Tbilisinin ikibaşlı oyunu
Mayın 24-də Çexiyanın paytaxtı Praqada Rusiya və Gürcüstan rəsmi
nümayəndələri Georgi Abaşizde və Qriqori Karasin arasında növbəti dəfə
Abxaziyadan keçən dəmiryolunun işə salınması ilə bağlı görüşün keçirilməsi nəzərdə
tutulur. 2011-ci ildə Moskva ilə Tbilisi arasında Abxaziya yolu ilə daşınacaq
yüklərin bitərəf monitorinqini həyata keçirmək üçün İsveçrənin SGS şirkəti ilə
"Yüklərin gömrük monitorinqi” haqda ikitərəfli saziş imzalanıb. Lakin Rusiya
yekun sənədə müstəqil dövlət kimi tanıdığı Cənubi Osetiya və Abxaziyanın da
imza atmasını istəyir, separatçı qurumlarla Gürcüstan arasında gömrük
postlarının qoyulmasında təkid edirdi. Lakin Gürcüstan bundan imtina edirdi. Ona
görə də razılaşmanı icra etmək mümkün olmadı. İndi yenidən tərəflərin
danışıqlar stolu arxasına keçməsi onların razılığa gəlməyə meyilli olduqlarını
göstərir. Bu dəmiryolunun işə düşməsi Azərbaycanı da yaxından maraqlandırır.
Çünki bu dəmiryolu Ermənistanı Rusiya birləşdirəcək və işğalçı ölkə üçün
nəfəslik rolunu oynayacaq. Bu dəmiryolu Ermənistanın iqtisadi imkanlarının
genişlənməsinə və ixrac potensialının artmasına gətirib çıxara bilər.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki,
mayın 24-də Rusiya ilə Gürcüstan arasında Abxaziya dəmiryolu ilə bağlı
danışıqların aparılması heç də bu yolun açılması anlamına gəlmir: "Söhbət ondan
gedir ki, İsveçrə kompaniyası ilə birgə işlər həyata keçiriləcək. Gürcüstan
faktiki olaraq, Abxaziyanı tanımır və bu səbəbdən orada gömrük işlərinin
aparılmasına razılıq vermir. İndi razılaşırlar ki, İsveçrə şirkəti burada qeydiyyat
aparacaq. Gömrükdən kimlər və ya nə keçəcək. Bu işi həm Abxaziya sərhədində,
həm də Osetiya ilə Rusiya sərhədində həyata keçirəcək. Amma burada Gürcüstandan
Abxaziyaya keçmək məsələsi var. Ona görə də bu məsələlər həll edilməlidir”.
R.Musabəyov deyib ki, Gürcüstandan Abxaziyaya gedən dəmiryolu bərbad
vəziyyətdədir və onu heç kim bərpa etməyib: "Ona görə də indi iki ölkə arasında
hansısa razılaşma olacaq, Ermənistandan gedən yüklər Gürcüstan vasitəsilə
Rusiyaya daşınacaq demək, bir az şişirtmədir. Hələlik formal qərarlar verilir
ki, İsveçrə şirkəti monitorinqi aparacaq. Bu şirkət işi aparacaq-aparmayacaq, aparılacaq
işin nəticəsi nə olacaq, artıq sonranın söhbətidir”.
Politoloq Tofiq Abbasov bildirdi ki,
bu məsələlərin hamısının geosiyasi aspekti var: "Gürcüstan özü təcavüzdən,
separatizmdən əziyyət çəkən dövlətdir. Belə baxanda, Gürcüstan Azərbaycanın
arxasından Ermənistanla sövdələşib, qəsbkar və işğalçı siyasət yürüdən rəsmi
İrəvana öz yükünü daşımağa imkan yaradır. Bu, artıq Azərbaycanla münasibətlərdə
böyük bir problem yaradır. Çünki ilk olaraq Gürcüstanın Azərbaycana tək
iqtisadi yox, həm də mənəvi borcu var ki, öz siyasətini aparmaqda bizim ölkənin
maraqlarını üstün tutsun. Ona görə ki, Gürcüstan Azərbaycanın sayəsində öz
imkanlarını genişləndirir, büdcə qazanclarını artırır, həm də böyük layihələrin
iştirakçısıdır. Belə halda Ermənistanla yenidən bir saziş bağlayaraq
Azərbaycanın maraqlarına zərbə endirmək heç bir normal məntiqə sığmır. Buna
görə də düşünürəm ki, rəsmi Tbilisi ikibaşlı oyun oynayır və bu oyundan özünün
böyük əziyyətləri ola bilər”.
