Teatr tənqidinin tənqidi
Ötən əsrin ortalarından başlayaraq tənqid bir peşə
kimi qəbul olunurdu və bu peşə ilə məşğul olanlar digər peşə sahibləri kimi, məşğul
olduğu sahədən gəlir əldə edirdi. Bu gün də teatr tənqidinin bir peşə olduğunu
zənn edənlər olsa da, belə bir fakt faktlığını qoruyub saxlayır: teatr tənqidi
peşə deyil. Birincisi, sırf tənqidlə məşğul olan insan (tənqidçi) qazandığı məvaciblə
minimum yaşam şərtlərini belə təmin edə bilmir. İkincisi, tənqidçinin yazdığı
yazını dərc etdirməsi üçün heç bir mətbu orqan yoxdur. 10 milyon əhalisi, 86,6 min
kv. km sahəsi, 26 dövlət teatrı, yüzlərlə aktyoru, rejissoru olan Azərbaycan
boyda məmləkətdə 3-5 tənqidçinin yazdığı yazını çap edən və sərf elədiyi
enerjinin, əməyin, zəhmətin qarşılığını ödəyən bir dənə də olsun teatr jurnalı
demirəm, heç olmasa, qəzeti yoxdur. Üçüncüsü, prosesin dəyərləndirilməsi, yönləndirilməsi
məsələlərində tənqidçinin fikri və tənqidin mövqeyi nəzərə alınmır. Buna görə də,
tənqidin bir peşə kimi tam və səmərəli fəaliyyəti mümkünsüzdür.
Bəs, bu o deməkdirmi ki, tənqid
ölür? Düşünürəm ki, məsələni bu sayaq qoymaq çox sərt və acımasız bir yanaşma
olar. Mövcud durumun analizi onu deməyə əsas verir ki, tənqid yox, ötən əsrin tənqid
modeli ölür. Nədən ki, çağdaş dövrün tənqidinin mahiyyəti və funksiyaları dəyişilir,
çünki müasir teatr prosesinə ötən əsrin tənqidinin üsul, vasitə və formaları ilə
yanaşmağın özü elə qanunauyğunluğu pozmaq deməkdir. Bu gün ölkəmizdə teatr tənqidi
ilə bağlı yaranan xaotik prosesin də səbəbi elə bundan qaynaqlanır: dövr dəyişib,
proses dəyişib, zaman yenilik tələb edir – teatr sənətçisi isə tənqiddən "yeni
hamamda köhnə tasla işləməyi” gözləyir. Bu gün tənqidçinin funksiyası tənqidçidən
daha artıqdır, yəni tənqidçinin işi təkcə tamaşanı analiz etmək, rejissor və
aktyor haqqında portret yazıb, müsahibə almaq deyil: teatr prosesini izləmək,
boşluqları doldurmaq, tənzimləmək, alternativ üsullar tapmaq, ölkədə və ölkədən
xaricdə gedən prosesləri izləyib müqayisələr aparmaq, fiksasiya etmək və s. Müqayisə
üçün, Gürcüstanda teatr festivallarında, müsabiqələrdə, mükafatlandırma mərasimlərində
jüri heyəti ancaq teatr tənqidçilərindən ibarətdir. Çünki prosesi bütünlüklə
izləyən mütəxəsis yalnız tənqidçidir. Hətta Gürcüstanda teatrların bədii rəhbərini
teatrşünaslardan ibarət komissiya heyəti təyin edir.
Teatrşünaslığın auditoriyaya təsir
mexanizmi və fəaliyyət formatı dəyişdiyi kimi, onun fəaliyyətinin son məhsulu
olan resenziyanın oxucu auditoriyasına çatdırılması mexanizmləri də dəyişib.
Əvvəllər ancaq qəzetdə və jurnalda məqalə oxuyurduq, indi isə internet mətbuatı,
sosial şəbəkələr yaranıb. O da həqiqətdir ki, indi sosial şəbəkələrin istifadəçiləri
hər hansı bir qəzetin, yaxud jurnalın auditoriyasından qat-qat artıqdır. Sosial
şəbəkələr sosiumu teatra qaytarmaq potensialına malikdir. Bilmirəm, bu
yaxşıdır, ya pisdir, amma indi, müəyyən mənada, istəyən hər kəs təndiqçi ola
bilər: akkaunt yaradıb, qeydiyyatdan keçir, baxdığı tamaşalar haqqında yazırsa,
deməli, o artıq təndiqçidir.
Ötən əsrin 60-cı illərinin teatr tənqidini
araşdıranda belə bir mənzərə ortaya çıxır ki, 60-cı illər tənqidi teatr həyatının
detallı təsvirini yaradan bir mexanizm idi və bu detallı təsviri əks etdirməyə
dövrün bütün mətbuat orqanları yardımçı olurdu. Bu gün teatr sənətçilərinin də
tənqiddən istədikləri teatrın detallı təsvirini yaratmaqdır. Bizi əhatə edən fəzanın
və içində bulunduğumuz çağın mövcud prioritetlərinin isə detallara ayıracaq
zamanı yoxdur.
Əslində, vəziyyətdən çıxış yollarının nədən ibarət
olduğunu demək də çətindir. Lakin bu məsələ hansısa bir formada mütləq həll
olunmalıdır. Çünki tənqid teatrın bir parçasıdır, tənqidçisiz teatr da yaşaya
bilməz. Son zamanlar rejissorlar və aktyorlar tərəfindən hər nə qədər də iddia
olunsa ki, tənqidçi onlara lazım deyil,
istənilən rejissor və aktyorun mütləq tənqidçi fikrinə ehtiyacı var və onlar
özləri haqqında, gördükləri iş haqqında mütləq yaxşı bir yazı oxumaq, tərif
eşitmək istəyirlər. Bu da o deməkdir ki, teatr və tənqid ayrılmaz bir
mexanizmdir. Tənqid teatra özü haqqında, gördüyü iş haqqında düşünməyə imkan
yaradır, özünə hesabat verməyə yardımçı olur. Teatrla tənqidçinin apardığı birgə
müzakirələr də prosesin tərkib hissəsidir, əslində, prosesin özünü yaradan amil
elə tənqiddir. Bu gün bu proses müəyyən qədər deformasiyaya uğrayıb. Teatr çox
zaman tənqidçi ilə açıq müzakirələrə (dialoqa) hazır olmur. Çünki müzakirələr istər
teatr, istərsə də təndiqçi üçün həm də kifayət qədər ağrılı prosesdir. Müzakirələr
zamanı bəzən konfliktlər də baş verə bilir. Ancaq müzakirələr, yəni teatrla tənqidin
dialoqu baş tutmursa, teatr gördüyü iş haqqında fikir formalaşdırmaqdan məhrum
olur. Əslində, öz gördüyü işin tam mahiyyətini və effektivlik dərəcəsini anlaya
bilmir. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur. Rejissorlarımızın
və aktyorlarımızın teatr tənqidçisindən gözləntiləri özləri haqqında xoş söz, tərif
eşitmək, müəyyən mənada, eqosunu təmin eləmək istəyindən başqa bir şey deyil.
Ancaq dahilərin, böyük sənətkarların çalışdığı teatrda tənqidçinin hər hansı
qeydi, iradı, yaxud tənqidi qərəz, gözügötürməzlik, qeyri-peşəkarlıq kimi qiymətləndirilir.
Qısaca desək, teatr və tənqid bir-birinə etimad göstərmir, inanmır, bir-birinə
inkorporasiya oluna bilmir. Ayrı-ayırılıqda, əlahiddə şəkildə fəaliyyət göstərən
teatr və tənqidin münasibətləri "dəyirman və çax-çax” modelini realizə edir.
Belə olan halda isə, hər iki fəaliyyət sahəsi canlılığını və əhəmiyyətini
itirir.
İçində bulunduğumuz xaotik proses,
müəyyən qədər, teatr tənqidinin tənəzzülə uğradığını andırsa da, əslində, baş
verən siyasi-ictimai və iqtisadi proseslərin mədəniyyətdə,
teatr sənətində və eləcə də teatr tənqidində yansımasıdır.
SSRİ dağıldıqdan sonra Azərbaycan öz taleyini, həmçinin
milli mədəniyyətin və incəsənətin müqəddəratını həll etmək məcburiyyətində
qaldı. Müstəqqillik dövründə ağır siyasi-ictimai, iqtisadi şəraitdə müstəqil
yaşam uğrunda mücadilə edən teatr sənəti də o vaxta qədər rastlaşmadığı yeni
problemlərlə üz-üzə qaldı. 70 il ittifaq sistemində, ideoloji-siyasi nəzarət
altında gerçəkləşən teatr prosesi müstəqillik dövründə gərəksizlik sindromuyla
üzləşdi və missiyasını yerinə yetirməkdən məhrum oldu. Teatrın gərəksizlik
faktı ilə üz-üzə qaldığı bir zamanda tənqidin bütün fəaliyyət mexanizmi alt-üst
oldu. Bu zaman tənqid nəinki teatrın mövcud durumdan xilas yollarını axtarmağa
başladı, əksinə, özünün var olması sual altına düşdü və varlıqla yoxluq
arasında vargəl edən tənqid pərakəndə şəkildə özünü göstərməyə başladı. Teatrşünas
Məryəm Əlizadə teatr prosesindən, İlham Rəhimli teatr tarixindən, Aydın
Talıbzadə isə teatr hadisələrindən ara-sıra yazılar çap etdirməyə başladı.
Lakin onların fəaliyyəti teatrdan qopmuş şəkildə davam etdiyindən teatrla tənqidin
dialoqu pozulmağa, teatrın və tənqidin monoloqlarına çevrilməyə başladı.
Sosio-psixoloji sarsıntılar keçirən teatr
prosesi müstəqilliyin ilk 10 ilində yalnız varlığını qorumağa çalışdı. Sonrakı
illərdə isə teatrda kommersiya meylləri yaranmağa başladı. Yuğ, Kamera,
Pantomima, Bakı Bələdiyyə və özəl teatrların yaranması hesabına paytaxtın teatr
şəbəkəsi genişləndi və sıxlaşdı. Lakin özəl teatrlar istər bədii-yaradıcı, istərsə
də iqtisadi baxımdan özünü doğrulda bilmədi, bələdiyyə teatrları isə özlərini bədii-estetik
qatda təsdiqləyə bilmədilər və əsasən, fantom (xəyali) teatrlara çevrildilər.
Onlarla müqayisədə dövlət teatrları mövcudluğunu qoruyub saxlaya bilsələr də,
müxtəlif problemlərlə qarşılaşdılar. Müstəqillik dövrü teatr prosesinin tərkib
hissəsi olan tənqiddə də dəyişikliklər baş verdi. Artıq teatr tənqidinin
başlıca məqsədi premyerası keçirilən hər bir tamaşa haqqında iki qəzet səhifəsi
boyda "palaz” məqalə yazıb, musiqinin zərif notlarının qəhrəmanın həyat mübarizənini
tamaşaçıya ən incə detallarına qədər çatdırması haqqında uzun-uzadı danışmaq
deyildi. Müstəqillik dövründə tənqidin üzərinə düşən vəzifə dərin analiz,
elmi-nəzəri təhlil nəticəsində əldə olunan yeni mənəvi dəyərlərin ənənəvi mənəviyyat
sistemində mövqeyini göstərməkdən ibarət idi. Çünki müstəqil teatr prosesinin nəticəsində
deformasiyaya uğramış teatr poetikası yenidən bərpa olunmağa başlayırdı. Bu
proses mütəqillik dövrünün ikinci 10 ilində özünü göstərdi. Artıq dövrün teatr
poetikasının başlıca səciyyələri ənənəyə, kökə qayıdışla xarakterizə olunmağa
başladı. Bu, ən çox özünü dramaturgiyada göstərirdi. Müstəqillik dövrünün teatr
tənqidinin dil-ifadə vasitələrində də əhəmiyyətli dəyişikliklər baş verdi.
İndi tənqid təkcə rus teatr sənətinin deyil, müəyyən
qədər dünya teatr sənətinin lüğətində cəmlənən bütün dil-ifadə vasitələrini işlək
hala gətirməyə, milli prosesə adaptə etməyə, Azərbaycan teatr sənətinin
spesifikasını, milli özünəməxsusluğunu qorumaq şərtilə onu dünya teatr prosesinə
qovuşdurmağa çalışır.
Könül Əliyeva-Cəfərova
Teatrşünas