AZE | RUS | ENG |

Taxıla ƏDV-nin götürülməsi qiymətlərə öz təsirini göstərəcək

Taxıla ƏDV-nin götürülməsi qiymətlərə öz təsirini göstərəcək
Ekspertlər hökumətin bu addımı çörəyin qiymətinin bahalaşmasına qarşı atdığını deyirlər


Bir neçə gündür ki, Bakının bir sıra mağazalarında çörəyin qiymətinin qalxması ilə bağlı məlumatlar gəzir. Bəzi mağazalarda əhalinin daha çox aldığı 30 qəpiyə olan “zavod çörəyi”nin 35 qəpiyə satıldığı müşahidə edilib. Qiymətin qalxmadığı mağazalarda isə çəkidə azalma müşahidə edilib. 50 kiloqramlıq 1 kisə unun qiyməti isə 17 manat 50 qəpikdən 19 manat, bəzi yerlərdə isə 19 manat 50 qəpiyə qalxıb. Satıcılar çıxılmaz vəziyyətdə Qiymət artımı ilə bağlı mağaza satıcıları və sahibləri ilə söhbətləşdik. Onlar bildirdilər ki, əgər əvvəllər 600 qramlıq çörəyi 20 qəpiyə alırdılarsa, indi 500 qramlıq çörəyə 20 qəpik ödəyirlər. Elmlər Akademiyası metro stansiyası yaxınlığındakı mağazalardan birinin satıcısı Emin bildirdi ki, çəkinin azalmaması üçün həmişə çörək aldıqları sexin sahibi ilə danışıb razılaşıblar və 22 qəpikdən yenə də 600 qramlıq çörək alacaqlar: “Hər çörəkdən 2 qəpik geri düşəcəyəm, əsas odur ki, alıcılarımı itirməyim. Sexlərdən də deyirlər ki, çörəyin qiymətini artırın. Ancaq çörəyin qiymətini bahalaşdırmağa icazə olmadığından mağazaların əksəriyyətində az çəkili çörəyi alıb əvvəlki qiymətə satırlar”. Ölkəmizdə taxıl istehsalı artıb, amma... Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, bu il ölkəmizdə 2 milyon 700 min ton taxıl istehsal olunub ki, bu da ötən illə müqayisədə 200 min ton çoxdur. İqtisadçıların fikrincə isə ölkəmizdə taxıl istehsalı artsa da, hələ də taxıla olan tələbatımızı idxal hesabına ödəyirik. Buna görə də qiymətlərdəki artım təbiidir. Çünki dünyada iri taxıl istehsalçısı olan Qazaxıstan, Rusiya, ABŞ, Ukrayna kimi ölkələrdə taxıl istehsalı azalıb və bu da Azərbaycan bazarından yan keçməyə bilməzdi. Onu da deyək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ötən il mümkün ərzaq böhranı barədə dünya ölkələrini xəbərdar etmişdi. Təşkilatın ekspertləri buğdanın qiymətinin artmasından da narahatlığını bildirmişdilər. BMT mütəxəssisləri bunu həm iqlim dəyişməsi, həm də dünya ölkələrinin bu sahəyə diqqətinin azlığı ilə izah etmişdi. Qeyd edək ki, çörək bazarına dövlət tərəfindən nəzarət edilir və İqtisadi İnkişaf Nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti bu bazarda monitorinqlər keçirir. Amma maraqlıdır ki, söhbətləşdiyimiz mağaza satıcıları və sex sahiblərindən fərqli olaraq, sözügedən nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bizimlə söhbətində çörəyin çəkisinin azaldığı və qiymətinin qalxdığını müşahidə etmədiklərini bildirdi. ƏDV-nin götürülməsi qiymətlərə təsir edəcək Onu da deyək ki, sentyabrın 25-də baş nazir Artur Rasizadə «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən (ƏDV) azad olunan malların siyahısı haqqında» Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərara əsasən, buğda, meslin, buğda unu və ya buğda-çovdarı unu sentyabrın 25-dən etibarən 1 il müddətinə ƏDV-dən azad edilib. İqtisadçılar hesab edirlər ki, bu, hökumətin çörəyin bahalaşmasının qarşısını almaq üçün atdığı addımlardan biridir. Ötən illərdə də hökumət bazarda qiymətlərin qalxmasının qarşısını almaq üçün bu cür addım atmışdı. İqtisadçılar hesab edir ki, bazarda unun qiymət artımı anbarlarda əvvəlkinə nisbətən baha alınan məhsul bitənədək davam edəcək. Yalnız bundan sonra ƏDV-nin qaldırılması çörəyin qiymətinin azalması ilə müşahidə edilə bilər. Taxıla olan tələbatı necə təmin etməli? İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev baş nazirin qərarını alqışladığını dedi: “Azərbaycan hökuməti qiymətlərdə artımın olmaması üçün bu addımı atdı. Amma bu, sözügedən sahədə vəziyyətin düzəlməsi üçün kifayət etməyə bilər”. A.Mehtiyev bildirdi ki, taxıl istehsalını çoxaltmaq üçün hökumətin atdığı digər addımlardan birinin də istehsalçılara kompensasiyaların verilməsidir: “Fermerlərə yanacaq və gübrə güzəştlə satılır. Onlara taxıl əkdikdə hər bir hektara görə 100 avro verilir. Amma bunlar da problemin həll olunmasına, tam aradan qalxmasına kömək etmir. Səbəb budur ki, fermetlər gübrədən lazımınca, düzgün qaydada istifadə edə bilmirlər. Onlara ilk növbədə gübrədən istifadə qaydaları öyrədilməlidir. Bundan başqa, xırda fermerlərin keyfiyyətli toxuma əlinin çatmasını təmin etmək lazımdır”. İqtisadçı hesab edir ki, ölkədə yalnız iri taxıl istehsalçılarına arxayın olmaq düzgün deyil: “Yalnız iri taxıl istehsalçılarının əkdiyi məhsulla bazarı təmin etmək mümkünsüzdür. Kiçik fermerlərə də xüsusi diqqət ayrılmalıdır. Düzdür, taxıl çox istehsal olunur və Taxıl Fondu taxılın yerdə qalmaması üçün məhsulu fermerlərdən alır. Amma baxaq görək, kiçik fermerlərin istehsal etdiyi taxılın nə qədəri çörək hazırlamağa yararlıdır. Taxıl Fondu tərəfindən fermerlərin qarşısına elə keyfiyyət şərtləri qoyulur ki, onların istehsal etdiyi məhsul bu tələblərə cavab vermir və əllərində qalır. Nəticədə kiçik fermerlər istehsal etdikləri taxılı ya onların özləri istehlak edir, ya da heyvan yemi kimi istifadə olunur. Buna görə də, hökumət taxıl istehsalçılarına keyfiyyətli toxum tapmaqda yardım etməlidir. Bu zaman ehtiyatda kifayət qədər taxılımız olar və hökumət istədiyi vaxt qiymətlərə müdaxilə edə bilər”. Lalə Musaqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917