T.Abbasovun sözlərinə görə, Ermənistan ciddi cəhdlə çalışır ki,
Azərbaycanla danışıqlardan qaçsın: "Qarabağ probleminin həlli ilə bağlı mənfur
rol oynasın. Paşinyan yeni bir siyasətçi kimi Ermənistan Nazirlər Kabinetinin
rəhbəri olaraq, artıq Azərbaycanla bağlı təhdidlər, hədələr səsləndirir.
Qarabağın danışıqlar prosesində iştirakçısı olmasını dilə gətirir. Amma digər
tərəfdən də deyir ki, biz Türkiyə ilə danışıqlara hazırıq və heç bir əlavə
şərtimiz yoxdur, ancaq başlayaq və barışaq. Digər yandan Gürcüstanla çalışır
ki, dolayı yollarla özünün ağır iqtisadi vəziyyətini düzəltsin. Bütün bunlar
onu göstərir ki, ermənilər Azərbaycanla müharibə aparmaqla, yeni torpaq
iddiaları irəli sürməklə, danışıqlardan qaçmaqla özlərinə nicat yolu
axtarırlar. Burada maraqlı bir məqam var. Həqiqətən də burada Azərbaycanla
Türkiyə həmahəng xətt yürüdürlər və öz sərhədlərini Ermənistanla bağlayıblar. Ancaq
Ermənistan blokadada deyil. Yəni, onun Gürcüstan və İran vasitəsilə dünyaya çıxışı
var. Sadəcə, bu vəziyyət Azərbaycanla Türkiyənin önəmini göstərir. Zavallı,
bədbəxt Ermənistan əhalisi əgər normal həyat sürmək istəyirsə, Azərbaycan və
Türkiyə ilə gərək mehriban dolansın. Gərək qonşuluq siyasətində fəal olsun.
Əgər iki qonşu öz qapısını bağlayıb sənə arxa çevirirsə və bu ölkə işğalçılıq
siyasətindən imtina etmirsə, deməli, ermənilərin bölgədə rolu və mahiyyətinin
nədən ibarət olduğu məlum olur. Ermənistan bu vəziyyətdən yenə də
fırıldaqçılıqla çıxmaq istəyir ki, nəyin bahasına olursa-olsun yeni
kommunikasiyalar əldə etsin, işğal altında olan Cənubi Osetiya və Abxaziya vasitəsilə
yol əldə eləsin və öz yüklərini həm dünya, həm də Rusiya bazarlarına çıxartsın.
Buradan da idxal üçün yeni imkanlar əldə etsin. Bu onu göstərir ki, işğalçı ölkənin
siyasəti qeyri-dürüst, təhlükəli və təhdidlidir. Azərbaycan heç vaxt bununla
barışmayacaq. Məhz bu səbəbdən də burada Gürcüstanın rolu dağıdıcı mahiyyət
daşıyır. Çünki Gürcüstan gözəl bilir ki, Azərbaycan Ermənistanı sıxışdırır və
ölkəmizin buna haqqı var. Gürcüstan addımını onunla əsaslandırır ki, bu
məsələdə ölkəsinin xeyri olacaq. Amma Azərbaycan vasitəsilə əldə etdikləri bu layihə
vasitəsilə əldə edəcəyindən çoxdur. Buna görə də Gürcüstanın addımı strateji
tərəfdaşlığa güclü zərbə endirir və Azərbaycanın tam haqqı var ki, münasibətlərə
korrektələr etsin”.
BƏXTİYAR