AZE | RUS | ENG |

Tbilisi Moskva ilə dialoqa başlayır?

Tbilisi Moskva ilə dialoqa başlayır?
Gürcü müxalifəti hakimiyyəti satqınlıqda ittiham edir

Gürcüstanda hakimiyyətə qarşı növbəti etirazlar start götürüb. Bu dəfə qalmaqala səbəb baş nazir Georgi Kvirikaşvilinin Moskva ilə konstruktiv münasibətlər qurmaq çağırışı, hətta separatçı Abxaziya və Cənubi Osetiya ilə birbaşa danışıqlara hazır olduğunu bildirməsi və buna Rusiya Xarici İşlər Nazirliyinin reaksiyası olub. Baş nazir bildirib ki, iki ölkə arasındakı münasibətləri "tilsimli dairə”dən çıxarmaq üçün addımlar atılmalıdır.
Gürcüstan hakimiyyət orqanları öz mövqelərini formal olaraq irəli sürməsə də, bir sıra əlamətlər onu deməyə əsas verir ki, Tbilisi bu istiqamətdə irəliləyişlərin əldə olunmasını istəyir. Müxalifət də dərhal bundan öz məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışıb və hakimiyyəti satqınlıqda ittiham edib. "Gürcü arzusu”nun üzərinə total hücuma keçən müxalifət hakimiyyəti işğal olunan torpaqları ruslara güzəştə getməkdə ittiham edib. M.Saakaşvilinin partiyası bunu milli maraqlara xəyanət adlandırıb və hökuməti istefa verməyə çağırıb. "Vahid Milli Hərəkat” Partiyasının liderlərindən olan Xatiya Dekanoidze bildirib ki, Rusiya işğalçı dövlətdir və Gürcüstan ərazisinin bir hissəsini zəbt edib. Onun fikrincə, baş nazirin müraciəti "rüsvayçı”dır və Sxinvalidə öldürülmüş Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin meyitinin qaytarılmadığı bir vaxtda tamamilə yersizdir. Qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup gənc isə baş nazirin evi qarşısında etiraz aksiyası keçirib.
Qeyd edək ki, Rusiya XİN-in yaydığı bəyanatda Gürcüstan tərəfinin danışıqlara başlamaq çağırışından razılıq ifadə olunub. Müxalifət hesab edir ki, əsas müzakirə mövzusu ərazilərin qaytarılması olmalıdır. Kreml isə son vaxtlar nəinki bu torpaqların geri qaytarılması, əksinə onların Rusiyaya sürətlə inteqrasiya olunması siyasəti yürüdür. Müxalifət, xüsusən də Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat” "Gürcü arzusu”nu, olun liderlərini uzaqgörən olmamaqda, milli maraqları satmaqda günahlandırıb. Partiya funksionerlərinin qənaətincə, mövcud reallıqlar Moskva ilə konstruktiv münasibətlər qurmağa heç bir əsas vermir. "İşğalçı rejimlərlə birbaşa dialoq onların beynəlxalq subyektlər kimi tanınması anlamına gələcək. Yaxşı olardı ki, hazırda hakimiyyət başında olan insanlar diplomatik məsələlərə qarışmasınlar”, - deyə "Vahid Milli Hərəkat”ın nümayəndəsi, sabiq xarici işlər naziri Qriqol Vaşadze bildirib. O ki qaldı Rusiya Xarici İşlər Nazirliyinin cavabına, sabiq diplomat bildirib ki, "Gürcüstanı aşağılayacaq başqa cavab gözləmirdi. Ümumiyyətlə, aydın deyil, bizim hakimiyyət başqa nə cavab gözləyirdi? Ola bilsin hakimiyyət Rusiyadan "böyük bir anlaşma” gözləyirdi”, - deyə o bildirib.
Gürcüstan baş nazirinin Rusiya Federasiyası ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze müxalifətin Rusiya XİN-in bəyanatına olan reaksiyasını şərh edib. O bildirib ki, heç bir halda diplomatik münasibətlərin bərpasından söhbət belə getmir və bunu Moskvada da gözəl anlayırlar. Xüsusi nümayəndə baş nazirin sözlərini "Cenevrə formatı” üzrə danışıqların daha geniş formatda aparıla biləcəyi kimi nəzərdən keçirməməyə çağırıb. "Söhbət ondadır ki, ola bilsin baş nazir bu formatda daha əhəmiyyətli mərhələlərdə iştirak edə bilər”, - deyə diplomat vurğulayıb.
Yeri gəlmişkən, parlamentdə təmsil olunmayan müxalifət partiyalarının da heç biri baş nazirin müraciətindən məmnun deyil. Onların gəldiyi qənaət budur ki, hakimiyyət ərazilər məsələsində heç bir halda güzəştə getməməlidir. Respublikaçılar Partiyasından David Zurabişvili hesab edir ki, barış mövqeyi Rusiya ilə danışıqlarda heç vaxt Gürcüstana xeyir verməyib. "Danışıqlar kompromis tələb edir”, - deyən Zurabişvili belə bir sualla çıxış edib: "Ərazisində iki müstəqil dövlət elan edilmiş ölkə hansı güzəştlərə gedə bilər?” Öz növbəsində Gürcüstanın keçmiş müdafiə naziri Tina Xidaşeli isə bildirib ki, Georgi Kvirikaşvilinin Rusiya ilə bağlı bəyanatı kapitulyasiya xarakteri daşıyır. Onun sözlərinə görə, bu müraciətin heç bir uğurlu tərəfi olmayacaq. O, Tbilisinin bununla Rusiya rəhbərliyini sakitləşdirməyə çalışdığını bildirib.
 
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176