• cümə axşamı, 25 aprel, 00:50
  • Baku Bakı 19°C

"Teatr adamına mükafatdan başqa nə verərlər?" - Fotolar

08.02.17 09:30 2823
"Teatr adamına mükafatdan başqa nə verərlər?" - Fotolar
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ötən ildə əldə etdiyi nailiyyətlərdən və 2017-ci ildə görəcəyi işlərdən xəbər tutmaq üçün dünən teatra üz tutduq. Teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidovla görüşüb söhbət etdik.
- Mübariz müəllim, geridə qoyduğumuz 2016-cı ili Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı üçün məhsuldar hesab etmək olarmı?
- 2016-cı ili bizim teatr üçün həm uğurlu, həm də məhsuldar hesab edə bilərik. 2016-cı ildə bizim bir çox uğurlarımız oldu. Belə ki, ilk olaraq 8 yeni tamaşaya quruluş verdik. 4 tamaşa ilə beynəlxalq festivallarda mütəmadi iştirak etdik. 2016-cı ilin may ayının sonu, iyun ayının əvvəllərində 4 xarici ölkələrdə səfərdə olduq.Əvvəla, onu qeyd edim ki, ötən il Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Teatrın 143 illiyi və Beynəlxalq Teatr günləri qeyd edilib. Hər iki əlamətdar gün münasibətilə repertuardakı maraqlı tamaşalarımız nümayiş olunub. 10 mart Milli Teatr Günü ilə əlaqədar teatrımızın istedadlı aktyorları, xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artist Şəfəq Əliyeva, aktrisa Məsumə Babayeva Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar” medalı ilə təltif olunublar.Elə həmin ayda rus xalq nağılı olan "Turpun nağılı”nın motivləri əsasında tamaşa səhnələşdirmişik. Belə ki, "Möcüzəli turp” tamaşamız Novruz bayramı günlərində azyaşlı tamaşaçılara təqdim edilib.Aprel ayının 29-dan may ayının 2-dək Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Türkiyə Cümhuriyyətinin Trabzon şəhərində keçirilən XVII Qaradəniz ölkələri Beynəlxalq Teatr Festivalında, may ayının 21-dən 26-dək Moskva vilayətinin Lobnya şəhərində keçirilən "Rus klassikası” XXI Beynəlxalq Gənclər Teatr Festivalında, may ayının 27-dən iyun ayının 2-dək Rusiya Federasiyası Orenburq vilayətində keçirilmiş "Qostinıy dvor” VIII Beynəlxalq Teatr Festivalında, may ayının 28-dən iyun ayının 3-dək Böyük Britaniyada fəaliyyət göstərən "UMUD Ltd Company” şirkətinin dəvəti ilə həyata keçirilən qastrol səfərlərində iştirak etmişik. Bu heç də asan məsələ deyildi.May ayının 7-də "Mehmanxana sahibəsi” adlı tamaşamızın premyerası oldu. Maarifçilik ideyalarını öz dramaturgiyasının əsas hədəfinə çevirən italyan dramaturqu Karlo Qaldoninin "Mehmanxana sahibəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya xalq artisti Cənnət Səlimova quruluş vermişdi.İyun ayının 24-də isə 88-ci teatr mövsümünün son, yeni uşaq tamaşamızın premyerası oldu. Tamaşa 2016-cı ilin "Multikulturalizm ili” elan olanması çərçivəsində Azərbaycanın dağ yəhudi əsilli şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, maraqlı uşaq şeirlərinin müəllifi Simax Şeydanın "Tülkü, tülkü tünbəki” pyesi əsasında hazırlanmışdı. Eyniadlı səhnə əsərinə teatrın gənc və istedadlı rejissoru Gülnar Hacıyeva quruluş verib.Ötən ildə görkəmli İsveç dramaturqu Astrid Lindqrenin "Uzuncorab Peppi” əsəri əsasında isveçli rejissor Roni Danielson və əməkdar incəsənət xadimi Bəhram Osmanov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç səfirliyi və Azercell MMC-nin birgə layihəsi çərçivəsində tamaşa hazırladılar. Bu tamaşa çox böyük maraqla oynanıldı. Fürsətdən istifadə edib, bizə dəstək olan Azercellə və İsveç səfirliyinə minnətdarlığımı bildirirəm. Uşaqlar üçün əyləncəli, maraqlı, tərbiyəvi əhəmiyyətə malik olan bir tamaşa hazırlandı. Bu bir layihə idi. Həmin ərəfədə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bir qrup gənc imtahan verərək Rusiyanın Şukin adına teatr məktəbinə daxil oldular. Onların içərisində bizim istedadlı aktyorumuz Vüsal Mehrəliyev də var. O, rejissorluq üzrə təhsil alır. 5 ildən sonra ixtisaslı kadr kimi vətənə qayıtdıqdan sonra biz onunla tamaşalar üzərində çalışacağıq. Əlbət ki, bütün bunlar teatrımızın uğurudur.Məlumat üçün bildirim ki, 89-cu mövsümün əvvəlindən teatrda iki uşaq və bir böyük tamaşası hazırlandı. Bunlar Astrid Lindqrenin "Uzuncorab Peppi”, Xanımana Əlibəylinin "Aycan” və Məhəmməd Füzulinin "Leyli və Məcnun” əsərləri əsasında hazırlanmış eyniadlı tamaşalardır.Mövsüm başlayandan artıq bir neçə xarici səfərlərimiz baş tutdu. Bunlardan ilki RF-in Perm şəhərində keçirilən, oktyabr ayının 1-dən 7-dək davam edən II Beynəlxalq Martin MakDonax Teatr Festivalıdır. Kollektiv artıq ikinci dəfə qatıldığı festivalda ölkəmizi adıçəkilən müəllifin "Lineynin trilogiyası”na daxil olan "Gözəllik kraliçası” tamaşası ilə təmsil edib. Festivalın beynəlxalq səviyyəli münsiflər heyəti və tənqidçilər qrupu "Gözəllik kraliçası”nı müzakirə edərək tamaşa, aktyor oyunu, rejissor həlli haqqında maraqlı fikirlər səsləndiriblər. Tamaşamız festivalın xüsusi diplomuna layiq görülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti və Fondun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın baş redaktorluğu ilə Moskvada nəşr olunan "Baku” jurnalının noyabr-dekabr sayında tamaşamızın uğuru haqqında məqalə dərc olunub.Noyabr ayındakı növbəti əlamətdar hadisə "Kontrabas” tamaşasının beynəlxalq festivalda iştirakı ilə bağlıdır. Patrik Züskindin eyniadlı əsəri əsasında hazırlanmış tamaşa Moldova Respublikasının Kişinyov şəhərində keçirilən kiçik həcmli tamaşaların "MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında ölkəmizi təmsil edib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan festivalda Moldova, Belarus, Pribaltika ölkələri, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının kollektivləri iştirak ediblər. Bu siyahını uzada da bilərəm.
- Bəs, 2017-ci ildə hansı işləri görməyi planlaşdırırsınız?
- Artıq 4 yeni əsər üzərində iş gedir. Ötən il Azərbaycan Respublikasının xalq artisti Yasin Qarayevin 70, Ağaxan Salmanlının 75 yaşı tamam oldu. Özlərinin istəkləri ilə belə məsləhət olundu ki, onların ifasında bir tamaşa hazırlansın. Məlumat üçün bildirim ki, həmin sənətkarların yubileyi ilə əlaqədar prezidentimiz onları "Prezident təqaüdü”nə layiq gördü. Güman edirəm ki, bu onların yubileylərinə ən böyük hədiyyə idi. Biz ayrı-ayrılıqda təmtəraqlı yubiley gecəsi də təşkil edə bilərdik. Həmin sənətkarlarla məsləhətləşdik və onlarla tamaşa hazırlamaq qərara gəldik. Belə ki, Əhməd Orucoğlunun "Açarını itirənlər” komediyasının son məşqləri gedir. Bu gün (8 fevral) sənətkarların yubileylərinin benefis tamaşasıdır.Teatrın repertuarına gəlincə, daha çox tematik mövzulara üstünlük veririk. Hazırda teatrımızın baş rejissoru Bəhram Osmanovun quruluşunda Əli Əmirlinin "Ünvansız qatar” tamaşasının məşqləri gedir. Tamaşanın mart ayının 31–də - Azərbaycanlıların Soyqırımı Günündə premyerası keçiriləcək. Tamaşa öz ata-baba yurdundan didərgin düşən soydaşlarımızın həyatından bəhs edir. Hesab edirəm ki, hər bir teatrın repertuarında bu tip tamaşalar olmalıdır. Digər bir əsərimiz Vaqif Əsədovun quruluşunda hazırlanan "Yarımçıq qalmış” tamaşasıdır. Bildiyiniz kimi, aprel döyüşlərində cəbhə xəttində şəhidlər verdik. Orada bizim rəşadətli əsgərlərimiz müəyyən ərazilərimizi işğaldan azad etdi. Həmin döyüşlərdə istedadlı memar, Rəssamlıq Akademiyasının məzunu Samir Kaçayev qəhrəmancasına həlak oldu. Bu tamaşa aprel döyüşlərində qəhrəmancasına həlak olan təkcə Samir Kaçayevin deyil, digər şəhidlərimizin əziz xatirəsinə ithaf olunur. Əsərin müəllifi Yefim Abramov və Leyla Bəyimdir. Abramov Bakı yəhudisidir. O, İsraildə yaşayır. Bizim həmyerlilərimiz vətəndən kənarda yaşasalar da, vətənin problemləri onları maraqlandırır, narahat edir. Bu tamaşanı aprelin 5-də Vaqif Əsədovun 70 illik yubileyində təqdim etmək istəyirik.Bilirsiniz ki, teatrımızda azyaşlı uşaqların da zövqünə uyğun olaraq tamaşalar hazırlanır. Biz də bu il "Qulliver liliputlar ölkəsində” tamaşasını hazırlayacağıq. Bu tamaşa üçüncü rübdə hazırlanacaq. Bu əsəri gənc rejissor Elşad Rəhimzadə quracaq.Daha sonra Cənnət Səlimovanın quruluşunda Fridrix Düzenbantın "Fiziklər” əsərini səhnələşdirəcəyik. Biz əsərin adını dəyişib "Dahi dəlilər” qoyacağıq.
- Gənc Tamaşaçılar Teatrının nailiyyətləri haqqında mütəmadi şəkildə məlumatlar əldə edirik. Diqqətimizi çəkən əsas məqamlardan biri də odur ki, ötən il teatrın bir çox əməkdaşı Kalmıkiya Respublikası tərəfindən mükafat və fəxri fərmanla təltif olundu. Onların bu uğuru teatr camesindən olan bir sıra insanlar tərəfindən heç də birmənalı qarşılanmadı.
- Sözün düzü, bu mənə bir qədər qəribə və gülməli gəldi. Bildiyiniz qədəri ilə, bir neçə il bundan əvvəl mənə və Bəhram Osmanova Kalmıkiyanın əməkdar incəsənət xadimi adı verildi. Həmin zaman çıxışımda da qeyd etdim ki, bu təkcə mənə və kollektivimizə verilən qiymət deyil. Bu, Azərbaycan teatrına başqa ölkə tərəfindən verilən qiymətdir. Sonuncu qastrol səfərimizdə aktyorlarımızın mükafata layiq görülməsinə gəlincə isə, deyə bilərəm ki, biz qastrol səfərinə gedəndə, təşkilatçılardan xahiş etməmişdik ki, bizə fəxri ad və ya mükafat verilsin. Görülən əməyin qiymətləndirilməsinin nəyi pisdir ki? Biz gedib orda teatr sənətimizi təbliğ edirik. Biz Azərbaycan teatrını ən yüksək səviyyədə təqdim etdiyimizə görə bu mükafatlara layiq görülmüşük. Teatr adamına mükafatdan başqa nə verərlər? Onda bu mükafatı bizə verəndə deməli idik ki, yox, biz bunu istəmirik? Biz inkişafa doğru gedirik. Bunun üçün bizə heç nə mane ola bilməz. Bu gün Gənc Tamaşaçılar Teatrının 4 əməkdaşı başqa ölkənin fəxri adını daşıyır. Bu, faktdır, bu, Azərbaycan teatrına verilən yüksək qiymətdir. Bu gün teatrlarımızın hər hansı birinin xarici ölkədə uğurlu çıxışı olursa, həmin ölkənin mətbuatı, rəhbərliyi bizim teatr haqqında müsbət fikir bildirirsə, mən buna sevinirəm.Bu gün teatrımız intibah dövrünü yaşayır. Gəlin, müqayisə edək ki, 10 il bundan qabaq Azərbaycan teatrı hansı vəziyyətdə idi? İndi teatrlarımız müasir standartlara uyğun təchizatlarla təmin olunub. İstilik sistemi yüksək şəkildə təmin olunub. Bunların hamısı uğurdur. Hansı ölkədə Prezident sənət adamlarına ayda 500 manat mükafat verir?
