• şənbə, 20 Aprel, 14:48
  • Baku Bakı 23°C

“Teatr ilk məhəbbətimdir” - Fotolar

03.08.18 09:00 6265
“Teatr ilk məhəbbətimdir” - Fotolar
Avqustun 1-də prezident İlham Əliyev Azərbaycan kinosunun 120 illiyi ilə əlaqədar kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzaladı. Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir çox aktyorlarımız fəxri adlarla təltif olundu. Onların içərisində uzun müddətdir ki, təltif olunacağı gözlənilən incəsənət nümayəndələri də var idi. "Xalq artisti” adına layiq görülən Qurban İsmayılov kimi. Biz də sənətkarın sevincinə şərik olub, onu təbrik etdik. Yenicə "Xalq artisti” adına layiq görülən Q.İsmayılov təəssüratlarını "Kaspi” ilə bölüşdü.
- Qurban bəy, sizi təbrik edirik.
- Çox sağ olun, təşəkkür edirəm.
- Gözləyirdinizmi ki, məhz Azərbaycan kinosunun 120 illiyində "Xalq artisti” adına layiq görülərsiniz?
- Açığı desəm, müəyyən gözləntilərim var idi. Ancaq məhz bu gündə veriləcəyini bilmirdim. Çox sevindim.
- Sizi xalq artisti kimi ilk kim təbrik etdi?
- Jurnalist dostlarımdan biri zəng vurub məni təbrik etdi ki, xalq artisti adına layiq görülmüsünüz. Kompyuteri açıb fəxri ad alanların siyahısına baxdım və adımı görəndə dedim birdən səhv salarlar. Siyahıda atamın adını görəndən sonra inandım (gülürük). Çox gözəl hissdir. Mənə bu hissi yaşatdığı üçün cənab prezidentimiz İlham Əliyevə, mədəniyyət nazirimiz Əbülfəs Qarayevə minnətdaram. Kino Xadimləri İttifaqına da təşəkkürümü bildirirəm. İki gündür ki, çoxsaylı təbriklər alıram. Dostlarım, ailəm, qohum-əqrəbam çox sevinir. Təəssüratlarım çox gözəldir. Təbii ki, bu həm də bir məsuliyyətdir.
- İndiyə qədər də siz çox məsuliyyətlə çalışmısınız. Yəqin ki, bundan sonra da bu məsuliyyət hissi sizinlə olar.
- Bu mənim özümdən asılı deyil. İşimdə məsuliyyətli olmağı çox sevirəm. Ümumiyyətlə hansı peşə sahibi olursa-olsun, insan öz işini məsuliyyətlə görməlidir. Bizim sənət kütləvi sənətdir, göz önündədir, bu sənətdə məsuliyyət hissi ikiqat artıq olmalıdır.
- Qurban bəy, həmkarlarınız müsahibələrində fəxri ad almadıqları ilə bağlı gileyləndikləri halda, siz indiyə qədər onu dilinizə də gətirməmisiniz. Sanki ad almaq həvəsində olmamısınız.
- Media nümayəndələri məndən xalq artisti olub-olmadığımı soruşanda, onlara əməkdar artist olduğumu demişəm. Sual edəndə ki sizə niyə fəxri ad vermirlər, onlara deyirdim ki, nə zaman məsləhət bilsələr, o zaman da verəcəklər. Təbii ki, mən də istəyirdim ki, "Xalq artisti” adına layiq görülüm. Ancaq bunu bir xəstəliyə çevirməmişdim. Mən belə yanaşmanı qəbul edə bilmirəm. O qədər gözəl, istedadlı aktyorlar var ki, onların fəxri adları yoxdur. Burada bir az naxış məsələsi də mühüm rol oynayır. Verilməyəndə də bununla razılaşmaq lazım idi. Onun üçün çox səs-küy salmırdım. Demək indi məsləhət bilinib ki, fəxri ad mənə bu dəfə verilib. Durub yersiz fikir bildirmək kimi bir xasiyyətə malik insan deyiləm.
- Sizi kimlər təbrik etdi? Gözlədiyiniz insanlardan təbrik aldınızmı?
- Əslində iki gündür çox təbriklər alıram. Həm sosial şəbəkədə, həm də telefon zəngləri susmur. Demək olar ki, bütün sənət dostlarım məni təbrik etdi. Sizə bir şey deyim. Mənim iki dostum var, bir-biriləri ilə küsülü idilər. Demişdilər ki, sən "Xalq artisti” adını alsan, barışacağıq. Onlar artıq barışdılar və mənimlə görüşdülər.
- Bəs təbriklər içərisində ad almayan həmkarlarınızdan qısqanclıq hiss etdinizmi?
- Əsla. Əksinə, dostlarım məni sevinərək təbrik edirdilər. Arada heç bir qısqanclıq hissi olmayıb. Ola bilər, kimsə istəyir ki, o da bu adı alsın, bu, təbii bir şeydir. Məndə də olub. Ancaq sizə durub deyə bilmərəm ki, kimlərsə məni qısqanıb. Belə şeyləri təbii qəbul edirəm. Qısqanclıq ona deyirəm ki, dava-dalaş olsun, vurub qaş-gözünü çıxarsınlar (gülürük).
- Sizcə, bu adı bir qədər gec almadınız?
- Mənə elə gəlir ki, zamanında verildi. 58 yaşım var. Bəlkə də qoca görünürəm. Ancaq zamanında verildiyini hesab edirəm.
- Srağagün Azərbaycan kinosunun 120 illiyi idi. Bu münasibətlə sizi də kinomuzun bir nümayəndəsi kimi təbrik edirik. Azərbaycan kinosuna nələr arzu edirsiniz?
- Çox sağ olun. Arzum budur ki, çoxlu kinolar çəkilsin. Kinolarımız beynəlxalq festivallarda iştirak edir və çox istərdim ki, bu festivalların sayı çoxalsın. Biz bu festivallar sayəsində dünyada öz mədəniyyətimizi təqdim edə bilərik. Demirəm ki, super, möhtəşəm filmlər, seriallar çəkirik. Bir ölkə olaraq bizim unikal mədəniyyətimiz var. Düşünürəm ki, tələsmək lazım deyil. Ancaq nədənsə biz tələsirik. Müstəqillik yaşımız da o qədər çox deyil. Kino da yavaş-yavaş inkişafa doğru gedir. Biz aktyorlar da bacardığımız qədər öz işimizi görməklə Azərbaycan kinosuna kömək etməyə çalışırıq. Bəlkə səhv düşünürəm, ancaq bu mənim subyektiv fikrimdir.
- Sizcə, bu gün Azərbaycan kinosu öz ömrünün hansı mərhələsini yaşayır?
- Bu gün Azərbaycan kinosu ömrünün 120 yaşını qeyd edir. Amma 120 yaşlı adam kimi deyil, daha şux, sıfırdan başlayan kimi başlayacağıq. Mən heç zaman bədbin olmamışam, indi də deyiləm.
- Sizi kinodan daha çox teatrda izləməyi sevirik. Canlı sənət növünün yeri bir başqadır. Maraqlıdır, teatrı, yoxsa kinonu özünüzə bir köynək daha yaxın hiss edirsiniz?
- Teatr mənim ilk məhəbbətimdir. Əlbəttə ki, teatrı. Kino elədir ki, orada çəkilən aktyorların 99 faizi elə teatr aktyorlarıdır. Teatr kino üçün baza rolunu oynayır. Biz teatrda yığdıqlarımızı kinoda xərcləyirik. Sonra gedib teatrda yığıb təzədən kinoya gəlirik. Ancaq kino da dəyərlidir, incəsənətimizin bir növüdür.
- Teatr mövsüm sonuna çıxıb, yəqin ki, siz də istirahət edirsiniz. İstirahətiniz necə keçir?
- Əslində, teatrdan məzuniyyətə çıxmışıq, ancaq mən çalışıram. Çünki çalışdığım "Ata ocağı” serialının ikinci mövsüm üçün çəkilişləri başlayır. Ona hazırlaşırıq.
- Yeni mövsümdə sizi daha hansı film və seriallarda görə biləcəyik?
- Baku Media Centr tərəfindən çəkilən Nobel qardaşları ilə bağlı bədii-sənədli filmdə Hacı Zeynalabdin Tağıyevi canlandıracam. Yeni bir filmdə kiçik bir rolum da gözlənilir. Bunlarla yanaşı, Xəzər televiziyasında yayımlanan "Ata ocağı” serialı ilə mövsümə davam edəcəyik.
- Əsas rollardan birini canlandırdığınız "Ata ocağı” serialından söz düşmüşkən, orada çox qəddar bir atanı oynayırsınız...
- Nazim obrazı o qədər də qəddar deyil axı. Nə üçün qəddar olsun ki? O nə edirsə, uşaqları üçün edir. Övladlarının yaxşılığını istəyir. Övladları dayanmadan yanlış hərəkətlər edirlər. Bəs onda ata neyləsin? Kasıb adamdır, istəyir ki, uşaqları onun tərbiyə etdiyi düzgün yolla getsinlər.
- Bəs Qurban İsmayılov Nazim obrazının yerində olsaydı, onun kimi hərəkət edərdimi?
- Açığını deyim ki, mənim üç oğlum yoxdu. İki oğlum var, birinin 4 yaşı var, hələ çox balacadır. Böyüyü də çalışır, özünün çox gözəl ailəsi var. Hələ ki məni hirsləndirmirlər. Ancaq Nazimin övladları onun sözünə baxmır. Həyatdakı övladlarım hər dediyimi edirlər. Bircə balaca oğlumdan başqa (gülürük). Hərdən ona çatdırırıq ki, daha bu qədər də yox. Uşaqlar bir az valideynə hörmət etməlidir. Hətta bizim seriala baxandan sonra ondan ibrət alan, valideynlərinə daha çox bağlanan tamaşaçılar da var.
- Yeni mövsümdən teatra "Xalq artisti” kimi gedəcəksiniz.
- Bəli... Teatra gedib işlərimə davam edəcəm. Qeyd edim ki, yeni mövsümdə Bəhram Osmanovun quruluşunda hazırlanan Servantesin "Don Kixot” tamaşası nümayiş olunacaq. Mən orada Don Kixotu canlandıracam. Tamaşa oktyabrda təhvil veriləcək.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər