fikir aydın oldumu?
- Əsərin üslubu aydın idimi?
Bu sualların köməyilə oxucu həm səhnə əsərini daha yaxşı anlayacaq, həm də əsərə hakim ola biləcək.
Ədəbi mətnlərin, xüsusilə də teatr mətnlərinin oxunması zamanı unutmaq olmaz ki, yalnız pyesin zahiri deyil, eyni zamanda batini anlamına da varmaq gərəkdir.
4.Yazmaq
Yazmaq - beyində toplanmış informasiyaların işarələr sisteminə çevrilməsidir. Yazmağa beyində formalaşmış məlumatların nəzərdən keçirilməsi ilə başlanılır. Yazmaq yazdıqca inkişaf edə bilən və təhsili gərəkdirən bir qabiliyyətdir. Dil öyrənməkdə yazmaq önəmli bir çalışmadır.
Mədəniyyətlər arasındakı fərqlər və bunların müəyyən edilməsi zehni qabiliyyətin inkişafı üçün önəmlidir. Annotasiya - mövzunun əsas hissələrinin və fərdin zehnində buraxdığı təsirin qədərilə kağıza köçürülməsini nəzərdə tutan yazı texnikasıdır. İnsanın gördüklərini, eşitdiklərini və oxuduqlarını öz cümlələri ilə xarakterizə etməsi eyni zamanda zehni fəaliyyətin inkişafına yardımcı olan vasitədir.
Dil öyrənməkdə və öyrətməkdə teatr digər metod və texnikalardan fərqli olaraq önəmli yerə sahibdir. Teatrda nitq qabiliyyətinin (eşitmə, oxuma, yazma) bir bütün halında dilə aid ünsürlərin yer alması bu sənətin önəmini daha da artırır. Teatr eyni zamanda çox təsirli informasiya ötürmə vasitəsidir. Teatr dil öyrənmək və öyrətməkdə istifadə olunan yeni yanaşmadır. Xarici dil öyrənməyə çalışan fərdlər, ana dilini inkişaf etdirməyə çalışan fərdlər öz səviyyələrinə uyğun teatral mətnlərdən faydalanmalı və vaxt tapdıqca teatr tamaşalarını izləməlidirlər. Teatr sadəcə dil öyrənmək baxımından deyil, həm də ədəbi zövqün və buna bağlı olaraq estetik duyğunun inkişafı üçün önəmli rola malikdir.
Niyaz Cəfərov
Teatrşünas
banner

Oxşar Xəbərlər