Tbilisi-Ankara münasibətlərinə kölgə salan kimlərdir?
Gürcüstanda millətçi "Gürcü qüvvəsi” (Kartuli dzala) təşkilatının
10-a yaxın üzvü həbs edilib. Ötən gün onlar "Yaşasın millət, düşmənlərə ölüm”
şüarı ilə paytaxtın mərkəzi meydanlarından biri ilə hərəkət edərək yaxınlıqdakı
türklərə məxsus kafe və restoranları daş-qalaq ediblər. Aksiyaya polis müdaxilə
edib və onların qarşısını alıb. Qruplaşmanın həbs olunan üzvlərinə qarşı "odlu
silah və digər vasitələrdən istifadə etməklə zərər vurma” maddəsi üzrə cinayət
işi qaldırılıb. Həmin maddə onlara dörd ildən yeddi ilə kimi cəza verilməsini
nəzərdə tutur. Millətçi qaraguruh dəstənin yürüşü icazəsiz olub. "Gürcü
qüvvəsi”nin üzvləri bildiriblər ki, onların aksiyası Suxuminin 1993-cü il
sentyabrın 27-də - gürcü-abxaz müharibəsi zamanı süqutunun ildönümünə həsr
olunub.
Gürcü politoloqları baş verən insidentə mənfi münasibət açıqlayıblar.
Əksəriyyət hesab edir ki, parlament seçkiləri qabağı belə bir insident ölkədə
vəziyyətin gərginləşməsinə xidmət edir. Politoloq Vaxtanq Maisaya da bu
qənaətdədir. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları ilk növbədə bu
millətçi gənclərin aksiyalarının arxasında hansı qüvvənin durduğunu
araşdırmalıdır. Məlumat üçün bildirək ki, məhz bu qüvvələr vaxtilə Azərbaycan
futbol komandalarından birinin gürcülərlə oyununda da təxribatçı şüarlar
səsləndirmişdilər. Onlar dəfələrlə Tbilisidə millətçi aksiyalar keçirib,
fakelli yürüşlər reallaşdırıblar. Politoloq təəssüf hissi ilə hökumət və
əhalinin bu qruplara diqqət yetirməməsindən, onların azsaylı və heç bir təhlükə
törətməməsini bildirmələrindən şikayətlənib. Türk kafe və restoranlarına qarşı
xuliqan hərəkətlər ilk deyil. Buna bənzər hadisə bir müddət əvvəl Batumidə - gürcü
məktəbinin açılışı zamanı baş verib. Maraqlıdır ki, parlamentdə də bu qüvvələrə
dəstək verənlər var. Bir sıra deputatlar türk kapitalının az qala bütün
Gürcüstanı əhatə etdiyini iddia etməyə, eləcə də, ölkədə islamlaşma
əlamətlərinin güclənməsindən ehtiyat etməyə başlayıblar. Politoloqun
qənaətincə, ultramillətçi qüvvələrin arxasında ölkə daxilində və xaricində olan
güclər dura bilər. O bildirib ki, gürcü xüsusi xidmət orqanları bu günlərdə
"Vahid Milli Hərəkat”ın liderlərinin telefon danışıqlarını ələ keçiriblər.
Burada parlament seçkiləri günü, yəni oktyabrın 8-də dövlət çevrilişi həyata
keçirilməsindən söhbət gedir. Artıq faktla bağlı cinayət işi başlanıb. Hətta
çevriliş baş verən günü "Rustavi 2”
kanalında müvafiq siqnal veriləcəyi barədə də məlumat əldə edilib. Kafe və iaşə
obyektləri ilə bağlı insidentin də bunun tərkib hissəsi ola biləcəyi istisna
edilməyib. Politoloqun gəldiyi qənaət budur ki, baş verən insident Gürcüstanın
turizm imicinə ağır zərbə endirmiş olub.
Məsələ ilə bağlı fərqli mövqelər də var. Məsələn, iddia edilir ki,
türklərə məxsus obyektlərin hədəf kimi seçilməsinin səbəbi permanent olub.
İddialara görə, son günlər gürcü-türk sərhədində millətçi əhval-ruhiyyəli
insanların aksiyaları keçirilib. Gürcü nəşrlərinin yaydığı xəbərlərə görə,
həmin aksiyalarda türklərin millətçi "boz qurdlar” təşkilatı Acarıstanın bir
sıra yaşayış məskənlərinin Türkiyəyə məxsus olduğu barədə şüarlar
səsləndiriblər. Gürcü nəşrləri iddia edirlər ki, acar məsələsi çoxdan bəridir
ki, gündəmdədir. Muxtar Respublikada Türkiyənin nüfuzu kifayət qədərdir.
Batumu, Kobuleti və Qara dənizin sahilyanı qəsəbələrində türk biznesi sadəcə
gözə girir. Bu günlərdə isə maraqlı bir hal yaşanıb. Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan gürcü hökumətini ölkə ərazisindəki bütün kazinoları bağlamağa
çağırıb. Məlumat üçün bildirək ki, Türkiyə ərazisində kazinolar qanunla qadağan
edilib. Buna səbəb kimi türklərin külli miqdarda pullarını həmin kazinolara
sərf etməsi göstərilib. Turizm sahəsinə milyonlarla vəsait sərf edən Gürcüstan
üçün isə bu addım ölümcül ola bilər. Eyni vaxtda Gürcüstanın qeyri-formal
rəhbəri Bidzina İvanişvili müsahibələrinin birində bildirib ki, Türkiyənin
təsiri getdikcə təhlükəli hal alır.
Beləliklə, şübhəsiz ki, bu baş verən insident kiçik bir hadisədir və
burada müəyyən qüvvələrin marağı var. İki ölkə arasında münasibətlər pik
həddədir. Türkiyə ilk gündən Gürcüstanın yanında olub və bəyan edib ki, bu
ölkənin ərazi bütövlüyünü dəstəkləyir. Bu səbəbdən də ölkələr arasında hansısa
bir gərginliyin baş verəcəyini gözləmək sadəlövhlük olardı.
Azər