• cümə axşamı, 18 aprel, 10:51
  • Baku Bakı 12°C

Tbilisinin ikibaşlı oyunu

23.05.18 10:00 572
Tbilisinin ikibaşlı oyunu
Mayın 24-də Çexiyanın paytaxtı Praqada Rusiya və Gürcüstan rəsmi nümayəndələri Georgi Abaşizde və Qriqori Karasin arasında növbəti dəfə Abxaziyadan keçən dəmiryolunun işə salınması ilə bağlı görüşün keçirilməsi nəzərdə tutulur. 2011-ci ildə Moskva ilə Tbilisi arasında Abxaziya yolu ilə daşınacaq yüklərin bitərəf monitorinqini həyata keçirmək üçün İsveçrənin SGS şirkəti ilə "Yüklərin gömrük monitorinqi” haqda ikitərəfli saziş imzalanıb. Lakin Rusiya yekun sənədə müstəqil dövlət kimi tanıdığı Cənubi Osetiya və Abxaziyanın da imza atmasını istəyir, separatçı qurumlarla Gürcüstan arasında gömrük postlarının qoyulmasında təkid edirdi. Lakin Gürcüstan bundan imtina edirdi. Ona görə də razılaşmanı icra etmək mümkün olmadı. İndi yenidən tərəflərin danışıqlar stolu arxasına keçməsi onların razılığa gəlməyə meyilli olduqlarını göstərir. Bu dəmiryolunun işə düşməsi Azərbaycanı da yaxından maraqlandırır. Çünki bu dəmiryolu Ermənistanı Rusiya birləşdirəcək və işğalçı ölkə üçün nəfəslik rolunu oynayacaq. Bu dəmiryolu Ermənistanın iqtisadi imkanlarının genişlənməsinə və ixrac potensialının artmasına gətirib çıxara bilər.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, mayın 24-də Rusiya ilə Gürcüstan arasında Abxaziya dəmiryolu ilə bağlı danışıqların aparılması heç də bu yolun açılması anlamına gəlmir: "Söhbət ondan gedir ki, İsveçrə kompaniyası ilə birgə işlər həyata keçiriləcək. Gürcüstan faktiki olaraq, Abxaziyanı tanımır və bu səbəbdən orada gömrük işlərinin aparılmasına razılıq vermir. İndi razılaşırlar ki, İsveçrə şirkəti burada qeydiyyat aparacaq. Gömrükdən kimlər və ya nə keçəcək. Bu işi həm Abxaziya sərhədində, həm də Osetiya ilə Rusiya sərhədində həyata keçirəcək. Amma burada Gürcüstandan Abxaziyaya keçmək məsələsi var. Ona görə də bu məsələlər həll edilməlidir”.

R.Musabəyov deyib ki, Gürcüstandan Abxaziyaya gedən dəmiryolu bərbad vəziyyətdədir və onu heç kim bərpa etməyib: "Ona görə də indi iki ölkə arasında hansısa razılaşma olacaq, Ermənistandan gedən yüklər Gürcüstan vasitəsilə Rusiyaya daşınacaq demək, bir az şişirtmədir. Hələlik formal qərarlar verilir ki, İsveçrə şirkəti monitorinqi aparacaq. Bu şirkət işi aparacaq-aparmayacaq, aparılacaq işin nəticəsi nə olacaq, artıq sonranın söhbətidir”.

Politoloq Tofiq Abbasov bildirdi ki, bu məsələlərin hamısının geosiyasi aspekti var: "Gürcüstan özü təcavüzdən, separatizmdən əziyyət çəkən dövlətdir. Belə baxanda, Gürcüstan Azərbaycanın arxasından Ermənistanla sövdələşib, qəsbkar və işğalçı siyasət yürüdən rəsmi İrəvana öz yükünü daşımağa imkan yaradır. Bu, artıq Azərbaycanla münasibətlərdə böyük bir problem yaradır. Çünki ilk olaraq Gürcüstanın Azərbaycana tək iqtisadi yox, həm də mənəvi borcu var ki, öz siyasətini aparmaqda bizim ölkənin maraqlarını üstün tutsun. Ona görə ki, Gürcüstan Azərbaycanın sayəsində öz imkanlarını genişləndirir, büdcə qazanclarını artırır, həm də böyük layihələrin iştirakçısıdır. Belə halda Ermənistanla yenidən bir saziş bağlayaraq Azərbaycanın maraqlarına zərbə endirmək heç bir normal məntiqə sığmır. Buna görə də düşünürəm ki, rəsmi Tbilisi ikibaşlı oyun oynayır və bu oyundan özünün böyük əziyyətləri ola bilər”.

T.Abbasovun sözlərinə görə, Ermənistan ciddi cəhdlə çalışır ki, Azərbaycanla danışıqlardan qaçsın: "Qarabağ probleminin həlli ilə bağlı mənfur rol oynasın. Paşinyan yeni bir siyasətçi kimi Ermənistan Nazirlər Kabinetinin rəhbəri olaraq, artıq Azərbaycanla bağlı təhdidlər, hədələr səsləndirir. Qarabağın danışıqlar prosesində iştirakçısı olmasını dilə gətirir. Amma digər tərəfdən də deyir ki, biz Türkiyə ilə danışıqlara hazırıq və heç bir əlavə şərtimiz yoxdur, ancaq başlayaq və barışaq. Digər yandan Gürcüstanla çalışır ki, dolayı yollarla özünün ağır iqtisadi vəziyyətini düzəltsin. Bütün bunlar onu göstərir ki, ermənilər Azərbaycanla müharibə aparmaqla, yeni torpaq iddiaları irəli sürməklə, danışıqlardan qaçmaqla özlərinə nicat yolu axtarırlar. Burada maraqlı bir məqam var. Həqiqətən də burada Azərbaycanla Türkiyə həmahəng xətt yürüdürlər və öz sərhədlərini Ermənistanla bağlayıblar. Ancaq Ermənistan blokadada deyil. Yəni, onun Gürcüstan və İran vasitəsilə dünyaya çıxışı var. Sadəcə, bu vəziyyət Azərbaycanla Türkiyənin önəmini göstərir. Zavallı, bədbəxt Ermənistan əhalisi əgər normal həyat sürmək istəyirsə, Azərbaycan və Türkiyə ilə gərək mehriban dolansın. Gərək qonşuluq siyasətində fəal olsun. Əgər iki qonşu öz qapısını bağlayıb sənə arxa çevirirsə və bu ölkə işğalçılıq siyasətindən imtina etmirsə, deməli, ermənilərin bölgədə rolu və mahiyyətinin nədən ibarət olduğu məlum olur. Ermənistan bu vəziyyətdən yenə də fırıldaqçılıqla çıxmaq istəyir ki, nəyin bahasına olursa-olsun yeni kommunikasiyalar əldə etsin, işğal altında olan Cənubi Osetiya və Abxaziya vasitəsilə yol əldə eləsin və öz yüklərini həm dünya, həm də Rusiya bazarlarına çıxartsın. Buradan da idxal üçün yeni imkanlar əldə etsin. Bu onu göstərir ki, işğalçı ölkənin siyasəti qeyri-dürüst, təhlükəli və təhdidlidir. Azərbaycan heç vaxt bununla barışmayacaq. Məhz bu səbəbdən də burada Gürcüstanın rolu dağıdıcı mahiyyət daşıyır. Çünki Gürcüstan gözəl bilir ki, Azərbaycan Ermənistanı sıxışdırır və ölkəmizin buna haqqı var. Gürcüstan addımını onunla əsaslandırır ki, bu məsələdə ölkəsinin xeyri olacaq. Amma Azərbaycan vasitəsilə əldə etdikləri bu layihə vasitəsilə əldə edəcəyindən çoxdur. Buna görə də Gürcüstanın addımı strateji tərəfdaşlığa güclü zərbə endirir və Azərbaycanın tam haqqı var ki, münasibətlərə korrektələr etsin”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər