• cümə, 29 Mart, 14:33
  • Baku Bakı 14°C

Teatr tariximizin 100 yaşlı “Ölülər”i

31.05.16 11:31 3669
Teatr tariximizin 100 yaşlı “Ölülər”i

"Ölülər” təkcə dahi Cəlil Məmmədquluzadənin şah əsəri deyil, eləcə də bütünlükdə Azərbaycan teatrı və dramaturgiyasının ən dəyərli incilərindəndir. Bu gün də "Ölülər” aktualdır. Elə aktual olduğuna görədir ki, bu gün – may ayının 26-da Akademik Milli Dram Teatrında, xalq artisti Azər Paşa Nemətovun quruluşunda tamaşanın premyerası olacaq. Bunu nəzərə alaraq, "Ölülər”in səhnə tarixinə bu günün güzgüsündən bir daha baxaq.

1916-ci ilin ən böyük teatr hadisəsi "Ölülər” oldu. Bu tamaşa yalnız teatr aləmini deyil, bütün cəmiyyəti silkələdi. C.Məmmədquluzadə öz komediyasını hələ 1909-cu ildə yazıb qurtarmışdı. Lakin əsəri səhnəyə gətirmək çətin olduğu üçün uzun bir zaman aldı. Çünki qınaq mənbəyi idi, ən azından ona görə ki, burada saxtakar ruhanilər, dini fanatizmə uğrayanlar tənqid olunurdular. Müəllif hiss edirdi ki, komediyanın səhnədə göstərilməsi, şübhəsiz, "qara üsyana” ruhanilərin qəti etirazına və hücumuna səbəb olacaqdı. 1913-cü ildə Şuşada komediyanı Ə.Haqverdiyev, Ə.Vəli və H.Sarabskiyə oxuduqda, onlar da Axund Molla Əbdürrəhim ağa kimi "nüfuzlu” bir ruhaninin ağalıq etdiyi şəhərdə "Ölülər”in tamaşaya qoyulmasını müəllifə məsləhət görməmişdilər. 1916-ci ildə isə müəllif yenidən komediyanı tamaşaya hazırlamaq fikrinə düşdükdə, Hüseyn Ərəblinski cəsarətlə ona kömək etdi.

"Ölülər”in oynanması Azərbaycan teatrının oyanmasında və ideya cəhətdən mükəmməlləşməsində mühüm hadisə oldu. Tamaşa qısa müddətə, lakin böyük həvəs və məhəbbətlə hazırlandı. H.Ərəblinski var qüvvəsini sərf edərək, bu komediya ilə o zamanki cəhalətdə boğulan cəmiyyətə, mövhumatla qidalanan insanlığa ağır bir zərbə endirdi.

Ərəblinskinin "Ölüləri”...

1916-ci il aprelin 29-da oynanılan "Ölülər” Azərbaycan teatrının o zamanki səhnəsindən mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək, görünməmiş uğur qazandı.

"...Tamaşaçılar əsəri böyük rəğbətlə qarşıladılar, hələ heç bir əsər salonda bu qədər həyəcan doğurmamış, belə ruh yüksəkliyi ilə qarşılanmamışdır...” Cəfər Cəfərov.

Lakin tənqid uğurdan da artıq oldu desək yanılmarıq. Xüsusilə də İsgəndər obrazı. Hətta İsgəndər haqqında deyirdilər ki, "Əsərin qayəsini sərxoş əlinə vermək anlaşılmaz və mənadan uzaq bir haldır”. Daha sonra "Ölülər” bir bədii əsər olaraq, inandırıcı deyildir, saxtadır; İsgəndərin dili ilə deyilən həqiqətlərin əsli və qiyməti yoxdur. Lakin bu və digərlərinin gücü Ölüləri gözdən sala bilmədi.

Mirzağa Əliyevin İsgəndəri buna bənzər yaradılmış obrazlardan fərqli olan tragikomediya qəhrəmanı idi. O, sərxoşdur, bununla belə çox ayıq obrazdır. Sərxoşluq onun üçün heç də maska deyildi. Əslində sərxoş İsgəndər ən ayıq adamdı. Ərəblinski xüsusilə İsgəndər obrazına ciddi yanaşırdı. Zatən tamaşanın Diri-canlı olan bəlkə də yeganə qəhrəmanı idi İsgəndər...

Mirzağa Əliyevin "Ölüləri”...

1919-cu il avqustun 4-də yenidən "Ölülər” səhnəyə gəldi. Artıq Hüseyn Ərəblinskinin quruluşunda deyil (artıq H.Ərəblinski öldürülmüşdü və rejissor işi kimi "Ölülər” sonuncu işi olmuşdu), Mirzağa Əliyevin quruluşunda. İsgəndər rolunda da Mirzağa Əliyev özü çıxış edirdi. Mirzağa Əliyev deyirdi: "...İsgəndərin ayağı altında möhkəm bir zəminin olmaması, son dərəcə doğruçu və səmimi bir adam olduğu halda, tamamilə tənha qalması məni narahat edirdi. halbuki o, komediyada yeganə adamdır...”

Daha sonralar "Ölülər” dəfələrlə müxtəlif teatrlarda və müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyuldu. Onlardan biri də...

...Burada yeni başlıq qeyd olunmalı idi. Yəni, İvanovun "Ölüləri”..., lakin bu tamaşanın teatr tariximizdə yeri bəlli olmadığı üçün qeyd etməyi uyğun bilmədim. Hətta milli teatrşünaslığımızın patriarxı Cəfər Cəfərov qeyd edirdi ki, M.S.Əfəndiyevin, A.İvanovun zamanında bədii əsərlərə çox sərbəstliklə toxunurdular, həddən ziyadə sərbəst rəftar edirdilər.

A.İvanovun quruluş verdiyi tamaşada həyatın ümumiləşmiş-simvolik təsvirinə üstünlük verilmişdi. Əsas səhnə digər quruluşlardan fərqlənən, burada gündüz yox, gecə vaxtı (qaranlıqda!) baş verən "ölülərin dirilməsi” səhnəsinin "qara” səciyyəsinə teatr bütün vasitələrlə nəzərə yetirmişdi.

Və "Ölülər”in taleyinə nə az, nə çox 4 rejissorun quruluşunda qoyulmaq da düşüb. Quruluşçu Əhməd Tiriniç, rejissorlar Cəfər Cabbarlı, İsmayıl Hidayətzadə, Rza Darablı. Bu tamaşada (premyera tarixi - 16 fevral 1933-cü il) əsərin klassik forması pozulmuş, pərdələr kadrlara bölünmüş, hadisələr çoxalmıış, bazara, meydana keçirilmiş, yeni səhnələr və yeni surətlər əlavə olunmuşdu. Tamaşanın özəlliyi xususilə İsmayıl Hidayətzadənin Şeyx Nəsurullah obrazı idi. İ.Hidayətzadənin bazar səhnəsi teatr cameəsinin ən çox fərqləndirdiyi uğurlardan idi. İsgəndər rolu da Ülvi Rəcəbin oyununda "Ölülər”in tarixində yeni bir söz idi.

Və nəhayət Tofiq Kazımovun "Ölüləri”...

Tofiq Kazımovun "Ölülər”i (ilk tamaşası-12 noyabr 1966-cı il) həddən ziyadə müasir tamaşa idi. Məzmununa, quruluş prinsiplərinə, aktyor ifalarına görə. Bu tamaşanın əlamətdar hadisəsi də Cəlil Məmmədquluzadənin, yəni müəllifin yüz illiyi münasibətilə qoyulması idi.

Tamaşa əsas prinsipləri -avamlıq çirkabında boğulanlar və işıqlı insanlara qarşı çıxanları ölülər deyə komediya qəhrəmanına çevirirdi. Şeyx Nəsurullahın ölü dirildəcəyinə inanan avamlar tamaşada satiranın hədəfi kimi çıxış edirdilər. Səhnə quruluşu (rəssam Elçin Aslanov) da ölülərin fərqsizliyini aydın göstərirdi: səhnədəki üç parça dekorun üz tərəfi mənzilə açılan qapıdır, iç tərəfi isə müsəlman qəbiristanlığında qəbir daşı. Ölülük və dirilik bir yerdə idi, ölülər diri kimi, dirilər ölü kimi idi.

Və səhnədə əsas iki qəhrəman Şeyx Nəsrullah - Məlik Dadaşov və İsgəndər - Həsən Turabov tuğyan edirdi. Onlar öz oyunları ilə, öz ifadə vasitələri ilə yeni səhnə mədəniyyətini yaradırdılar.

Yeni "Ölülər”in qəhrəmanları ilə görüşmək ümidi ilə...

Aygün Süleymanova

Teatrşünas

banner

Oxşar Xəbərlər