• çərşənbə, 17 Aprel, 00:46
  • Baku Bakı 14°C

Teatra qazanda yemək gətirən valideynləri də görmüşük

07.12.15 11:43 1930
Teatra qazanda yemək gətirən valideynləri də görmüşük
Bu gün teatrlardakı nizam-intizamdan danışacağıq. Çünki tamaşa zamanı seyrçilərin hansısa intizam qaydalarını pozduqlarını və bəzi davranışlarının etikaya sığmadığını tez-tez görürük. Bu kimi hadisələr isə teatrın nüfuzuna təsir edən amillərdən biridir. Məsələ ilə bağlı paytaxtımızın aparıcı teatrlarının baş inzitabatçıları ilə danışdıq. Onların sözlərindən aydın oldu ki, hər şey uşaq yaşlarından başlayır. Belə ki, azyaşlı uşaqları teatra gətirərək onu elə məkanındaca tərbiyələndirmək lazımdır. Teatra gələn bu günün gəncləri burada tum çırtlamaq, söhbət etmək və tamaşa zamanı “selfi” çəkdirmək üçün teatr zalını ən ideal məkan hesab edirlər.
Uşaq tamaşalarında isə valideyinlər özləri ilə uşaqların yeməklərini, içəcəyi suları və popkornları da teatra gətirirlər. İnzibatçılarımız zamanında teatra getməyən valideyinlərə teatrın uşaqları yedizdirmək üçün uğurlu məkan olmadığını izah etməkdə çətinlik çəkirlər. Bunun üçün onlara böyük səbr və təmkin lazım gəlir.
Burada artıq-əskik hərəkətlər yolverilməzdir
Akademik Milli Dram Teatrının baş inzibatçısı Hacıbaba Məmmədov bizimlə söhbətində tamaşa başlamamışdan öncə daxili səhnədə 3 dəfə zəng çalındığını və tamaşaçıların telefonlarını söndürmələri üçün müraciət olunudğunu bildirdi: “Hər teatrda olduğu kimi, bizdə də tamaşaya gecikən, tamaşa zamanı telefonla danışan insanlara rast gəlirik. Tamaşaya 25-30 dəqiqə gecikəndən sonra tamaşaçını zala buraxmağın heç bir mənası yoxdur. Tamaşa zamanı hər kəs telefonu səssiz rejimə qoymalıdır. Amma telefonun səsini almayanlar da olur, bu isə digərlərinin diqqətini yayındırır. Əgər teatra gəlmisinizsə, deməli tamaşanı izləmək üçün bu məkana üz tutmusunuz. Burada artıq-əskik hərəkətlər yolverilməzdir. Müşahidələrimə görə, orta nəsil tamaşaçıları səliqəli geyinərək gül dəstələri ilə teatra gəlirlər. Sanki bayrama gəlirlər. Düzdür, dövr dəyişib. Əgər bura mədəniyyət ocağıdırsa, o yerə uyğun davranış qaydası tələb olunur. İctimai yerdə davranmaq mədəniyyətini unutmaq lazım deyil.
H.Məmmədov problemi valideyinlərdə görür: “Heç bir ailədə uşaqlara teatr mədəniyyəti öyrədilmir. Valideyn övladını uşaqlıqdan teatra gətirməli, onda bu mədəniyyəti formalaşdırmalıdır. Əvvəlcə uşaq, daha sonra yeniyetmə tamaşalarına gətirməlidirlər. Yəni, deməyim odur ki, tamaşaçı izləyici mədəniyyətini məhz teatrda öyrənir. Biz evdə uşağa öyrədə bilmərik ki, teatrda özünü belə apar. Uşaq düşdüyü şəraitə uyğun davranış qaydalarına riayət edir. Mədəniyyət üçün qanun yazılmır ki, insan filan yerdə özünü necə aparmalıdır. Daxili mədəniyyət başqa şeydir. Əgər mən tamaşada oturmuşamsa və çantamdan çıxarıb yemək yeyirəmsə, bu, artıq insanın daxilindən gəlir. Teatr nə kafe, nə də restorandır. Əgər doğrudan da insanın problemi varsa, teatrın kafesində də oturub yeyə bilər. Misal üçün, futbola gedəndə biri qışqırır, biri sakit oturur, biri yemək yeyir. Bu həmin məkan üçün qəbul olunandır. Əgər ora getmisənsə, qışqırmalı, alqışlamalı, yeri gələndə bağırmalısan. Ancaq teatrda sakit oturub, canlı sənət növünü izləməlisən. Teatr hansısa bir məişət mövzusunu müzakirə etmək üçün əlverişli məkan deyil”.
İndiki uşaqlarda teatra istək azdır
Pantomim Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev də bu məsələnin hazırda bütün teatrların yaralı yeri olduğunu dedi: “İndi elə bir zəmanədə yaşayırıq ki, insanların bütün marağı telefonlara yönəlib. Elə izləyici var ki, teatra gəldiyini unudur. Əvvəllər seyrçilər tamaşa ərzində - 45-50 dəqiqə özünü teatra həsr edirdi. Elə ki, internet, sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrildi, tamaşaçılar telefondan ayrıla bilmədilər. Bəzən görürük ki, tamaşaçılar tamaşa zamanı sosial şəbəkələrdə şəkil paylaşaraq harada olduqlarını bildirirlər. Bizim teatrda da belə hallar olur. Bilirsiniz ki, bizim tamaşalarımız məhz işıq üzərində qurulub. Zalda işıq sönən halda bir də görürsən ki, tamaşaçının telefonunun işığı səhnəyə düşür, o da aktyorun səhnədə işləməsinə maneçilik törədir. Zalımız və səhnəmiz qaranlıq olduğu üçün tamaşaçıların telefonlarının işığı tez diqqət çəkir. Bizim zalımız 45-50 nəfərlik olduğundan bu, tez hiss olunur. Heç bir tamaşaçını zaldan çıxarmamışıq, tamaşa bitdikdən sonra yaxınlaşıb sözümüzü demişik”.
E.Rəfiyev indiki dövrdə uşaqların teatr mədəniyyətinin sıfır dərəcəsində olduğunu bildirdi: “Biz sovetlər dönəminin uşaqlarıyıq, teatrda böyümüşük. İndiki uşaqlarda teatra istək azdır. Uşaqlarda teatr mədəniyyəti olmadığından indi onların maraqları tam başqa yönədir. Onu yazsaq belə, tamaşaçıya sərf etməyəcək. Sözün əsl mənasında telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əvvəllər smatfonlu telefon olmadığından belə hallarla çoz az-az rastlaşırdıq. Teatrımızın girişində, zalda bütün qayda-qanunlar yazılsa da, ona əhəmiyyət verən yoxdur. 45-50 dəqiqə telefondan ayrıla bilmirlərsə, demək onlar həqiqətən də telefona bağlıdırlar. Bu, danılmaz faktdır, bundan qaçmaq olmaz”.
Biz öz tamaşaçılarımızdan razıyıq
Musiqili Teatrın baş inzibatçısı Sücəddin Sadıyev: “Mən Opera və Balet Teatrında, Akademik Milli Dram Teatrında işləmişəm. Hazırda isə Musiqili Teatrda çalışıram. Müxtəlif teatrlarda tamaşaçıların teatra münasibətinin eyni olduğunun şahidi olmuşam. Bizim məqsədimiz odur ki, teatra gələn tamaşaçıları bir növ tərbiyələndirək. Teatrımıza tamaşaçılar bir neçə dəfə gəldikdən sonra heç bir narahatçılıq yaşamırıq. Müxtəlif xarakterli insanlar var. Şükürlər olsun ki, bizim tamaşaçılarımız həddindən artıq mədənidirlər. Uşaq tamaşalarında belə, azyaşlı uşaqlar artıq-əskik hərəkət etmirlər. Biz öz tamaşaçılarımızdan razıyıq. Bu gün tum çırtlamaq məsələsi gündəmdə deyil. Bizim teatrda elə hallar yoxdur. Ancaq telefon məsələsi hər zaman gündəmdədir. Bu telefon insanlarda xəstəliyə çevrilib. Bunu nəinki teatrda, bütün ictimai yerlərdə görmək mümkündür. Məsələ burasındadır ki, azyaşlılardan tumuş, qocalara qədər əksər insanlar bu xəstəliyə tutulub. Ancaq bizim nəzarətçilərimiz onlarda nöqsan tutub, xəbğərdarlıq edəndən sonra belə hallar bir daha təkrarlanmır. Tamaşaçılar qapıdan içəri girəndə əlindəki paketləri qardiroba verir. Deyə bilmərəm ki, tamaşaçlarımızda teatr mədəniyyəti tam olaraq formalaşıb, biz çalışırıq ki, tamaşaçı teatra gələndə buradan zövq alsın. Onlar teatrdan gedərkən izlədikləri tamaşa haqqında xoş sözlər deyəndə biz çox məmnun oluruq”.
Abdulla Şaiq adına Kukla Teatrının teatrın baş inzibatçısı, tanınmış yazar Səidə Haqverdiyeva hər dəfə tamaşa zamanı müxtəlif xarakterli valideyn və uşaqlarla rastlaştlaşdığını, teatrın qayda-qanunlarını bilən valideynlərin heç də az olmadığını dedi: “Elə valideyn var ki, tamaşaya yemək gətirir, üst geyimi ilə içəri keçmək istəyir. Nəzarətçilər onlara etiraz etdikdə, aqressivləşirlər. Bir neçə dəfə görmüşük ki, valideyn arxa cərgədə oturub dırnaqlarını boyayır. Teatra qazanda yemək gətirən valideynləri də görmüşük. Tamaşada övladına cücə çığırtması yedirdən valideynləri də olub. Elə valideynlər var ki, uşaqlar üçün nəzərdə tutulan ön cərgədə oturmaqda israrlıdırlar. Biz onları dəfələrlə arxa cərgədə oturtmaq istəsək də, bildiriblər ki, uşağı buraya gətiriblərsə, o həm tamaşaya baxmalı, həm də çörək yeməlidir. Biz çox şeylərlə qarşılaşırıq. Ən maraqlısı budur ki, bir uşaqla 3-4 nəfər böyük tamaşaya gəlir. Onlar da tələb edirlər ki, uşaqlar üçün nəzərdə tutulmuş ön cərgədə oturmalıdırlar. Biz onlara başa sala bilmirik ki, bu yerlər uşaqlar üçün nəzərdə tutulub. Tamaşalar başlayanda zalda qaranlıq çökür. O zaman valideynlərin telefonlarının işıqları istər-istəməz diqqət çəkir. Tamaşa zamanı arxadan ön cərgəyə qışqıraraq övladını çağıran valideynlər də az deyil. Biz çalışırıq ki, valideynlərə xoş olacaq bir tərzdə izah edək. Elə olur ki, valideynlər qoşalaşıb arxada söhbət edirlər. Onları sakitləşdirmək çox çətin olur”.
S.Haqverdiyeva Kukla Teatrında maraqlı hadisələrlə də rastlaşdığını bildirdi: “Bir dəfə uşaq tamaşa salonuna ayaqqabılarını soyunub girmişdi. Onların gördüyü tamaşalara maraqlı reaksiyaları olur. Hazırda teatrımızda tamaşa gedən zaman selfi çəkdirən valideynlərimiz daha çoxdur. Biz də etiraz edəndə deyirlər ki, dünya teatrlarında buna imkan verirlər, amma bizdə icazə verilmir. Tamaşa zamanı qapını açıb-örtərək səs-küy yaradırlar. Valideynlər bütün bunlara nəzarət etməlidirlər. Bütün bunlarla yanaşı, mədəni tamaşaçılarımız da az deyil”.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş inzibatçısı Bəhmən Hüseynov: “Gənc Tamaşaçılar Teatrı tamaşaçı auditoriyasının rəngarəngliyi ilə seçilən teatrlardandır. Biz hər gün müxtəlif yaş təbəqələrinə mənsub tamaşaçıları qəbul edərək onlarla ünsiyyətdə oluruq. Və çalışırıq ki, hər bir tamaşaçı bizim xidmətimizdən razı getsin. Bunun üçün teatrın kassasında tamaşaçıların əməl etməli olduqları daxili nizam-intizam qaydaları göstərilib. Bu qaydalara telefonları söndürmək, tamaşa zamanı sakitliyə riayət etmək, qida məhsulları ilə teatra daxil olmamaq və digər vacib məsələlər daxil edilib.
Tamaşaçılarımız bu tələblərə daim əməl edirlər. Düzdür, istisnalar qaçılmazdır, lakin bacardığımız dərəcədə həmin insanları etdikləri əməldən uzaq olmağa dəvət edərək, onları nümunəvi tamaşaçı qismində görməyə çalışırıq. Tamaşanın başlamasına hazırlıq zəngləri arasında telefonların söndürülməsi ilə əlaqədar səsli anonslar verilir. Eləcə də, səhnənin yuxarı hissəsində quraşdırılmış xüsusi qurğu vasitəsilə (qaçan sətirlər) tamaşaçılara növbəti günlərin seansları haqqında ətraflı məlumat ötürülür. Düşünürəm ki, teatrımızda tamaşaçı mədəniyyəti normal səviyyədədir. Və bu səviyyənin qorunub saxlanılması üçün hər bir teatr əməkdaşı məsuliyyət daşıyır”.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər