• cümə axşamı, 28 mart, 19:33
  • Baku Bakı 13°C

Teatr nə “məscid” deyil, nə də “məbəd”; Teatr elə Teatrdır!

05.12.19 15:00 671
Teatr nə “məscid” deyil, nə də “məbəd”; Teatr elə Teatrdır!
Məscid də, Məbəd də insanları təmizliyə, saflığa, mərhəmətə, özünüdərkə və ən nəhayət, uca Allahın insan və insanlıq üçün vacib olan bütün insani keyfiyyətlərə əməl olunmasına səsləyir. Teatr isə insanlara yaxşını və pisi, ağ və qaranı, hörmət və ehtiramı, dost və düşməni, doğru və yalanı, riyakarlığı və xəyanəti və bütün bunlardan (yaxşı və ya pis) çıxış yollarını canlı şəkildə insanlara göstərir. Əvvəlki, yazılarımın birində mən aktyorları böyük Allahımızın yer üzərinə göndərdiyi mələklər adlandırmışdım. Əgər belə olmasa idi, yəqin ki, teatr sənəti heç nəyə və heç kimə lazım olmazdı. Hər bir teatr xalqın keçmişini, bu gününü, mədəni və intellektual səviyyəsini dünyaya tanıdan bir müqəddəs ocaqdır ki, istisinə qızınırıq və qızındıqca dünyanın yeddi rəngini görməyə başlayırıq.
AZƏRTACƏməkdar mədəniyyət işçisi Hikmət Nəbilinin Bakı Bələdiyyə Teatrının hazırladığı böyük Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan "İmadəddin Nəsimi” tamaşası ilə bağlı fikirlərini bölüşürük.
Tamaşa Xalq yazıçısı İsa Muğannanın "Məşhər” romanının motivləri əsasında, Çingiz Ələsgərli tərəfindən səhnələşdirilib. İmadəddin Nəsiminin həyatını əks etdirən əsərdə Çingiz Ələsgərli Nəsiminin iç dünyasının böyüklüyünü tam şəkildə açmamışdır. Tamaşaya baxdıqda bütün bunlar özünü büruzə verir. Lakin bütün bunlara baxmayaraq, qısa bir müddətdə belə bir əsərin ortaya çıxması böyük bir zəhmət tələb edir. Bütün dramaturji əsərlərin yazılma prinsiplərinə cavab verən bu əsərə görə biz Çingiz müəllimə çox sağ olun deməliyik. Teatrın qayğı və səliqə ilə hazırladığı bu tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovun zəhməti danılmazdır. Tamaşanın dekorları nəfis və təqdirəlayiq işlənib. Geyimlərin dövrə uyğun hazırlanması ilk baxışdan diqqəti cəlb edir. Tamaşada səhnə tərtibatını və musiqisini quruluşçu rejissor obrazlı məntiqlə birləşdirmişdir. Rejissor işinin təsirli cəhətlərindən biri də odur ki, o, səhnə ilə tamaşaçı arasında üzvü əlaqə yaradır. Yəni tamaşaçı sanki özünü səhnədə baş verən hadisələrin içində hiss edir. Tamaşanın qüvvətli cəhətləri çoxdur və gərgin maraqla baxılır.
Rejissorun əsas nailiyyəti ondan ibarətdir ki, dramaturqun əsas fikri tamaşada öz yerini tapsın, obrazların mahiyyəti açılsın, bütün diqqət bədii ümumiləşdirilmələrə yönəldilsin. Tamaşanın quruluşçu rejissoru M.Fərzəlibəyov pyesdəki hadisələri intellektual dram səpkisində şərh etmişdir. Aktyorlar - Əməkdar artistlər Hüsniyyə Mürvətova (Fatma), Aydın Əliyev (Nəimi), aktyorlar Ülviyyə Rza (Əzra), İlqar Musayev (Əmir Teymur) və Zülfiyyə Qurbanova (Zəhra) xarakterlərinin qorxu, təşviş və iztirablarını təbii canlandırır, tamaşaya bədii bütövlük gətirirlər. Tamaşanın bədii bütövlüyünün yaranmasında musiqi parçaları müstəsna rol oynayır və obrazların daxili hisslərinin açılmasına kömək edir. Bütün bunlar, əlbəttə, çox yaxşıdır. Lakin qəbul olunmayan və tövsiyə ediləcək problemlər də az deyil.
Haşiyə: Səhnə əsərinin əsas qayəsi aktyorla yoğurulur. Yerdə qalanlar- dekorlar, işıqlar, geyimlər və s. tamaşaçını seyr edəcəyi sənət əsərinin dövrü məkanından, zaman xüsusiyyətlərinin çərçivəsindən baxmağa dəvət edir və tamaşaçı da bu dəvəti çox məmnuniyyətlə qəbul edir. O, amma təsəvvüründə yaratdığı obrazı, səhnədə görməyəndə sınır, bəlkə də uzun zaman heç bir tamaşaya baxmır. Beləliklə də hər tamaşada biz bir necə tamaşaçını itirsək və bir müddətdən sonra teatrlarda tamaşaçı qıtlığı yaranacaq. Anatoli Efros "Peşə: Rejissor” adlı dərslikdə dramaturgiyadan bəhs edərək deyirdi ki, niyə indi dramaturqlar və rejissorlar adamları narahat etməkdən qorxurlar. Yaqonu Yaqo kimi göstərmir? Niyə əsərlər mütləq xoş sonluqla bitməlidir, məgər günümüzün tamaşaçısı Şekspir dövrünün tamaşaçısından zəifdir?
Doğrudan da bəzən səhnədə xarakter əvəzinə sxem, hisslərə, duyğuya, əqlə təsir qəhrəman yerinə, bu "vəzifəni” daşıyan personaj görürük. Bir də, axı, hadisənin formal olaraq qəhrəmanın xeyrinə bitməsi hələ ümumi problemin müvəffəqiyyətli həlli demək deyil. Əsas məsələ -şüurda, psixologiyada, bir sözlə mənəviyyatda yaranan dəyişiklikdə, ictimai ideallara yüksək əxlaqi münasibətdədir. Amma yaxşı olmayan və tövsiyə ediləcək problemlər də az deyil.
Qəddi-qaməti, geyimi, qrimi və başqa atributlar aktyor oyununa kömək eyləyən vasitələrdir. Bütün bunlar Nəsimi obrazını ifa edən aktyorda (Tural Əhməd) vardır. Ədəbiyyatdan da məlumdur ki, Nəsimi məhəbbət şairi, öz idealları uğrunda mübarizə aparan bir qəhrəmandır. Öz dövrünün sevilən, seçilən, bütün şərq aləmində hörmət və ehtiram sahibi olan bir lirik, filosof şairdir. Tamaşanın əvvəlində Nəsiminin səhnəyə gəlişi tamaşaçıya xoş təsir bağışlayır. Çünki bu Nəsimi gözümüzün alışdığı Nəsimidən çox fərqlidir. Zahiri görünüşü nə qədər xoş təsir bağışlasa da, aktyorun oyununda tamaşaçıya şairin iç yanğısını, lirikasını, ruhunu çatdırmağa çalışsa da, bu bəzi səhnələrdə alınmırdı, quru və sönük görünürdü. Rejissor tərəfindən verilən mizanlarla kifayətlənir. Aktyorun belə oyunu, tərəf müqabilinin də oyununa mane olur. Obrazın daxili tempə ritmi ilə tamaşanın tempə ritmi arasında uyğunsuzluq vardır. Bütün bunlara baxmayaraq, Nəsiminin (Tural Əhməd) uğurlu səhnələri də az deyil. Nəimi ilə görüş səhnəsini xüsusi ilə qeyd etmək istərdim. Yəqin ki, tamaşa oynanıldıqca hər bir obraz öz qəlibinə düşəcək.
Haşiyə: Aktyorun daxili tempi ilə tamaşanın tempi bir-birini tamamlamırsa və yaxud üst-üstə düşmürsə, deməli ya aktyor verilən yükü apara bilmir, ya da rejissorun aktyorla iş prinsipi düzgün qurulmayıb. Hər bir tamaşanın süjet xəttinin və ideyasının aparıcı musiqisi (leytmotiv) olduğu kimi, tamaşadakı hər bir obrazın da öz daxili musiqisi vardır. Bu daxili musiqini isə rejissor yox, məhz aktyor özü tapmalıdır. Bütün bunlarsa məşq prosesində deyil, aktyorun rol üzərində işi zamanı meydana gəlir. Əgər aktyor verilən rolun daxili məziyyətlərini (danışıq tərzini, səs tembrini, yerişini, paltarını və onun rəngini, qrimini) əsərin ideyasına uyğun tapa bilibsə, bu aktyorun sonrakı uğuruna dəlalət edir. Heç bir rejissorun borcu deyil ki, aktyora məşq zamanı mizan versin. Bu o zaman baş verir ki, rejissor aktyorun on gün əvvəlki məşq prosesi ilə bugünkü məşq prosesi arasında heç bir fərq olmadığını görür. Bax onda rejissor tamaşanın xatirinə aktyora mizan verməyə məcbur olur və tamaşa zamanı həmin aktyorun oyunu tamaşaçının diqqətindən qaçmır.
Tamaşada ustalıqla perfomans sərgiləyən aktyorlar yetərincədir. Nəimi rolunun ifaçısının səhnəyə hər gəlişi, alqışla, rəğbətlə qarşılanırdı. Xüsusən Nəimi ilə Nəsiminin görüş səhnəsini xüsusi qeyd etmək istərdim. Onların bir birinə olan, sanki ata və övlad sevgisi tamaşaçıda onlara qarşı böyük rəğbət hissi doğurur. Aktyor obrazlı bədii ifadə tərzinə məharətlə yanaşmışdır. Hər bir hərəkəti müəyyən bir məna kəsb eyləyən aktyorun ölümə gedərkən boynuna saldığı şərfi Nəsimiyə bağışlaması, Nəiminin Nəsimi qüdrətinə olan böyük inamın, etibarın təzahürüdür. Aktyor obrazın mənəvi ruhunu bir tablo halına salaraq qiymətli bir sənət əsəri kimi təqdim etməyi bacaran, sənətinə hörmət və ehtiramla yanaşma sənətkarlardandır.
Tanınmış rejissor pedaqoq Nəsir Sadıqzadə deyərdi: "Rejissor işinin böyüklüyü, tamaşada oynayan aktyorların mahir və məharətli oyunundadır. Standart səhnədə gözəl dekorlu, əla geyimləri, işiqları və musiqiləri tam yerində olan bir tamaşada aktyor oyunu zəifdirsə, deməli, bu aktyorun günahıdır”.
Tamaşada əsas rollardan biri də Fatimə obrazının ifaçısı Hüsniyyə Mürvətovadır. Aktrisa çox peşəkarlıqla yaratdığı rolunun lirik təbiətini emosionallıqla canlandırır. Aktrisanı fərqləndirən cəhətlər kifayət qədərdir. Səhnədəki çevikliyi, təklif olunan vəziyyətə uyğun dəyişmə və yaşam hissi, təbii, ifadəli oyun tərzi ilə seçilir, rolunun yükünü məharətlə daşıyır. Sadaladığım bütün bu keyfiyyətləri Əzra (Ülviyyə xanım) haqqında da söyləmək olardı. Ülviyyə xanım hələ gənc olsa da, özünü peşəkar bir aktrisa kimi göstərə bildi.
İlqar Musayevin oynadığı Əmir Teymur obrazını xüsusi qeyd etmək istərdim. Sənəyə ilk gəlişində, fikirləşirdim ki, görəsən bu gənc aktyor belə mürəkkəb bir rolu necə oynayacaq? Mükəmməl oyunu ilə bütün tamaşaçılar kimi məni də valeh etdi. Öz rolunu zərgər dəqiqliyi ilə işləyib tamaşaçıya təqdim eləyən aktyorun uğurları hələ çox olacaq.
Tamaşada Rafiq İbrahimov (İbrahim şah), İsmayıl Atakişiyev (Şeyx Əzəm), Toğrul Rza (Gövhər Şah), Mehman Abdullayev (Yusif) və Əhməd Salahov (Həmzə) öz obrazlarını qadir olduqları səviyyədə oynadılar.
Tamaşanın əvvəlindən sonunadək verilən tüstü həm aktyorlara, həm də tamaşaçılara mane olurdu. Bəzən aparatın səsi iştirakçıların səsini üstələyirdi.
Sonda səhnəyə göydən qlobusun düşməyi fikir kimi qəbul edilə bilər. Lakin onun səhnədə istifadəsi olduqca kobud və yersiz görünür.
Tamaşa var, tamaşa baxılır və baxılacaq. Bütün kollektivə uğurlar arzulayıram.
-Bəzən onlar darıxır, bəzən də saatlarla düşünür, qrim masasının arxasında oturub oynayacağı obrazın əsərdən kənar həyat tərzi görməyə çalışır, bəzən də öz doğma evində belə rahatlıq tapa bilmirlər. Bax onda getməyə bircə məkanları qalır. İstisinə qızındıqları ocaqları... Nə yaxşı ki, teatr var, nə yaxşı ki, ocaqların odunu, közünü göz bəbəkləri kimi qoruyub saxlayan məsum mələklər var... Ocaqlarınızın közü heç vaxt sönməsin...
banner

Oxşar Xəbərlər