Teatra bax tamaşanı seç, cibinə bax bileti al…  ARAŞDIRMA

Teatra bax tamaşanı seç, cibinə bax bileti al… ARAŞDIRMA

Mədəniyyət
01 Dekabr 2012, 13:48 27245
Ölkəmizdə teatrdan söhbət gedərkən hamı tamaşaçı qıtlığından şikayət edir. Bəziləri bunu teatrlarımızda səhnəyə qoyulan tamaşaların keyfiyyəti, bəziləri teatrlarda eyni müəlliflərin əsərlərinin səhnələşdirilməsi, bu üzdən tamaşalarda yeknəsəkliyin olması və müasir elementlərin çatışmaması ilə əlaqələndirirlər. Hətta teatr sənətindən xəbəri olmayan, illərlə teatrların qapısından içəri girməyən insanlar da bununla bağlı fakir yürüdürlər. Gənc nəslin nümayəndələri, xüsusilə tələbələr əsas səbəb kimi biletlərin baha olmasından şikayətlənirlər. Bununla bağlı kiçik bir araşdırma apardıq. Görək, Azərbaycanda 1 tamaşaya baxmaq üçün nə qədər pul xərcləmək lazımdır?

Ən bahalı biletlər...

Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva bizimlə söhbətində bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir tamaşa üçün təsdiq olunmuş minimal qiymətlər 11 manatdan 16 manata qədərdir: “Əcnəbilərin sözügedən teatrda səhnələşdirdiyi tamaşaların orta qiyməti isə 33 manatdır. Bu tamaşaların bahalı olmasının əsas səbəbi biletin qiymətinin üzərinə qastrola gəlmiş aktyorların yol, hotel, ərzaq xərclərinin də əlavə olunmasıdır”.

Ş.Ağamirzəyeva onu da bildirdi ki, Opera və Balet Teatrının tamaşalarına xarici vətəndaşlar, diabet xəstəliklərindən əziyyət çəkənlər, imkansızlar, fiziki qüsurlu insanlar pulsuz baxmaq imkanı qazanırlar: “Teatr rəhbərliyi sözügedən qrupa daxil olan insanlara pulsuz biletlər göndərir. Bundan əlavə, teatrın rəhbərliyi ayrı-ayrı icmalara dəvətnamə göndərir.
Baxmayaraq ki, burada biletlərin qiymətləri digər teatrlara nisbətən çox bahadır”.

Ən ucuz biletlər...

Gənc Tamaşaçılar Teatrı da həm uşaqlar, həm də böyüklər üçün .....tamaşalar hazırlayır..... burada biletlərin qiyməti 4-5 manatdır.
Rus Dram Teatrı isə tamaşaçı baxımından hazırda yüksəliş dövrünü yaşayır desək, yanılmarıq. Çünki bu teatrın demək olar bütün tamaşaları anşlaqla keçir. Teatr həm xarici, həm də yerli dramaturqlarla sıx əməkdaşlıq edir. Mədəniyyət ocağının repertuarı geniş olduğundan tamaşaçı üçün də seçim imkanı böyükdür. Uşaqlar üçün tamaşalara biletlərin qiyməti 4 manat, böyüklər üçün axşam tamaşalarına isə 5 manatdan 10 manata qədər dəyişir.

Musiqili Komediya Teatrında qiymətlər 5-10 manat civarındadır.
Akademik Milli Dram Teatrında biletlərin qiyməti yerlərə görə dəyişir. Belə ki, qabaq sıralarda oturub tamaşanı seyr etmək istəyənlər 10, arxa cərgələrlə kifayətlənənlər isə 6 manat ödəməli olurlar.

Qeyd edək ki, sözügedən mədəniyyət ocağında balacaları da unutmayıblar. Uşaqlar üçün hazırlanan tamaşaların qiyməti 6 manatdır. Maraqlıdır ki, Opera və Balet Teatrından fərqli olaraq, burada əchəbilərin hazırladıqları tamaşalarla yerli tamaşaların qiyməti eynidir.

Standart qiymətlər...

Pantomim Teatrında bütün tamaşaların qiyməti 5 manatdır. Teatrın repertuarı “Facebook” tamaşaçıları sayəsində bəlli olur. Belə ki, təşkilatçı repertuarda olan tamaşaları facebook səhifəsində yerləşdirir və tamaşaçılar bileti facebookla sifariş edirlər. Hansı tamaşanı daha çox seyr etmək istəyən olarsa, həmin tamaşa da bəlli vaxtda oynanılır. Baxmayaraq ki, teatrın 50 nəfərlik yeri var, teatr açıq kassa ilə öz yerlərini doldura bilir

Abdulla Şaiq adına Dövlət Kukla Teatrı öz zalına 210 nəfər yerləşdirə bilər. Burada həm uşaqlar, həm də böyüklər üçün tamaşalar hazırlanır. Kukla Teatrında da biletlərin qiyməti standartdır - 2 manat.

Əcnəbilərə maraq daha çoxdur

Daha çox hansı teatr tamaşalarına bilet satıldığını öyrənmək üçün şəhərimizin bilet köşklərinə üz tutduq. Məlum oldu ki, 2013-cü ilin gəlişi ilə əlaqədar yeni il tamaşalarına böyük tələbat var. Ən çox bileti satılan Rus-Dram Teatrıdır. Belə ki, bu teatrda uşaq tamaşalarına biletlər daha çox alınır, baxmayaraq ki, yuxarıda qeyd etdiyimiz kimi, biletlərin qiyməti o qədər də ucuz deyil.

Böyüklərin ən çox üz tutduğu teatr isə Opera və Balet Teatrıdır. Köşk satıcısının sözlərinə görə, digər teatrlara da maraq var, ancaq adını qeyd etdiyimiz mədəniyyət ocaqlarına maraq daha çoxdur. Bilet satışına görə sonrakı yerləri Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı və Pantomim Teatrı tututr.

Satış köşklərindən onu da öyrəndik ki, paytaxt sakinləri əcnəbi müğənnilərin konsertlərinə daha çox pul xərcləməyi sevirlər. Baxmayaraq ki, əcnəbiləri seyr etmək istəyən tamaşaçılar təxminən 100-500 manat xərcləməli olurlar.

Bəs, qastrola gələn əcnəbi tamaşaların necə, bileti satılırmı? Köşkdən öyrəndik ki, əcnəbi tamaşalara adətən bilet satılmır onlara tamaşaçı “təşkil” olunur.

Xarici ölkələrdə biletlərin qiyməti

Yazını hazırlayarkən əcnəbi ölkələrin teatrlarında biletlərin qiymətinə nəzər saldıq. Öyrəndik ki, Qərbi Avropa və keçmiş Sovet ölkələrinin əksəriyyətində tamaşaçılar bizdən fərqli olaraq, bileti daha çox online – İnternet vasitəsilə alırlar. Onlar teatra getməmiş İnternet vasitəsi ilə izləyəcəyi tamaşanı, oturacağı yeri öncədən seçib zamanında rahatlıqla da tamaşasını izləməyə gedirlər.

İndi isə ayrı-ayrı ölkələrdə teatr tamaşalarına olan biletlərin qiymətlərinə nəzər yetirək. Rusiyada teatr tamaşalarına biletlərin qiyməti 22 manatdan 76 manatadək dəyişir.

Türkiyə tamaşaçıları bir bilet üçün 35-111 manat arasında pul xərcləyirlər.
Ukraynada biletlər 2-24 manat, Özbəkistanda 1-6 manat, İngiltərədə isə 15-60 manat arasındadır.

Proqramalar

Teatra gələn seyrçıləri tamaşanı hazırlayan yaradıcı heyətin kimliyi, tamaşa haqqında məlumat da maraqlandırır. Belə sualların cavabı teatr tərəfindən satışa çıxarılan proqramlarda işıqlandırılır. Həmin proqramlar rəngli olduqda qiymət də artır. Teatrlarımızın bəzilərində proqram olmasa da, tamaşaçı istədiyi materialı İnternet vasitəsi ilə əldə edir. Bəzi teatrlarda bu proqramlar pulsuz verildiyi halda, çoxunda pulla satılır. Kukla, Bakı Uşaq və Pantomim teatrlarında ümumiyyətlə, proqram hazırlanmır. Qeyd edək ki, Pantomim Teatrı tamaşaçılarının çoxuyla İnternet vasitəsilə əlaqə saxladığından proqramalarını da facebook sosial şəbəkəsində yerləşdirir. Musiqili Komediya Teatrında isə tamaşaçı pulsuz proqram əldə edə bilir.
Akademik Milli Dram Teatrında ağ-qara proqram 30 qəpiyə, rənli proqram 1 manata satılır.

Ən bahalı proqram isə Opera və Balet Teatrındadır - 2 manat. Buna səbəb sözüghedən mədəniyyıət ocağına əcnəbilərin çox gəlməsi və ümumiyyətlə, yerli və əcnəbi tamaşaçılar tərəfindən proqrama olan böyük tələbatdır.

Xəyalə Rəis
tetrşünas