• çərşənbə, 24 Aprel, 20:19
  • Baku Bakı 23°C

Tbilisi sammiti Türkiyə mətbuatının diqqət mərkəzində

08.05.14 08:27 1558
Tbilisi sammiti Türkiyə mətbuatının diqqət mərkəzində
Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Tiflisdə keçirilən sammiti diqqət mərkəzindədir. Qardaş Türkiyə və Gürcüstanın mətbu orqanları sammitlə bağlı çoxsaylı materialları öz səhifələrində yerləşdiriblər. Xüsusən də Türkiyə mətbuatı baş tutan sammitin əhəmiyyətindən bəhs edən məqalələr dərc edib. Türkiyə televiziyaları, informasiya agentlikləri, nüfuzlu qəzetlər hazırladıqları materiallarda bir məsələni xüsusi qabardıblar ki, sammit strateji əhəmiyyət kəsb edib. Bu görüşün üç ölkə arasındakı mövcud münasibətlərin daha da yüksəlməsinə xidmət edəcəyi vurğulanıb. Məsələn, qardaş ölkənin nüfuzlu “Milliyət” qəzeti xəbəri “Bir rüya dedikleri projeler gerçek oldu” başlığında verib. Türkiyə prezidenti Abdulla Gül tərəfindən səsləndirilən bu sözlər qəzetin manşet xəbərləri sırasında olub. Dövlət başçısı onu da bəyan edib ki, Cənubi Qafqazdakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
“Sabah” qəzetinin xəbər başlığı isə “Rüya denen projeleri gerçeğe dönüştürdük” olub. Qəzet yazır ki, Azərbaycan, Gürcüstan və Türkiyənin həyata keçirdiyi birgə layihələrə münasibət bildirən A.Gül qeyd edib ki, bu layihələr bölgənin inkişaf və stabilliyi üçün çox önəmlidir: “Həyata keçirilən TANAP ciddi enerji layihəsi olaraq bölgənin əhəmiyyətini daha da artırır”. A.Gül bildirib ki, görüşlər zamanı Ukraynadakı siyasi böhran da müzakirə edilib. Onun sözlərinə görə, Ukraynadakı siyasi böhranın bölgəmizdəki sülh və sabitliyə təsir etməsində həmfikirik və siyasi böhranın Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həll olunmasının tərəfdarıyıq”. Prezident vurğulayıb ki, Türkiyə Krım tatarlarının vəziyyətini diqqətlə izləməkdədir.
Nüfuzlu “Yeni Akıt” qəzeti isə “3 lider Gürcistan’da buluştu” başlıqlı məqaləsini prezidentlərin sammit zamanı səsləndirdikləri fikirlərə ayırıb. Qəzet yazır ki, “Azərbaycan prezidenti İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycanı Gürcüstan və Türkiyə ilə tarix bağlayır. Tarixi əlaqələr, mədəniyyət, xalqlarımız arasındakı dostluq və qardaşlıq bağlayır. Və bu möhkəm zəmin üzərində bizim ikitərəfli münasibətlərimiz də qurulub. Dövlət başçısı bildirib ki, artıq hər üç ölkə sınaqdan da keçib: Və həm Gürcüstan ilə, həm də Türkiyə ilə Azərbaycanın çox yaxın dostluq və qardaşlıq üzərində qurulmuş münasibətləri var”.
“Cihan” isə “Gürcistan Cumhurbaşkanı’ndan, Gül onuruna akşam yemeği” başlıqlı xəbərində dövlət başçılarının üç ölkəni əhatə edən layihələrdən bəhs etdiklərini yazıb. Materialda prezident İlham Əliyevdən sitat gətirilib. “Gürcüstan, Türkiyə və Azərbaycan bir daha üçtərəfli formatda bizim dostluq və tərəfdaşlıq münasibətlərimizi təsdiqlədilər. Bu, çox önəmlidir. Çünki bizi birləşdirən layihələr həm ölkələrimiz, həm xalqlarımız, həm də qonşularımız üçün və qitə üçün əhəmiyyətlidir”.
“Yeni Şafak” qəzeti isə “Cumhurbaşkanı Gül: Amaç payımızı artırmak” başlıqlı məqalə dərc edib. Gürcüstana səfərlərinin əsas məqsədini açıqlayan Türkiyə prezidenti bu ölkəyə yatırdıqları investisiyalardan bəhs edib. Gül bu ölkə ilə ticarət dövriyyəsinin 1,5 milyard dollar təşkil etdiyini, bu ölkəyə 1 milyard dollar investisiya yatırdıqlarını vurğulayıb. “Məqsədimiz şirkət və firmalarımızın bu ölkədən aldıqları vəsaitin artırılmasıdır” deyə qəzet Türkiyə prezidentindən sitat gətirib. Mətbuat səhifələrində həmçinin üç ölkəni birləşdirən beynəlxalq əhəmiyyətli layihələrdən də bəhs edilib. Bu sırada Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərinin reallaşdığı qeyd edilib. Hazırda isə Bakı-Qars dəmir yolu xəttinin son tamamlama işlərinin aparıldığı bildirilib. “Bütün bu layihələrlə Cənubi Qafqazda əmin-amanlıq və istiqrara nail olmağı planlaşdırırıq” - deyə TRT Türk Türkiyə prezidentindən sitat gətirib. “Haber-3” portalı isə “TÜRKİYE-GÜRCİSTAN-AZERBAYCAN ÜÇLÜ ZİRVESİ BAŞLADI» başlıqlı məqaləsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri artıq regional çərçivədən çıxıb beynəlxalq əhəmiyyət daşıyan layihələr olduğuna işarə edib. Xüsusilə vurğulanıb ki, enerji təhlükəsizliyi ilə bağlı məsələlər bu gün dünya miqyasında ən önəmli məsələ kimi tanınır və dünya gündəliyində demək olar ki, birinci sıradadır.
“Starqazete” isə “Abdullah Gül`den Gürcülere büyük övgü” başlıqlı məqaləsində sammitə toxunub. Eləcə də qardaş ölkənin “DHA”, “Anadolu”, informasiya agentlikləri, “Akşam”, “Zaman” qəzetləri, müxtəlif telekanalları sammiti tək regional deyil, beynəlxalq bir tədbir olduğunu öz materiallarında qeyd ediblər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər