• çərşənbə, 24 Aprel, 10:42
  • Baku Bakı 13°C

“Teatr, psixologiyası pozulmuş insanlara kömək etmək imkanına malikdir”

21.04.20 09:00 1772
“Teatr, psixologiyası pozulmuş insanlara kömək etmək imkanına malikdir”
Əli Xoşqaftar: İnsanların gözündəki o işığı bir dəfə görmüşdüm, heç kim məni bu qərarımdan çəkindirə bilməzdi
1975-ci ilin yanvarında İranda anadan olub. Hazırda orada rentgenoloq kimi psixiatrik xəstəxanada çalışır. Teatrla tanışlığı 1996-cı ilin dekabrında baş verib. İncəsənətə, dramturgiyaya böyük maraq göstərib. Rejissor olaraq bir çox tamaşalara quruluş verib. Ən maraqlısı da budur ki, psixoloji gərginlik yaşayan insanların məhz tamaşa və yaradıcılıq üzərindən terapiyasını təcrübədən keçirərək, effektli nəticə verdiyini deyir."Kaspi"nin suallarını cavablandıran Əli Xoşqaftar bizimlə söhbətində İranda teatrların bugünkü vəziyyətindən və psixologiyanın birbaşa olaraq teatrlara təsirindən danışdı.
- Teatra olan sevginiz necə yarandı?
- Teatrla ilkin tanışlığım tələbə vaxtlarıma təsadüf etdi. 1997-ci ildə universitetdə ilk teatr qrupumuzu - "Saba"nı yaratdıq. Bir müddət sonra fəaliyyətimi mədəniyyət mərkəzində davam etdirdim. Tamaşa göstərmək üçün tibb məktəbinə və qocalar evinə getmişdik. O gün mən teatrla daha böyük iş görə biləcəyimin fərqinə vardım. Göstərdiyim tamaşada insanların gözündəki o işığı, parıltını gördüm. Ondan sonra tamaşanın təsiri ilə o insanları daha xoşbəxt edə biləcəyimi düşündüm. Rejissorluq ixtisasını peşəkar səviyyədə davam etdirmək istəyirdim. Evdə bu istəyimin olduğunu söylədikdə, valideynlərim mənə qarşı çıxdılar. Ancaq mən insanların gözündəki o işığı bir dəfə görmüşdüm, heç kim məni bu qərarımdan kənarlaşdıra bilməzdi.
- Peşəkar teatrla nə zamandan məşğul oldunuz?
- Hərbi xidməti başa vurduqdan sonra ailə qurdum. O zamanlar "Asiman" adı altında uşaq və yeniyetmələr üçün teatr mərkəzində çalışırdım. Bu mərkəz Tehran Bələdiyyəsinin mədəniyyət mərkəzlərinin nəzarətində idi. 2010-cu ildə məktəblərə gedir, orada teatrı təbliğ edirdik. Daha sonra bir çox məşhur insanlar məktəblərdə təlimlər keçməyə başladı. 2015-ci ildən bəri Dram Sənətləri Dərnəyində "Pərvaz" teatr qrupu yaradaraq teatrın təbliğatına başladıq. Fəaliyyətimiz əvvəllər uşaqları əhatə etsə də, getdikdə müxtəlif yaş qruplarını teatra cəlb edir, onların ifasında tamaşalar hazırlayırdıq. Artıq on ilə yaxındır ki, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası olan ASSİTEJ-lə işləyirik və eyni zamanda Beynəlxalq Teatr Evinin üzvüyük. Teatrda şeir, musiqi, rəqs, film çəkmək və rəsm sənətlərini öyrədirik.
- İranda teatra münasibət necədi?
- İranda teatra münasibət bir neçə səviyyədə müəyyənləşdirilib. Belə ki, bu gün İranda incəsənətə, mədəniyyətə böyük maraq var. Dövlət daha çox dini və folklordan bəhs edən əsərlərə üstünlük verir. Akademik teatrlarda daha çox klassik və inteqrasiya edilmiş münasibət var. Bələdiyyənin nəzarətində olan mədəniyyət mərkəzlərində mədəni və bədii quruluşda tamaşalar hazırlanır. Mərkəzlərdə daha çox uşaqlar və yeniyetmələr üçün tamaşalar hazırlanır. Harada tamaşa hazırlamanızdan asılı olmayaraq və harada yaradıcılıq prosesi baş verirsə, mütləq Dram Sənəti Mərkəzi tərəfindən təsdiqlənməlidir. Bütün yaradıcılıq prosesinin əksər hissəsi İranın dini və ənənəvi pyeslərinə əsaslanmalıdır.
- Bəzən deyirlər ki, İranda qadın aktrisalara çox məhdudiyyət qoyulur. Reallıq necədir?
- İran hökumətinin qadın aktrisalarla heç bir problemi yoxdur. Qadın aktrisa hər hansı bir şəkildə səhnədəki örtüyün olması və səhnə plastikası ilə razılaşmır. Çünki aktrisa qadınların cəmiyyətdəki şəriət məsələlərinin həllini göstərməyə çalışır. Buna görə də dini qanunlara uyğun gəlməyən məhdudiyyətlə üzləşirik. İnsan həyatında təbii olan hər şeylə səhnədə çıxış edib-etməyəcəyini bilməlidir. Teatr bir yaradıcılıq növüdür. Burada düzgün və ritmik hərəkətlərin məhdudluğu aktyor üçün böyük bir maneədir. Belə olduğu halda, incəsənət məhdud və bloklanmış yollara doğru yönəlir. Çünki məna əldə etmək üçün biz rejissorlar təxəyyüldən istifadə etməyə məcburuq.

- Psixiatr və rejissor - bunlar tamamilə fərqli anlayışlardır. Onları birləşdirən nədir?
- Əsasən psixi xəstələr pozğunluq tipinə görə qeyri-adi bir şəkildə davranırlar. Teatr psixologiyası pozulmuş insanların daha sürətli sağalmasına kömək edə bilmək imkanına malikdir. Teatrla davranış üsulu ilə məhz o insanların qavrayışlarında yeni bir quruluş təqdim etmək mümkündür. Əslində, bu dəyişiklik qeyri-farmakoloji müalicə kimi tanınır və uzun, mürəkkəb mərhələlərə malikdir.
Biz o insanların psixikasına uyğun planlaşdırılmış ssenari yazırıq. Həmin insanlar səhnədə obraz canlandırır. Tamaşa və aktyorlarla birlikdə məşq zamanı pozğunluq növünə görə müalicə üsulu var. Bu proses çox həssaslıq tələb edir və ehtiyatla aparılır, çünki meydana gələn davranışlar araşdırılmalıdır.
- Bunun xüsusi bir adı varmı?
- Buna teatr terapiyası deyilir.
- Teatr terapevtinin yanlış diaqnoz qoymaq ehtimalı varmı?
- Teatr terapevti düzgün nəticələr almaya da bilər. Hətta sizə deyim ki, terapevtin ruhi xəstə olması da mümkündür.
- Daha çox kimlərlə işləyirsiniz?
- Teatrın bütün sahələrində, böyüklər, uşaqlar və yeniyetmələrlə, eləcə də sağlam və psixi pozğunluğu olan insanlarla işləyirik. 2003-cü ildən bu işlə məşğulam. 17 illik təcrübəyə malikəm. Bu insanların hər biri bir neçə ildir ki, sabit, normal şəraitə nail olmaq üçün teatrda bizimlədir.
- Bu terapiya üsulu ilə sağalanlar olubmu?
- Psixiatrik xəstələrin birinci qrupu 30 nəfərdən ibarət idi. Onlardan on nəfəri tam sağaldı. Hətta sizə deyim ki, iki il əvvəl bu insanlardan biri "Fəcr” festivalındakı şoumuzda çıxış etdi. Hazırda valideynləri ilə yaşayır. Müalicə alan insanların əksəriyyəti şizofreniyadan əziyyət çəkir.
- Nə zaman hiss etdiniz ki, teatrla müalicə etmək mümkündür?
- Komediya janrında olan bir tamaşadan sonra bunu dərk etdim. Belə tamaşalarla insanın daxili problemlərini araşdırmaq və diqqət yetirməkdən daha vacib olan yeni bir dünya ilə qarşılaşmağın mümkünlüyünü anladım. Tək teatr deyil, musiqi, şeir, film və yazı yazmaq da insanı sakitləşdirir. Mən mütəmadi olaraq bunlarla məşğul olan insanlarla təmasda oldum. Həyatıma yeni bir rəng verən yeni əyləncə əlavə olundu. Məni narahat edən məsələlərdən də biri budur ki, cəmiyyətin teatra münasibəti zəifdir. Bəzi İran vətəndaşları heç ömründə teatr görməyib. O insanlar övladlarını teatra göndərməyə hazır deyillər. Bunun bir neçə səbəbi var. Səbəblərdən biri də filmlərə nisbətən teatrın təbliğinin baha olmasıdır. Bu xərclərə kommutasiya, bilet və düzgün vaxt daxildir.
- Teatrda son çıxışınız nə ilə bağlı idi?
- Son çıxışımız bələdiyyə ilə əlaqəli üç mədəniyyət mərkəzində nümayiş olunan bir pyes idi. Lakin karantin başlaması və universitetlərin bağlanması ilə əlaqədar işlərimiz dayandı. Böhrandan əvvəl əlilliyi olan bir gəncin iştirak etdiyi, əlillər üçün olan festivala tamaşa hazırlayırdıq.
- Psixiatrik pasiyentlərdən öyrəndiyiniz nələrsə olubmu?
- Müxtəlif tipli insanlarla rastlaşırıq. Mən 17 illik təcrübəmdən sonra onların daxili dünyasından bəhs edən pyes yazdım. Psixiatrik xəstəxanaya işə düzəldim və hər addımımda psixiatrlarla məsləhətləşirəm. Özüm psixiatrik xəstəxanada çalışdığım və bu işi yaxşı bildiyim üçün, bu xəstələrin dərmanını da yaxşı bilirəm.
- Koronavirusun yayıldığı bu dönəmdə hansı işlərlə məşğulsunuz?
- Hazırda koronavirusun dünyaya və bəşəriyyətə gətirdiyi bəla ilə bağlı evdə qısa film çəkirəm. Qısa hekayələr yazıram. Burda karantin günləri davam etsə də, qaydalar yumşaldılıb. Bəzi müəssisələr işə başlayıb. Bu da bizim işimizi rahatlaşdırır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər