AZE | RUS | ENG |

Teatr mövsümün ən yaxşı mətbuat katibləri kimlərdir?

Teatr mövsümün ən yaxşı mətbuat katibləri kimlərdir?
Bir mövsümün də sonuna yaxınlaşırıq. Gələn ay teatrlarımız mövsümün son tamaşalarını oynayıb, pərdələrini 2 aylıq bağlayacaqlar. Mövsüm ərzində teatrlarımızdan xəbər tutmaq, ən son hadisələri həmkarlarımızdan daha tez işıqlandırmaq üçün mətbuat xidmətləri ilə əlaqə saxladıq.  Onlarla il ərzində davamlı olaraq çalışdıq. 
Bu yazımız da teatrların mətbuat xidmətləri barəsindədir. Müxtəlif mətbuat orqanlarında çalışan mədəniyyət yazarları ilə söhbət edib, onlardan bu il media qurumları arasında əlaqə yaradan, ən yaxşı münasibət quran, sualları zamanında cavablandıran, teatrda baş verən hadisələrə həmin an reaksiya verən mətbuat katibi  kimliyini xəbər aldıq.  Cavabımız isə çox gecikmədi. 
 
"Mədəniyyət” qəzetinin müxbiri Gülcahan Mirməmməd uzun müddətdir ki, teatr camesində güzgü rolunu oynayır, baş verənləri canlı təsvir edərək bizləri yaradıcı proseslərdən xəbərdar edir. O, deyir ki,  artıq neçə ildir, Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyevanın iş strukturunu birinci yerdə görür: "Teatrların mətbuat nümayəndələrində indiyədək heç bir sorğum ləngiməyib və cavabsız qalmayıb... Tənqidə görə umu-küsü eşitməmişəm. İkinci yerdə Akademik Milli Dram Teatrı, Kukla Teatrı və Rus Dram Teatrı durur. Gənc Tamaşaçılar Teatrının da sorğulara obyektiv və operativ münasibəti göz qabağındadır. Əslində bu 4 teatrı bir-birindən ayırmaq mənim üçün çətindir. Bu ilin əvvəlindən Musiqili Teatrın mətbuat xidmətinin işində əsl canlanma yaranıb. Tamaşalarını, dəst-xəttini çox sevdiyim 2 teatr – "Yuğ” və Pantomima teatrlarının hər hansı uğurundan, yeniliyindən isə yalnız şəxsi münasibət vasitəsilə xəbər tuta bildiyim üçün təəssüf edirəm. Qəzetimizin teatr haqqında yazılarını ardıcıl oxuyanlar bu boşluğu aydın hiss edirlər”. 
 
 

Bölgə teatrlarına gəlincə isə Gülcahan xanım deyir ki, onların ayrıca mətbuat xidməti yoxdur: "Bununla belə, sorğunu cavablandırmağa vəkil edilmiş əməkdaşlar var. Onların arasında da operativlik Şəki teatrına məxsusdur. Yəqin ki, bəzi kollektivlər üçün hətta onların nəzdində olduqları Mədəniyyət Nazirliyinin rəsmi orqanının sorğusuna cavab verməkdənsə, yenilikləri "saman gəldi - Zaman öldü” prinsipi ilə işləyən sarımtıl mətbuata ötürmək, bir neçə saat da olsa, gündəmdə qalmaq daha önəmlidir. Necə deyərlər, özləri bilərlər, könülə zor yoxdur. Amma elə bilməyin ki, bu, təkcə bizdə belədir. Təsəvvür edin, Yakutiya-Saxa teatrına göndərdiyim sorğuya bir günə, Şimali Osetiya teatrına yolladığım dəqiqləşdirmə sorğusuna isə bir həftədən sonra, həm də gecikmiş və əhəmiyyətini itirmiş cavab aldığım da olub”.
 
 

APA xəbər agentliyinin mədəniyyət müxbiri Cavid Zeynallı bizimlə söhbətində bildirdi ki, teatrlardakı yeniliklərlə bağlı mətbuat xidmətləri məlumatları vaxtaşırı mediaya ötürürlər. Bu baxımdan APA-da Heydər Əliyev Sarayı, Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr, Akademik Opera və Balet Teatrı, Dövlət Kukla Teatrı ilə bağlı yenilikləri mütəmadi işıqlandırırlar: "İşdə tamaşalara baxmaq istəyən dostlarımız bilet üçün mənə müraciət edirlər. Mətbuat xidmətlərinə bilet xahişi edəndə, hər zaman sözümüzü eşidiblər. Fürsətdən istifadə edib, hər birinə təşəkkür edirəm. Ümumən, teatrların mətbuat katibləri və mədəniyyət yazarları arasında hər hansı narahatlıq yaradacaq hal müşahidə etməmişəm. Bu, belə də olmalıdır. İnanıram ki, bu şəkildə də davam edəcək. Çünki müasir dövrdə mədəniyyət sahəsinin, xüsusən teatr sahəsinin mətbuatın dəstəyinə çox böyük ehtiyacı var”.
 
 

Azərbaycan Dövlət İnformasiya Agentliyinin(Azərtac) müxbiri Ceyhun Alışlı deyir ki, mütəmadi olaraq teatrlarla əlaqə qurub və onların işlərindən də razı qalıb: "Teatrların mətbuat katibləri içərisində ən operativi, verilən suala vaxtında cavab və edilən müraciətə zamanında operativ reaksiya verən Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı, ikinci yerdə Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova, üçüncü yerdə isə Opera və Balet Teatrının mətbuat katibi Şükufə xanımdır. Bu, mənim qənaətimdir. Ola bilər ki, digər həmkarlarıma görə vəziyyət tam başqadır”.
 
 

"525-ci qəzet”-nin mədəniyyət yazarı, yazıçı, Şəhanə Müşfiq deyir ki, il ərzində mütəmadi şəkildə teatrlarla əlaqədə olub və premyeralarda  fəal iştirak etməyə çalışıb: "Bir mədəniyyət yazarı kimi təəssüflə deyə bilərəm ki, teatrlarımızın mətbuat xidmətləri kifayət qədər aktiv fəaliyyətdə deyillər. Bir neçə teatrlardan başqa, digər mətbuat katiblərini nəinki biz müxbirlər, heç öz teatrlarının əməkdaşları da tanımırlar. Ancaq onların arasında kifayət qədər aktiv, hadisələrə adekvat münasibət bildirən, hər zaman rahatlıqla əlaqə saxlaya bildiyimiz, öz premyeralarında, tədbirlərində və ya təmsil etdiyi qurumla bağlı baş verən hadisələrdə həmkarlarını öncədən məlumatlandıran əməkdaşlar da var. Məsələn, bu mənada ilk yadıma düşən Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallıdır. Cavid bəy həm jurnalistikanı, həm də teatrı, incəsənəti gözəl bilən və işini tam məsuliyyəti ilə icra edən həmkarımızdır. Bu il İrəvan Dövlət Dram Teatrına yeni mətbuat katibi təyin olundu - Teymur Bayramov. Onun gəlişi ilə sözügedən teatrın mətbuatla sıx əlaqəsi başladı, sanki bir canlanma yarandı. Düşünürəm ki, bu ən uğurlu təyinatlardan biri idi. Təəssüf edirəm ki, bu siyahını uzada bilmirəm. Digər teatrların mətbuat katibləri bu mövsümdə də çox passiv oldular. Tamaşalara biz yazarları, jurnalistləri mətbuat katibləri deyil, aktyorlar dəvət edirdilər. Halbuki, əksinə olmalıdır. Həmçinin, keçirilən tədbirlər, premyeralarla bağlı da KİV-in məlumatlandırılması çox zəif aparıldı. Ümid edirəm ki, adlarını çəkdiyim dostlarımız digər mətbuat katiblərimiz üçün yaxşı nümunə olacaqlar!”.
 

 
"Bakı xəbər” qəzetinin mədəniyyət yazarı İradə Sarıyeva qeyd edir ki, elə teatrlar var ki, mətbuat xidməti jurnalistlərdən qaçır: "Bu ya onların təmsil etdikləri sahədən xəbərsiz olması, bu işə təsadüf nəticəsində gəlməsi, ya da ki, mediaya mənfi münasibəti ilə bağlıdır. Mən teatr sahəsindən yazan jurnalist kimi iki mətbuat xidmətinin fəaliyyətindən tam razıyam. Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyeva və Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallının fəaliyyətindən, sorğulara operativ və ətraflı cavab vermələrindən çox razıyam. Onlar mənə heç bir problem yaşatmayıb. Amma mətbuat xidmətləri var ki, onların "qəbul”una düşmək çox çətindir”.
 
 

Azərbaycan Dövlət Televiziyasının "Mədəniyyət xəbərləri” redaksiyasının müxbiri, yazıçı-publisist Ülviyyə Heydərova isə teatrların mətbuat xidmətində çalışan həmkarlarımızı qəhrəman adlandırdı: "Son bir neçə ayda "Teatro.az” saytı açıldı və çox gözəl də fəaliyyət göstərir.  Mütləq şəkildə qeyd etməliyəm ki, bu sayt sanballı, nüfuzunu qoruyan və qısa bir zamanda öz imicini yaradan bir sayt oldu. Necə deyərlər reytinq xətrinə deyil, sənət naminə yaradılan saytdır. O ki, qaldı teatrlarımızın mətbuat xidmətlərinə bu baxımdan Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı və Gənc Tamaşaçılar Teatrının  mətbuat katibi Lalə Azəri bu mövsüm daha fəal idi. Bir də Opera və Balet Teatrının mətbuat xidməti bizi daim yeniliklər haqqında məlumatlandırır. Onu da qeyd edim ki, teatrda çalışanları qəhrəman adlandırıram”. 
 
 

"Yeni Müsavat” qəzetinin mədəniyyət yazarı Xalidə Gəray bu mövsüm mütəmadi olaraq teatrlarla çalışdığını bildirdi: "Mən daha çox mədəniyyət sahəsi üzrə yazılar yazıram və  mütəmadi olaraq teatrların mətbuat xidmətləri ilə əməkdaşlıq etməli oluram. Bunun üçün də öz adımdan deyə bilərəm ki, təkcə bu mövsümdə deyil, daim teatrlarla media qurumları arasında sıx əlaqə yaradan, ən son məlumatları mediaya ötürən, suallarımıza doğru və dolğun cavab verməyə çalışan Kukla Teatrı, Musiqili Teatr, Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbərlərini - Həmidə Rüstəmova, Fəridə Aslanova, Cavid Zeynallının adlarını qeyd etmək istərdim. Jurnalist kimi onların işindən razıyam. Lakin Opera və Balet Teatrının mətbuat xidməti bu mövsümdə çox zəif göründü. Ümumiyyətlə, adı çəkilən teatrın gördüyü yaradıcılıq işlərinə, teatrla bağlı ən son məlumatlara nadir hallarda rast gəlirik”.
 
 

AzNews.az informasiya portalının müxbiri Bahar Rüstəmli  isə qeyd edir ki, teatr mövsümü boyunca mütəmadi olaraq Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Rus Dram Teatrı, Opera və Balet Teatrı, Musiqili Teatr, Bakı Uşaq Teatrı, Sumqayıt Dövlət Musiqi Dram Teatrı və Mingəçevir Dövlət Dram Teatrı ilə mütəmadi iş birlikləri olub: "Məqsədimiz teatrların yaradıcılığını, quruluş verilən tamaşalarla yanaşı eyni zamanda aktyorların qarşılaşdığı haqsızlıqları, teatrda baş verən qalmaqalları da cəmiyyətə çatdırmaqdır. Yuxarıda adı gedən teatrların bəzilərinin mətbuat xidmətləri fəaliyyət göstərir. Onlar teatrda quruluş verilən tamaşalar, eləcə də tədbirlər haqqında məlumat verirlər. Bu məsələnin müsbət tərəfidir. Amma həmin tamaşalara baxmaq məsələsinə gələndə isə işimiz bir az çətinləşir. İl boyu İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Bakı Uşaq Teatrı, Sumqayıt Dövlət Musiqili Teatrlarından başqa heç bir teatrın mətbuat xidmətindən tamaşalara baxmaq üçün dəvət almamışam. Əslində isə onlar teatrda quruluş verilən bütün tamaşaların təqdimatlarına bizlərə dəvət göndərməlidir. Hər hansı bir teatrın tamaşasına baxmaq istəyəndə onların bəzilərinə müraciət etsəmdə "yoxdur” cavabı almışam. Belə olan halda məni bir sual düşündürür. Necə olur ki, biz sizin teatrın yaradıcılığını mətbuatda işıqlandırırıq, amma siz bizə lazım olan vaxtlarda bilet tapa bilmirsiniz? Bu səbəbdən də bir çox teatrların yaradıcılığını işıqlandırmamaq qərarına gəldim”.
 
 

"Bizim yol” qəzetinin mədəniyyət müxbiri İlhamə Rəsulova deyir ki, teatr jurnalistikası ayrı bir aləmdir: "Mövsüm ərzində Musiqili Teatra yeni təyin edilən Fəridə xanımdan çox məmnunam. Fəridə xanım gecə-gündüz işləyir. Dram teatrın mətbuat katibi Cavid Zeynallı da onun kimi. Onlar mütəmadi olaraq press-reliz göndərməklə bizi teatrda baş verən yaradıcı proseslərdən xəbərdar edirlər. Amma arzu edərdim ki, press reliz göndərməklə məhdudlaşmasınlar, müxtəlif tədbirlərə dəvət etsinlər. Bunu görməmişəm mənə qarşı. Hansısa tamaşalara, premyeralara dəvət etsinlər. Teatrdan yazan jurnalistlər və teatr tənqidçiləri elə aktyorların iştirakı ilə tamaşa barədə müzakirə aparsınlar, yaxşını pisi desinlər. Bu, irəliləyiş və yenilik olardı məncə”.
Təbii ki, qeyd etdiklərim həmkarlarımın bir qisminin fikirləri idi. Onların rəyinə əsasən, ilin ən yaxşı mətbuat katiblərinin siyahısını tərtib etsək, ilk yerləri Opera və Balet Teatrı, Akademik Milli Dram Teatrı, Musiqili Teatr, Gənc Tamaşaçılar Teatrı, Kukla Teatrı və Rus Dram Teatrı tutur. Mövsümün ən az çalışan və mətbuat nümayəndələrinin suallarını zəif cavablandırmayan mətbuat xidmətləri isə Pantomima və "Yuğ” teatrıdır. 
 
Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000