• cümə, 19 Aprel, 18:53
  • Baku Bakı 24°C

Teatra həvəskar kimi gəlib, peşəkar kimi ayrılan aktrisa

31.05.17 10:30 2198
Teatra həvəskar kimi gəlib, peşəkar kimi ayrılan aktrisa
Görkəmli aktyor və rejissor Mehdi Məmmədov Azərbaycan teatrının aktrisalarını gül çələnginə bənzədir, «Hərəsinin öz ətri, öz xarakteri və təravəti var» - deyirdi. Mərziyə Davudova, Fatma Qədri, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Hökumə Qurbanova, Ətayə Əliyeva… Xalq artisti Məhluqə Sadıqovanın da bu aktrisalar arasında öz yeri olub. 100 illik yubileyi qeyd olunan aktrisanın xatirəsi uzun illər çalışdığı Akademik Milli Dram Teatrında da anılıb.

Onu səhnədə görənlər, ecazkar səsinin dinləyicisi olanlar aktrisa haqqında sanki o yaşayırmış kimi danışırlar. Onun uzun illər çalışdığı xüsusən köhnə nəsli aktrisa haqqında xoş xatirələrini danışırlar.
Xarakterik səhnə surətləri
Məhluqə Sadıqova Şuşa şəhərində doğulub. Şuşadakı Qız məktəbində beş il oxuyandan sonra ailəsi Bakıya köçüb. Məhluqə xanım 6 saylı sovet məktəbində yeddinci sinfi bitirib. Bakı Tibb Texnikumunun diş texniki fakültəsində oxuduğu illərdə rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayında Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Aktrisa bu sənət məbədinə həvəskar kimi gəlsə də, onun səhnəsində əsil peşəkara və tamaşaçıların sevimlisinə çevrilib. Sənətə sevgisi onu ömürlük teatra bağlayıb. Aktrisa 54 il bu teatrda çalışıb.

M.Sadıqovanın Milli Dram Teatrının səhnəsində ilk rolu "Firdovsinin "Şahnamə” əsərində Firuzə obrazı olub. Bu rol gənc aktrisanın səhnə uğurlarının açarına çevrilib. Aktrisanın sənətinə sevgisi, işgüzarlığı, məsuliyyəti bu teatrın səhnəsində bir-birindən maraqlı rollar oynamasına səbəb olub. O, qəlbinin sevgisini rollarına qatıb. Özü sevdiyi qədər onları tamaşaçılara da sevdirib. Aktrisa Milli Dram Teatrının səhnəsində hazırlanan "Oqtay Eloğlu”, "Solğun çiçəklər”, "Almaz”, "Sevil”, "Dönüş” və "1905-ci ildə”, Süd”, "Skapenin kələkləri”, "Pəri cadu”, "Vaqif”, "Fərhad və Şirin” və "Xanlar”, "Günahsız müqəssirlər”, "Şeyx Sənan”, "Qış nağılı”, "Vanya dayı”, "Şeytanın şagirdi”, "Nazirin xanımı”, "Lənkəran xanının vəziri”, "Qadın faciəsi” və s. tamaşalarda baş və epizodik rollarla səhnəyə çıxıb. Bu teatrın səhnəsində müxtəlif janrlarda yaratdığı rollar uzun illər tamaşaçıların xatirindən silinməyib. Aktrisa əsas uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı onun oynadığı rollara rəng qatıb. M.Sadıqova bütünobrazlarını,ocümlədənana rollarını içindən gələn sevgi ilə oynamağı bacarır və tamaşaçılara sevdirirdi.
M.Sadıqova 1992-ci ildə yenicə yaradılanBakı Bələdiyyə Teatrındaçalışıb. Bu teatrın səhnəsində də maraqlı rollarla yadda qalıb. Peşəkarlığını, ustalığını, sənətinə məhəbbətini, insanlara xoş təmasını bu səhnəyə gətirib.
"Bulaq”dan axan səs
Məhluqə Sadıqova qırx ildən çox Azərbaycan radiosunun "Bulaq” folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri kimi tanınıb. Onun məlahətli səsi radio dalğalarından ev-ev, oba-oba, şəhər-şəhər ölkəmizin bütün guşələrinə yayılıb. Xalq yaradıcılığının inciləri onun səsində yeni üslubda və formadadinləyicilərə təqdimolunub. "Bulaq” dövrününənçoxsevilən verilişlərindən biri kimi həm də aparıcıları olan ecazkar səsli Məhluqə Sadıqova ilə Səməndər Rzayevə sevgi qazandırıb.

Məhluqə Sadıqova həmçinin bədii qiraət ustası kimi də tanınırdı. Aktrisa "Azərbaycanfilm” kinostudiyasının dublyajşöbəsindəbirçoxfilmlərin səsləndirilməsində də yaxındaniştirakedib.
Gözəl intonasiya, məlahətli səs...
Məhluqə Sadıqovanı yaxından tanıyanlar, vaxtilə onunla səhnədə tərəfmüqbil və ya tərəfdaş olanlar aktrisanı təkcə peşəsinin vurğunu deyil, həm də səmimi insan kimi xatırlayırlar.

Məhluqə xanımla bir neçə tamaşada rol oynadığını deyən Xalq artisti Rafiq Əzimov onunla ilk dəfə Bernard Şounun «Şeytanın şagirdi» tamaşasında oynadığını deyir: "Həmin tamaşada Məhluqə xanım mənim anam rolunu oynayırdı. Daha sonra birlikdə «Vaqif» tamaşasında oynadıq. Məhluqə xanımın ən yaxşı obrazlarından biri Cəfər Cabbarlının «Solğun çiçəklər»indəki Pəri surəti idi. Onunla bir tamaşada rol almasam belə, Məhluqə xanımın bütün rollarını, oynadığı tamaşaları izləyirdim. Məhluqə xanım çox maraqlı aktrisa idi. Onun əsas ifa etdiyi rollar həyat yoldaşı Ələsgər Şərifovun quruluş verdiyi tamaşalarda idi”. M.Sadıqovanı xarakterik aktrisa adlandıran R.Əzimov onu həmçinin gözəl diksiyası, məlahətli səsi ilə fərqləndirir: "Məhluqə xanım radio tamaşalarında həm aparıcı, həm də müxtəlif pyeslərdə rollar oynayırdı. Onun mərhum aktyor Səməndər Rzayevlə apardığı «Bulaq» radio tamaşası aktrisanı daha çox tanıdırdı. Bu veriliş uzun illər radio dalğalarında səslənib. O dövrdə demək olar ki, uşaqdan böyüyə qədər hamı bu verilişin adını əzbərdən bilirdi. Aktrisanın istər komediya janrında və ya faciəvi janrlarda oynadığı rollar tamaşaçıların yaxşı yaddaşındadır. Həyat yoldaşı Ələsgər Şərifov onu həmişə "Məşədi Məhluqə” deyə çağırardı. Biz onunla çoxlu qastrol səfərlərində olmuşuq. Onun gözəl yol yoldaşı olmasının da səfərlərimiz zamanı şahidi olmuşam”.
"Nə yaxşı ki, bu sənətkarlar hamısı varmış...”
Rejissor Ramiz Həsənoğlu Məhluqə Sadıqova ilə işbirliyində olmasa da, o dövrün aktrisaları içərisində onu yaxşı xatırlayır: «Məhluqə xanım anam Ətayə Əliyeva ilə rəfiqə idi. Tez-tez zəngləşirdilər. Anam onun haqqında həmişə xoş sözlər danışırdı. Bir dəfə işbirliyimiz olmalı idi, ancaq Məhluqə xanım imtina etdi. «Günahsız Abdulla» televiziya tamaşasında əvvəlcə rolu Məhluqə Sadıqovaya təklif etmişdim. Ancaq sonra Sofya Bəsirzadə oynamalı oldu. Məhluqə xanım «Balaca roldur» - deyə roldan imtina etsə də, sonradan tamaşanı görüb «Gərək imtina etməzdim» - deyə peşmançılığını bildirmişdi. Məhluqə xanımın gözəl səsi vardı. Biz hamımız onun dinləyicisi idik. «Bulaq»dakı səsi indi də qulağımızdadır. Azərbaycan radiosu hərdən həmin verilişdən bəzi süjetləri xatırladır. Adam həmin süjetlərə qulaq asdıqca o illəri, o sənətkarları yadına salır və «Nə yaxşı ki, bu sənətkarlar hamısı varmış və mədəniyyətimiz bu günə qədər gəlib çıxıb» - deyə düşünür.

Milli Dram Teatrının korifey aktyorları sırasında Məhluqə Sadıqovanın xüsusi yeri olduğunu deyən Xalq artisti Ramiz Məlik «Məhluqə xanım deyəndə ilk növbədə sanki «Bulaq» verilişinə qulaq asırıq. Elə bil aktrisanın mehriban, ürəklərə yatan, ecazkar səsi indi də tamaşaçıların qulaqlarında səslənir” deyə xatırlayır: «O zaman "Bulaq” verilişi həm Məhluqə xanımın, həm də Səməndər Rzayevin ahəngdar səsi ilə tamaşaçıların ürəyinə yatmışdı. Mənim teatra gəldiyim 67-ci ildən ta Məhluqə xanımın teatrdan getdiyi günə qədər bir yerdə işləmişik. Biz bir çox tamaşalarda tərəfmüqabil olmuşuq, bir sıra tamaşalarda isə birgə çalışmışıq». Teatra ilk gəldiyi illərdə Məhluqə xanımla Səməd Vurğunun «Vaqif» pyesində oynadığını deyən R.Məlik aktrisanın Qarı rolunu yaxşı xatırlayır: «Həmin tamaşada mənə Əli bəy rolunu verdilər. Daha sonra aktrisa ilə «Xanuma» əsərində tərəfmüqabili olduq. Həmin tamaşa aktrisanın həyat yoldaşı, rejissor Ələsgər Şərifov tərəfindən səhnəyə qoyulmuşdu. Həmin tamaşada teatrın korifey aktyorları oynayırdılar. Hökumə Qurbanova, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev kimi görkəmli aktyor ansamblının təqdim etdiyi tamaşa çox sevilirdi». R.Məlik Məhluqə xanımın özünəməxsus aktrisa olduğunu deyir: «O, istər teatr yaradıcılığında, istər radio verilişlərində özünəməxsus rolları ifa edib və tamaşaçıların rəğbətini qazanıb. Məhluqə xanım xaraktercə çox ciddi, həm də mehriban qadın idi. Onun səmimiyyəti gənc nəslə münasibətində özünü büruzə verirdi. O, bizə ana kimi qayğı göstərirdi, məsləhətlərini verirdi. Peşəkar aktrisa kimi bizim fəaliyyətimizi həmişə diqqətində saxlayır və müşahidə edirdi. Sonra bizə yaxınlaşıb öz fikirlərini söyləyirdi. Demək olar ki, onun oynadığı bütün tamaşalara böyük məmnuniyyətlə baxırdım. Məhluqə xanım həmçinin gözəl ana idi. Sənətindən əlavə, övladlarına qayğı ilə yanaşırdı. Onların ailəsi bir növ teatr ailəsi idi. Bu ailənin başçıları tanınmış aktrisa və görkəmli rejissor idi. Mənə elə gəlir ki, o, öz yaradıcılığı ilə həm teatrda, həm də Azərbaycan televiziya və radiosunda öz yerini qoruyub saxlamış aktrisa idi».
Məhluqə Sadıqova deyəndə yenə qulağımıza "Bulaq” kimi saf, təmiz səs süzülür. İllər keçir, nə o məlahətli səs unudulur, nə də aktrisanın özünəməxsus ifası....
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər