• cümə axşamı, 28 mart, 14:34
  • Baku Bakı 16°C

Teatrımızda ilk azərbaycanlı qadın tamaşaçı kim olub?

12.07.17 11:33 9091
Teatrımızda ilk azərbaycanlı qadın tamaşaçı kim olub?
Azərbaycan kinosunun səssiz dövründə milli qadın aktrisalarının filmlərə çəkilişi müşkül məsələ idi. Əgər rejissorlar xarici görkəm baxımından kişi rollarına qeyri-peşəkar aktyorları dəvət edə bilirdilərsə, aktrisa sarıdan bu işi görmək mümkün deyildi. Çünki o dövrdə nəinki, kinoda, hətta teatr səhnəsində belə azərbaycanlı qadın aktrisalar çıxış etmirdilər. Sadəcə olaraq, qadınların səhnəyə çıxması camaatın müəyyən təbəqəsi tərəfindən şəriətlə bağlı qadağan edilmişdi. Əgər qadınlardan kimsə belə bir addım atmış olsaydı, daş-qalaq edilərdi.

Onu fərəhlə qarşıladılar

Sənətşünas İ.Kərimov "Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi "Səhnəyə aktrisa gərək idi...” məqaləsində yazmışdır: "1900-cü ildən başlayaraq, Azərbaycan qadınlarını teatr tamaşalarına cəlb etmək məqsədi ilə bir sıra təşəbbüslər göstərilmişdi. Teatrın arxa lojalarını qara cuna ilə bağlamaqla, qadınlar üçün örtülü lojalar hazırlamışdılar. Təəssüf ki, bunlar da nəticəsiz qalmışdı... 1905-ci ildə "Nadir şah” tamaşasına Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin arvadı Sona xanım baxmışdı. İlk azərbaycanlı qadın tamaşaçısını, teatr truppasının üzvləri, ümumiyyətlə, bütün mütərəqqi fikirli ziyalılar fərəhlə qarşıladılar. Heyf ki, bu sevinc hissi uzun sürmədi...”
Əgər tamaşaya baxmaq üçün qadınlar teatra gəlmirdilərsə, azərbaycanlı qadınların səhnəyə çıxmalarından söhbət belə gedə bilməzdi. Ona görə də milli aktrisalarımızın yoxluğu dövründə Azərbaycan səhnəsində və kinosunda qadın rollarını başqa millətlərdən olan aktrisalar ifa edirdilər. Bunun da müsbət və mənfi tərəfləri olurdu.
Böyük dramaturq C.Cabbarlı teatrda qadın problemi ilə bağlı yazmışdır: "Aktrisalar seçilmək, arzu, istedad üzrə deyil, dil bilmələri üzrə səhnəyə çıxırdılar. Odur ki, türk səhnəsinə çıxan ilk aktrisalar erməni, rus, yəhudi qadınlarından ibarət idi.”
Teatr və kino tarixindən bizə yaxşı məlumdur ki, nəinki qadınlar, hətta kişilər – xalqımızın mütərəqqi fikirli sənətkarları insanların maariflənməsinə çalışdıqlarına görə, təhqirlərə məruz qalırdılar. Nəinki qoçular və fırıldaqçı mollalar, hətta çar məmurları da sənətkarları təqib edir, onları fəaliyyət göstərməyə qoymurdular. Buna görə də bəzi kişilər, avam camaatın gözündən düşməmək üçün şəraitlə hesablaşır, bu vacib işdən yaxalarını kənara çəkirdilər.
Görkəmli ədib C.Məmmədquluzadə bu ağır vəziyyəti görüb yazırdı: "Təəccüblü işdir ki, hələ indiyə kimi eləyə bilmirik ki, teatr işində özgə millətlərə möhtac olmayaq. Hələ müsəlman xanımlarının səhnəyə çıxması qalsın kənarda...Allahın kişiləri də teatrdan qaçırlar, oynamaqdan qaçırlar.”
Mirzə Cəlilin ürək ağrısı ilə yazdığı bu sətirlərdə böyük bir həqiqət vardır. Rejissor H.Seyidzadənin çəkdiyi "Dəli Kür” filmində rus Əhmədlə Çernyayevskinin kənd uşaqlarını Qori seminariyasına oxumağa göndərmək barədə məsciddə kəndlilərlə söhbətini tamaşaçılar yəqin ki, xatırlayırlar. Başqa bir misal, rejissor Anarın "Üzeyir ömrü” bədii televiziya filmindəki gənc çayçını göstərmək kifayətdir. Həmin çayçı oğlan "Leyli və Məcnun” operasında Leyli rolunda çıxış etməyə razılıq verir. Lakin ilk çıxışdan sonra səhnəyə çıxmaqdan imtina edir. Onun yerini Üzeyir bəyin qohumu aktyor Əhməd Ağdamski tutur və bütün tamaşalarda qadın rollarının mahir ifaçısı kimi tanınır. Hətta o, 1916-cı ildə rejissor B.Svetlovun Bakıda "Filma” Səhmdar Cəmiyyətində çəkdiyi "Arşın mal alan” filmində (I var.) Gülçöhrə rolunda çıxış edir. Asya və Telli rollarını Aleksandra və Yevgeniya Olenskaya bacıları, Cahan xala rolunu Yunis Nərimanov ifa edirlər.
Yalnız keçən əsrin XX illərinin sonundan ilk milli kinoaktrisalar ekranda görünməyə başladı. Beləliklə, 1928-ci ildə rejissor A.M.Şərifzadənin lentə aldığı "Hacı Qara” kinokomediyasında Heydərin anası Tükəz rolunda Mərziyə Davudova, Sonanın anası rolunda isə Əzizə Məmmədova çəkilmişlər.
Bakıda bundan bir il əvvəl istehsal olunmuş "Neft və milyonlar səltənətində” iki seriyalı bədii filmində baş rollardan birinin obrazını tragik aktyor Hüseyn Ərəblinski (Lütfəli bəy) yaratmışdır.

İnsan yerindən qalxıb "yaşa, Azərbaycan qızı!” deyərək, bağırmaq istəyirdi

SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Mərziyə Davudova Azərbaycan teatrının və kinosunun ən populyar sənətkarlarından biri olmuşlar. O, 1901-ci ildə Həştərxanda dünyaya göz açmış, ilk təhsilini burada almış, səhnə fəaliyyətinə 1917-ci ildə dram dərnəyində başlamışdır. 1920-ci ildə Mərziyə xanım Bakıya köçmüş, Akademik Milli Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirmişdir.
Mərziyə xanım teatr səhnəsində bir-birindən maraqlı obrazlar yaratmaqla yanaşı, 1928-ci ildə filmlərə çəkilmiş, kino aktrisası kimi də məşhurlaşmışdır. Kinoda əsasən müxtəlif xarakterli ana rollarında çıxış etmişdir: "Hacı Qara” (1928), "Bir ailə” (1943), "Bakının işıqları” (1950), "Bəxtiyar” (1955), "Bir məhəllədən iki nəfər” (1957), "Əsl dost” (1959) filmlərində ana, "Koroğlu”da (1960) dayə və s.
M.Davudova ömrünün son günlərinə kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik etmişdir. O, 1962-ci ildə Bakıda vəfat etmişdir.
Azərbaycanın əməkdar artisti Əzizə Məmmədova 1892-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, ilk təhsilini atasından, məşhur xanəndə Əbdülbağı Zülalovdan almış, Bakıya köçəndən sonra Əli Bayramov klubunun fəal üzvlərindən biri olmuşdur. Qızı Sona xanımla birgə dram dərnəyinin hazırladığı tamaşalarda iştirak etmişdir.
1920-ci ilin oktyabr ayında klubda ilk tamaşa göstərilir. Həmin tarixdə C.Cabbarlı "Kommunist” qəzetində dram dərnəyinin "Hicranlar” və "Axşam səbri xeyir olar” tamaşaları haqqında məqalə dərc etdirir. Məqalədə deyilir: "Axşam səbri xeyir olar” tamaşasında Gülcamal və Çimnaz rollarını uğurla ifa etmişlər. Bu çıxışlar Əzizə xanımla qızı Sonanın uğurlu işləri olmaqla bərabər, həm də teatr tarixində debütləri idi.”
C.Cabbarlı məqaləsində yazmışdı: "Məşədi Şabanın... arvadı rolunu ifa edən xanım gözəl oynadı. Bu xanım öz hərəkət və davranışı ilə səhnəmizdə birinci olaraq bu vəqtə qədər müqtədir aktrisalar tərəfindən yaradılmayan canlı-təbii bir Şərq qadını yaradıb göstərə bildi....
... Hacı Şabanın qızı, xüsusən oxuması və oxuyarkən aldığı vəziyyətlə sadə ürəkli bir azərbaycanlı türk qızının öz evlərində oxuduğunu andırıyordı. Bu o qədər təbii, o qədər gözəl idi ki, insan yerindən qalxıb "yaşa, Azərbaycan qızı!” deyərək, bağırmaq istəyirdi”.
Bu məqalə bir daha sübut edir ki, ana və bala sənət aləminə gəldikləri ilk gündən uğurlar qazanmışlar.
Əzizə xanım əvvəllər Bakı Azad Tənqid-Təbliğ teatrında, Bakı Türk İşçi Teatrında, 1933-cü ildən ömrünün sonuna kimi Azərbaycan Akademik Milli Dram Teatrında fəaliyyət göstərmişdir.
İstedadlı aktrisa filmlərdə də çəkilmişdir. O, kinoda və teatrda milli koloritli Azərbaycan qadın rollarının ən yaxşı ifaçısı kimi şöhrət qazanmışdır. Əzizə xanım 1934-cü ildə "İsmət” filmində Səmədin anası, hökmlü və hikkəli qaynana obrazını ustalıqla yaratmışdır. Bundan başqa, Əzizə xanım 1936-cı ildə istehsal olunmuş "Almaz” filmində Almazın himayədarı, onun yeni fikirlərini həyata keçirməyə çalışan, yeni həyat quruculuğunun fəal iştirakçısı, kəndli qadın Telli, 1940-cı ildə yaradılmış "Yeni horizont” filmində Fatma, 1942-ci ildə çəkilmiş "Vətən oğlu” filmində qəhrəmanın anası, 1955-ci ildə lentə alınmış "Görüş” kinokomediyasında Kamilin anası, 1958-ci ilin istehsalı olan "Ögey ana” filmində Solmaz və digər filmlərdə irili-xırdalı müxtəlif xarakterli rollar oynamışdır. Əzizə xanımın qızı Sona Hacıyeva 1907-ci ildə Şəki şəhərində doğulmuşdur. Atasını çox erkən itirdiyindən, o, babasının yanında böyümüşdür. Anası Əzizə xanım çox gözəl qarmon çalırdı, babası isə tanınmış xanəndə idi. Belə bir ailədə tərbiyə olan balaca Sonanın incəsənətə marağı olmaya bilməzdi.
Sonanın 12 yaşı olanda Əzizə xanım qızını da götürüb Bakıya köçür. Sona burada təhsilini davam etdirir. 1920-ci ildən həyatını səhnəyə bağlayan Sona xanım 200-ə qədər tamaşada oynamış, həm dram, həm də opera səhnəsində Şahsənəm ("Aşıq Qərib”), Leyli ("Leyli və Məcnun”), Əsli ("Əsli və Kərəm”), Asya ("Arşın mal alan”), Mariya Antonova ("Müfəttiş”), Ofeliya ("Hamlet”), Dezdemona ("Otello”), Sona ("Hacı Qara”), Xumar ("Şeyx Sənan”), Almaz ("Almaz”), Sevil və Gülüş ("Sevil”) kimi digər müxtəlif xarakterli obrazlar yaratmışdır.
Vaxtilə böyük dramaturq C.Cabbarlı "Səhnədə qadın” məqaləsində Sona xanım haqqında yazmışdır: "Azərbaycan qadınlarının gənc kollektivi içərisindən irəli çəkilmiş bir qüvvətli fiqura da aktrisa Sona xanımdır. Sona xanım öz anası Əzizə xanımla teatra cocuq ikən gəlmişdir... Şuşa səhnəsi 10 il müddətində vücudca kiçik və zəif olan qızcığazdan böyük bir aktrisa fiqurası yetişdirmişdir”.
S.Hacıyeva1949-cu ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Sona xanım C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir sıra bədii filmlərdə, o cümlədən "Bəxtiyar” (Zəhra), "O olmasın, bu olsun” (epizod), "Qızmar günəş altında” (kolxozçu), "Səhər” (epizod) kino əsərlərində çəkilmişdir. Xarici filmlərin Azərbaycan dilinə dublyajında iştirak etmişdir. Azərbaycanın xalq artisti Sona Hacıyeva 1979-cu ildə 72 yaşında vəfat etmişdir.

Cabbarlının kino üçün kəşf etdiyi aktrisa

Dramaturq C.Cabbarlının kino üçün kəşf etdiyi İzzət Orucova onun iki filmində - "Sevil”də (1929) Sevil, "Almaz”da (1936) Almaz rollarında çəkilmişdir. O, çəkildiyi filmlərdə Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olmuşdur. İ.Orucova o vaxtlar indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi. Həmin illərdə bu gənc qızın qarşısında iki yol dururdu. Birincisi, özünü elmə həsr etmək, ikincisi, kinoaktrisa olmaq. O, birinci yolu seçdi, kimya üzrə görkəmli alim, elmlər doktoru, akademik, professor oldu. Onu bütün dünya tanıdı. İ.Orucova 1909-cu ildə Bakıda doğulmuş və 1983-cü ildə ildə 74 yaşında dünyasını dəyişmişdir.
Azərbaycan kinosunun ilk kinoaktrisalarından biri də respublikanın xalq artisti, görkəmli opera müğənnisi Həqiqət Rzayevdir. O, həm də Azərbaycan səhnəsində çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biridir.
Həqiqət xanım 1908-ci ildə Lənkəranda anadan olmuş, kiçik yaşlarından bu şəhərdə qız məktəbində oxumuşdur. 1923-cü ildə ailəsi Bakıya köçdükdən sonra o, pedaqoji texnikumda təhsil alarkən, musiqi ilə bağlı tamaşalarda çıxış etmişdir. Bunun nəticəsi olaraq, Həqiqət xanım gələcək həyat yolunu Azərbaycan Dövlət Konservatoriyasından salmış, muğam şöbəsində təhsilini davam etdirmiş, eyni zamanda Opera və Balet teatrının solisti olmuşdur. O, opera səhnəsində Leyli, Əsli, Şahsənəm, Sənəm, xanəndə qız, Yengə, Ərəbzəngi kimi rəngarəng obrazlar yaratmışdır.
H.Rzayeva kinoya 1930-cu ildə gəlmiş və həmin il "Lətif” filmində ögey ana rolunu ifa etmişdir. Həqiqət xanım "Ögey ana” fimində (1958) Qəmər nənə obrazını yaratmışdır. Maraqlıdır ki, "Lətif”də balaca uşağı öz ata evindən didərgin salan ögey ana, "Ögey ana”da vəfat etmiş qızının yerinə gələn Dilarəni – ögey ananı, günahı olmaya-olmaya daim danlayan nənədir. "İsmət” filmində (1934) isə uşağı olmadığı üçün ərinin yenidən evlənməsinə dözməyib özünü yandıran gəlin rolunu ifa edir. Aktrisa H.Rzayeva qul vəziyyətinə salınmış gəlinin keçirdiyi sarsıntılarını, psixoloji vəziyyətini, əlacsızlığını incə ştrixlərlə tamaşaçıya çatdıra bilmişdir. H.Rzayeva bundan başqa "Dostlar” adlı qısametrajlı bədii filmdə (1934) də çəkilmiş və ana rolunu ifa etmişdir. Həqiqət xanım 1969-cu ildə Bakıda vəfat etmişdir.

Müsəlman Şərqində ilk qadın kinorejissor

Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadə (Nəcəfova) 1908-ci ildə Culfada, mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açmışdır. O, təhsilini Moskvada Dövlət Kinematoqrafiya Texnikumunda davam etdirmişdir. 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində "Azərkino”da çəkilən filmlərin sayı artdığına görə, rəhbərlik II kursu bitirdikdən sonra Qəmər xanımı geri çağırtdırır. Bakıya qayıdan tələbə "Qızıl kol” bədii filmində (1930) rejissor köməkçisi, "Əlsiz adamlar”da (1932) rejissor assistenti, "Rəqs edən bağalar” da (1935) II rejissor, "Dəcəl dəstə”də (1937) quruluşçu rejissor (A.Popovla birgə), "Səbuhi”də (1941) və "Bir ailə”də (1943) rejissor assistenti, "Ordenli Azərbaycan” sənədli filmində (1938) II rejissor, "Kənd təsərrüfatı sərgisi”ndə (1940) və "Şəfa nəğməsi”ndə (1944) rejissor və digər filmlərdə işləmişdir. Vaxtilə Bakıda çıxan "Raboçiy zritel” jurnalının (1930, N35) üz qabığında Qəmər xanımın şəkli verilmiş və bu sözlər yazılmışdır: "Azərkino”da işləyən ilk qadın kinorejissor köməkçisi – türk qadını Qəmər Nəcəfova”.
Qəmər xanım əri, xalq rəssamı Salam Salamzadə ilə birgə böyük və mənalı ömür yaşamışdır. O, 1994-cü ildə 86 yaşında vəfat etmişdir. Bu gün fəxrlə deyə bilərik ki, bütün müsəlman Şərq aləmində ilk qadın kinorejissor olan Qəmər Salamzadənin adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılmışdır.
Haqqında ətrafı söhbət açdığımız qadın sənətkarlarımızdan hər birinin kinoda gördüyü işlər sevindiricidir, fəxr olunasıdır. Çünki o dövrlərdə ekrana, səhnəyə çıxmaq heç də adi məsələ deyildi. Bu qadınlar birincilər olmuşlar, milli kino sənətimizin ilk qaranquşları idilər.

Aydın Kazımzadə
banner

Oxşar Xəbərlər