- Son zamanlar sosial şəbəkələrdə və bəzi saytlarda yayılan söz-söhbətlərə toxunmaq istəyirik. 3 xalq artistinin teatrda ştatdan çıxarılması və onların işsiz qalması haqda yayılan xəbərlərlə bağlı sizin fikirləriniz maraqlıdır.
- Əslində üç xalq artisti deyil. Yaşı 65-dən 75-ə qədər olan 12 nəfər əməkdaşımızdan gedir söhbət. Həmin saytlar məlumatları da yarımçıq verirlər. Yanvarın əvvəli Bədii Şurada müzakirə etdik. Onların hər birinin əldə etdikləri nailiyyətləri diqqətimizdə saxlayırıq. Ümumiyyətlə, ölkə başçımızın çalışma yaş həddinə görə müvafiq sərəncamı var. Bizim hər bir aktyor ilə müqavilələrimiz var. Onların hamısı fəxri adları nəzərə alınaraq fəaliyyətlərini davam etdiriblər, bu gün də davam etdirirlər. Kimisi çox, kimisi az - tamaşalarda rol alırlar. Bu insanların hamısı dövlətdən təqaüd alır. 30-40 il ömürlərini bu sənətə həsr ediblər. Onun müqabilində də nazirliyin təqdimatı ilə ölkə rəhbərliyi tərəfindən xalq, əməkdar artist adlarına, Prezident təqaüdünə layiq görülüblər. Bu gün teatrda çalışan o qədər istedadlı gənclərimiz var ki, onlar çox cüzi əməkhaqqı alırlar. Onların bəziləri ailəlidir, mənzili yoxdur, uzaqda yaşayır. Ancaq teatrda bəzən bir gündə 4-5 tamaşada oynayırlar, uğurlu çıxışları var. Biz yaşı 65-dən yuxarı olan sənətkarlarımızın məşğulluğuna da baxdıq. Onların bəziləri iki və ya üç tamaşada rol alıblar. Əslində 70 yaşını haqlayan aktyorlarla fərdi müqavilə ilə də çalışmaq olardı. Əgər aktyor bir tamaşada iştirak edirsə, digər tamaşalardakı məbləğ toplanır. Baxdıq ki, onların o qədər də məşğulluğu yoxdur. Yarımştata ona görə keçirtdik ki, hər ay əməkhaqqı alsınlar. Onlar bu teatrda canlarını qoyublar. Ola bilər ki, bir ay onların tamaşası olmasın. Onda onlar maaş almasınlar? Ancaq bu sistemlə onlar hər ay maaş alacaqlar. Əslində bunu ictimailəşdirməyin də mənası yox idi. Məsələnin ən düzgün yolu bu idi. 72 yaşlı aktyorlara necə birdən-birə deyək ki, çıxın teatrdan? Onlar dahi sənətkarlarımızın məktəbini keçiblər, öyrəndiklərini indiki gənc nəslə öyrədirlər. Hamısı bizim üçün çox önəmlidir. Burda elə də böyük bir məsələ görmürəm. Teatr prosesinə yaxından bələd olan insanlar bunu gözəl başa düşürlər. Kənardan bu düzgün anlaşılmaya bilər. Ancaq bunu heç zaman unutmasınlar ki, yaşlı aktyorlarımıza hər zaman hörmətimiz olub, sabah da olacaq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər