“Teatrı çox müasirləşdirməyin tərəfdarı deyiləm” - Debüt
2 ildir ki, Abdulla Şaiq adına Dövlət Kukla
Teatrında çalışır. Bu zamana qədər irili-xırdalı bir çox tamaşalarda rol alıb.
Yaşının az olmasına baxmayaraq, gələcəyə böyük ümidlər bəsləyir. Qismətindən
razılıq edir, deyir ki, tale onun qarşısına yaxşı müəllim, gözəl kollektiv
çıxarıb. Aktyorun hərtərəfli yetişməsini vacib hesab edir. Bunun üçün özünü hər
sahədə sınamağa çalışır.
Beləliklə, "Debüt” rubrikamızın qonağı Kukla
Teatrının gənc aktyoru Adil Dəmirovdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
"Dram teatrı və kino aktyoru” ixtisasını bitirib. Kurs rəhbəri xalq artisti Məmməd
Səfa olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrında Azər Paşa
Nemətovun quruluşunda hazırlanan "Şah Qacar” tamaşasında Qacarın yeniyetməlik
illərini canlandırıb. Elə o illərdən səhnədə peşəkar aktyorlarla tərəf müqabili
olub. Özünü yolun başlanğıcında hesab edir. Çıxdığı yolda daim öyrənməyi özünə
borc bilir.
- Universitet sizə
nələr qazandırıb?
- Mən hər zaman şükür etmişəm ki, məhz Məmməd Səfa müəllimin
kursuna düşmüşəm. Bu zamana qədər bir çox rejissorlarla çalışmışam, ancaq ondan
öyrəndiklərimi heç kimdən ala bilməmişəm. O mənə təkcə bu sənətin sirlərini öyrətməyib,
yeri gələndə dost, yeri gələndə sirdaş, həmkar, qardaş olub. Aktyorluq sənətinin
sirlərini mənə müəllimim öyrədib. Səhnədə duruş, davranış, nizam-intizam... Təbii
ki, bu sənətin əlifbasını universitetdə öyrəndim və bu işdə Məmməd Səfa müəllimin
müstəsna xidmətləri oldu. Məşqlərimizi YUĞ Teatrında edirdik. Çünki müəllimim
istəyirdi ki, biz səhnəyə öyrəşək, tamaşaçı ilə işləyə bilmək qabiliyyətimiz
formalaşsın. Bunun üçün də bizə dərsləri YUĞ Teatrında keçirdi. YUĞ Teatrının
spesifikası tamamilə fərqlidir. Çünki tamaşaçı ilə çox yaxın məsafədə, açıq
təmasda olan bir səhnəsi var. Orada səmimi olmamaq qeyri-mümkün idi.
- Və elə
tələbəlik illərindən də peşəkar səhnədə addımlamağa başladınız.
- Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrına
dəvət aldım. Xalq artisti Azər Paşa Nemətovun quruluşunda hazırlanan, Fuad Poladovun
baş rol oynadığı "Şah Qacar” tamaşasında Qacarın yeniyetməlik illərini canlandırdım.
İlk rolum ana teatrın səhnəsində oldu və bu obraz mənə çox uğur gətirdi. Bir-birindən
maraqlı tamaşalarda rol aldım. Məmməd Səfa müəllim kurs işində tamaşalar qururdu
və mən orada rol aldım. Tələbə tamaşalarının təbii ki, formalaşmağımızda böyük
rolu oldu. Ondan sonra teatrın səhnəsində xalq artistlərimiz Ramiz Novruz, Bəsti
Cəfərovanın hazırladığı tamaşalarda və YUĞ Teatrının istedadlı rejissoru Gümrah
Ömərin bir işində iştirak etdim. Gənc rejissor Fidan Cəfərovanın çəkdiyi "Araf”
filmində Əsgər Əli roluna çəkildim. Ana teatrın səhnəsində "Silindr”də Mikele,
"Müsyö İbrahim və Quran çiçəkləri”ndə polis, "Nağıllar aləmi”ndə nağıl
qəhrəmanları, "Nadir Şah”da Məhəmməd Hüseyn, "Gəncə qapıları”nda Orxan və sair
rolları oynadım. Kukla Teatrında isə "Cırtdan”, "Əli baba və 40 quldur”, "Maşa
və ayı”, "Karlson”, "Pinokionun sərgüzəştləri”, "Qoçaq Əhməd”, "Qırmızı papaq”,
"Keloğlan”, "Bizim Donkixot” tamaşalarında rol aldım.
- Yeniyetmə Qacar olmaq
necə bir hissdir?
- Çox qürurvericidir. Səhnəyə çıxanda həyəcan keçirirdim.
Fuad Poladova baxırdım və onun kimi oynamağa çalışırdım. Təbii ki, rejissorumuz
səhnədə mizan verirdi, ancaq bu mənim həyəcanımı ört-basdır etmirdi. İlk dəfə səhnəyə
çıxanda içimdə bir qədər qorxu var idi. Deyirdim ki, birdən nəyisə düz etmərəm.
Sonradan oynadıqca tamaşa yerinə oturmağa, daha da "bişməyə” başladı.
- Akademik Milli Dram
Teatrı ilə Kukla Teatrının fərqli spesifikası var. Kukla dünyası tamam başqa bir
aləmdir. Kukla Teatrına gələndə buranın iş strukturu sizə çətin gəlmədimi?
- Kukla Teatrı mənə çox maraqlı gəlirdi. Aktyor öz üzərində
mütəmadi olaraq çalışmalı, özünü hərtərəfli inkişaf etdirməli, özünü hər sahədə
sınamalıdır. Niyə də olmasın? Misal üçün, mən oxumağı da, rəqs etməyi də bacarıram.
YUĞ Teatrında məşq edib, Akademik Milli Dram Teatrında səhnəyə çıxıb, Kukla Teatrında
çalışıram. Uşaq yaşlarımdan anam məni Kukla Teatrına gətirirdi və bu teatr hər zaman
mənim yadımda sehrli bir dünya kimi qalmışdı. Mənə kuklaların hərəkət etməsi
müəmmalı qalırdı. Bu bir nağıl idi. İllər keçdikdən sonra bu teatra gəldim və o
sehrli dünyanın bir parçasına çevrildim. Mənə indi aydın oldu ki, kuklaları bu
qədər sehrli edən enerjidir. Belə ki, səhnədə hərəkətə gələn kuklaların arxasında
onu idarə edən canlı bir enerji var. Aktyor enerjisini, plastikasını, istedadını
kuklaya ötürür və o başlayır canlanmağa. Uşaqlıq arzularımın arxasınca getdim
və enerjim məni Kukla Teatrına gətirdi. İstədim ki, özümü bu tərəfdən də sınayım.
Bunun üçün Kukla Teatrının direktoru Rəşad Əhmədzadəyə təşəkkürümü bildirirəm. O
hər zaman gənclərə böyük dəstək göstərib. İstər yaradıcı, istər aktyor, istərsə
də texniki heyətimizin demək olar ki, əksəriyyəti gənclərdən ibarətdir. Rəşad müəllim
Kukla Teatrının səhnəsində özümüzü realizə etmək üçün böyük imkanlar yaradıb. Bizim
teatrın nəzdində "Oyuq” teatr studiyası fəaliyyət göstərir. Studiyanın rəhbəri
Səidə Haqverdiyeva istedadlı uşaqları orada bir araya cəm edib, onları peşəkar
səhnə üçün hazırlayır.
- Korifey sənətkarlarla
bir səhnəni paylaşanda hansı hissləri yaşayırsınız?
- Uşaq yaşlarımda televiziyadan sənətkarlarımızı
izləyirdim və düşünürdüm ki, görəsən nə zamansa onlar kimi oynaya bilərəmmi? Bu
gün isə onlarla bir səhnəni paylaşıram, bu mənim arzularımın bir parçası idi. Oynayaraq
düşünürəm ki, görəsən mən də onlar kimi ola biləcəmmi? Təbii ki, bir tələbənin
dahi sənətkarlarla bir səhnəni bölüşməyinin nə demək olduğunun bütün
məsuliyyətini dərk edirdim. Bu mənə verilən bir etimad idi və mən o etimadı
doğrultmağa çalışırdım. Öz üzərimdə işləyir, obrazımın öhdəsindən məsuliyyətlə
gəlməyə cəhd göstərirdim. Tələbə-aktyor üçün bu çox böyük bir şans idi.
- Hədəfləriniz nələrdir?
- Sənətimin peşəkarı olmaq istəyirəm. Tələbatlı, ehtiyac
duyulan aktyor olmaq arzusundayam. Onun üçün özümü hərtərəfli yetişdirməyə
çalışıram.
- XXI əsrin uşaqlarını
nəyəsə inandırmaq çox çətindir.
Bu baxımdan, siz aktyor və rejissorların da üzərinə böyük bir yük düşür. Oynadığınız
obraza onları inandırmaq internetin olduğu bir zəmanədə asan deyil.
- Bəli,
bu günün uşaqları çox açıqgözlüdürlər. Mən özüm uşaq olanda tamaşadakı qəhrəmanlara
inanırdım. Mənim üçün aktyor sənəti həmişə açılmaz bir sirr olub.
- Hələ də onu aça bilməmisiniz?
- Mən hələ yolun başlanğıcındayam. Nələrsə əldə etmək
üçün bir müddət yol qət etməliyəm və bunu da mənə əldə etdiyim təcrübələr verəcək.
Bəlkə də aktyor sənəti kiməsə asan görünür. Ancaq bu çox qəliz bir sənətdir. Bəzən
bu sənət bizdən zərgər dəqiqliyi tələb edir. Stanislavski bunu "aktyorun rol və
öz üzərində işi” kimi qiymətləndirir.
- Hansı daha çətindir?
- Məncə, insanın özü üzərində çalışması daha çətindir.
Hesab edirəm ki, aktyor sənətinin sonu yoxdur. İnsan öyrəndikcə öyrənir. Təsəvvür
edə bilmirəm ki, ömrümün hansısa çağında deyəcəyəm ki, mən bu sənətin pik nöqtəsindəyəm.
İnsan hər yaşında öyrənir. Hər gün nəsə yeni bir şey öyrənirsən. Məmməd Səfa müəllimin
bir sözü var: "Aktyor sənətini öyrənmək üçün bəzən bir ömür belə bəs etmir”.
- Bu gün teatra gənclər
axın edir. Gənc bir aktyor olaraq özünüzlə teatra hansı yenilikləri gətirmək və
teatrda nələri dəyişmək istərdiniz?
- Mən teatrlarımızda klassik adət-ənənələri saxlamaq
istərdim. Teatrı çox da müasirləşdirməyin tərəfdarı deyiləm. Bəzən olur ki,
hansısa tamaşalarda bayağı sözlər eşidirik. Ancaq bayağılıq heç də müasirlik
demək deyil. O keçmiş, klassik ənənələrin öz gözəl xüsusiyyətləri var, bunu
qorumaq biz gənclərin borcudur.
- Bir çox
rejissorlarla işləmisiniz. Hansı rejissorla işləmək sizə daha rahatdır?
- İlk işlədiyim öz müəllimim Məmməd Səfa
müəllimdir, daha sonra Azər Paşa Nemətov və yuxarıda adlarını qeyd etdiyim
rejissorlar. Kukla Teatrında teatrımızın baş rejissoru Qurban Məsimovla və
istedadlı rejissorumuz Anar Məmmədovla işləmişəm. Hətta mən deyərdim ki, Qurban
Məsimov mənim üçün canlı bir məktəbdir, ondan öyrənəcəyim çox şey var. Bütün
bunlara baxmayaraq, müəllimlə işləmək üçün darıxmışam. Hesab edirəm ki, təhsil
aldığım o dörd il çox tez gəlib keçdi.
Mən bu 4 ildə müəllimlərimdən daha çox şey öyrənə bilərdim.
Xəyalə Rəis