• cümə axşamı, 18 aprel, 06:18
  • Baku Bakı 12°C

Tbilisi Moskva ilə Avropa Məhkəməsində üz-üzə gəlib

24.05.18 20:38 530
Tbilisi Moskva ilə Avropa Məhkəməsində üz-üzə gəlib
Gürcüstanla Rusiya növbəti dəfə qarşı-qarşıya gəliblər. Bu dəfə tərəflər danışıqlar stolu arxasında deyil, beynəlxalq məhkəmə qarşısında dayanmalı olublar. Gürcü nümayəndələr Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Rusiyanı 2008-ci il avqust müharibəsi zamanı etnik təmizləmə aparmaqda ittiham ediblər. Gürcüstanı təmsil edən vəkil Ben Emerson Avropa İnsan Haqları Məhkəməsində deyib ki, Rusiya qüvvələri 10 il bundan əvvəl baş vermiş münaqişədə kəndləri bombalayıb, evləri yandırıb və separatçıların Gürcüstan torpağını tutmasını təmin ediblər. Gürcüstan dövlətini təmsil edən vəkil məhkəmə kollegiyasına onu da deyib ki, Moskva bu ərazilərin ələ keçirilməsi üçün illər uzunu plan hazırlayıb. Onun sözlərinə görə, məqsəd daha böyük ərazilər ələ keçirmək olub. Emerson onu da deyib ki, Rusiya qoşunları barışıq əldə olunmasına baxmayaraq, etnik gürcülərin məskunlaşdığı kəndlərə soxulublar: "Osetin qüvvələri və nizami qüvvələr sistematik olaraq gürcü evlərini və kəndləri yandırırdılar. Buna qarşı çıxanları ya yerindəcə öldürür, yada ki, öldürüləcəkləri ilə hədələnirdilər”. Emerson üzünü hakimlərə tutaraq deyib: "Sirr deyil ki, Rusiya özü üçün sərf edən qərarın qəbulunu lobbiləşdirib. Bu məsələdə hər hansı bir kompromis mümkün deyil. Bütün dəlillər birmənalıdır”. Bir faktı da qeyd edək ki, Emerson Ruanda və keçmiş Yuqoslaviya üzrə aparılan beynəlxalq cinayət işlərində hakim olub. Öz növbəsində "The Guardian”da dərc edilən məqalədə qeyd edilir ki, beş gün davam edən münaqişə zamanı Rusiyaya məxsus təyyarələr Gürcüstanda yüzə yaxın obyektə hücumlar təşkil ediblər. Gürcü hökuməti bəyan edir ki, Rusiya həmin günlərdə separatçı Abxaziya və Cənubi Osetiya ərazisinə 30 min hərbi qüvvə yerləşdirib. Rusiyanın məhkəmədəki nümayəndəsi Mixail Qalperin deyib ki, Cənubi Osetiya Gürcüstana 1922-ci ildə İosif Stalinin göstərişi ilə qatılıb və o zaman heç kəs osetinlərdən gürcü olmaq istəyib-istəmədiklərini soruşmayıb. Qalperin deyib ki, onilliklər sonra Gürcüstan Stalinin bu qərarını Cənubi Osetiyaya müdaxilə etməklə və vətəndaşları öldürməklə icra etməyə çalışıb. 2008-ci ildə baş vermiş müharibədən sonra Tbilisi və Moskva arasında diplomatik münasibətlər qırılıb. O vaxt Tbilisi suverenliyini bərpa etmək məqsədilə Cənubi Osetiyada hərbi əməliyyat keçirmiş, lakin Rusiya qüvvələri dərhal münaqişəyə müdaxilə edərək Gürcüstan ərazisinə soxulmuşdular. Moskva o vaxt Cənubi Osetiya sakinlərini müdafiə etdiyini bəhanə gətirirdi. Gürcüstan Rusiyanın müdaxiləsi ilə bağlı AİHM-ə şikayət ərizəsini elə həmin ay təqdim etmişdi. Strasburqda yerləşən məhkəmə bildirib ki, bu işə baxılması zamanı 33 şahid dindirilib. Onlardan 16-nı Gürcüstan, 12-ni Rusiya, habelə 6-nı məhkəmənin özü dəvət etmişdi. Məhkəmənin sonuncu günü müharibənin kimin başladığı barədə tərəflərə son söz veriləndə mübahisə yaranıb. Strasburq məhkəməsi bildirib ki, dinləmədən sonra Böyük Palata müzakirəyə başlayacaq və qərar daha sonra çıxarılacaq. Bu iş Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra maddələrinə əsasənqaldırılıb - yaşamaq hüququ, işgəncənin qadağan olunması, qeyri-insani və alçaldıcı davranış, azadlıq və təhlükəsizlik hüququ, özəl və ailə həyatına sayğı hüququ, effektiv müalicə hüququ.
Rusiya hərbi əməliyyatların başlanmasında Mixail Saakaşvilini ittiham edir. Məhz onun əmri ilə ordunun Cənubi Osetiya ərazisinə yeridildiyini iddia edir, özünü isə bu münaqişədə sülhməramlı qismində göstərməyə çalışır. Maraqlıdır ki, 2009-cu il Avropa İttifaqı tərəfindən aparılan təhqiqat həqiqətən də Saakaşvilinin hərbi əməliyyatları başlatdığını, Sxinvailini sistemli şəkildə atəşə tutduğunu üzə çıxarıb. Gürcüstanın hücumunun Rusiya müdaxiləsinə cavab olaraq həyata keçirildiyini Aİ qəbul etməyib, əvəzində hər iki tərəfin məsuliyyət daşıdığını bəyan edib. Bundan əlavə, Brüsseldə nə Tbilisinin dinc gürcülərə qarşı hərbi cinayətlər, nə də Moskvanın Cənubi Osetiyada "soyqırımı” ilə bağlı qaldırdıqları iddialar qəbul edilməyib. Yekun qərarın bu il qəbul ediləcəyi gözlənilir. Ola bilsin, kompensasiya verilməsi barədə qərar qəbul edilsin.
Maraqlı olan odur ki, gürcü tərəfi bir tərəfdən Rusiyaya qarşı iddia qaldırır, digər tərəfdən isə onunla müəyyən əlaqələrin qurulması, daha dəqiq desək, kommunikasiyaların bərpası barədə danışıqlar aparır. Söhbət Gürcüstan baş nazirinin münaqişələrin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidzenin Cenevrədə Rusiya XİN-in müavini Qriqori Karasinlə danışıqlar aparmasından, eləcə də, bir qrup gürcü deputatın Moskvaya səfər etməsindən gedir. Bütün bunların fonunda isə baş nazir Georgi Kvirikaşvili Birləşmiş Ştatlara səfər edib. Və səfər zamanı ABŞ dövlət katibi Mayk Pompeo Rusiyanı Gürcüstandan qopmuş separatçı bölgələrdən qoşunlarını çıxarmağa çağırıb.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər