• cümə, 29 Mart, 02:47
  • Baku Bakı 7°C

“Teatr məşqdir, kino isə rinq” – İncəsənət

15.10.16 11:17 5027
“Teatr məşqdir, kino isə rinq” – İncəsənət
Bugünkü müsahibimiz gənc aktyor Ülvi Həsənlidir. Ülvi 1992-ci ildə Mərdəkanda anadan olub. İbtidai təhsilini Hacı Zeynalabdin Tağıyev adına 123 saylı orta məktəbə alıb. 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu” ixtisasını bitirib. Bu günə qədər 8 serialda rol alıb. Bundan əlavə, "Vəkil hanı?”, "Şər qarşanda”, "Nazlı” kimi filmlərə çəkilib. Teatr səhnəsində isə bir-birindən maraqlı obrazları ilə özünəməxsus ifa tərzinə malikdir.

- Ülvi bəy, istərdik, ilk olaraq incəsənətə sevginizdən danışasınız.
- İncəsənətə olan marağım uşaqlıqdan yaranıb. Hətta xatırlayıram ki, bağçada mənə artist deyirdilər (gülür). 6-cı sinifdə oxuyarkən yığma komandadan ibarət KVN-də iştirak etmişəm. Daha sonra məktəb illərində "Vəkil hanı?” filmində çəkilmişəm. 9-cu sinifdə xalq teatrları arasında keçirilən festivalda "İlin ən yaxşı kişi aktyoru” adına layiq görülmüşəm. Növbəti il həmin festivalda 3-cü yerin laureatı olmuşam. Evimizdə aktyor və rejissor olmayıb. Atam əvvəllər musiqi ilə məşğul olub. Uzaq qohumlarımız var ki, onlar bu sənətdə çalışıblar və çalışmaqda da davam edirlər. Onlardan əməkdar incəsənət xadimi, mərhum rejissorumuz Rəhman Əlizadə və əməkdar artistimiz Ayşad Məmmədovu misal gətirə bilərəm.

- Bəs, uğurlarınız nə zamandan başladı?
- İlk uğurum xalq teatrları festivalından başladı. Bu uğur mənə aktyor olmağım üçün çox stimul verdi.

- Əvvəllər sizi Bakı Estrada Teatrının səhnəsində görürdük, indi isə Akademik Milli Dram Teatrında. O gündən bu günə nələr dəyişib?
- Çox şey. Estrada teatrında həm rejissor, həm də aktyor kimi işlərim olub. Hətta orda elə olurdu ki, rəqsləri də qururdum. İndi isə Akademik Milli Dram Teatrında çalışıram və halımdan da məmnunam.
- Ana teatrda artıq 3 ildir ki, fəaliyyət göstərirsiniz. Ancaq nədənsə sizi teatrın ştat işçisi kimi görmürük. Bu nədən qaynaqlanır?
- Əslində ötən ilin yanvar ayında mən ştata götürülməli idim. Ancaq Azdramada rəhbərlik dəyişildikdən sonra bizim işimiz bir qədər yubandı. Teatrımızın baş rejissoru, xalq artisti Azərpaşa müəllim məni yeni mövsümdə səhnədə görmək istəyərsə, layiq görərsə, yəqin ki, ştata keçərəm.

- Bu 3 ildə teatrda nə qədər obraz canlandırmısınız?
- Ana teatrın səhnəsində ilk rolum əməkdar artist Nicat Kazımovun hazırladığı "Kölgə” tamaşasında maliyyə nazirinin köməkçisi obrazı olub. Kiçik rol olmasına baxmayaraq, böyük səhnə plastikası var idi. İlk böyük rolum isə Ramiz Novruzun quruluşunda hazırlanan "Silindr” tamaşasında Antoni obrazı oldu. Daha sonra başqa amplualarda obrazlarla çıxışlar etdim. Onlardan "Əmir Teymur”, "Nadir Şah”da Nadir şahın kiçik oğlunu oynayıram. "Nağıllar aləmində” tamaşasında üç obrazım var.

- Xarici görkəmcə yerli aktyorlardan seçilirsiniz. Bu sizə obrazların daha çox verilməsində əlavə imkan yaradırmı?
- Allah məni belə yaradıb. Əgər düşdüyüm mühitdə fərqlənirəmsə, bu özü bir nemətdir. Əslində bu imicimdən özüm də xəbərsiz idim. İkinci kursda oxuyanda saçlarımı uzatdım və fərqli göründüyümün fərqinə vardım. Əvvəllər saçlarımı çox qısa kəsdirirdim deyə, bu o qədər də hiss olunmurdu. Saçlarım rejissorların da diqqətinə səbəb olur. Elə bir rejissor görməmişəm ki, saçlarım ona maraqlı gəlməsin (gülürük). Aktyorun fərqli görünüşü tamaşaçıya maraqlı gəlməsi baxımından böyük önəm kəsb edir. Fərqlənmək aktyor üçün maraqlıdır. Oxşar tipaj olanda, bir rola çox adam çəkmək olar. Ancaq fərqlənəndə, o rolda ancaq səni görürlər.
Dekabrda "Nazlı” adlı romantik komediya filmimiz təqdim olunacaq. Orada mənim imicimi elə dəyişiblər ki, hətta filmdə özüm özümü görəndə tanımadım.

- Sizi daha çox hansı ölkənin vətəndaşına bənzədirlər?
- Məni buruq saçımla yəhudilərə, ərəblərə, italyan, hətta fransıza bənzədənlər olub. Rejissorlar isə məni "Nazlı” filmində Braziliya aktyoruna bənzədir.

- Hədəfləriniz nələrdir?
- Hər aktyorun hədəfi hansısa bir zirvəyə çatmaqdır. Hədəf o zirvənin mənə məxsus olmasıdır. İstəmirəm ki, təkcə Azərbaycanda tələbatlı aktyor olum. İstəyirəm ki, beynəlxalq səviyyəli aktyor olum. Azərbaycan aktyorlarının 90 faizində elə bir potensial var. Türkiyədə və digər ölkələrdə milyonlar qazanan aktyorların çoxu bizim etdiyimizin yarısını edə bilmir. Ancaq onlar haradadır, biz harada? Mən potensialıma da, istedadıma da inanıram.

- Azərbaycan teatrına, eləcə də serial və kino aləminə gənc olaraq hansı yenilikləri gətirmək istəyirsiniz?
- Seriallarımızda və kinolarımızda danışığın qeyri-təbiiliyi məndə qıcıq oyadır. Hər yerdə deyirdim ki, elə bir iş qismət olsun ki, mən orada tamaşaçı ilə onun dilində danışmağı göstərə bilim. Şükür ki, ötən il ATV telekanalında yayımlanan və reytinqlərdə birinci olan "Dəfnə ağacı” serialında bu imkanı əldə etdim. Hər zaman təbii olmağa çalışmışam. Əgər aktyor təbii olarsa, onun yaşadığı vəziyyət də, oynadığı obrazda da hər şey təbii alınar. Hədəfim odur ki, o təbiiliyi çəkildiyim filmlərdə və seriallarda qoruyub, saxlaya bilim. Əgər hər hansı bir şey içimdən gəlmirsə, onu məcburən edəndə tamaşaçının gözündə zəif görünəcək.

- Bəs, sizi yenidən aparıcı kimi efirdə görə biləcəyikmi?
- İnşallah, qismət olsa, görəcəksiniz. "Gəzməyə dəyər” verilişinin davamı olmalı idi. Sadəcə, maliyyə məsələlərində problem yaşadığımız üçün davam etdirə bilmədik. Dekabrda elə ATV telekanalında yeni bir layihə nəzərdə tutmuşuq, onunla bərabər, bir serialda rol alacam.

- Serialın adını bilmək olarmı?
- Həmin serial hazırda ATV kanalında yayımlanır. Mən seriala 8-ci seriyadan gələcəm. Serial "Sən olmasaydın” adlanır. Həftə içi 4 gün saat 19:00-da yayımlanır.

- Canlandıracağınız obraz necə bir obrazdır?
- Bu obrazım xaricdən gəlmiş əslən azərbaycanlı oğlandır. O, gitara ifaçısıdır. Komplekssiz, mehriban, Avropa təbiətində böyüyən bir insandır. O, Anar Heybətovun canlandırdığı Fuadın obrazının qızına vurulur. Əslində, özü də bilmədən bir oyunun qurbanına çevrilir. Serial haqqında geniş danışmaq istəmirəm. Bunu siz izləyəndən sonra görəcəksiniz.

- Məşhurluq elə bir şeydir ki, onu daddıqdan sonra çevrədəki insanların iç üzünü görməyə başlayırsan. Bəs sizdə necə, tanınandan sonra dostlarınızın sayı artdımı?
- (gülür)Dostlarımın sayı inanılmaz dərəcədə artdı. Ancaq əksər dostlarımın da yaxşı və pis cəhətlərini tanıdım. Elə dostlarım var idi ki, hamıdan çox onlara güvənirdim. Tanınandan sonra mənə qarşı sanki qıcıq oldular. Həmin dostlarım indi yanımda yoxdurlar, heç olmalarını da istəmirəm. Ancaq əvəzində gözləmədiyim insanlar mənə dayaq durdu. Həyatda cəmi 2-3 dənə yaxın dostum var. İstəyərəm ki, onlarla dostluğum axıracan getsin. İndi həyatda və sənətdə mənə yaxın, uğuruma ürəkdən sevinən tanınmış aktyorumuz Anar Heybətovla dostluğumu davam etdirirəm. O mənə dostdan artıqdır. Əsil dost hesab etdiyim insanlardan görmədiyim yaxşılıqları o insandan görmüşəm.

- Həm teatr, həm də kino aləmində çalışan bir gənc kimi hansı səhnə sizə daha yaxındır?
- Mənim üçün teatrın yerini heç nə verə bilməz. Nə bir xanım, nə də tamaşaçı sevgisi. Bəlkə də mənim üçün teatr aldığım nəfəsdən də dəyərlidir.
- Bəs hansı sizə daha doğmadır?
- Gözümü açandan özümü teatr səhnəsində görmüşəm. Hər ikisinin öz çətinliyi var. Teatrda bir saatlıq tamaşaya sərf etdiyim enerjini kadrlarda edə bilmərəm. Hərəsinin ayrı-ayrılıqda öz məsuliyyəti var. Mənim üçün ən önəmlisi teatrdır. Teatr bizim üçün məşqdir, kino isə rinq. Biz məşqdə öyrəndiklərimizi rinqdə xərcləyirik.

- Bu gün danılmaz faktdır ki, teatra gələn gənclərin əksəriyyəti tez bir zamanda məşhurlaşmaq və kino aləmində tanınmaq istəyir.
- Aktyor var bu sənətə tanınmaq, aktyor da var ki, məşğul olmaq üçün gəlir. Serial ömürlük olmur. Gün gəlir, o da bitir və sən yenidən səhnəyə qayıdırsan. Düzdür, serial bizim üçün həm tanınmaq, həm də maliyyə cəhətdən önəmlidir. Bizim əsas problemimiz odur ki, rejissorlar aktyoru teatrlardan seçmirlər. Əksər rejissorlar heç teatra getməyiblər. Düzdür, mənim böyük rejissorlar haqqında belə söz deməyə haqqım yoxdur. Rejissor olmadan gəlib serial-film çəkənlərdən söhbət gedir. Bu gün gənclərimiz teatr səhnəsində çalışmaq üçün çox az maraq göstərirlər. Halbuki böyük səhv edirlər. Onlar tanınmaq istəyirlər, ancaq sonrasını fikirləşmirlər. Serial qurtarandan sonra sən yoxa çıxırsan, ancaq teatrda işlədikcə püxtələşirsən. Hər bir xarakteri ayrı-ayrılıqda oynaya bilərsən. Seriallara, filmlərə layiq olmayan insanları efirə çıxarıb tanıtmaq lazım deyil ki, onlar da kütlə qarşısında bu sənətin adını batırsınlar. Teatrda ki, sən elə çıxış etməlisən ki, ən sonuncu cərgədəki insan belə səsini eşitsin. Kamera insanın adi kipriyinin tərpənməyini də çəkir. Teatrda daha çox plastika tələb olunur. Kadrda isə onu yığmalısan.

- Gənc olaraq Azərbaycan teatrlarında nəyi dəyişmək istəyərdiniz?
- Ən çox intellekti. İkinci isə aktyorlarımıza elə bir maaş verilsin ki, onlar başqa yerdə işləməsinlər. Onları hansısa bir seriala, filmə dəvət edəndə, ürəklərindən keçəninə getsinlər, istədikləri məbləği çəkinmədən desinlər.

- Özəl həyatınızda vəziyyət necədir. Sevdiyiniz xanım varmı?
- Efirə çıxandan sonra xanımlar tərəfindən mənə diqqət daha da artdı. Hazırda karyera barədə düşünürəm. Ailə qurmağı hələ ki, planlaşdırmıram. Beş ildən sonra qədrimi bilən və sənətimi qəbul edən xanımla ailə quracağam.

- Hansı tip xanımlar sizin zövqünüzdədir?
- Qızlarda gözəlliyə fikir vermirəm. Xanımda cəzbedicilik, şirinlik, danışıq tərzi, baxış mənim üçün daha önəmlidir. Əsas odur fərqli biri olsun.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər