• çərşənbə axşamı, 19 mart, 15:30
  • Baku Bakı 8°C

Teatr aktyordan çox amansız intiqam alır

14.01.19 12:15 1526
Teatr aktyordan çox amansız intiqam alır
– İstərdim ki, böyüdüyünüz ailə və sizin bir sənətkar kimi yetişməyinizə dəstək olan mühit haqqında danışasınız.
– İçəri şəhərdə doğulmuşam. Atam dənizçi olub, keçən əsrin əvvəllərindən ömrünün sonuna qədər Xəzər Gəmiçilik İdarəsində işləyib. Anam Seyid nəslindəndir, evdar qadın idi. Onun nəslində maarifpərvər insanlar, həkimlər, müəllimlər, ictimai xadimlər çox olub, amma aktyor sənəti ilə məşğul olan olmayıb. Atam Şimali Azərbaycandan, Dərbənddəndir, anam isə Masallıdandır.
– Sənətə olan sevgini nə zaman hiss etdiniz?
– Məndə sənətə olan sevgi uşaq yaşlarından yaranıb. Dediyim kimi İçərişəhərdə yaşayırdıq, həyətimizdə oturub hind mahnıları oxuyardım. Qonşumuzda Hökümə xanım vardı, o, anama deyərdi ki, ay Mirfatma, sənin bu oğlun, deyəsən, artist olacaq. Məktəb illərində bizi Gənc Tamaşaçılar Teatrına aparırdılar. İlk dəfə teatrı elə məktəb illərində görmüşəm. Pərdə açılandan sonra səhnədən gələn qəribə qoxu adamı məst eləyirdi. O vaxtdan teatra heyran oldum. Məktəbin 4-cü sinfində oxuyanda Dram dərnəyinə yazıldım. Dərnəyin rəhbəri görkəmli kinorejissor, Xalq artisti Tofiq İsmayılov idi. O, mənim ilk müəllimim olub. İlk rolum Novruz Gəncəlinin "Gənc ustalar” tamaşasında tənbəl Mahmud rolu olub. Məktəb səhnəsində özümü bir qədər itirdim, sözləri səhv saldım. Baxmayaraq ki, çaşdım, amma sonra özümü elə alıb rolumu tamaşanın axıra qədər oynaya bildim. Beləcə, o gün məndə cəsarət hissi oyandı. Sonralar görkəmli rejissor Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi Dram dərnəyinə getməyə başladım. Bu dərnək sonralar "Xalq teatrı” adını aldı. Orada çoxlu rollar ifa etdim. Məktəbi bitirəndən sonra sənədlərimi indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna verdim. İki il qəbul oluna bilmədim, şeiri, etüdü dedim, ritmikada bir qədər çətinliyim oldu. Qarşıma məqsəd qoydum ki, üçüncü il mütləq yenə sənədlərimi eyni yerə verəcəyəm. Lütfi Məmmədbəyov məni Gənc Tamaşaçılar teatrına, işıq sexinə işə düzəltdi. Bir il orda işlədim. O müddətdə tamaşalara baxdım, tanınmış rejissorlarla tanış oldum. Oradan aldığım xasiyyətnamə ilə yenidən sənədlərimi İncəsənət İnstitutuna verdim, bu dəfə qəbul olundum. İmtahanı görkəmli pedaqoq, xalq artisti Rza Təhmasib qəbul edirdi. Beləliklə, ən böyük arzum həyata keçdi. O zamanlar idmana da həvəsim vardı. Aktyor olmasaydım, yəqin ki, yaxşı idmançı olardım. Futbol, voleybol, boks, güləş, qılınc oynatma kimi idman növləri ilə məşğul olmuşam, uğurlarım da olub. Amma aktyor olmaq istəyi üstün gəldi və mən aktyor oldum. İnstitutu bitirəndən sonra 1967-ci ildə bizim kurs tələbələrinin hamısını İrəvanda Azərbaycan teatrı var idi, ora göndərdilər. Biz orada Cəfər Cabbarlının "Sevil” tamaşasını oynadıq, mən Məmmədəlibəy rolunda çıxış etdim. Orada beş ay işlədim. Sonra Bakıya qayıtdım, çünki valideynlərim yaşlı idilər, mən ailənin yeganə övladı olduğuma görə onların yanına qayıtmağa məcbur oldum. İncəsənət İnstitutunun o zamankı rektoru məni səhnə danışığı fənni üzrə assistent kimi işə dəvət etdi. Orada bir il işlədim. O arada məni Moskvaya iki illik təhsil almağa göndərmək istəyirdilər. Düşündüm ki, Moskvada təhsil alıb gəlsəm, müəllim işləyəcəyəm. Ancaq mənim arzum aktyor olmaq idi. Ona görə o təklifdən imtina etdim. O zamanlar Sumqayıtda yeni fəaliyyətə başlayan Hüseyn Ərəblinski adına Gənc Tamaşaçılar Teatrında işə başladım. Orada işlədiyim bir il ərzində bir neçə tamaşada rollarım oldu. İnstitutda təhsil aldığım illərdə görkəmli rejissor Tofiq Kazımov məni "Hamlet” tamaşasına dəvət etmişdi. Orada Hamletin atasının səsi uzaqdan gəlməli idi. Mənim də çox gur səsim var idi. O rolun öhdəsindən bacarıqla gəldim. Akademik Milli Teatrında da qalıb işləyə bilərdim, amma istəyirdim ki, yeni bir teatrda işləyim, ona görə də Sumqayıt Teatrında işləyəsi oldum. Ancaq bir ildən sonra yenidən Milli teatra qayıtdım. Bu günə kimi də bu teatrda fəaliyyətdəyəm.
– Qeyd etdiniz ki, gur səsiniz var. Teatrda və ya kinoda səsinizdən istifadə olundumu?
– Musiqini çox sevirəm, yaxşı musiqi duyumum var. Yaxşı müğənni də ola bilərdim. Amma o sahəyə getmədim. Çünki aktyor müğənnini, həkimi, müəllimi, yaxşı insanı da, mənfi insanı da oynayır. Aktyor sənəti insan psixologiyasını yaradır. "Ordan, burdan” televiziya tamaşasında Qoçu Gülbala rolunu ifa edərkən mahnı da oxumuşam.
– Söhbət zamanı dediniz ki, incəsənətə, mədəniyyətə olan sevginizin haradan yarandığı haqqında fikirləşirsiniz. Yəqin doğulduğum İçərişəhərdəki qədim memarlıq abidələrini görəndə məndə sənətə doğma hisslər yaranıb deyirsiniz. Sənət sevginizdə İçərişəhərin nə qədər payı var?
– Biz İçərişəhərdə yaşayanda bir neçə filmin çəkilişinin şahidi olmuşam. Yəni o çəkilişlər bizim məhəllədə gedib. Bilirsiniz ki, İçərişəhər çox geniş bir yer deyil. Hamı harada, nə baş verdiyindən xəbərdar olur. O vaxt "Məşədi İbad” filmi çəkilirdi. O filmin bir neçə epizodunun çəkilişini görmüşəm. O zaman 10 yaşım vardı. Daha sonra "Məmlüklər” filminin çəkilişi üçün "Gürcüstanfilm” gəlmişdi. İri, hündür atlar gətirmişdilər. İlk dəfə ata onda mindim, at məni yerə yıxdı. Ondan sonra bir daha ata minmədim. Hətta dediyim o filmdə çəkilmişəm də. Uşaqlar bir-birinin üstündən atlayırdılar, guya oynayırlar. "Amfibiya adam”, ”Axırıncı aşırım” filmlərinin çəkilişlərinin də şahidi olmuşam. Bütün bunlar məndə kino sənətinə, aktyorluğa həvəs oyadıb. Siz düzgün qeyd etdiniz ki, İçərişəhərdə gözümü açanda o qədimliyi, "Xan sarayı”nı, qala divarlarını görmüşəm. Deməzdim ki, uşaqlığım sakit keçib. Qala divarlarının yuxarı hissəsindəki ucu iti daşların üstündən o qədər qaçmışam ki... O zaman canımda qorxu da yox idi. Sənətə sevgi məhəllədən başlayıb, məktəbdə davam edib.
– Teatr və kino. Bu iki ayrılmaz sənətin həyatınızda tutduğu yeri necə ifadə edərdiniz?
– Teatr mənim də həyatımdır və ömrümü teatra həsr etmişəm. Kino isə mənim üçün bir sevgidir. Heç gözləmədiyim halda kino həyatıma daxil olub və mənə uğur gətirib. 1976-cı ildə görkəmli rejissorumuz Rasim Ocaqov məni "Ad günü” filminə çəkilişə dəvət etdi. O zamanlar filmləri səsləndirmək üçün Kinostudiyanın Dublyaj şöbəsinə gedirdik. Filmlərdə elə aktyorlar çəkilirdi ki, düşünürdüm ki, onların yanında mənim çəkilməyim düzgün olmaz. Ancaq Rasim Ocaqov riskə getdi və məni "Ad günü” filminə çəkdi. O filmə görə mən Dövlət mükafatı aldım və ondan sonra bir çox rejissorların diqqətini çəkdim, on il ərzində bir-birinin ardınca bir çox filmlərə çəkildim. Doğrudur, teatrı yenə də sevirəm, ordan zövq alıram, ancaq kino mənim üçün bir sevgi idi. Kino elə bir yer, elə bir məkan idi ki, mənə elə gəlirdi bir aktyor kimi orada hər şey edə bilərəm. Bu mənada deyirəm ki, əgər teatr həyatımdırsa, kino mənim sevgimdir.
– Kinoda debütünüz olan Mustafa rolu sizə böyük uğur gətirdi.
– E lədir. Mustafa obrazını ifa edənə qədər teatrda işləyirdim, tanınırdım. O zaman 33 yaşım vardı. Teatr aktyoru kimi Mustafa rolunda çəkilməklə tamaşaçı kütləsinin sevgisini, rəğbətini qazandım və məni bir aktyor kimi tanıdılar. Kinonun üstün cəhəti ondadır ki, onun tamaşaçı auditoriyası daha genişdir. Amma teatr maraqlı, həm də gündəlik iş yeridir. Ola bilər ki, kinoya səni bir il çəksinlər, beş il çəkməsinlər. Ancaq teatr insana sadiqdir, orda daimi işin var.
– "Kino mənim üçün okean kimi bir yerdir”, deyirsiniz. Bu fikrinizi necə başa düşək?
– Teatr, səhnə çox qəribə bir yerdir, orada tamaşaçını aldatmaq yox, cürbəcür ifadə vasitələri, geyim, qrim, səslə inandırmaq olar. Kinoda tamaşaçını inandırmaq üçün təbii və səmimi olmalısan. Başqa çıxış yolun yoxdur. Kinonun çətin cəhəti də budur. Kino daha qabarıqdır, hər şey ön planda görünür. Teatr ümumi plandır, kinonun isə iri, orta, ümumi planı var. Teatrda obrazın həyat yolunu əvvəldən axıra kimi davam etdirə bilirsən. Kinoda bir də görürsən əvvəlki epizodları axırda çəkirlər, axırdakıları isə əvvəldə. Bu da o deməkdir ki, aktyorun bütün diqqəti filmə cəlb olunmalıdır. O, bilməlidir ki, hansı epizodda hansı nüansları etməlidir.
– Bildiyimiə görə, digər filmlərlə müqayisədə "Bəyin oğurlanması” filmində daha çox macəra yaşamısınız.
– "Bəyin oğurlanması”, "Yol əhvalatı” kimi filmlər improvizə filmləridir. Orada təkcə mənim yox, Səyavuş Aslan, Nəsibə Zeynalova, Yaşar Nuri, Eldəniz Zeynalovun filmdə gördüyü işlər, o sözlər, o hadisələr improvizə olub, gözlənilməz olub. Amma kino qəribədir, onun zövqünü çəkiliş bitdikdən sonra alırsan. Aradan iyirmi ildən çox zaman keçir, bu gün də o filmlər öz aktuallığını itirmir və ogünkü kimi baxılır. O dövrdə kinostudiyada çox dəyərli, ciddi filmlər çəkilirdi. "Bəyin oğurlanması” ,”Yol əhvalatı” filmləri də belə filmlərdən sayılır. Biz bu filmlərə çəkiləndə düşünürdük ki, görəsən, bu filmlər tamaşaçı tərəfindən qəbul olunacaqmı? Hətta filmin rejissorları da bilmirdi ki, bu filmlərin aqibəti necə olacaq, hansı nəticəni qazanacaq. Amma illər keçəndən sonra bu filmlər tamaşaçıların ən çox sevdiyi filmlərə çevrildi. O filmlərdə səsləndirilən "Sizdən adam olmayıb, olmayacaq da” , "Sabah elə yağış yağacaq ki, tut ucundan göyə çıx” , "Səni elə görməsələr yaxşıdır” kimi ifadələr bu günə kimi dillər əzbəridir. Bu filmlər müxtəlif təbəqələrdən olan insanların diqqət mərkəzində olan filmlərdir. "Bəyin oğurlanması” filmində güclü aktyor heyəti vardı. Filmin bu qədər uğur qazanmasının əsas səbəbi də elə bu idi. Bu, onu sübut edir ki, film çəkilişində istedadlı aktyorların potensialından istifadə olunmalıdır. Çünki, aktyorun ehtiyatı çoxdur, düşüncə tərzi, improvizəsi başqadır.
– Tanınmış adamsınız, getdiyiniz yerlərdə insanlar sizi tanıyırlar, ancaq yəqin ki, tanımayanlar da olur. İnsanlar sizi tanımayanda hansı hissləri keçirirsiniz?
– Məni tanımayanda incimirəm. Həyatda hər şey nisbidir. Aktyorlarla münasibət də nisbidir. Kimsə məni bəyənə bilər, kimsə bəyənməyə bilər. O qədər məşhur aktyorlar var ki, onları bəziləri bəyənir, bəziləri isə yox. Məni tanımayan indiki böyüyən nəsildir. Onlar da öz aləmlərindədirlər, ya da teatr və kinonun tarixini yaxşı bilmirlər. Ancaq onlar da böyüdükcə aktyorlarımızı tanıyacaqlar. Gənc yaşlarında çox arzulayırdım ki, məni aktyor kimi tanısınlar. Ancaq müəyyən vaxt keçəndən sonra tanınanda o qədər də sevinmədim. Elə adamlar var ki, küçədə məni tanıyırlar, saxlayırlar, mənimlə hal-əhval tuturlar. Hərdən təəccüblənirəm ki, bu adam məni necə tanıdı? Əvvəllər məni kimsə tanımayanda bu məni bir qədər qıcıqlandırırdı. Ancaq indi belə deyil, tanıyan da sağ olsun, tanımayan da.
– Deyirsiniz ki, indi tamaşaçını təəccübləndirmək çətinləşib. Niyə?
– İndiki inkişaf səviyyəsi, informasiya vasitələrinin çoxluğu, kompyuter, mobil telefonlar insanı ünsiyyətdən geri salır. Bunlar insanlara lazımdır, ancaq eyni zamanda ziyandır. İnsanı yaşadan, həyatı maraqlı edən insanların bir-biri ilə ünsiyyətidir. Kino ilə teatrın bir əsas fərqi də var, teatr canlı sənətdir, aktyoru görürsən, onun nəfəsini duyursan, səsini eşidirsən. Ancaq kinoya baxırsan, ancaq virtualdır. Teatrdan aldığın o istiliyi, o impulsları kinodan ala bilmirsən. Yaşadığımız dövr gözəl dövrdür, hər şey inkişafdadır. Daha çox gənclərimiz mobil telefonlara aludə olurlar. Şəxsən mən mobil telefonu sevmirəm, heç kompyuterim də yoxdur. Teatrda hərdən fikir verirəm ki, aktyorlar, aktrisalar elə hey telefonla oynayırlar. Onun yerinə bir-biri ilə ünsiyyətdə olsalar, müəyyən hadisələri müzakirə etsələr həyat daha maraqlı olar. Yəni indiki texniki inkişaf insanı ünsiyyətdən geri salır. Əvvəllər telefon olmayan zamanlarda insanlar bir-birinin evinə qonaq gedər, bir-birini ziyarət edərdilər. İndi hamı bir-biri ilə telefonla hal-əhval tutur. İnsana mütləq ünsiyyət lazımdır.
– Deyirsiniz ki, "rəssam, heykəltəraş, bəstəkar olmaq daha yaxşıdır, nəinki aktyor”. Niyə belə düşünürsünüz?
– Aktyorluq başqalarından asılı sənətdir. Əgər səni filmə dəvət etməsələr, özün filmə çəkilə bilməzsən. Rəssam istədiyini, qəlbindən keçəni kətana köçürür və istədiyinə də nail olur. Bəstəkar keçir piano arxasına, mahnı bəstələyir və beləliklə, yeni bir mahnı yaranır. Ancaq aktyor təkbaşına heç nə edə bilmir. Məcburuq gözləyək ki, bizə kimsə, nəsə təklif edəcək. Aktyor təkbaşına nə edə bilər ki?!.. O mənada bəstəkarların, rəssamların işi bizim işimizə baxanda daha asandır.
– Bildiyimizə görə övladlarınız istəmir insanlar bilsin ki, siz onların atasısınız. Niyə?
– Elədir, övladlarım mənə görə tanınmaq istəmirlər. Ancaq nəvələrim əksinə, mənimlə fəxr edirlər. Nəvələrim sevinirlər ki, onların babası Xalq artistidir, tanınmış simadır. Küçədə mənimlə gedəndə hərdən deyirlər ki, nə çox adam səni tanıyır.
– Övladlarınız yolunuzu davam etdirmədi. Nəvələrinizdə necə, onlarda sənətinizə qarşı maraq qığılcımı hiss olunurmu?
– Nəvələrimdə hiss etmişəm, aktyorluq qabiliyyətləri var. Ancaq mənə elə gəlir ki, onlar aktyorluq sənətinə getməyəcəklər, başqa sahəyə yönələcəklər. Əgər mənim sənətimi davam etdirmək istəsələr, etiraz etmərəm, əksinə dəstək olaram. Qabiliyyətləri, bacarıqları varsa, niyə də olmasın. Mədəniyyətə, incəsənətə qulluq etmək hər bir insan üçün şərəfdir.
– Aktyorların əksəriyyətinin əsas problemi rol bölgüsü məsələsidir. Siz necə, rol bölgüsündən razısınızmı?
– Mən iddialı aktyor deyiləm. Teatrda hansı rolu veriblərsə, onu da oynamışam və zənnimcə yaxşı da alınıb. Heç vaxt rol üçün xahiş etməmişəm, verilən roldan da imtina etməmişəm. Yəni, rejissorlar görüblər ki, bu rol mənə uyğundur, təklif ediblər, oynamışam.
– Arzuladığınız obrazı canlandırmısınızmı?
– Gənc olanda Hamleti də oynamaq istəyirdim, Ovodu da. Ancaq bir məsəl var, deyir, sən saydığını say, gör fələk nə sayır. Aktyorların ampulasını təyin edən və yönəldən rejissordur. Mənə elə gəlir ki, mənim ampulamı tapan, yönəldən Rasim Ocaqov olub. Mənə təqdim olunan hər bir rola böyük məhəbbətlə yanaşıram. Kinoda Mustafa rolundan böyük rol yoxdur, onu da mən oynamışam. Əslində, mən o rolu yaşamışam. O rol mənə kifayət edir. Teatrda səkkiz tamaşada oynayıram. Teatr Xadimləri İttifaqının Yaradıcılıq üzrə müaviniyəm. Burada maraqlı tədbirlərimiz, yubileylərimiz olur. Aktyor gərək dayanmasın, daim fəaliyyətdə olsun, dayansa işi bitər. Teatr aktyordan çox amansız intiqam alır, əgər teatra bir az xəyanət etsən, ondan sui-istifadə etsən, bir də görəcəksən ki, özünün də xəbərin olmadan qalmısan kənarda. Ona görə də teatrda hər gün işləmək lazımdır.
– Həyatda sıxıntılı günləriniz də olub yəqin ki.
– Məktəb illərində sıxıntını daha çox hiss edirdim. Sinif yoldaşlarıma qarşı münasibət daha yaxşı olanda sıxılırdım. Düşünürdüm ki, özümə elə bir sənət seçməliyəm ki, fərqli olum, diqqət mərkəzində olum və belə qərara gəldim ki, aktyor olum ,çünki fikirləşirdim ki, aktyor olsam mənə qarşı münasibət fərqli olacaq. Şükürlər olsun ki, aktyor hörmətini, haqqını qazandım, buna nail oldum. Bundan artıq heç nə istəmirəm.
– 75 yaşın astanasındasınız. Geriyə boylananda fərəhləndiyiniz çox olur, yoxsa kədərləndiyiniz?
–Fərəhləndiyim anlar daha çox olub əlbəttə. Kədərləndiyim anlar da olub, ancaq müvəqqəti. İnsan hər zaman xoşbəxt ola bilmir, ancaq həyatın müəyyən anlarında, məqamlarında xoşbəxt olur. Mənim həyatım hər zaman teatr, kino, televiziya ilə əlaqədar olub, peşmançılıq hissi yoxdur. İnşallah belə də davam edər.
– Bu günlərdə 75 illik yubileyinizi qeyd edəcəksiniz. Yubileyinizə necə hazırlaşırsınız?
– Mən yubileyləri sevmirəm. Cəmi bir dəfə 60 yaşımda özümə yubiley keçirmişəm. O zaman böyük həvəsim, istəyim var idi. Qərar verdim ki, 60 illik yubileyimi qeyd edəcəyəm, əlli nəfərə yaxın ürəyim istəyən adamları bir yerə topladım və yubileyimi qeyd etdim. O yubileyin təsiri o qədər güclü oldu ki, inanmıram ki, onun təkrarı ola bilər, orda iştirak edənlərin bəziləri də artıq həyatda yoxdur. 75 yaşdır, qoy gəlsin, hər il necə bu il də elə.
– Allahdan arzunuz nədir?
– Ömrü, yaşı verən Allahdır. Hərdən düşünürəm ki, iş yoldaşlarım çox erkən yaşlarda 40, 50, 60 yaşlarında bu dünyadan gediblər. 75 yaşına çatmışamsa, bu Allahın mənə ən böyük hədiyyəsidir. Teatr Xadimləri İttifaqında dünyasını dəyişən, unudulan aktyorlar haqqında tədbirlər, yubileylər keçiririk. Bundan da zövq alıram. Onları yada salmaqla savab işdir. Yüksək səviyyədə keçirilən yubileylər görmüşəm. Mənə elə gəlir ki, o yubileylər elə mənim də yubileyimdir.

Söhbətləşdi: İntizar İsmayıl

banner

Oxşar Xəbərlər